• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

Siyasi məqsədlər naminə manipulyasiya

16.10.18 19:21 728
Siyasi məqsədlər naminə manipulyasiya
Tanınmış ərəb jurnalist, ABŞ-ın "Washington Post” yazarı Camal Kaşıkçı oktyabrın əvvəlindənTürkiyədə yoxa çıxıb. Araşdırma zamanı məlum olub ki, C.Kaşıkçı evlənmək üçün tələb olunan sənəd işləri ilə əlaqədar olaraq, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib. Müşahidə kameralarındakı görüntülər izlənərkən jurnalistin ən son konsulluq binasına girdiyi də müəyyən olunub. Lakin C.Kaşıkçının konsulluğu tərk etməsi barədə hər hansı video görüntü kameraların yaddaşında tapılmayıb.Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan jurnalist C.Kaşıkçı tez-tez öz ölkəsinin rəhbərliyini tənqid edib və təxminən bir il əvvəl ölkəsini tərk edərək ABŞ-a köçüb.

Bu dəhşətli hadisədən bir neçə gün sonra daha bir jurnalist ölüm xəbəri Bolqarıstandan gəlib. Belə ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində regional "TVN” telekanalının aparıcısı Viktoriya Marinova qətlə yetirilib. İstintaqçıların fikrincə, cinayətin səbəbi jurnalistin iş fəaliyyəti, xüsusilə, apardığı jurnalist araşdırması ilə əlaqədar ola bilər. Jurnalistin son araşdırması GPGate adlı Avropa İttifaqı fondlarının mənimsənilməsi işi barədə olub. Onu da əlavə etmək yerinə düşər ki, V.Marinova Avropa İttifaqına daxil olan ölkələrdə yalnız son 1 il müddətində vəhşicəsinə qətlə yetirilən sayca 4-cü jurnalistdir. 2017-ci ildən başlayaraq bu günə qədər jurnalistlər Kim Vall (Kim Wall- Danimarkada), Dafna Galiziya (Daphne Caruana Galizia- Maltada), Jan Kuçak (Jan Kuchiak- Slovakiayada), nəhayət, Victoria Marinova (Bolqarıstan) qətlə yetiriliblər.

