• cümə, 19 Aprel, 11:14
  • Baku Bakı 13°C

Şirniyyata sevgi qatanlar – Sadə peşə adamı

05.06.15 11:31 2108
Şirniyyata sevgi qatanlar – Sadə peşə adamı
Bu sənət adamlarının “çörək ağacı” onların əllərinin dadıdır. Düşünürlər ki, hər kəs bu sənətlə məşğul ola bilər, amma hamı dadlı, ləziz məhsul ortaya çıxara bilməz. Hətta bəziləri bu qabiliyyəti Allahdan gələn xüsusi istedad, vergi də adlandırır. Söhbət şirniyyat ustalarından gedir. Yəqin ki, şirniyyatı sevməyən insan yoxdur. Gündəlik qida rasionumuza daxil olan şirniyyatlar süfrəmizin “olmazsa olmazları”dır. Biz də “Sadə peşə adamı” rubrikasında vergili əlləri ilə ləziz təamlar yaradan şirniyyatçı ilə söhbətləşdik. Müsahibimiz gənc olmasına baxmayaraq, 8 ildir ki, şirniyyatçılıqla məşğul olan Çingizxan Almazovdur.
Uşaqlıqdan başlayan yol
Həmsöhbətimiz 1994-cü ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra peşəkar şəkildə şirniyyat bişirməyə, sifarişlər götürməyə başlayıb. Deyir ki, bu sənətin sirlərinə uşaq yaşlarından bələd olub. Çünki Çingizxan şirniyyatçı nəslində böyüyüb. Özünün də dediyi kimi, gözünü açandan bu sənətin içində olub: “Mən heç vaxt özümü başqa sənətdə təsəvvür etməmişəm. Elə uşaqlıqdan şirniyyatçı kimi böyümüşəm. Bu sənət bizə nəsillərdən gələn yadigardır. Necə ki, mənim dayım, babam, anam şirniyyatçılıqla məşğul olur, mən də məndən sonra gələn nəsillərə bu sənəti öyrədəcəm”.
Müsahibimiz deyir ki, hələ 8-ci sinifdə oxuyarkən şirniyyat sexlərinə gedib dayısının əlinə baxaraq, bu sənəti öyrənib. Çingizxanın sözlərinə görə, bu, elə bir sənətdir ki, pul qazanmaq xatirinə burada çalışmaq olmaz: “Bəzi sənətlər var ki, onun üçün xüsusi istedad tələb olunmur. Amma şirniyyatçılıq belə deyil. Mən 13 yaşımdan bu işi görməyə başlamışam və o zamandan bilirəm ki, şirniyyatçılıq sənətini icra etmək üçün daxildən gələn xüsusi sevgi olmalıdır. Hər insan xəmiri əlində hiss edə bilməz. Şirniyyat bişirmək o demək deyil ki, reseptə yazılan ərzaqları qarışdırıb nə isə əldə edə bilərsən. Şirniyyat bişirərkən ərzaqlardan əlavə ona sevgi də qatmaq lazımdır. Bəzən düşünürəm ki, şirniyyatçılıq bizim qanımıza yeriyib. Sənətimə o qədər bağlıyam ki, özümü bu sənətdən başqa heç yerdə təsəvvür edə bilmirəm. Buradan pul qazanmasam belə, mən sənətimi ata bilmərəm”.
“Ən böyük qazancım sevdiyim işi görməkdir”

Çingizxan deyir ki, qazanc, gəlir onu heç zaman maraqlandırmayıb. Hətta uzun müddət aylıq 60 manat məvacib alaraq, sevə-sevə işini icra edib: “Əgər bir işdə əsas hədəfin pul qazanmaq olacaqsa, orada uğur qazanmaq mümkün deyil. İnsan ilk olaraq işini sevərək icra etməlidir. Belə olan halda gördüyün işin keyfiyyətinə görə gəlirlərin onsuz da artacaq. Məsələn, mən uzun müddət 60 manat qarşılığında çalışdım. Amma o qədər həzz alırdım ki, sevdiyim işi görmək ən böyük qazancım idi. Daha sonra məvacibim 60 manatdan 600 manata qədər yüksəldi”.
Xəmir insandan küsür?

Müsahibimiz sənətinin sirlərini də bizimlə bölüşdü. O deyir ki, yaxşı şirniyyatçı ilk növbədə səbirli olmalı və texnologiyanı bilməlidir: “Şirniyyatçı ilk olaraq bişirdiyi şirniyyatı hiss etməyi bacarmalıdır. Hər kəs jurnallarda yazılan reseptlərə baxıb şirniyyat hazırlaya bilər. Amma eyni şirniyyat hamıda fərqli alınır. Hər bir insanın əlinin dadı olur. Onu şirniyyata keçirməyi bacarmaq lazımdır. Belə bir deyim var ki, xəmir edərkən usta əlinin istisini xəmirə keçirməlidir. Bu, həqiqətən belədir. Hər bir məmulatın özünün xasiyyəti olur. Usta hər birinin xasiyyətinə bələd olmalıdır. Şirniyyatı bişirərkən onu yaşamaq lazımdır. Ən əsası, insan işini iş görmək xatirinə deyil, zövq aldığı üçün etməlidir. Onu hiss etməyəndə şirniyyat da yaxşı alınmır, sanki xəmir də səndən küsür”.
Şirniyyatımız xariciləri valeh edib

Çingizxan Azərbaycan şirniyyatlarını xaricdə də təbliğ edib. O yarışlarda iştirak edərək, uğurlu nəticələr əldə edib. Belə yarışlardan biri də Moldovada keçirilib: “Moldovada keçirilən yarışda şəkərbura, paxlava, qoğal, qutab kimi təamlarımızı sərgiləyirdik. Xaricilər şirniyyatlarımızı çox bəyənirlər. Orada bizə 60 ədəd şirniyyat bişirmək tapşırılmışdı. Məndə isə 124 ədəd alındı. Yarışma bitənə qədər 1 ədəd belə şirniyyat qalmadı. Onlar şirniyyatı marqarin yağı ilə bişirirdilər. Bizdə kərə yağı ilə olduğu üçün dadları çox fərqli idi. Azərbaycan şirniyyatının qeyri-adi dadı onları valeh etmişdi”.
Sonda müsahibimiz vurğuladı ki, hansı peşə olursa- olsun, onun peşəkarı olmaq üçün mütləq işini sevməli və ondan zövq almalısan.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər