• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

“Siyasi qərarlar bir anda, emosiyalarla verilməməlidir”

29.12.13 10:58 1861
“Siyasi qərarlar bir anda, emosiyalarla verilməməlidir”
Kinorejissor Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verməsinə səbəb kimi demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqlarını göstərib. Qeyd edib ki, belə fəaliyyət demokratik qüvvələrin birliyini pozmağa yönəlib. R.İbrahimbəyov Müsavat Partiyası rəhbərliyinin onun fəxri sədr seçilməsi ətrafında apardığı diskussiyalara da toxunaraq deyib ki, müsavatçıların bu mövqeyi Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsidir. Milli Şuranın son sessiyası, orada müzakirə olunan məsələlər, fəxri sədrin istefası, Müsavat rəhbərliyinin mövqeyi və digər məqamlarla bağlı “Kaspi”nin suallarını Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı cavablandırır.
- Milli Şuranın son sessiyası, orada səsləndirilən fikirlərlə bağlı sizin mövqeyinizi bilmək istərdik...
- Milli Şuranın son sessiyasında Müsavat Partiyasının başqanı İsa Qəmbər öz fikirlərini açıq şəkildə bildirərək demişdi ki, başqa bir dövlətin vətəndaşı olan birisinin quruma fəxri sədrlik etməsi, Müsavatın da bu təşkilatda təmsil olunması məqbul sayılmır. O, Müsavat Partiyasının Milli Şuradakı fəaliyyətini davam etdirib - etdirməməsinin təşkilat daxilində müzakirə olunacağını da vurğulamışdı. İsa bəyin bu çıxışından sonra Divanda, eləcə də partiyanın bütün strukturlarında məsələ müzakirə olundu. Qərara alındı ki, ilkin mərhələdə Milli Şurada təmsil olunan partiya və siyasi təşkilatlarla görüşlər keçirilsin, onlarla çoxtərəfli əməkdaşlıq və müttəfiqliklər təklif olunsun. Keçirilən belə görüşlərin nəticələri nəzərə alınaraq, Müsavatın Milli Şuradakı fəaliyyəti, atacağı addım qərarlaşdırılacaq. Yəqin ki, Divanın növbəti iclasında bu barədə yenidən müzakirə aparılacaq, məqbul qərarlar qəbul ediləcək.
- Siz də qeyd etdiniz ki, Müsavat başqanı son sessiyada ikili vətəndaşlığı olan R.İbrahimbəyovun Milli Şuraya fəxri sədrlik etməsini yolverilməz hal sayırdı. Artıq R.İbrahimbəyov istefa verib. Maraqlıdır, bundan sonra Müsavat Partiyası hansısa yeni şərtlər irəli sürəcəkmi?
- Siyasət olduqca ciddi sənətdir. Siyasətlə məşğul olmaq dövlətin, millətin, vətəndaşların taleyi ilə məşğul olmaq deməkdir. Bu baxımdan bu sahədə hər hansı qərar qəbul edilərkən dərindən düşünmək, ciddi analizlər etmək lazımdır. Deyilən hər bir sözün, verilən vədin doğura biləcəyi məsuliyyət düşünülməlidir. Rüstəm bəyə əvvəlcə təklif olunmuşdu ki, həmsədr olsun. O, bundan imtina etdi. Lakin sonradan Rüstəm bəyə fəxri sədr olmaq təklifi verildi, o, da qəbul etdi. Bu hadisədən 2-3 həftə keçən kimi, o, təkrar bu vəzifədən istefa verməsi, imtina etməsi barədə qərar qəbul edir. Yəni, siyasi qərarlar bir anda, bu cür emosiyalarla, həyəcanla verilməməlidir. Yaxud, kiməsə görə, o cümlədən Müsavat Partiyasının Milli Şurada mövqeyini yumşaltmaq xətrinə kiminsə addım atmasını, qərar qəbul etməsini düzgün hesab etmirəm. Əgər belə idisə, Müsavatın mövqeyini Rüstəm bəy başda olmaqla Milli Şurada təmsil olunan hər kəs yaxşı bilirdi. Müsavat Milli Şurada Cəmil Həsənlinin sədrliyinə razı idi. Əvvəlcədən onun fəxri sədrlik və həmsədrliyinə razı deyildi. Bu kimi səbəblərdən bəzilərinin son açıqlamaları arxadan atılan daş kimi dəyərləndirirəm. İnanmıram ki, Rüstəm bəyin istefası Müsavatın verəcəyi qərarlarda hansısa rol oynasın.
- Bəzi ekspertlər Müsavat başqanının sessiyadakı mövqeyini inciklik kimi qələmə verirdilər. Onların fikrincə, AXCP sədri Əli Kərimlinin R.İbrahimbəyovla gizli sövdələşməsi, ona fəxri sədrlik təklif etməsi İ.Qəmbəri narazı salıb. Bu, nə dərəcədə doğru ehtimaldır?
- Müsavat Partiyası və onun başqanı heç bir partiyaya və ya liderə qısqanclıqla yanaşmır. Bunun siyasi tariximizdə heç bir sübutu yoxdur. Ona görə söylənilən ehtimalı qeyri-ciddi hesab edirəm. Biz təklifi kimin etməsinə deyil, təklifin nədən ibarət olmasına əhəmiyyət veririk. Belə olmasaydı, bir kinorejissorun verdiyi Milli Şura təklifinə, ideyasına 100 illik tarixə malik Müsavat Partiyası dəstək verməzdi. Rüstəm İbrahimbəyov kinorejissor kimi nə qədər uğurlu ziyalıdırsa, siyasətdə bir o qədər güclü lider deyil. Əgər Müsavatda narazılıq, inciklik olsaydı Milli Şuranın yaranması xətrinə bu qədər çalışmazdı, güzəştə getməzdi. Müsavat öz namizədindən imtina etmək bahasına Milli Şuraya dəstək olub. Bunu unutmaq lazım deyil. Rüstəm bəylə əlaqəyə girib hansısa məqamı razılaşdırmaq o qədər də əlahiddə məsələ deyil ki, onu Müsavat Partiyası rəhbərliyi və üzvləri edə bilməsinlər, bunu kimsə eləyib deyə, ona qısqanclıqla yanaşsınlar.
- Məgər Müsavat Partiyası Milli Şuraya dəstək olanda R.İbrahimbəyovun ikili vətəndaşlığından, başqa ölkə qarşısındakı öhdəliyindən xəbərsiz idimi? Əgər məlumatı vardısa, niyə o zaman deyil, məhz indi bu məsələni gündəmə gətirir?
- Situasiyalar tamamilə fərqlidir. Həmin dönəmlə indiki zamanı müqayisə etmək qətiyyən düzgün deyil. Hətta o zaman da bizim Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına yeganə şərtimiz bu idi ki, o, vətənə dönsün, Rusiya vətəndaşlığından imtina etsin. Rüstəm bəy də bunları edəcəyini öhdəlik kimi qəbul eləmişdi. Müsavat Partiyası bu amili nəzərə alaraq onun Milli Şuraya rəhbərlik etməsinə, vahid namizəd olmasına razılıq vermişdi. Lakin Rüstəm bəy bütün bunları etmədi, seçkidən sonra da bəyanat verdi ki, nə Vətənə dönmək, nə də ikili vətəndaşlıqdan imtina etmək fikrində deyil. O, Rusiyada qalıb kinorejissor kimi fəaliyyət göstərməyi üstün tutdu. Müsavat Partiyası da başqa bir ölkə vətəndaşının rəhbərlik etdiyi qurumda özünü görmədiyini bəyan elədi. Yəni, situasiya, dönəm və öhdəliklər fərqli idi.
- Rüstəm bəyin sözlərinə görə, aralarında fikir ayrılığı olan partiyalar Milli Şuranı iki üç təşkilatın birliyinə çevirmək istəyir. Sizcə söhbət hansı fikir ayrılığından, hansı partiyalardan gedir?
- Fikir plüralizmi ilə fikir ayrılığını eyniləşdirməyin əleyhinəyəm. Milli Şurada ciddi siyasi qurumlarla yanaşı, müxtəlif təşkilat və birlikləri təmsil edən nümayəndələr var. Təbii ki, belə vəziyyətdə fikir ayrılığı, fikir müxtəlifliyi gözləniləndir. Lakin bunu münasibətlərin kəskinləşməsi, mücərrəd qarşıdurmaların olması kimi qələmə vermək, kimlərinsə atdığı addımları da bununla əsaslandırmaq siyasi baxımdan düzgün yanaşma deyil. Əgər söhbət AXCP ilə Müsavatdan gedirsə, bu iki partiya arasında yalnız sıx əməkdaşlıq var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər