• çərşənbə axşamı, 16 aprel, 08:56
  • Baku Bakı 14°C

“Sitrus vadisi”ndə bir gün - Aqrotur

15.12.19 17:00 1053
“Sitrus vadisi”ndə bir gün - Aqrotur
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Sitrus vadisi" aqroturu təşkil olunub.
Trend-in məlumatına görə, Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən "Citrus Valley" fermer təsərrüfatına təşkil olunmuş aqroturda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan "Şəhərdən Kəndə" barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub.
"Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova çıxışında bildirib ki, artıq 1 ilə yaxındı "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edir:
"Biz gələcəkdə də kastroturizmin inkişafına da nail olmaq istəyirik. Bu da bizim qonaqlarımıza imkan yaradacaq ki, Lənkərana məxsus nemətləri bizim təsərrüfatda dadsınlar".
Aqrotur çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev bildirib ki, Lənkəran aqrar rayondur:"Sizin gəldiyiniz bu qəsəbə ilk çay fabriki tikilən ərazidir. Eyni zamanda burada sitrus bitkilərinin də yetişdirilməsinə böyük həvəs var. Bu gün Lənkəranda 1000 hektardan çox çəltik, 600 hektardan çox çay plantasiyaları var".
Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə çıxışında ölkədə aqrar sahədə islahatlar aparıldığını deyib:"Bu, biznesin inkişafına müsbət təsir edir. Məqsəd innovativ texnologiyaların tətbiqi nəticəsində digər sahələrdə də olduğu kimi bu sahədə də inkişafa nail olmaqdır. Əminik ki, bu aqrar turizmin inkişafında canlanmaya səbəb olacaq".
Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx çıxışında aqroturizmin aqrobiznesin ən maraqlı sahələrindən biri olduğunu bildirdi:
"Azərbaycanda kənd təsərrüfatının inkişafına investisiyamız Rəftarə Şükürova kimi fermer və sahibkarların bu sahəyə dəstək göstətməyə hazır olduqları üçün uğurlu oldu. Aqroturizm və qida emalı, qadınlar və gənclər də daxil olmaqla müxtəlif sahibkarlar qrupunu aqrar sektora cəlb edə biləcək aqrobiznesin maraqlı sahələridir. Ümid edirik ki, onlar daha çox turisti ziyarət etməyə, yerli insanları burada qalmağa və Azərbaycanın gözəl bölgələrində yaşayışlarını qurmağa təşviq edə bilərlər. Qeyd edim ki, Aqroturizmi inkişaf etdirmək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ATT ilə USAID arasında tərəfdaşlığın yeni sahələrindən biridir. Biz ötən 5 ildə Azərbaycanın kənd təsərrüfatı sektoruna 5,5 mln. dollar investisiya qoymuşuq. Bunun nəticəsində fermerlər 75 mln dollarlıq əlavə ixrac imkanları əldə edib ki, onun da 25 mln dollarlıq hissəsi Avropa bazarıdır".
"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə çıxışında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı turizminin inkişafı üçün hər cür şərait var. Qurum rəsmisi bu prosesdə bir sıra qurumlarla əlqəli işlədiklərini də qeyd edib:"Azərbaycanın çox qədim ənənələri var və Rəftarə xanım çox yaxşı nümunədir. İnanıram ki, biz bu layihəyə həm daxildə, həm də xaricdə tərəfdaşlar tapacağıq".
Xatırladaq ki, oxşar tur cari ilin 12 oktyabr tarixində "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramınının birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda yerləşən nar təsərrüfatına da təşkil olunub.
Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədi ilə həyata keçirilir. Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur. İştirakçılara alternativ istirahət imkanı verən turlar həm şəhər sakinləri, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır. "Şəhərdən Kəndə" aqroturları turistlərin aqrar sahə üzrə bilik və bacarıqlarını artırmalarına, bir və ya bir neçə günlük kənd həyatı yaşamalarına imkan yaradır.
"Aqrar Tədarük və Təchizat" ASC "Şəhərdən Kəndə" layihəsində iştirak etmək istəyən fermerlərlə əməkdaşlığa hər zaman açıqdır. Hal-hazırda qurum yerli fermerlərin müraciətlərini qəbul etməyə davam edir. Layihəyə qoşulmaq istəyən fermerlərə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mart ayına qədər layihədə iştirak edən fermer təsərrüfatlarında isə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə müəyyən təmir işləri aparılacaq.

banner

Oxşar Xəbərlər