Düzdür, Beynəlxalq Jurnalistlər Federasiyası bolqarıstanlı jurnalist V.Marinovanın qətlini kəskim şəkildə pisləməklə yanaşı, Avropa İttifaqı strukturlarını və İttifaqa daxil olan ölkələrin hakimiyyətlərini "jurnalist qətllərini seyr etməkdən çəkinməyə”, təcili olaraq zəruri tədbirlər görməyə çağırıb. Lakin bu, sadəcə çağırış olaraq qalıb. Qərb ölkələrinə bağlantısı olan beynəlxalq təşkilatların jurnalist ölümünə görə Avropa ölkələrinin üzərinə yeridiyini, ard-arda bəyanatlarla çıxış edib həmin ölkəyə ciddi təsir etdiyini görməmişik. Eləcə də səudiyyəli jurnalist C.Kaşıkçının vəhşicəsinə öldürülməsi Qərb strukturlarını titrətməyib. Sadəcə, ABŞ prezidenti Donald Trump deyib ki, əgər jurnalistin yoxa çıxmasında Səudiyyənin əli olduğu təsdiqlənərsə, o, Səudiyyə Ərəbistanını cəzalandıracaq. Amma Səudiyyə ilə Amerika arasındakı münasibətləri, ticari, iqtisadi, siyasi, hərbi müttəfiqliyi, milyardlarla dollar dəyərində silah alqı-satqısını nəzərə alsaq, bu cəzalandırmanın olacağı da inandırıcı görünmür. Ancaq ABŞ-ın əlaltısı olmayan ölkələrdə konkret cinayət əməli törədən hansısa vətəndaşın cibindən "jurnalist vəsiqəsi” çıxırsa, dərhal Qərb dövlətlərinə bağlı beynəlxalq təşkilatlar hakimiyyətləri hədəfə alır, azad sözə, mətbuata basqılar olması, jurnalistlərin həbs edilməsi barədə qərəzli bəyanatlar səsləndirirlər. Hansı ki, bir balaca araşdıranda, sözügedən "jurnalistin” media cameəsinə yad biri olduğu, peşəkar jurnalistika ilə deyil, "reketçiliklə” məşğul olduğu, başqalarına qarşı hədə-qorxu gələrək pul tələb etdiyi üzə çıxır. Bu kimi hallarla rastlaşdıqca, Qərb dövlətlərinin jurnalist ölümlərinə, jurnalistlərlə bağlı hər hansı hadisəyə də ikili münasibət sərgilədiyi, obyektivliyin, ədalətin deyil, şəxsi maraqlarını müdafiə etdikləri bir daha əyan olur.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist qətllərinin qorxunc olduğunu dilə gətirib. Bildirib ki, dünyanın söz və ifadə azadlığı kimi dəyərlərlə idarə olunduğu, nəfəs aldığı bir dönəmdə belə hallara rast gəlinməsi xüsusilə qorxunc olmaqla yanaşı, böyük təəssüf doğurur: "Təəssüf ki, buna adekvat münasibəti görə bilmirik. Məsələyə baxış bucağı fərqlidir. Əksər hallarda biz siyasi yanaşmanın şahidi oluruq və bu, əslində həm də hiddət doğuran faktdır. İstər Bolqarıstanda televiziya jurnalisti Viktoriya Marinovanın, istərsə də Camal Kaşıkçının qətli məhz bu baxımdan dəyərləndirilməlidir. Biz jurnalist ictimaiyyətinin qətllərə münasibətdəki həmrəyliyinin şahidi olmadıq. Bunun özü təhlükəli tendensiyadır. Belə nəticəyə gəlmək olar ki, söz və ifadə azadlığı prinsipləri yalnız siyasi məqsədlər naminə manipulyasiya predmeti kimi diqqət çəkir. Təəssüf ki, Azərbaycana münasibətdə bunu daha çox görmüşük. Ölkəmizdə jurnalistlərlə bağlı ən kiçik insident belə az qala bəşəri dəyərlərə təcavüz kontekstində dəyərləndirilib. Yenə də bildirim ki, bu, siyasi yanaşmadan qaynaqlanan məsələdir. Müəyyən dairələr müəyyən güzəştlər əldə etmək üçün müxtəlif vasitələrdən yararlanıblar. O cümlədən media azadlığının olmadığına dair fikirlər də yürüdüblər. Bütün bunlar ikili yanaşmanın nəticəsidir. Hesab edirəm ki, belə yanaşma dünyanın özü üçün də təhlükəlidir. Çünki söz azadlığı elə bir dəyərdir ki, ona laqeyd münasibət ümumən nizamı pozur. Bu gün camallar, viktoriyalar öldürülürsə, sabahın bumeranq effekti var. Bu effektin ağrılarını və ağırlıqlarını elə Qərb cəmiyyətləri də öz üzərilərində hiss ediblər və edəcəklər də”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu təəssüflə qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, söz və mətbuat azadlığına münasibətdə də ikili standartlar mövcuddur. Onun sözlərinə görə, Qərb siyasətini müəyyənləşdirən hegemon güclər üçün bu standartlar bir idarəetmə və təzyiq rıçaqına çevrilib: "İnsan hüquqları üzrə ixtisaslaşmış rəsmi və qeyri-rəsmi təşkilatların hamısı hadisəni bu və ya digər dövlətin, yaxud bu və ya digər milli aktorun maraqları kontekstində şərh edir, qlobal informasiya məkanına təqdim edirlər. Bəzi hallarda jurnalistikaya aidiyyəti olmayan, yalançı bir vəsiqə ilə özünü jurnalist kimi təqdim edən hər hansı bir fərdin hüquqlarından danışılır. Yaxud Avropanın ən mötəbər təşkilatlarında belə şəxsin adı çəkilir. Bəzən də Türkiyədə yaşanan Kaşıkçı olayında olduğu kimi, peşəkar jurnalistika ilə məşğul olan, aqibəti bizə məlum olmayan, müəmmalı şəkildə yoxa çıxan şəxslərin taleyinə biganə yanaşılır. Bəzi Avropa strukturları, Avroatlantik qurumlarının da diqqətindən kənarda qalır belə mövzular. Fikrimcə, bu da informasiya sahəsində ikili standartların göstəricisidir”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də hesab edir ki, dünyada yalnız media ilə əlaqəli deyil, ümumiyyətlə bütün sahələr üzrə ikili standartlar özünü göstərməkdədir. Ekspert qeyd edib ki, sadəcə bizlər media sektorunda təmsil olunduğumuzdan, jurnalistlərlə əlaqəli belə xoşagəlməz hallar, onlara yanaşmada təəssüf doğuran münasibətlərə daha tez-tez rast gəlirik: "Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartların ən bariz nümunəsini hər kəs müşahidə edir. Qərb postsovet məkanındakı eyni münaqişələrə fərqli münasibət sərgiləyir. Konkret olaraq jurnalist ölümlərinə münasibətə gəlincə, əvvəllər mənzərə belə deyildi. Dünyanın harasından yaşamasından asılı olmayaraq hər hansı peşəkar jurnalist qətlə yetirilirdisə, bu, dərhal pislənirdi. Lakin hazırda bu tendensiya pis tərəfə dəyişib. Əlbəttə ki, bu, bizi qane etmir. Jurnalistləri siyasətə qatır, jurnalist ölümünü də siyasiləşdirirlər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər