Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
Bütün fəaliyyətini bu
prinsiplər əsasında quran Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, YAP-ın Sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfirinin gördüyü işlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
"Mənə göstərdiyiniz yüksək
etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla
öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki,
cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı
bacaracağam.” Mehriban xanım Əliyeva bu fikirləri dövlətimizin başçısı İlham
Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci Vitse-prezidenti təyin edildikdən
sonra Təhlükəsizlik Şurasının keçirilən iclasında bildirmişdir. Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyəti onun bu təyinatını şərtləndirdi. Möhtərəm
Prezidentimiz İlham Əliyev həmin iclasda bu fikirləri bildirmişdir: "Bax, bu,
çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul
etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban
Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır.
Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.
Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün
Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da
ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.»
Azərbaycan Respublikasının
Birici Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr
müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği,
milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə
inteqrasiyası istiqamətində gördüyü işlərin miqyası o qədər genişdir ki, onları
bi yazıda əhatə etmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu missiyasına uyğun olaraq müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği
istiqamətində gördüyü işləri, həmçinin ictimai-siyasi fəaliyyətini də nəzərə
alsaq onun dövlətimiz və xalqımız qarşısında xidmətlərinin ölçüyə gəlməz
dərəcədə böyük olduğunu bir daha görərik. Ölkə daxilində və dünya arenasında
həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham
Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev
mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli
ruha əsaslanır: «Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya,
Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi
dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.»
İllər keçdikcə görülən
işlərin miqyası daha aydın görünür. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, YAP-ın Sədr müavini,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın hər kəsə gələcəyi ilə bağlı düzgün seçim
etməsinə yardımçı olan müsahibələrinin birində «İnsanlarda hansı keyfiyyətlərə
qiymət verirsiniz» sualına cavabını xatırlatmaqla bugünkü uğurlarına yol açan
ümumiləşdirməni aparmış olarıq. Mehriban xanım Əliyeva həmin suala cavabında
bildirmişdir: «Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı.
Heç bir ifadədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat quruluşu çox
şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək, bəzən onun
mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara
nəyin bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə
dəyişir, bu da məyusluq gətirir. Düzdür illər ötdükcə mən insanların
zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm
üçün yolverilməz saydığım şeylərə görə, başqalarını da bağışlaya bilmərəm.
Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq,
pozitiv, səmimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə sevinc
gətirir.»
Azərbaycanın beynəlxalq
əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın
xidmətləri böyükdür
Mehriban xanım Əliyevanın
gördüyü işlər təkcə ölkəmizdə deyil, dünya miqyasında təqdir olunur. Ayrı-ayrı
dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq
görülməsi, eyni zamanda, Azərbaycanın bu və ya digər ölkələrlə, təşkilatlarla
əlaqələrinin inkişafına verdiyi töhfələrindən irəli gəlir. Mehriban xanım
Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və
musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki
fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da
ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və
mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın
"Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeninə,
sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri
adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli
nailiyyətlərə görə "Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə
"Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin
"Şərəf Legionu” ordeninə və YUNESKO-nun "Qızıl Motsart” medalına, eyni zamanda,
Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının "Xidmətlərə görə”
Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği,
Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə,
tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna,
Azərbaycanda "Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya
Olqa ordeninə, İtaliyanın "Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq
görülüb. Mehriban xanım Əliyeva, həmçinin bu günlərdə Azərbaycan-Rusiya
münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə
görə rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya Federasiyasının
"Dostluq” ordeni ilə təltif olunub.
Göründüyü kimi, təltiflərinin
hər biri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin ayrı-ayrı
istiqamətlərinə bələdçilik edir.
Xeyriyyəçilik, humanizm
Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edir
Qayğı, mərhəmət, sosial öhdəlik
kimi keyfiyyətləri hər kəsin yaddaşına həkk etdirməyə xidmət edən layihələrin
müəllifi kimi çıxış etmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas
istiqamətlərindəndir. Onun timsalında insanlığa sevgini, ehtiyacı olanlara
mərhəmət və şəfqəti görürük. Mehriban xanımın bu sahədəki fəaliyyətini təhlil
etdikdə bir daha əminliklə deyirik ki, Azərbaycanda müasir xeyriyyəçilik
institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. O, atıdığı
addımları ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir.
Mehriban xanım Əliyeva müsahibələrinin birində bu fikri açıqlayır ki, müasir
Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri ilk növbədə,
ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş
cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır.
Təbii cəmiyyətin
demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə
xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq.
Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənənə
və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyətçilik institutunun daha da
inkişafına yeni imkanlar açır, stimul verir. Onun 2017-ci ildə Azərbaycanın
Birinci vitse-prezienti kimi təqdimatı mərasimində söylədiyi bu fikirləri də
xatırlatmaq istərdik: «Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz
yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı,
qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və
işlərində bütöv olmalıdır.» Bu prinsiplərə söykənərək uğur səhifələrinin sayını
artıran Heydər Əliyev Fondunun fəaliyyətini belə səciyyələndirmişdir:
«Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini
humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı
layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal
iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13
il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq.
İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana
kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının
birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün
insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik,
mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu
mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə
qalxmaq olar.» Bu fikirlər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını
təşkil edən prinsiplərin ümumiləşdirilmiş ifadəsidir.
İnsan amilinə yüksək dəyər
verilən ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın
təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Təbii ki, bu, onun humanistliyindən, mərhəmətindən irəli gələn addımlardır.
«Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer
tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz
bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar,
o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən
insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli
qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq
hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat
yaşamaları üçün onlara şans verməliyik”» söyləyən, ümummilli lider Heydər
Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Mehriban
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları sayəsində yenidən
cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi
kimi dəyərləndirirlər.
Heydər Əliyev Fondu:
Sosial-mədəni, humanitar layihələrin təşəbbüskarı
Mehriban xanım Əliyevanın
siyasi xadim kimi fomalaşmasında ulu öndər Heydər Əliyev siyasi məktəbinin rolu
inkaredilməzdir. Ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə 2004-cü
ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif
layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir,
ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Yarandığı gündən
qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan,
qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən
Heydər Əliyev Fondu 15 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Fondun
fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük
işlər görülüb.
Əvvəldə də qeyd etdiyimiz
kimi, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi
dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə
bağlı işlərin aparılmasına kömək edib. Bütün bununla yanaşı, Fond xarici ölkələrdəki
unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir.
Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını,
Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya
müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində
saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib.
Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında
imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa
işlərinin həyata keçirilməsinə də dəstək verib.
Təkcə bu faktı qeyd etmək
kifayətdir ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin, tariximizin qorunması istiqamətində xidmətlərinin miqyasını
aydın şəkildə görək və dəyərləndirək. Azərbaycan bu il YUNESKO-nun İrs
Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm tədbir, eyni zamanda,
Mehriban xanım Əliyevanın Azərbaycan-YUNESKO əməkdaşlığına verdiyi töhfələrə
işıq saldı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni
irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer alıb. Muğam sənətinin,
aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin
YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu
təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir.
YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin
tarixi mərkəzinin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi də
uğurlarımız sırasındadır.
Fondun təşəbbüsü ilə həyata
keçirilən layihələr sırasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi
strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb
binasının inşa olunub və lazımi avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd
etməliyik. Məktəblərin kompyuterləşdirilməsi əsas tələb kimi ortaya qoyulub. Bu
günümüzün əsas çağırışı "hər uşağa bir kompyuter”dir. Heydər Əliyev Fondunun
təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı
təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin
inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün
qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayır,
uğurlu nəticələr əldə edir. Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla
məhdudlaşmır. Belə ki, 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda
fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən
kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci
ilin fevralında isə Fondun "Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın
Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən
məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla
təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə
Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə
verilib.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata
keçirilən layihələrin əsasında uşaqlara qayğı da xüsusi yer tutur. Uşaq
evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti
artıran Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam
böyüməsi üçün əlindən gələni əsirgəmir. «Diabetli uşaqlara ən yüksək qayğı»
layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar
müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin
edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı
ödəyəcək qədər Qan Bankın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük
töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də
deyilənlərin təsdiqidir. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət
çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı
aparılmasına köməklik göstərib. Valideyn hamayəsindən məhrum olan bütün
uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən «Hər uşağın ailəyə
ehtiyacı var» söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir
internat, uşaq evi - ən müasir, bütün tələblərə cavab versə belə- heç vaxt ailə
mühitini, ailə tərbiyəsini əhatə edə bilməz.
Təbii ki, bunlar Heydər
Əliyev Fondunun xidmətlərinin sadəcə az bir hissəsidir. Mehriban xanım Əliyeva
bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva
edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat,
mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə
dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği
proqramlarının müəllifidir.
Azərbaycan həqiqətlərinin
təbliğində Heydər Əliyev Fondunun rolu böyükdür
Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün
mövcud imkanlardan istifadə edir. Ermənilərin iç üzünün dünyaya çatırılması
üçün müxtəlif dillərdə nəşr olunan kitablar, ingilis, fransız, ərəb, alman, rus
dillərində "Qarabağ həqiqətləri” bukletlər Fondun bu sahədəki fəaliyyətinin
əyani vəsaitləridir.
Heydər Əliyev Fondu
Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı
dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin
diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya
toplayan tədbirlərə də imza atıb. Məhz, Moskvada, Berlində, Strasburqda,
Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda,
Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının
ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun
hazırladığı "Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən
cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunması, Fondun dəstəyi
və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü
ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl
ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi
"Qarabağ həqiqətləri” toplusu və "Azərbaycana qarşı müharibə: Mədəni irsin
hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq
ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması
işinə xidmət edir, töhfələrini verir.
Mehriban xanım Əliyevanın
yüksək təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər də
həqiqətlərimizin təbliğinə böyük töhfədir. Belə ki, Azərbaycanın ev sahibliyi
etdiyi «Euvrovision» mahnı yarışmasının, həmçinin ilk Avropa Oyunları və IV
İslam Həmrəyliyi Oyunlarının dünyaya səs salan təqdimatları deyilənlərin bariz
nümunəsidir. İlk Avropa Oyunlarının açılış mərasimini xatırlasaq, bu tədbirin Azərbaycanın
dövlət müstəqilliyini yenidən bərpa etməsinin 24-cü ilinə təsadüf etməsi ritmik
nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayımın başlamasında öz
ifadəsini tapmışdır. 24 illik yolun, yerləşdiyi coğrafi məkanın Azərbaycana
qazandırdığı uğurlar müxtəlif təqdimatlarla ölkə və dünya ictimaiyyətinə
çatdırıldı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva açılış mərasimində çıxış etmişdir: «Bu
möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının
qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər
nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində
yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy,
Tanrı Azərbaycanı hər zaman qorusun!»
«Azərbaycan zəngin tarixə, mədəniyyətə və
adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və
qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz
hissəsidir» söyləyən Mehriban xanım Əliyeva bildirmişdir ki, bu tədbir
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş
etdirir: «Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu
axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə
düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə
müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu
cür böyük idman tədbirini keçirmək imkanı yaradır. Mehriban xanım bu əminliyi də
ifadə etmişdir ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda
alovlansa da, Azərbaycanın və "Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.
Mehriban xanım Əliyevanın
yüksək təşkilatçılığı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın
malik olduğu imkanların, ən əsası tolerantlıq, multikulturalizm təcrübələrinin
təqdimatıda əhəmiyyətli rol oynadı. Azərbaycandan dünyaya sülh, əmin-amanlıq,
birlik, həmrəylik mesajı ünvanlandı. Qərblə Şərq arasında körpü rolunu oynayan,
sivilizasiyalararası dialoq məkanı sayılan, böyük nüfuz qazanan, hazırda
dünyanın ən sabit, geosiyasi əhəmiyyəti ilə fərqlənən Azərbaycan
mədəniyyətlərin qovuşduğu ölkə kimi bir daha mövqeyini möhkəmləndirdi.
Vətən, torpaq, xalq
sevgisinin vəhdəti
Azərbaycanın Birinci
Vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti də
nümunədir. 1992-ci ildən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan,
ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəal
üzvü olub və bu gün partiyanın Sədr müavini kimi müasir müstəqil Azərbaycanın
davamlı inkişafına töhfələr verir.
Mehriban xanım Əliyeva
2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O,
deputat kimi fəaliyyət göstərdiyi müddətlərdə çox böyük işlər görüb, təmsil
etdiyi rayonun sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm
addımlar ataraq, seçicilərinin yüksək etimadını qazanıb. Mehriban xanım bu
missiyasını da yerinə yetirərkən məsuliyyətin önəmini əməli fəaliyyəti ilə
təsdiqləyib.
Mehriban xanım Əliyevanın
bütün mükafatları sırasında öndə dayanan xalq sevgisi, məhəbbəti onun
Azərbaycanın Birinci Vitse-prezidenti kimi təyinatında da xüsusi rol oynadı.
Daim insanların arasında olan, onların qayğıları ilə maraqlanan Mehriban xanım
Əliyeva özü haqqında yaratdığı portretdə səmimilik kimi keyfiyyətə də xüsusi
yer ayırdı.
Mehriban xanım Əliyevanın
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını
şərtləndirən amillər sırasında böyük idarəçilik təcrübəsi və xalqının sevgisini
qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı,
yardımçısı, mənəvi dəstəkçisi olmasıdır. Mehriban xanım Azərbaycanın Birinci
Vitse-prezidenti kimi təqdimatı mərasimində bildirmişdir: «Mənim fəaliyyətim
haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü
bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir.
Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz,
Sizin dəstəyiniz durur.» Məhz bu birlik fonunda Azərbaycan davamlı uğurlara
imza atır, ən yüksək zirvələri fəth edir.
Azərbaycanın Birinci
Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya çoxşaxəli
fəaliyyətində uğurlar arzulayıram.
Siyavuş Novruzov,
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin
İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri