• cümə axşamı, 25 aprel, 09:39
  • Baku Bakı 14°C

Siyasilər Avropa Oyunlarını stadiondan izləyəcəklər

07.05.15 06:16 983
Siyasilər Avropa Oyunlarını stadiondan izləyəcəklər
Kimi fərdi idman növlərinə, kimi kollektiv oyunlara getməyi planlaşdırır
İlk Avropa Oyunlarının başlamasına sayılı günlər qaldıqca, yarışlara maraq daha da artır. Belə ki, mötəbər idman turnirini canlı izləmək istəyənlər artıq bilet əldə etməyə başlayıblar. Oyunlarla bağlı ölkəmizə gələn turistlərin də sayı artmaqdadır. Biz də ölkə siyasətçilərindən kimin Avropa Oyunlarını canlı izləmək istədiyi ilə maraqlandıq. Yarışları televiziyadan izləyəcəyini deyənlər olsa da, əksəriyyət stadiona, yarışların keçirildiyi idman arenalarına gedib oyunları canlı izləməyə üstünlük verdiyini dedi.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədr müavini Elçin Mirzəbəyli dedi ki, Avropa oyunları hər şeydən öncə, ölkəmizin beynəlxalq miqyasda daha geniş şəkildə tanınmasına imkan yaradacaq: “Ölkəmiz beynəlxalq tədbirlərin təşkilatçısı kimi öz imkan və potensialını hər kəsə nümayiş etdirəcək. Bundan əlavə, Azərbaycana gələn qonaqlar, xüsusilə xarici media nümayəndələri ölkə həqiqətləri ilə yaxından tanış olacaqlar. Düşünürəm ki, ayrı-ayrı turizm şirkətlərinin də diqqətini ölkəmizin turizm potensialına çəkmək mümkündür. Ən önəmlisi isə Azərbaycan adını Avropa Oyunları ilə tarixə həmişəlik yazacaq. Hətta bu yarışların standartlarını müəyyənləşdirən ölkə kimi tanınacaq. Yarışların ölkəmizə sadaladığımdan daha çox fayda verəcəyi şübhəsizdir”.
E.Mirzəbəyli idmanın bütün növlərini sevdiyini, mümkün qədər hər bir yarışı canlı izləməyə çalışacağını söylədi: “Xüsusi olaraq fərq qoymasam da, daha çox boksa və güləşə maraq göstərirəm. Təbii ki, kollektiv idman növlərini də izləyəcəyəm. Su idman növlərinə də marağım çoxdur. Heç şübhəsiz ki, yarışlarla bağlı medianın üzərinə də çox böyük məsuliyyət düşür. Hesab edirəm ki, bizim əsas borcumuz bu tədbirləri lazımi şəkildə işıqlandırmaqdır. Ona görə də ola bilsin ki, yarışların hamısını izləməyə vaxtım çatmasın. Amma mümkün qədər hər birini izləməyə çalışacağam. Yarışları canlı izləməyə ailəmlə də, dostlarımla da, tək də gedə bilərəm. Hansı oyunu izləməyə getsəm, yanımdakıların maraq dairəsini mütləq nəzərə alacağam. Məsələn, kiçik oğlum Muradla taekvando yarışlarını izləyəcəyəm. Çünki o, taekvando ilə məşğul olur və düşünürəm ki, o, yaxşı idmançı olacaq. Yəni, ailəmin və dostlarımın maraq dairəsini nəzərə almaqla idman yarışlarını izləyəcəyik”.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, Avropa Oyunları son dərəcə ciddi idman hadisəsidir və dünyanın diqqətini Azərbaycana cəlb edir: “Dünya təkcə dostlarımızdan ibarət deyil və düşmənlər, bizi istəməyənlər də var. Hamı bilir ki, Avropa Oyunları ölkəmizin təbliğatı baxımdan çox əhəmiyyətlidir. Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlər hər kəsin nəzərinə çatdırılacaq. Ümumiyyətlə, bu yarışlar Azərbaycanın idman imicini daha da yüksəldəcək. Çünki bu cür tədbirləri təşkil etmək çox nadir dövlətlərin bacardığı işdir ki, Azərbaycan çəkinmədən belə mötəbər tədbiri keçirməyi öz üzərinə götürüb. Çox layiqli nəticəyə varacağımızdan əminəm. Faktiki olaraq, Qafqazda, iki xristian ölkə arasında müsəlman dövlətinin qüdrəti ön plana çıxmaqdadır. Amma təəssüf ki, Azərbaycan əleyhinə iş görənlər var. Hətta sapı özümüzdən olan baltalar ölkə adına qara yaxmaq üçün çaba göstərirlər. Unutmasınlar ki, onlar təkcə iqtidara qarşı çıxmırlar və Azərbaycanın adını ləkələyirlər”.
E.Musayev də yarışları canlı izləmək istədiyini və daha çox komanda yarışlarına maraq göstərdiyini nəzərə çatdırdı: “Fikir vermisinizsə, artıq şəhərdə hər üç nəfərdən biri turistdir. Təbii ki, onlar idman oyunlarını izləyəcək şəxslərdir. Hesab edirəm ki, vətəndaşlarımızın da yarışlara marağı böyükdür. Mənə elə gəlir ki, biz daha çox komanda yarışlarını sevirik. Amma kuryoz məqam ondan ibarətdir ki, komanda yarışlarında daha zəif nəticə əldə edirik və üstünlüyümüzü fərdi yarışlarda tapırıq. Dostlarım artıq yarışlara bilet almağa başlayıblar və israrla məni də dəvət edirlər. Düşünürəm ki, mən də mütləq getməliyəm. Çünki mənim üçün önəmli olan təkcə yarış, adrenalin deyil. Azərbaycanlı olmağın fəxri, qüruru məsələsi də var. Hansı yarışı ailəm, hansını dostlarımla izləyəcəyimə hələ qərar verməmişəm”.
Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu da ölkəmizin idman sahəsinə xüsusi diqqət ayırdığını qeyd etdi: “Elə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dediyimizi təsdiq edən faktlardan biridir. Bu yarışlar ölkəmizin mədəniyyətini, tarixini dünyaya tanıtmaqda vəsilə olacaq. Bundan sonrakı tarixdə nə qədər Avropa Oyunları keçiriləcəksə, o qədər də Azərbaycan xatırlanacaq, hər dəfə bu yarışların ilk təşkilatçısının ölkəmiz olduğu vurğulanacaq. Bu yarışlarla bağlı ölkəmizə xeyli turist gələcək. Bu, iqtisadi cəhətdən də ölkəmiz üçün xeyli səmərə verəcək. Həmin turistlər növbəti illərdə yenidən buraya dönmək istəyə bilərlər. Ona görə də ölkəmizi yaxşı tanıtmaq lazımdır. Yəni bu yarışlar Azərbaycan turizminin inkişafına da böyük töhfə verə bilər. Yarışları canlı izləməyə gəldikdə isə, ola bilsin ki, bu şansım olmasın. Amma mümkün olduğu qədər, yarışları stadiondan izləməyə çalışacağam. Əgər meydançalara getmək alınmazsa, mütləq evdən, tv-dən izləyəcəyəm”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər