• cümə, 19 Aprel, 11:38
  • Baku Bakı 13°C

“Siyasi proseslərdə avanqardlıq və liderlik İlham Əliyevin tərəfindədir”

25.09.13 10:08 1925
“Siyasi proseslərdə avanqardlıq və liderlik İlham Əliyevin tərəfindədir”
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi vaxt oktyabrın 9-a təyin edilib. Bundan sonra prezidentliyə iddialı olan 10 nəfərin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alıb. Sentyabrın 16-dan etibarən isə həmin namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Seçki öncəsi iqtidar və müxalifətin bu prosesə hazırlığı, Milli Şuranın icazəli mitinqində səsləndirilən fikirlər, tele-debatlarda namizədlərin davranışı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, Azərbaycanda prezident seçkiləri marafonunun ən həssas məqamıdır. Bu prosesi necə qiymətləndirirsiniz?
- Qarşıdan gələn prezident seçkilərinə zaman baxımından çox az vaxt qalıb. Seçkilərin taleyinin həllində ciddi rol oynayan təbliğat-təşviqat mərhələsi artıq 8 gündür ki, başlayıb. Bu 8 gündə müşahidələrimdən çıxarılan nəticə bundan ibarətdir ki, namizədlər içərisində İlham Əliyev təbliğat-təşviqat kampaniyasını daha güclü, yüksək səviyyədə və müasir siyasi texnologiyanın bütün üstün cəhətlərini nəzərə almaqla qura bilib. Sentyabr ayının 16-dan başlayaraq Azərbaycanda bütün yaşayış məntəqələrində, şəhərlərin ayrı-ayrı məhəllələrində, rayon mərkəzlərində, kəndlərdə, qəsəbələrdə İlham Əliyev geniş şəkildə öz təbliğatını qura bilib. Böyük bir komanda bu təbliğat-təşviqat prosesində fəal şəkildə iştirak etməkdədir. Baxmayaraq ki, İlham Əliyevin xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki ötən on il ərzində İlham Əliyev Azərbaycanı çox böyük inkişaf mərhələsinə çıxarıb. Mübaliğəsiz demək olar ki, Azərbaycan bütün sahələrdə özünün yüksəliş və intibah dövrünü yaşamaqdadır. Olanları təkrar etmək istəmirəm. Bu hər kəsə bəllidir və ən azı televiziyanı izləmək kifayətdir ki, İlham Əliyevin gördüyü işlərin miqyasını, həcmini müəyyənləşdirə bilək. Düşünürəm ki, bu bütün Azərbaycan xalqına bəllidir.
- Hakim partiya ilə yanaşı, müxalifət partiyalarının birləşdiyi Milli Şura da prezident seçkilərinin indiki mərhələsində özünəməxsus fəallıq nümayiş etdirir. Onların seçkiöncəsi fəaliyyətinə münasibətiniz necədir?
- Əslində Prezident İlham Əliyevin təbliğat-təşviqat qrupunun fəallığı, bu istiqamətdə görülən işlərin yanında, digər 9 namizədin hər hansı fəallığı o qədər də gözə çarpmır. Yəni, bütün ölkə miqyasında onların təbliğat, təşviqat kampaniyası demək olar ki, aparılmır. Bunun mühüm səbəblərindən biri onların yetərincə güclü komandaya, say-keyfiyyət baxımından böyük komandaya malik olmamalarıdır. Onların potensial imkanları da İlham Əliyevdən çox-çox aşağı səviyyədədir. İqbal Ağazadə, Cəmil Həsənli insanlarla bir dəfə görüş keçirdi. İqbal Ağazadə Ağstafada cəmi 90 nəfərə yaxın adamla görüş keçirdi. Cəmil Həsənli isə Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Açıq Cəmiyyət və digər partiyaların, həmçinin ayrı-ayrı insanların bütün gücü və imkanları ilə cəmi 1500-2000 nəfərlə görüşə bildi. Onlar əvvəlcədən müəyyən olunmuş, razılaşdırılmış yerdə bundan artıq sayda mitinq-görüş keçirə bilmədilər. Keçirdikləri görüş də daha çox təhqir, iftira, böhtan xarakterli çıxışlarla, prezidentliyə namizədə yaraşmayan üsullarla, formalarla yadda qaldı. Belə kampaniyanın aparılması onlara başucalığı gətirmir.
- İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün pulsuz efir vaxtı ayrılıb və hər bir namizəd əvvəldən müəyyən edilmiş 6 dəqiqə ərzində canlı yayımda öz fikirlərini geniş ictimaiyyətə çatdıra, təbliğatını qura bilir. Bu tele-debatlarda namizədlərin xalq qarşısında özlərini aparmasına, səsləndirdikləri fikirlərə münasibətiniz necədir?
- Prezident seçkiləri ərəfəsində İctimai Televiziyada hər bir namizədə 6 dəqiqə olmaqla, ümumilikdə 1 saat ərzində fikirlərini xalqa çatdırmaq, platformalarını elan etmək, görəcəkləri işlər barədə söhbət açmaq imkanı yaradılıb. Çox təəssüf ki, bu imkandan yararlanan bəzi namizədlər onlara tanınan bu haqdan sui-istifadə etməyə çalışdılar. Son tele-debatlarda hər kəsin səviyyəsini, imkanını, daxili potensialını ortalığa qoydu. Xüsusən də Milli Şuranın namizədi Cəmil Həsənli prezidentliyə namizədə yaraşmayacaq şəkildə özünü aqressiv, böhtançı, iftiraçı kimi göstərdi, hətta mən deyərdim ki, gözlənilməz bir səviyyəsizlik nümayiş etdirdi. Onunla bərabər Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev də etik çərçivələri aşan bəzi addımlar atdı, yanlış fikirlər söylədi. Əlbəttə, bütün bunlar qəbul edilən deyil. Digər namizədlərin fikirlərində isə heç bir cəlbedicilik, yenilik, orijinallıq demək olar ki, yoxdur. Bütün bunların hər birini, hamısını ümumiləşdirsək, gəldiyimiz nəticə ondan ibarətdir ki, dövlət başçısı İlham Əliyevin komandası çox ciddi şəkildə prezident seçkilərinə hazırlaşır. Siyasi mühitdə favoritlik, siyasi proseslərdə avanqardlıq və liderlik İlham Əliyevin tərəfindədir.
- Sizin də bayaq qeyd etdiyiniz kimi, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 22-də Yasamaldakı stadionda görüş-mitinq keçirib. Bu mitinqdə iftira, böhtan xarakterli çıxışlarla yanaşı, üzərində təhqiramiz ifadələr, konkret söyüşlər əks olunan şüarlar, plakatlar da diqqət çəkib. Belə hallara yol verilməsi nə dərəcədə düzgündür?
- Əlbəttə mənim buna münasibəti bir vətəndaş olaraq mənfidir. Unutmaq olmaz ki, prezident seçkiləri hər bir Azərbaycan vətəndaşının taleyini həll edən bir məsələsidir. Bu prosesə birbaşa və dolayısı ilə qoşulan hər bir şəxs öz üzərində məsuliyyət hiss etməlidir. Demiş olduğu sözü ölçüb-biçməlidir və bu təhqiramiz sözlər təkcə tək ünvanlara deyil, Azərbaycan xalqına ünvanlanmış olan təhqirlərdir. Tərbiyəsizlik elə bir həddə gəlib çatıb ki, artıq onlar küçə söyüşləri ilə, əxlaqımıza, milli dəyərlərimizə tamamilə zidd olan ifadələrlə cəmiyyətin qarşısına çıxırlar. Bu cür aqressivik, tərbiyəsizlik nümayiş etdirilir. Bunun üçün mən düşünürəm ki, Mərkəzi Seçki Komissiyası ciddi və konkret addımlar atmalıdır. Çünki seçki dövründə bütün səlahiyyət, yəni seçkilərin aparılması və müəyyən çərçivədə tənzimlənməsi Azərbaycanın qanunvericilik aktlarına və Seçki Məcəlləsinə əsasən Mərkəzi Seçki Komissiyasına həvalə olunub. Mərkəzi Seçki Komissiyası kimliyindən asılı olmayaraq bu cür təhqirlərə, böhtanlara yol verən hər bir insana qarşı hüquqi müstəvidə tədbir görməlidir. İmkan verməli deyil ki, 1990-cı illərdə İsgəndər Həmidovun söyüşləri üzərində bərqərar olan hakimiyyət və o əhval-ruhiyyə yenidən Azərbaycana qayıda bilsin. Əlbəttə ki, həmin hakimiyyətin təkrar qayıtması mümkün deyil, lakin o əhval-ruhiyyənin, küçə söyüşlərinin və davranışlarının yenidən Azərbaycanın siyasi mühitinə transfer edilməsi yolverilməzdir. Bunun qarşısı tezliklə alınmalıdır.
