AZE | RUS | ENG |

“Siz yeməsəniz, evdə olmasa, uşaq da istəməyəcək”

“Siz yeməsəniz, evdə olmasa, uşaq da istəməyəcək”
Həkim və valideynlər “Qidalanma ilə immuniteti necə gücləndirmək olar” sualına cavab axtardılar

Həkim, bizim uşaq gecələr iki dəfə oyanır yemək istəyir, amma həmin vaxt ona yeməyə nə verim bilmirəm. Meyvənin püresini verək, yoxsa suyunu?
 
Həkim, oğlum cipsi, marketdən alınan meyvə şirələrinə çox meyillidir, almayanda ağlayır. Onu həmin qidalardan necə çəkindirə bilərəm
 
Həkim, biz əvvəllər sıyığı inək südü ilə bişirirdik, amma dedilər keçi südü daha yaxşıdır, siz hansını məsləhət görürsünüz? Uşağı neçə aylığından sonra yeməyə alışdırmaq lazımdır?
 
Yox, yox. Yanlış anlamayın bu söhbətlər hansısa xəstəxananın pediatriya şöbəsindən edilməyib. Bu suallar "Valideynlik Akademiyasi"nın keçirdiyi "Qidalanma ilə immuniteti necə gücləndirmək olar?” seminarına gələn valideynlərin pediatra verdiyi suallardır.
 
Mövzusu bir çox gənc valideynləri maraqlandıran istiqamətdə olduğu üçün biz də təlimdə iştirak etmək qərarına gəldik. İlk olaraq təlimin təşkilatçısı, "Engineering for kids-Baku” uşaqlar üçün mühəndislik və robotexnika mərkəzinin direktoru, "Atabala” prodakşının rəhbəri və uzun müddətdir pedaqoji fəaliyyətlə məşğul olan Ceyhun Cabbarovla həmsöhbət oluruq. Ceyhun bəy deyir ki, bir müddət Türkiyədə yaşayıb, orada bu tipli seminarların təşkil edildiyinin şahidi olub və ölkəmizə qayıtdıqdan sonra da belə seminarlar təşkil etmək qərarına gəlib: "Artıq 1 ilə yaxın müddət idi ki, belə akademiya yaratmağı planlayırdım. Sadəcə, işlərin çoxluğundan imkan edib işə başlaya bilmirdim. Bir müddət əvvəl pediatr Aytən İsmayılzadə ilə tanış oldum. Aytən xanımın işini necə sevərək etdiyini gördüm. Uşaq tərbiyəsi, uşaqların inkişafı ilə bağlı həm yazılar, həm də videolar hazırlayan Sərxan Rüstəmovla əvvəldən tanışlığımız vardı. Psixoloq Gülnar xanımın da sosial şəbəkədəki profilini izləyirdim. O da bu tipli paylaşımlar edirdi. Əslində, hər birimiz ayrılıqda sırf valideynlərin maariflənməsi üçün müəyyən işlər görürük. Ona görə düşündüm ki, bunu sistemli bir iş halına gətirək. Qərara gəldik ki, bir uşağın inkişafında böyük rol oynayan tibbi, psixoloji, pedaqoji bilikləri əhatə edəcək silsilə seminarlar təşkil edək. Seminarları da ödənişsiz etdik ki, bütün valideynlər və ya valideyn olmağa hazırlaşan şəxslər iştirak edə bilsin. Çünki bəzən görürük ki, bu tipli təlimlər və ya seminarlarda müəyyən ödəniş tələb olunur deyə, hamı iştirak edə bilmir. Kimisinin ya həqiqətən pulu olmur, kimisi də ödənişi bəhanə edir. Bu cür situasiyalarla qarşılaşacağımızı nəzərə alaraq seminarları ödənişsiz etdik. Digər tərəfdən, həftə içi işləyənləri də düşünərək seminarları şənbə günü keçirmək qərarına gəldik. Bundan sonra hər həftənin şənbə günü növbə ilə bir komanda yoldaşımız öz sahəsi haqqında danışıb məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaq. Bu gün isə ATV kanalının "Ana-bala” verilişinin aparıcısı, pediatr Aytən İsmayılzadənin seminarıdır”. 
 
 
 
"İmmunitet deyəndə ilk ağlınıza nə gəlir”
 
Seminarın başlamağına bir neçə dəqiqə qalıb. Ceyhun bəy seminara gələn valideynlərlə salamlaşıb, sözü Aytən xanıma verdi. Qeyd edək ki, pediatr çıxışına "immunitet deyəndə ilk ağlınıza nə gəlir, gözünüzün önündə nə gəlir” sualı ilə başladı. Yerdən fərqli cavablar səsləndirildi. Amma həkimin izahı tamam başqa oldu: "İnsanın ürəyi, başı ağrıyanda konkret olaraq onu hiss edir, yəni bilir ki, ağrıyan harasıdır. Amma insanın immuniteti zəifləyəndə bunu dərhal bilmək olmur. Cavablarınızdan da hiss olunur ki, siz də konkret olaraq immunitet haqqında məlumatlı deyilsiniz. Sadəcə, uşaq xəstələnəndə "immuniteti zəifləyib” ifadəsi işlənir. Düşünürük ki, uşağın immuniteti zəifləyib deyə xəstələnib, amma hazırda immunitetinin hansı səviyyədə olduğunu bilmirik. İndi sizə sadə bir izah verəcəyəm. Uşağınız xəstələnəndə boğazına baxırsınız və badamcıqlarının böyüdüyünü görürsünüz. Sizcə, badamcıqlar bədənimizdə gedən hansı prosesin bir hissəsidir? Bəli, badamcıqlar bədənimizdəki immun sisteminin bir hissəsidir. Bunlar tək badamcıqlar deyil, immunitetimizin orqanları bədənimizdə paylaşılıb. Bir neçə orqan var ki, onlar birləşib bədənimizdəki immun sistemini təşkil edir. Badamcıqlar bizim görə bildiyimizdir, bu sistemin ən böyük orqanı isə bağırsaqlardır. Ona görə bunlara diqqət etmək lazımdır”.
 
Daha sonra o, uşaqların ziyanlı qidalardan uzaq durmalı olduğunu qeyd etdi: "Bağırsaqların daxilində elə bir divar var ki, o, yediyimiz qidalardan zədələnə bilər və bu da immun sistemimizi zəiflədər. Məsələn, çoxlu antibiotik, aqressiv qidalar, yəni "fast-food”, çipsi, qazlı sular qəbul etməklə bağırsağımızın florasını pozuruq. Bu da uşaqların sağlamlığına birbaşa ziyandır”.
 
 
"Siz də gələcəkdə elə nənə-baba olmayasınız deyə...”
 
Yerdən valideynlər arasından bir nəfər övladının şəkərə çox meyilli olduğunu, bunun qarşısını almağın yolunu soruşdu: "Ümumiyyətlə, şəkər nəinki uşaqlar, bütün yaş kateqoriyaları üçün ziyandır. Bacardığınız qədər şəkər tozunu, qəndi evdən uzaq tutun. Siz yeməsəniz, evdə olmasa, uşaq da istəməyəcək. Bəzən valideynlər gəlir uşaqlarının nələrisə yeməyini istəmədiyini deyir. Özündən soruşanda isə həmin qidanı qəbul etdiyini bildirir. Mən belə valideynlərə məsləhət görürəm ki, əgər uşağınızın nəyisə tərgitməyini istəyirsinizsə, yəni bu istər qida olsun, istər hansısa vərdiş olsun ilk olaraq özünüz bunu etməməlisiniz. Yəni uşaqlar valideynlərindən görüb götürürlər. Nəyisə tərgitmək üçün isə 21 gün kifayət edir”.
 
Bu an valideynlərdən biri "Mən bunu bilirdim, uşağıma da şəkər vermirdim, amma bir dəfə qayınanamın yanına qoydum. Uşaq su içməyib, o da suyun içinə qənd atıb ki, dadlı olsun. O gün bu gündür uşaq şəkərli su istəyir. Bilmirəm əvəzinə nə verim ki, onu tərgitsin” deyir. Həkim isə çalışın süni yox, təbii şəkər qəbul edəsiniz. Həmin şəkər tozunu meyvələrlə əvəz etməyin mümkün olduğunu bildirir: "Anlayıram, siz də gələcəkdə elə nənə-baba olmayasınız deyə, bu gün bu seminarı keçirik (gülür). Yediyimiz bütün meyvələrin tərkibində şəkər var. Həm özünüzün, həm də uşaqlarınızın qida rasionunda meyvələrə daha çox yer ayırın. Heç vaxt nə isə üçün gec olduğunu düşünməyin, uşaq bədəni ziyanlı qidalardan tez təmizlənir. Yanıma uşaq gətirirlər və baxıram ki, badamcıqları şişib. Anasına deyirəm ki, sən bu uşağı 6 ayından şəkərə öyrədibsən. Valideyn özü də təsdiqləyir. İzah etməyə çalışıram ki, yediyimiz süni şəkər bağırsağımızın müdafiə sistemini pozur. Uşağınız suyu adi halda içə bilmirsə, meyvəni doğrayıb su ilə dolu termoslara yığın. Meyvənin dadı həmin suya çıxacaq və yavaş-yavaş həmin suyu gün ərzində içirdin”. 
 
 
Gəlməyənlər çox şey itirdi
 
Seminar artıq yekunlaşmaq üzrədir. Aytən xanım son məsləhətlərini verir. Bu an bir ailəyə yaxınlaşıb seminar haqqında fikirlərini öyrəndik. Nərmin xanım seminarın onlar üçün çox faydalı olduğunu dedi: "Seminar haqqında həyat yoldaşım sosial şəbəkədə gördü, nə yaxşı ki, burada iştirak etdik. Əslində uşaqlarımıza nəyin ziyan, nəyin xeyirli olması haqqında biliklərimizin kifayət etdiyini düşünürük, amma elə deyil. Həkim danışdıqca anlayırıq ki, öyrəniləsi çox şey var. Bundan sonra övladımın qidalanmasına daha ciddi nəzarət edəcəyəm. Kursa gəlməyənlər, məncə, çox şey itirdilər (gülür)”. 
 
Hansı kitabları oxuyaq?
 
Valideynlərin sualları çox maraqlı idi. Həkimin suallara verdiyi cavabları diqqətlə dinləyib, hətta, dəftərə qeydlər edən də vardı. Bir valideynin sualına verilən cavab əsasında digər valideyn də nələrisə öyrənirdi. İndi isə digər təlimçilərimizlə həmsöhbət olub onların növbəti həftələrdə hansı mövzuda çıxış edəcəklərini öyrənirik. Sərxan bəyin çıxışı kitablarla bağlı olacaq: "Valideynlər uşaqlarını böyüdərkən müxtəlif sualları yaranır. İstər uşağın tərbiyəsi, istər sağlamlığı haqqında qayğıları olur. Nəyi düz, nəyi yanlış etdiklərini bilmirlər. Bu tipli seminarlara qatılmaqla həm mütəxəssislərlə, həm də digər ailələrlə əlaqədə olaraq nələrisə öyrənirlər. Mənim çıxışım kitablarla bağlı olacaq. Bu sahədə hansı kitabları oxumaq lazımdır, bununla bağlı danışacağam”.
 
 
Nevroloqa aparaq, ya psixoloqa?
 
Psixoloq Gülnar Orucova isə "Hiperaktivlik, yoxsa davranış pozuntusu?” mövzusunda seminar keçəcək. Gülnar xanım qeyd edir ki, bəzən valideynlər hiperaktiv uşaqlarla, ərköyün olanları səhv salırlar: "Valideynlər uşaqlarının davranışını bəzən düzgün qiymətləndirə bilmir. Normal olan davranışları qeyri-adi qəbul edirlər və həkimə aparıb müxtəlif dərmanlar yazdırmaqla uşaqların beyninin inkişafını ləngidirlər. Yəni psixoloqun bir neçə seansa düzəldə biləcəyi uşaqlara boşuna dərman verirlər. Bu da əqli geriləməyə qədər aparıb çıxardır. Yanlış addımlardan biri də psixoloqa aparılacaq uşağı nevroloqa və ya əksinə nevroloqa aparılmalı olanı isə psixoloqa gətirirlər. Ona görə valideynləri maarifləndirmək üçün bu mövzuda bilgilərimi bölüşəcəyəm”.
 
Beləcə, "Valideynlik akademiyası” nın ilk seminarı bitdi. Əslində, günümüzdə bu cür seminarların təşkil edilməsi çox təqdirəlayiq haldır. Çünki uşaqların inkişafında bilgili, savadlı valideynlərin rolu böyükdür. Düzdür, bu seminarda iştirak edənlərin bir çoxu ailəli idi. Amma məsləhət görülür ki, belə seminarlara subay gənclər də qatılsın. Yəni valideyn olmamışdan bu məlumatları əldə etsinlər. Çünki hər hansısa bir sahədə uğurlu olmaq üçün təcrübə və bilik şərtdir. 
 
Günel Azadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815