Siyasi partiyaların şəffaflıq problemi

Siyasi partiyaların şəffaflıq problemi

Siyasət
22 Noyabr 2019, 18:04 616
Və ya özün şəffaf deyilsənsə, hakimiyyətdən bunu tələb etmək nə qədər doğrudur?

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya var. Həmin partiyalardan 12-si Milli Məclisdə təmsil olunur.

 Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Bu vəsait  "Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

"Siyasi Partiyalar haqqında” Qanunun 17-1 maddəsinə əsasən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

"Siyasi Partiyalar” və "Mühasibat uçotu haqqında” Qanunlara əsasən siyasi partiyalar hər il maliyyə hesabatı təqdim edirlər. Mərkəzi Seçki Komissiyasının saytında 2018-ci il üzrə siyasi partiyalar tərəfindən təqdim edilmiş maliyyə hesabatlarına nəzər saldıqda görünür ki, rəsmi maliyyə-təsərrüfat fəaliyyəti olan siyasi partiyaların sayı 17-dir. Bu partiyalardan 11-i Milli Məclisdə ən azı bir deputatla təmsil olunan və buna görə də dövlət büdcəsindən maliyyə alan partiyalardır. Digər 6 partiya isə Milli Məclisdə təmsil olunmayan  "Ədalət”, "Müsavat”, "Aydınlar”, "Vətəndaş və İnkişaf”, "Ümid” partiyalarıdır. Milli Məclisdə təmsil olunmayan, amma qismən də olsa maliyyə-təsərrüfat fəaliyyətinin olmasını göstərən partiyalarda mənbə kimi göstərilən gəlirlər əsasən üzvlük haqları və ianələrdən ibarətdir. Bu baxımdan ən çox gəliri olan partiya "Müsavat” partiyasıdır (7532 manat). 

Bu partiyalardan bir neçəsi hesabatlarında gəlir göstərməsə də, cüzi xərclər göstərmişdir. İl ərzində ən çox fəallıq göstərən, kütləvi tədbirlər təşkil edən, sosial şəbəkələrdə pullu reklamlar yerləşdirən siyasi partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olsa da, hesabatda onun gəlir və xərcləri 0 rəqəmi ilə ifadə olunur.
Ölkədə dövlət qeydiyyatı olmayan, amma tək və bir neçə nəfərdən ibarət olan siyasi partiyalar da vardır. Eyni zamanda qarşısına siyasi məqsədlər qoyan "Respublikaçı Alternativ” (REAL) və Azərbaycan Demokratik Rifah Hərəkatı (ADR Hərəkatı) adlanan siyasi qruplaşmalar da mövcuddur.

Maliyyə mənbələrinin "dostlar kömək edir” kimi abstrakt "əsaslandırlması”
 
Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən maliyyə hesabatları ölkədəki siyasi partiyaların fəallıq göstəricilərini ifadə etmir. Belə ki, nisbi olaraq ən fəal görünən siyasi partiya illik maliyyə gəlir və xərcləri 0 rəqəmi ilə ifadə olunur və balansında aktivlər yoxdur.

Əslində isə həqiqətən fəaliyyəti tamamilə olmayan və əsasən bir nəfərdən ibarət olan siyasi partiyalarla yanaşı, nisbətən şəbəkələşmiş, il ərzində müəyyən tədbirlər keçirən, üzvləri və aparat işçiləri ölkədaxili və xarici ezamiyyələrə gedən, ölkədə və ölkədən kənarda kütləvi informasiya vasitəsi yaradan və onu maliyyələşdirən siyasi partiya və siyasi hərəkatlar vardır ki, onlar faktiki olaraq o qədər də kiçik olmayan vəsaitləri və aktivləri idarə edirlər. Bu vəsaitlər deklorasiya olunmayan və əksəriyyət hallarda çirkli sayılan pullar və aktivlərdir. Vəsaitlərin çoxu ölkəyə kənardan daxil olur və ya resurslara malik olan və hazırda hakimiyyətə qarşı qərəzli olan, onu sevməyən, qisas almaq istəyən ayrı-ayrı şəxslərin gizli ötürdüyü vəsaitlərdir. Radikal müxalifət adlanan və əslində müxalifətçilikdən daha çox anti-Azərbaycan qüvvəsi kimi çıxış edən bəzi siyasi partiya və onun ətrafında olan peyk qurumlarla birgə siyasi hərəkat adlanan qurumları təmsil edənlər yalnız öz çıxışlarının sosial şəbəkələr üzərindəki reklamına, onların çıxışlarını paylaşan troll ordusunun saxlanmasına ay ərzində on minlərlə dollar vəsait xərcləyirlər.

Kütləvi tədbirlərə insanların əyalətlərdən daşınma xərcləri, şüarlar və bayraqlara çəkilən xərclərin  hansı mənbələrdən maliyyələşməsinə dair hər hansı məlumatlar yoxdur.  Şəxsi avtomobil, mühafizə xidmətinin saxlanması kimi xərclərin də mənbələri açıqlanmır. 