- Bakı Şəhər Baş Polis İdarəsi yaydığı rəsmi məlumatda da bildirib ki, icazəli mitinqdə AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də digər müxalifətyönümlü partiyalar, qeyri-hökumət və gənclər təşkilatlarından ümumilikdə iki min nəfərədək insan iştirak edib. Sizcə, əhalinin müxalifətin keçirdiyi mitinqlərə az maraq göstərməsinin səbəbi nədir?
- Dəfələrlə qeyd etmişəm ki, Milli Şuranın və orada cəmləşən ayrı-ayrı partiyaların sosial bazası bütövlükdə iki mindən artıq deyil. Bu, görünən və təsdiq edilən faktdır. Onların nə deməsindən, nə cür bəyanat vermələrindən asılı olmayaraq, birinci mitinqə min nəfərə yaxın, ötən bazar günü keçirilən aksiyaya isə cəmi iki min adam yığa bildilər. Oraya gələnlər arasında nəyinsə xatirinə, görüntü üçün stadiona toplaşanlar da az deyildi. Xüsusilə jurnalistlər bu dəfəki mitinqdə də çox idi. Ona görə də mitinqdə iştirak edənlərin yalnız 1500 nəfərini onların tərəfdarı saymaq olar. Budur onların real sosial bazası. Milli Şura Azərbaycanın içərisindən gələn sosial sifariş deyildi. Bu layihə Moskvadan, Kreml divarları arxasında müəyyən dairələr tərəfindən hazırlanmışdı. Məqsəd də Azərbaycana siyasi təzyiq göstərmək, bu ölkədə Rusiyanın maraqlarını təmin etmək idi. Bunun üçün bir azərbaycanlıya, amma əslində Moskvanın maraqlarını güdəcək insana ehtiyac var idi. Həmin adam da Rüstəm İbrahimbəyov oldu. Lakin ölkə başçısı İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə yüksək səviyyədə münasibətlər qurması, Kreml rəhbərinin Azərbaycana rəsmi səfərə gəlməsi sözügedən layihəni əhəmiyyətsiz etdi. Azərbaycanın milli maraqlarına, dövlətçiliyə qarşı olan bu layihə iflasa uğradı. Hər zaman yaranmış vəziyyətlərdən istifadə etməkdə maraqlı olan AXC və Müsavat partiyaları bu dəfə də məğlubiyyətlərini sığortalamaq üçün Cəmil Həsənlini dilə tutub, onu Milli Şuranın vahid namizədi elədilər. Əslində müxtəlif vədlər verməklə, Cəmil Həsənlini qurbanlıq seçdilər. Hazırda da bu adam Milli Şuranın vahid namizədi kimi prezident seçkilərində iştirak edir. Belə vəziyyət onu deməyə əsas verir ki, Cəmil Həsənli oyuncaq insandır. Bu günə kimi radikal müxalifətin ruporu kimi çıxış edən mətbuat orqanlarının səhifələrində yer alan materialları, ümumi qeybət, şaiyə xarakterli fikirləri dilə gətirir, hətta əvvəlcədən hazırlanmış konspektləri efirə oxuyur. Bu konspektləri AXC və Müsavat partiya liderləri hazırlayıb ona ötürürlər. Bununla da Cəmil Həsənli həm özünə, nüfuzuna ağır zərbələr vurur, həm də AXC və Müsavatın mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan prezidentinin uğurla həyata keçirdiyi daxili və xarici siyasət ölkənin milli maraqlarına, dövlətçilik maraqlarına tam uyğundur. Bu faktın özü də müxalifəti sosial dayaqlardan məhrum edir. Digər tərəfdən, radikal müxalifət partiya sədrlərinin 20 ildir ki, dəyişməməsi, təmsil etdikləri qurumda yeniliklərin olmaması, hər hansı platformanı ortaya qoya bilməməsi də onların sosial dayaqlarını ciddi şəkildə zəiflədir. Faktiki olaraq, bir neçə siyasi təşkilatın cəmləşdiyi Milli Şura yalnız Bakıda fəaliyyət göstərən ofis partiyasına çevrilib. Yoxdur onların sosial bazası! Azərbaycan xalqı İsa Qəmbərə, Əli Kərimliyə, Cəmil Həsənliyə etimad göstərmir. Əgər radikal müxalifət liderləri özlərinə azacıq da hörmət edirlərsə, bu seçkidən sonra mütləq siyasətdən getməlidirlər. Müxalifət liderləri Azərbaycan siyasi mühitindəki inhisarçılığa son qoymalıdırlar. Gənclərin, xüsusən də yeni siyasətçilərin ictimai-siyasi proseslərə qoşulmasına şərait yaratmalıdırlar. Onlarla əks mövqedə dayanan digər siyasi qüvvələrə qarşı dözümlülük nümayiş etdirməli, aqressivliyə son qoymalıdırlar.
- Seçkidə Cəmil Həsənlinin səs toplaması, ciddi nəticələr əldə etməsi nə dərəcədə realdır?
- Bayaq qeyd etdiyim kimi, əgər Milli Şurada toplaşan partiyaların, radikal müxalifətin sosial bazası yoxdursa, onların namizədinin seçkidə ciddi nəticələr əldə edə bilməyəcəyi bu başdan məlumdur. Cəmil Həsənli qaraguruhçuların cəfəng fikirlərini deyil, bir ziyalı kimi öz düşüncələrini dilə gətirsəydi, Azərbaycan ziyalısı kimi seçkilərdə iştirak edib proqram xarakterli çıxışlar etsəydi, tənqidi fikirlərini təhqirdən uzaq, obyektiv şəkildə səsləndirsəydi, bəlkə 3-4 faiz səs toplaya bilərdi. Tamamilə mümkün idi ki, narazı elektoratın müəyyən faizi onu seçkidə dstəkləyəydi. Amma, indi bu da yoxdur. Çünki narazı elektorat son debatlardan da gördü ki, Cəmil Həsənli bu səviyyə ilə onların maraqlarını güdə, baxışlarını ifadə edə bilməz. Bu səbəbdən, ehtimal ki, narazı elektoratın bir çoxu seçkilərə gəlməyəcək, gələnlər isə digər müxalifət partiya sədrlərinə səs verəcəklər.
- Hadisələrin gələcək inkişafını necə proqnozlaşdırırsınız?
- Mənim fikrimcə, namizədlər içərisindən indiki dövlət başçısı İlham Əliyev çox böyük səs çoxluğu ilə qalib gələcək. Mənim buna qəti şübhəm yoxdur. Digər 9 namizəd isə çox cüzi səslə İlham Əliyevdən geridə olacaqlar. Azərbaycan xalqının iradəsinə söykənərək yenidən prezident seçiləcək İlham Əliyev dövlətimizin daha da güclənməsi, dünyanın inkişaf etmiş ölkələri arasındakı nüfuzunun yüksəlməsi yolunda fəaliyyətini davam etdirəcəkdir. Mən tamamilə əminəm ki, növbəti 5 illikdə Prezident ilham Əliyevin rəhbərliyi altında daha ciddi uğurlara, nailiyyətlərə imza atılacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər