Siyasətçi ölkəsini heyvana bənzətdi

Siyasətçi ölkəsini heyvana bənzətdi

Siyasət
12 Oktyabr 2012, 09:13 1440
«Regionda strateji bir yerdə yerləşən Ermənistan ABŞ və Rusiya arasında gedən mübarizədə alətə çevrilib”. Bu sözləri dünən keçirdiyi mətbuat konfransında «Qarabağ» komitəsinin üzvü, Ermənistanın sabiq daxili işlər naziri Aşot Manuçaryan səsləndirib. Onun sözlərinə görə, dövlət və siyasi siyasi sistem iflic vəziyyətdədir. mətbuat konfransında Ermənistanda özünü məhvetmə proqramının yaradıldığını bildirib. Aşot Manuçaryan öz ölkəsini heyvana da bənzədib: “Vəziyyətlə bağlı məcazi formada danışaq: öz quyruğunu yeyən heyvanı təsəvvür edin. Bu heyvanın beyni tamamilə sönüb, bədəninin başqa hissələri də ağız olub yemək istəyirlər, ətrafdakı digər heyvanlar isə özünü yeyən bədheybətdən bir parça qoparmaq istəyirlər. Ermənistanda vəziyyət bu cürdür” - deyə Aşot Manuçaryan vurğulayıb. O, eks-xarici işlər naziri Vardan Oskanyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsinə də toxunub. Bildirib ki, Oskanyan barədə sifariş Birləşmiş Ştatlardan gəlib. «Mən inanmıram ki, ABŞ səfiri Ermənistanda bu və digər bir şəxsi cinayət məsuliyyətindən azad etmək iqtidarında olmasın. Yəni onlar bunun əleyhinə olmayıblar». Ermənistanın ABŞ və Rusiya arasında mübarizədə alətə çevrildiyinə bir daha toxunan Manuçaryan bildirib ki, Ermənistana yiyələnmək üçün əsas rıçaq - prezident kürsüsüdür və hazırda mübarizə bu axarda gedir. Onun sözlərinə görə, Rusiya hazırda qəzəb içindədir: “Çünki, onun əlindən Ermənistandakı təsirini almaq istəyirlər. Bu səbəbdən də ABŞ kiçik zərbələrlə Rusiyanın əsas silahını zəiflətmək və neytrallaşdırmaq istəyir”. Oskanyanın qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürə biləcəyi ilə bağlı sualı cavablandıran müxalifətçi bu sualı Rusiya və ABŞ səfirlərinə ünvanlamağı məsləhət görüb: “Məhz onlar Oskanyanın hansı rola - prezidentliyə namizəd və yaxud əzabkeş məhbus ola biləcəyini müəyyən edirlər”.
Ermənilərin vəziyyətinin ürəkaçan olmadığını deyən bədnam «Qarabağ» komitəsinin üzvü onu da deyib bu gün müstəqilliyin adı var, özü yoxdur: “21 il əvvəl bizdə Müstəqillik Günü bayramı yox idi, ancaq müstəqilliyimiz var idi. Bu gün bizdə bayram var, ancaq müstəqillik yoxdur. Ermənistan öz siyasətində və qərarlarında tamamilə xarici güclərdən asılıdır”. O deyib ki, Ermənistanın müstəqilliyi dövründə qazandığı yeganə nailiyyət 90-cı illərin əvvəllərində Qarabağ məsələsindəki uğur olub. Ancaq bu uğuru möhkəmləndirə bilməyib. “Ermənistan Azərbaycanın böyük miqdarda silah almasını oturub gözləyə bilməz. O da silahlanmalıdır. Beynəlxalq siyasi balans, KTMT-yə üzvlük, bütün bunlar xarici amillərdir. Ermənistan Rusiyaya arxalanmalı deyil, çünki Rusiyanın özündə vəziyyət elədir ki, bu gün-sabah çaxnaşmalar başlaya, o zaman Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmaya bilər” - deyə Manuçaryan bildirib. O bildirib ki, hazırda konkret şəxsə ya siyasi qüvvəyə qarşı mübarizədən söhbət getmir: "Reallıq budur ki, yaşadığımız həyat Ermənistan dövləti və erməni xalqı üçün başa çatmalıdır. Üsyan çoxdan başlamalı idi. Belə üsyanın nə zaman baş verəcəyini dəqiq bilməsəm də, hadisələrin sentyabrda fəallaşacağını düşünürəm. Zənnimcə, Erməni Milli Konqresi üsyanın təkanverici qüvvəsi olacaq, sonra isə xalq prosesi davam etdirəcək. Bizim bütün bəlalar ondan yaranır ki, mübarizəni oliqarxların mövcudluğuna qarşı deyil, onların yerində olmadığımız üçün edirik. Ermənistanın ictimai-siyasi sistemində radikal dəyişikliklərlə real olaraq maraqlanan güclər, təəssüf ki, obyektiv səbəblərdən parlament seçkilərində iştirak etmirlər”. Onun sözlərinə görə, indiki şərtlər daxilində hazırkı oliqarxiyanın nüfuzlu şəxslərinin seçkiyə bu sistemin aradan qaldırılması üçün vasitə kimi baxmaları sadəlövhlük olardı: “Bu mənada bizim başqa seçimimiz yoxdur. Sistem qalır, sadəcə dizayn dəyişir. Qeyd etmək lazımdır ki, Ermənistandakı siyasi güclərin taleyini həmin fövqəlmilli güclər həll edir. Bu halda heç bir əhəmiyyəti yoxdur, bu amerikalıdır, rusdur, yaxud avropalıdır. Onlar hamısı bir ümumi sistemin törəməsidir – çəyirtkə psixologiyalı istehlak sisteminin. Məhz tədricən qırılmağa başlayan bu sistemi Ermənistanda aşılamaq və gücləndirmək istəyirlər”. Manuçaryan bu situasiyadan çıxışı isə hər bir insanda dəyərlər sisteminin dəyişilməsində görüb.

Azər NURİYEV