Maliyyə mənbələrinin "dostlar kömək edir” kimi abstrakt "əsaslandırlması” nə hüquqa, nə də şəffaflıq prinsiplərinə uyğun gəlmir. "Dost” adlandırılanların kim olması da sual doğurur. Belədə hər hansı siyasi qüvvənin dost hesab etdiyi, yumşaq ifadə etsək, dövlətin dostu olmaya bilər.

Hakimiyyətdən şəffaflıq, büdcə gəlirləri və onların xərclənməsinə dair aydın hesabatlar tələb etmək hər bir vətəndaşın, ictimaiyyəti təmsil edən qüvvələrin, o cümlədən siyasi qüvvələrin haqqıdır. Amma Azərbaycanda olan siyasi partiyaların xeyli hissəsi özlərini  Qərb və liberal dəyərlərin daşıyıcıları hesab etsələr də, həmin Qərb ölkələrində məhz şəffaflıq məsələlərinin olduqca ciddi məsələ olmasını və azacıq qeyri-şəffaf fəaliyyətin siyasi fəaliyyətin sonu olması faktını nəzərə almırlar. Məhz həmin Qərbdə hakimiyyətə iddia edən hər hansı siyasi qüvvənin maliyyə fəaliyyətini gizlətməsi, hər hansı kiçik maliyyə pozuntusuna yol verməsi həmin partiyanın taleyində həlledici amil olur.

Siyasi partiyaların bəzi mənbələrdən aşkar və gizli yolla vəsaitlər, hər hansı aktivlər formasında yardımlar alması, ümumiyyətlə, istənilən yardımı alması qanunla qadağan edilir. "Siyasi Partiyalar” haqqında qanunun 17.2.3.  maddəsinə görə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları "xarici dövlətlər və xarici hüquqi şəxslər” və 17.2.4.  maddəsinə əsasən "əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” maliyyələşdirə və onlara ianələr verə bilməz.

Siyasi partiyaların maliyyə hesabatlılığına dair beynəlxalq standartlar və tələblər
 
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası (UNCAC) iştirakçı dövlətlər üzərində konkret öhdəliklər qoyur. Konvensiyanın 7.3 maddəsində göstərilir ki, "Hər bir İştirakçı dövlət sеçkili dövlət vəzifələrinə namizədliyin maliyyələşdirilməsində və mümkün hallarda siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığı gücləndirmək üçün, bu Konvеnsiyanın məqsədlərinə və öz hüquq sistеminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvеricilik və inzibati tədbirlərin qəbul olunması məsələsini də nəzərdən kеçirir”.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Avropa Şurasının Venesiya Komissiyasının birgə hazırladıqları "Siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin Rəhbər Prinsipləri” də siyasi partiyalarda maliyyə şəffaflığını ön plana çəkir.

Rəhbər prinsiplərdə göstərilir: "Siyasi partiyalardan tələb etmək lazımdır ki, hətta siyasi partiya hər hansı seçki prosesində iştirak etməsə belə, ən azı ildə bir dəfə müvafiq maliyyə hesabatını səlahiyyətli orqana təqdim etsin. Belə hesabatlarda ianə verənlərdən daxil olan ianələr barədə məlumat olsun və bütün xərclər əsaslandırılsın... Maliyyə məlumatları partiya fəaliyyətinin bütün səviyyələrini əhatə etməlidir. Hesabatlarda daxilolmalar və xərclər dəqiq ayrılmalıdır. Bundan əlavə hesabat, daxilolmaların forması standart klassifikasiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada əks etdirməlidir. Yekun maliyyə hesabatında həmçinin siyasi partiyanın aldığı ianələrin xarakteri və miqdarı əks olunmalıdır”[1]

Rəhbər prinsiplərin başqa bir maddəsində göstərilir: "Partiya müxtəlif tədbirlər keçirmək yolu ilə, məsələn "seçkiqabağı” dövrdə vəsaitlərin ötürülməsi üçün vasitəçi xidmətini göstərən 3-cü tərəflərə müraciət etməklə seçkiqabağı kampaniyanın maliyyələşməsi ilə bağlı qoyulan tələblərdən yan keçməyə cəhd edə bilər. Bir çox ölkələrdə bu metod "üçüncü tərəflərin istifadəsi” metodu adlanır. Bu cür sui-istifadələrin qarşısını almaq üçün partiyalara münasibətdə ciddi maliyyə hesabatlılığı sistemi tətbiq olunmalıdır. Həm də bu ciddi hesabat sistemi yalnız seçkiqabağı kampaniya dövrünü yox, siyasi partiyaların bütün fəaliyyət dövrünü əhatə etməlidir. Qanunvericilikdə seçki kampaniyası dövründə hansı maliyyə fəaliyyətlərinin qadağan olunması dəqiq göstərilməlidir. Həm də seçki kampaniyası dövründə göstərilən bu növ maliyyə fəaliyyəti ciddi izlənilməli və cəza tətbiq olunmalıdır...”

Mənbəsi bilinməyən və ya anonim mənbələrdən gələn maliyyənin siyasi partiyanın fəaliyyətinin maliyyələşməsinə, o cümlədən siyasi partiyanın seçki kampaniyalarının maliyyələşməsinə xərclənməsi həm BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına, həm ATƏT-in rəhbər prinsiplərinə, həm digər beynəlxalq normalara, həm də hər bir ölkənin milli qanunvericiliyinə ziddir və mənbələrdən və həcmdən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır.

"Anonim xeyriyyə ayırmaları maliyyə mənbəyi kimi göstərilməsi  ölkələrin hamısında qadağandır. Xarici xeyriyyə ayırmaları Lüksemburqdan başqa bütün ölkələrdə qadağandır. Dövlətlərin nəzarətində (tabeçiliyində) olan xeyriyyə fondlarının ayırmaları isə Kanada, Lüksemburq, Yeni Zelandiya və Norveçdə qadağandır”.

Əlbəttə, maliyyə fəaliyyətində istənilən pozuntu aşkara çıxarıldıqda həmin siyasi partiyanı ciddi problemlər gözləyir. İlk növbədə bu, qanunvericiliklə bağlı olan sanksiya və cəzalardır, amma ondan da daha çox həmin siyasi partiyanın seçicilər arasındakı reputasiyasının kəskin aşağı düşməsidir.

Fəaliyyətində maliyyə pozuntusuna yol vermiş siyasi partiyalar (siyasi partiya blokları) ciddi sanksiyalarla üzləşirlər. Tətbiq olunan sanksiyalar çeşidlidir və pozuntunun miqyasına və mənsub olduğu ölkənin qanunlarına uyğun olaraq dəyişir.  Bunlar:

Ən yüngül sanksiya cərimədir və bu cərimələrin həcmi pozuntunun həcminə, xarakterinə görə və mənsub olduğu ölkənin cəza mexanizmlərinə uyğun dəyişir.

İkinci növ sanksiyalar belə partiyaların qismən və ya tamamilə dövlət subsidiyalarından məhrum edilməsidir (Bir qayda olaraq bu halda müddətlər tətbiq olunur).
Hesabatdan yayındırılan və ya qanunsuz daxil olan vəsaitlərin (aktivlərin) dövlətin xeyrinə olaraq müsadirə olunması.

Əgər maliyyə pozuntusu seçki kampaniyası zamanı baş veribsə, bəzi ölkələrdə həmin siyasi partiyadan seçilənlərin mandatları tanınmır və onlara münasibətdə seçkilərin nəticələri ləğv edilir.

Bir sıra ölkələrdə maliyyə hesabatlılığının düz olmaması və digər maliyyə pozuntularına görə, siyasi partiyanın dövlət qeydiyyatı ləğv olunur.

Maliyyə hesabatlılığını pozan və maliyyə xarakterli maxinasiyalar edən məsul şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək müəyyən müddətə azadlıqdan məhrum edilir.

Siyasi partiyanın siyasi arenadan silinməsinə gətirən sanksiyalar tətbiq olunur. və s.

Avropa Şurası Nazirlər Kabinetinin 2003-cü ildə qəbul etdiyi tövsiyələrə görə, "Dövlətlər siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşməsinə nəzarət etmək üçün müstəqil nəzarət orqanları yaratmalıdır. Müstəqil nəzarətçi orqan siyasi partiyanın büdcəsinə, seçkilər dövründəki xərclərinə hesabatların verilməsinə və dərcinə nəzarət etməlidir”.
 
Şəffaf fəaliyyət siyasi partiya üçün yalnız siyasi mədəniyyət deyil, həm də siyasi və hüquqi məsuliyyətdir
 
Hakimiyyətə iddialı olan istənilən siyasi qüvvə öz fəaliyyətində nümunə olmalıdır. Əgər hakimiyyətdə korrupsiya varsa, əgər hakimiyyət büdcə vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmirsə, onu tənqid etmək üçün siyasi partiyanın özü maliyyə hesabatlılığında, maliyyə mənbələrinin düzgün göstərilməsində və xərclərdə tam dürüst olmalıdır. Bu yoxdursa, onda həmin siyasi partiya (qüvvə) ən azı seçicilər qarşısında səmimi deyil, hüquqi baxımdan məsuliyyət daşıyır, mənəvi baxımdan hakimiyyəti tənqid hüququnu itirmiş olur.

Azərbaycanda Siyasi partiyaların maliyyə şəffaflığının təmin olunmasına yönələn qanunvericilik partiyaların şəffaf fəaliyyətinin təmin olunması üçün daha da təkmilləşdirilməlidir. Tənzimləmələr və nəzarət mexanizmləri beynəlxalq standartlara uyğun olmalıdır. 

 
Sahib MƏMMƏDOV