• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

Siyavuş Novruzov: “Rəsul Quliyevin telefon danışığı Milli Şurada toplaşanların durumunu göstərir”

24.09.13 15:21 1649
Siyavuş Novruzov: “Rəsul Quliyevin telefon danışığı Milli Şurada toplaşanların durumunu göstərir”
“Mitinq günü Sülhəddin Əkbər ilə Rəsul Quliyev arasında telefon danışığının yayılan lent yazısı göstərir ki, müxalifətdə - Milli Şurada toplaşanların durumu nə haldadır”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, əslində Milli Şurada toplaşan partiya rəhbərlərinin bir-birinə münasibəti o danışıqdan görünən səviyyədədir: “Danışıqda deyildiyi kimi, həqiqətən o mitinq biabırçı səviyyədə idi. Stadion heç 30 faiz dolmamışdı. Mitinqdə çıxış edənlər, bir birinə qarşı münasibət göstərdi ki, bunlar 90-cı illərdən bu yana heç bir addım da irəli gəlməyiblər. Orada toplaşanların da əksəriyyəti həqiqətən mitinqdən narazı olaraq dağılışdılar. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbər çıxış edəndə AXCP-dən olan aparıcı ona imkan vermədi, sözünü kəsdi. Arada şüarlar qışqırdı və digər hərəkətlər etdi ki, İsa Qəmbər sistemli şəkildə danışa bilməsin. Bütün bunlar bir daha göstərdi ki, Milli Şurada təmsil olunan partiyaların bir-birinə münasibəti necə bərbad səviyyədədir. Guya bir qurumda toplaşıblar, amma bir-biri haqqında, görün, hansı ifadələri işlədirlər. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və digərləri haqqında danışıqda elə fikirlər səsləndirilib. Sülhəddin Əkbər də mitinqdə iştirak edə-edə telefonda bütün deyilənləri təsdiq edir. Hansı ki, Milli Şuranın bir neçə iclasında Sülhəddin Əkbər sədrlik edib. Deməli, onların daxili aləmi bu baş verənlərdən ibarətdir”.
YAP funksioneri deyir ki, bu telefon danışığı bir daha göstərir ki, Milli Şura maraqlara xidmət edən insanların toplantısıdır: “Onlar yalandan ifadə edirlər ki, guya Azərbaycan xalqı narazıdır, nə bilim xalq nəyi neynəyəcək və sair. Əslində xalq bu gün hakimiyyətlə bir yerdədir. Xalq bu gün prezidentin yanındadır”.
S.Novruzovun sözlərinə görə, artıq Rəsul Quliyevlə Milli Şuradakılar bir-biri ilə xudahafizləşiblər: “Onsuz da əslində onların yolları mahiyyətcə bir deyildi, ayrı-ayrı idi. Sadəcə olaraq burada təmsil olunmaqdan ötəri addımlar atmışdılar. Onlar heç vaxt bir-birini istəməyiblər. Nə Əli Kərimli İsa Qəmbəri, nə İsa Qəmbər Əli Kərimlini, nə o birisi bunu, nə də bu birisi onu. Bunların mahiyyəti budur”.
banner

Oxşar Xəbərlər