• cümə, 29 Mart, 02:42
  • Baku Bakı 7°C

Şirvan (esselər)

20.10.14 15:50 1986
Şirvan (esselər)
Dərbənddən Kürə qədər, Ağdaşdan Xəzərədək böyük, tarixi mahal - Şirvan. Qədim dövlətçilik, zəngin mədəniyyət ərazisi. Şirlər ölkəsi, sirlər diyarı...
Şahları farsın dilində danışan, çox vaxt Kürdən o yana əli yetməyən, gücü çatmayan, əsrlər boyu tək başını qoruyan Şirvan. Zaman-zaman, özgələrə qucaq açdın, özününküləri yurdundan sürgün etdin... Xaqanini obasına həsrət qoyan, Nəsimini uzaq ellərə qərib salan, Seyid Əzimin həyatını bitirən, Hadini vaxtsız itirən, Sabiri evindən köçürən Şirvan... Sağlığında sevmədin dahilərini. Hansı səbəbdən, yoxsa etdiyin günahlardanmı, sinən dəfələrlə zəlzələlər məskəni oldu?..
Sənin qədrini, dəyərini həmişə yadlar bildi. Yaşadılar, daşıdılar torpağının altını da, üstünü də. Özünə qiymət, dəyər verə bilməyən Şirvan... Ona görə də, Dərbənddən ayrı qaldın, rayon-rayon bölündün, Abşerondan kiçilib Şamaxıya sığındın... Nəhayət, Kür üstündə bir cavan şəhərdə qərar tutdun...
Tariximizin fəxr ediləsi, qürur verici səhifəsi, para-para paralanmış Vətənimin müqəddəs parçası, baş tacı - Şirvan!..
Fətəli xanın arzusu
Fətəli xan Qubalının zəhərlədilib öldürülməsindən iki əsrdən çox vaxt keçir. Bu gün də xəbis içlilər, Vətənimin birliyini istəməyənlər onun adı gələndə üzlərini turşudurlar, ağız büzürlər. Guya ruspərəst olub, rusa arxalanıb. Bəs o zaman kimə arxalanmalı idi? Hakimiyyətindən çıxmaq istədiyi zəifləşmiş Qacarlaramı, yoxsa bir-birini saymayan, hərəsi bir əyalətdə dərəbəylik yaratmış lovğa xanlaramı?
Fətəli xan gücü çatan xanlığı qılıncla aldı, çatmayanı siyasətlə, qohumluqla xanlığına birləşdirdi. Dərbənd, Bakı, Şirvan, Şəki, Talış, Ərdəbil xanlıqlarını birləşdirdi. Gilan, Təbriz də onun yolunu gözləyirdi. O, vahid, bütöv bir dövlət yaratmaq istəyirdi.
Gəncə xanı Cavad xan xanlığını birləşdirməsə də, üzdə Fətəli xana qarşı zidd mövqe də tutmurdu. İpə-sapa yatmayan təkcə Qarabağ xanı İbrahimxəlil xan idi.
Gürcü çarı İrakli ilə qardaşlıq edən İbrahimxəlil xan tək özünü düşünürdü. Xanlığını qorumaq üçün hər güzəştə getməyə hazır idi: qızını Fətəli şah Qacara verdi, oğlunu ruslar girov götürdü. Nə Fətəli xanla razılığa gəldi, nə də dar gündə Cavad xana kömək etmədi.
Və sonda “mükafatını” da aldı: Şuşa yaxınlığındakı Qanlı dərədə ruslar tərəfindən ailəlikcə gülləbaran edildi...
Bir çox mənbələrdə Fətəli xanın şəcərəsinin davamçıları babalarının Şəmkir görüşündə Cavad xanın göstərişi ilə zəhərləndiyini bildirirlər. Belə nəql edilir ki, görüşdən qayıdıb yolda xəstələnən Fətəli xan Bakıya çatdırılarkən bacısı Xədicə Bikəyə zəhərlənməsində Cavad xandan şübhələndiyini deyibmiş.
Hərki-hərkilik bəhrəsini verdi. Şəmkir görüşündən 13 il sonra Cavad xanın gecikmiş birlik harayına kimsə yaxın durmadı, heç bir xan kömək etmədi. İnadla müqavimət göstərdiyi üçün onu da oğlu ilə birlikdə Gəncəni alan rus işğalçıları öldürdü.
Nə edəsən ki, vaxtında birləşməyə can atmayan, tək özünü sevənlərin aqibəti daim belə faciəli qurtarır...
İki əsrdən çoxdur ki, bir millət olaraq Şəmkir görüşünün nəticəsinin, birləşə - bir fikrə gələ bilməməyimizin acısını çəkirik.
Fətəli xandan bir əsr yarım sonra Mircəfər Bağırov da tarixi şəraitdən yararlanmaq, Azərbaycanımızın bütövləşməsini, birləşməsini istədi, amma təəssüf ki, yenə alınmadı. Bu dəfə yadlar mane oldular, böyük türk dövlətinin yaranacağından qorxdular.
İnanıram ki, həmişə belə qalmayacaq, yaxın əsrimizdə onların edə bilmədiyini həyata keçirəcək daha bir böyük şəxsiyyət tarix səhnəsinə gələcək və Azərbaycan adlanan bütün torpaqlarımızı birləşdirəcəkdir.
Mən Fətəli xanın arzusunun bir zaman reallaşacağına inanıram. O gün mütləq gələcək...
08.2014
banner

Oxşar Xəbərlər