Sitrus meyvəçiliyi – gəlirli və ixrac potensiallı sahə
Prezidentİlham Əliyevsitrus meyvələri, çay və çəltik
istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar,
Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayon icra hakimiyyətlərinəKənd
Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Əmlak Məsələləri
Dövlət Komitəsivə digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün
müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə
alaraq əkinəyararlı torpaqların müəyyən olunmasını və təsərrüfat subyektlərinə
ayrılmasını təmin etmək tapşırılıb.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, İqtisadiyyat
Nazirliyi ilə birlikdə rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu
sahədə mövcud olan müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə
sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini
3 ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.
Biz də ekspertlərdən sərəncamın əhəmiyyəti və sitrus meyvələri
istehsalının perspektivləri haqqında soruşduq.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosentiQadir
Bayramlıbildirdi ki, Azərbaycanda sitrus meyvələri məhdud ərazidə yetişdirilir:
"Sovet dövrünün sonları və müstəqilliyin ilk illərində digər sahələrdə olduğu
kimi, bu sahədə də tənəzzül yaşandı. Həmin dövrdə Azərbaycanda sitrus meyvələrinin
yetişdirildiyi sahələr azalmağa başladı. Bildiyiniz kimi, Azərbaycanda sitrus
meyvəçiliyi daha çox Lənkəran, Masallı və Astara zonasında, yəni məhdud bir ərazidə
inkişaf etdirilir. Ona görə də bu ərazilərdən səmərəli şəkildə istifadə etməliyik.
Həmin ərazidə sitrus meyvəçiliyi inkişaf etdirmək və sitrus meyvə bağlarının
sahəsini artırmaq üçün müxtəlif imkanlar var. Bunun üçün ilk növbədə dövlət dəstəyi
mühümdür. Bundan başqa, fermerlərin maarifləndirilməsi də əsas məsələlərdən
biridir. Həmçinin ilkin mərhələdə bazar məsələsini də həll etmək lazımdır ki, məhsul
fermerlərin əlində qalıb xarab olmasın. Bu sahə inkişaf etdirilərsə, hesab edirəm
ki, bizim üçün çox faydalı olar. Çünki kənd təsərrüfatının bu sahəsi bir çox
ölkələrdə reallaşdırıla bilmir. Çünki lazımi iqlim və torpaq yalnız bəzi ərazilərdə
var. Bu sahə inkişaf etdirilərsə, ölkəyə sitrus meyvələrinin idxalı da azalar”.
Ekspert deyir
ki, yerli sitrus meyvələrinin keyfiyyəti digərləri ilə müqayisədə çox yüksək
olur: "Daxili bazarı yerli məhsulla təmin etmək üçün hər bir şərait var. Bunun
üçün fermerlər dövlət dəstəyi və lazımi kənd təsərrüfatı avadanlıqları ilə təmin
olunmalıdır. Azərbaycan yaxın gələcəkdə yenidən tanınmış sitrus ölkəsinə çevrilə
bilər. Hətta gələcəkdə ixracat imkanlarını da genişləndlirmək mümkündür. Başqa
bir problem sitrus meyvələrinin bazarlarda pərakəndə satılması məsələsidir. Lənkəran,
Astara məhsulları adı altında ixtisaslaşdırılmış mağazalarda insanların onları rahat
şəkildə əldə edə bilməsi təmin edilməlidir. Bu gün bazarda geni dəyişdirilən
meyvə və tərəvəzlərə rast gəlinir. Biz öz yerli sitrus meyvəçiliyimizi inkişaf
etdirsək, belə hallar da azalar. Əvvəllər Azərbaycanda Elmlər Akademiyasının
müvafiq qurumları, elmi-tədqiqat institutları var idi. İndi yeni yerli sortları
inkişaf etdirmək vaxtıdır. Bu həm də elmi cəhətdən tədqiq edilməlidir. Məhsuldar
sortlar yetişdirilərsə, istehsal olunan məhsulun da həcmi artacaq. Artıq bu sahəni
bilən insanlar və gənc fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır. Fermerlər
inkişaf etmiş ölkələrin təcrübəsindən, xüsusən Aralıq dənizi ölkələrinin təcrübəsindən
istifadə etməlidirlər. Bundan başqa, bu sahənin spesifikliyini nəzərə alaraq
istixanalarda sitrus meyvələrinin yetişdirilmə imkanları da araşdırılmalıdır və
düşünürəm ki, bunun müsbət nəticələri ola bilər. İstixana şəraitində yeni
texnoloji üsullarla sitrus meyvəçilik sahəsini daha da inkişaf etdirmək olar”.
Millət vəkili Azər Badamov deyir ki, bu sərəncam
özlüyündə böyük sahəni əhatə edir: "Sitrus meyvələrinin istehsalı ilə bağlı əlavə
tədbirlər haqqında sərəncamın imzalanması çox mühümdür. Bu sərəncam geniş
sferanı əhatə edir. Burada torpağın ayrılması, yararlı torpaqların müəyyənləşdirilməsi
və digər tapşırıqlar nəzərdə tutulub. Sərəncamla, həmçinin aidiyyəti qurumlara
müvafiq tapşırıqlar verilib. Bu sərəncam Azərbaycanda kənd təsərrüfatının inkişafının
prioritet məsələlərdən olduğunu bir daha sübut edir. Bizim əsas məqsədimiz kənd
təsərrüfatının hər bir sahəsindən yüksək gəlir əldə etməkdir. Bundan əvvəl də kənd
təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı prezident müxtəlif sərəncamlar
imzalayıb. Sitrus meyvəçiliyinin inkişafı ölkəmizə böyük gəlir gətirəcək. Bunun
üçün bizim kifayət qədər geniş imkanlarımız var. Coğrafi mövqe və iqlim sitrus
meyvələrinin istehsalına geniş imkanlar açır. Hesab edirəm ki, sərəncamın
icrası bu sahənin inkişafı üçün əlverişli şərait yaradacaq. Ölkəyə müasir
texnikalar və yeni meyvə sortları gətiriləcək və sitrusçuluq Azərbaycanda əvvəl
olduğu kimi yenidən dirçələcək”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi ki, sitrusçuluq gəlirli
sahələrdən biri hesab olunur: "Azərbaycanın cənub bölgəsində sitrus meyvələri, çay və çəltik istehsalı
uzun müddət ərzində formalaşmış ənənələrə hesablanmışdır. Əlverişli iqlim şəraiti
və lazımı biliklərin olması bu sahələrin inkişafını labüd edir. Cənab
Prezidentin regiona səfəri zamanı keçirilən müşavirədə cari vəziyyət və gələcək
imkanlar ətraflı şəkildə müzakirə olundu. Vaxtilə bu sahələrdə 50 mindən artıq
insan çalışırdı. Sahə həm də kifayət qədər gəlirli və ixrac potensiallı bir sahədir.
Məhsuldarlığın artırılması üçün texnologiya və elmi araşdırmalar tələb edilir
ki, bu barədə dövlət başçısının imzaladığı sərəncamda konkret göstərişlər öz əksini
tapıb”.
Şəbnəm Mehdizadə