AZE | RUS | ENG |

Sizə ən çətin sualı verirəm: Kimdir Dunqa?

Sizə ən çətin sualı verirəm: Kimdir Dunqa?
Gənc yazar Tapdıq Türksoyun "Dunqa” kitabı haqqında "Kimdir Dunqa” adlı məqaləsini təqdim edirik: 
 
 
 
Bəlkə, o heç yoxdu. 
– Siz onun olmadığına əminsiniz? 
– Yox. Bilmirəm. 
–  Mən də bilmirəm. 
Yaddaşınızı təzələməyə çalışmayın. Böyük ehtimalla, nəşriyyatın iyi hələ üstündən çəkilməmiş bu əsərlə tanış olmağa imkan tapmamısınız. Beyin təmrinini sevirsinizsə, sizə başqa bir tapşırıq verim: necə düşünürsüz, 85 səhifəlik balaca bir kitabın təxminən ortalarında qarşılaşdığım bu kiçik dialoq parçasında söhbət nədən gedir? Kontekst? Yəni ciddidən kontekst önəmlidir? Önəmlidirsə, elə özüm deyim: balıqdan, qızılquyruq adlı balıqdan. Diqqətli oxucu belə cavab verərdi. Mən yox. Mən diqqəti dağılan adamlardanam. Sözlərdən başqa sözlərə, mətləblərdən başqa mətləblərə keçmək – dünyada heç nə bu zövqü vermir. Kitabın arasına əlfəcin qoyub düşünmək anını deyirəm. Mövzudan, mətləbdən aralanmağı. Düşünürəm ki, ən uğurlu əsərlər fikri cəmləyən yox, onu dağıdan əsərlərdir. Tərəddüd yaradan, sual doğuran, daxili dialoqa sövq edən mətnlərdir... Yaxşı, mətləbə qayıdaq. Yeri gəlmişkən, söhbət – yəni mətləb kitabdır. Tapdıq Əhmədin yenicə çapdan çıxan povesti – "Dunqa". Amma tutalım, konteksti bilmirik, elə qarşımıza lapdan bu dörd cümlə çıxıb. Mövzu hər şey ola bilər. Elə deyil? İman, arzu, sevgi, xoşbəxtlik və bu kimi çoxlu mücərrəd anlayışlar. Bəs reallıq? Aha, burada məsələ qəlizləşir. Bizim reallıq kimi qəbul elədiyimiz hər şey təxəyyül məhsuludursa? Zaman, məkan, sürət, məsafə yalnız insan beyninə hesablanıbsa? İnsandan, onun qavramından, beynindən kənarda hər şey başqa cürdürsə? Bilmirik. "Bilmirəm" – inkarla təsdiqin gücünün bərabərləşdiyi yeganə nöqtədir. Bilmirik. Buna görə də insanın bildiyi yerə – zamana, məkana qayıtmalı oluruq. Tekstə və kontekstə. Nədir mövzu? Niyə özümü də, sizi də bu qədər çətinə salmışam? Ona görə ki, Tapdıq Əhməd adlı dostumuz söhbətə (əsərə) belə başlayıb: "Dunqa hər gün Rapota çayında balıq tuturdu". Kimdi Dunqa? Rapota çayı haradadı? Hansısa Dunqanın bizə naməlum olan çaýın sahilində balıq tutub-tutmamasının məsələyə nə dəxli var? Niyə məhz bu cümlədən başladım? Tələsməyin, mətləb öz-özünə aydın olacaq. Dunqa mənəm. Dunqa mənim dostumdur. Əgər bu yazı diqqətinizi çəkibsə, deməli, sizin özünüzü də elə Dunqa adlandırmaq olar. Bir az da səbir, hər şey sizə gün kimi aydın olacaq. Təsəvvür edin ki, bildiyimiz bəzi sözlər öz mənasını dəyişib. Məsələn, "Dunqa" deyəndə yalnız yazıçını nəzərdə tuturuq. "Rapota çayı" ədəbiyyat deməkdir. "Balıq tutmaq" – şeir yazmaqdır. İndi bu cümləni yenicə öyrəndiyimiz dildə oxuyaq: "Dunqa hər gün Rapota çayında balıq tuturdu". Amma məsələ ondadır ki, Dunqanın Rapota çayı sahilində balıq tutması (oxu: yazıçının əsər yazması) ətrafdakılar üçün mənasız vərdişdir. Daha doğrusu, burada vərdiş məfhumu da öz ilkin mənasını itirir. Vərdiş artıq həyat tərzinə çevrilib. Çünki qəhrəmanın bütün yaşamı bu vərdişdən asılıdır. Onun başqa heç bir arzusu, niyyəti, işi yoxdur. Bəs niyə mənasızdır? Çünki bu iş heç nəyə yaramır. Dunqa balıq yemir. Çünki onun yaşadığı Qivna qəsəbəsində (dünyada) balıq yemək qadağandır. Səbəb yoxdur. Belə qəbul olunub, vəssalam... İndi gəlin əsərin ilk cümləsini başqa bir yozumda oxuyaq: Dunqa – adi bir insandır. Rapota çayı – ölümdür. Dunqanın yaşadıgı Qivna qəsəbəsi – həyat. Balıq tutmaq – arzudur (onu yemək olmaz – arzuya çatmağın mümkünsüzlüyünə işarədir). Qızılquyruq mövcuddurmu? Dunqanın tilovu axtardığı bu naməlum balığın ağırlığına dözəcək qədər möhkəmdirmi? Son ucu ölümlü dünyadakı ənənələr, onların kəşiyində duran cəmiyyət, qayğılarla dolu həyat və bu həyatın içərisinə necə düşdüyünü doğru-dürüst anlamayan fərd, onun istəkləri, arzuları, fəaliyyəti, fəaliyyətsizliyi. Bunların hansı güclüdür? Hansı böyükdür? Ölümə qalib gəlmək mümkündürmü? Bu sualların cavabını siz də axtara bilərsiniz. Amma daha maraqlısı, sizin öz yozumunuz və öz suallarınız ola bilər. Əlbəttə, zəhmət çəkib, kitabı alsanız və oxusanız... Dunqa onu yaradan müəllifdən maraqlıdır. Çünki onun yerinə düşünmək, onunla danışmaq imkanı həmişə var. O sənə həmmüəlliflikdən daha artığına imkan verir. İmprovizəyə. Qəhrəmanın taleyini, onun motivlərini başqa cür yozmağa. Öz istedadını, təxəyyülünü, məntiqini işə salmağa. Ayrıca dünya yaratmağa. Olduğun hər yeri ədəbiyyata çevirməyə. Bax elə buna görə ədəbiyyat həyatdan maraqlıdır. Ora müdaxilə imkanı həmişə var.
 
Rəbiqə Nazimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163