• cümə, 29 Mart, 15:40
  • Baku Bakı 14°C

Siyasətçi potensialı olmayanın siyasi liderlik arzusu

04.09.18 20:01 1574
Siyasətçi potensialı olmayanın siyasi liderlik arzusu
Azərbaycanda özünü müxalifətçi hesab edən, radikal çıxışlarla cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən əksəriyyət şəxslərin bu və ya digər formada xarici ölkələrin xüsusi xidmət orqanları ilə bağlılığı artıq heç kəsdə şübhə doğurmur. Onların xaricdən siyasi sifarişlər aldığı və bu sifarişləri yerinə yetirmək üçün maliyyələşdirildikləri də hamıya gün kimi aydındır. Azərbaycanda yalnız seçkidən-seçkiyə, yaxud da hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ərəfəsində "fəallaşan” bu "5-ci kolon” təmsilçilərinin əsl məqsədlərini gizlətmək üçün uydurduqları yalanlar isə hətta bağçaya gedən uşaqlarda da gülüş doğurur. Çünki, zaman o zaman deyil. İnsanlarımız 90-cı illərin əvvəlində olduğu kimi müxalifət liderlərinin boğazdan yuxarı sözlərinə inanacaq, onları dəstəkləyəcək durumda deyillər. Azərbaycan inkişaf edib, insanlarımızın dünya görüşü daha da artıb. İndi xalq, hər bir vətəndaş ağı-qaradan seçməyi yaxşı bacarır. Lakin reallıq hissini itirən, öz ayıbına kor olmayan bəzi "müxalifət liderləri” olanlardan nəticə çıxarmır, hərdən varlıqlarını sürdürmək üçün, yaxud da aldıqları sifariş əsasında qeyri-obyektiv, həqiqətlə uzlaşmayan fikirlər söyləyib gündəmə gəlirlər. REAL Partiyasının həbsdən yaxın vaxtlarda azad olunmuş sədri İlqar Məmmədov da belələrindəndir.
Xatırladaq ki, vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında təmsil olunan, müxalifətçi kimi görünmək istəyən İ.Məmmədov Qərb dairələrindən ciddi maliyyə dəstəyi alan şəxs kimi tanınır. Bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, daha doğrusu bəslənməsi, təlimatlanması, həmçinin dünyaca məşhur maliyyə fırıldaqçısı, Şərq ölkələrini bürüyən "Facebook inqilabları”nın – "Ərəb baharının” əsas maliyyəçisi Corc Sorosun təşkilatı ilə bağlılığı İ.Məmmədovun böyük məbləğdə qrantlar almasına hər zaman "yaşıl işıq” yandırıb. Bu şəxs 2006-cı ildən etibarən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri yerinə yetirən İ.Məmmədov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan reallıqları barədə qeyri-obyektiv fikirlər səsləndirib, hətta özünün həbsinə "siyasi çalarlar” qatmağa cəhd edib. O jurnalistlər qarşısında çıxış edərək deyib ki, guya onun həbsinin bir nömrəli səbəbi 2013-cü il prezident seçkilərində iştirak edəcəyi barədə açıq niyyəti, həmçinin bu barədə verdiyi açıqlamalar olub.
Halbuki, o, 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş verən iğtişaşları qızışdırmaqda günahlandırılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin həmin vaxt yaydığı məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının həmsədri İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.
Məhz bu səbəbdən, yəni sırf cinayət əməlinə yol verdiklərinə görə bir sıra şəxslərlə bərabər, T.Yaqublu və İ.Məmmədova qarşı da ittiham irəli sürülüb.
Göründüyü kimi İ.Məmmədov konkret cinayət əməlinə görə həbs olunub, həbsdə olduğu müddətdə hüququn aliliyinə söykənərək davamlı surətdə hüquqlarının müdafiəsini təşkil edib, növbəti məhkəmə instansiyasının birində azad olunması barədə qərar qəbul edilib. Amma həyatı boyu yalan danışmağa, həyata qara eynək arxasından baxmağa vərdiş edən bu şəxs həbsdən azad olunandan sonra bir qrup jurnalisti başına toplayaraq absurd bəyanatlar verib, təkrar gündəmə gəlməyə çalışıb. Yaşadığı illərdə Azərbaycan naminə hər hansı fəaliyyətə imza atmayan, faydalı işlə məşğul olmayan, ictimai-siyasi fəaliyyət adı altında xarici dairələrin əlaltısına çevrilən İ.Məmmədov öz "köhnə peşəsinə” sadiq qaldığını nümayiş etdirib. Məlumdur ki, xarici dairələrlə əlaqəsi olan bu "müxalifət liderinə” xaricdən ötürülən pullar heç vaxt məqsədsiz olmayıb. Çünki, indiki dönəmdə hər yoldan ötənə minlərlə, yüzminlərlə dollar və ya avronu peşkəş etmirlər. "Pulu verən sifarişini də verir”, - məsəli İ.Məmmədovun nə üçün "bəslənməsini” gün işığına çıxarır. İ.Məmmədov ona verilən tapşırıqları vaxtilə canla-başla yerinə yetirdiyi üçün, hətta vaxtilə cinayət əməlinə yol verərək ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etdiyi üçün indi də ağalarının ona "etimadı” var.
Belə görünür xarici dairələrin agenti, pul müqabilində buyruq qulu olan İ.Məmmədov yenidən dövriyyəyə buraxılır. Lakin İ.Məmmədovun ağaları unudur ki, bu adamda siyasətçi potensialı yoxdur. Gedib 1-2 il xaricdə "təhsil almaq”, daha doğrusu təlimatlanmaq, yaxud da 1-2 xarici dil bilmək siyasətdə uğur qazanmaq üçün kifayət etməz. Ancaq bu reallığı anlamaq istəməyən İ.Məmmədov aldığı sifarişi yerinə yetirməyə, müxalifətin yeni "lideri” kimi özünü cəmiyyətə sırımağa çalışır. Bu yolla ağalarından aldığı pulun həcmini də artırmaq istəyir. Yəni, böyük pullar alıb böyük oyunlar oynamağa həvəs göstərir. Cəmiyyətdə baş verənləri qısaca təhlil etsək görərik ki, REAL sədrinin heç "müxalifət lideri” olmaq potensialı da yoxdur. Çünki, siyasətdə var olmaq, müxalifətçi olub elektorat toplamaq üçün yaşadığın, mübarizə apardığın ölkəni qəlbən sevmək əsas meyardır. İ.Məmmədov isə bütün fəaliyyəti boyu Azərbaycanı deyil, pulunu verənləri, onu yönəldənləri sevib.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər