• cümə axşamı, 28 mart, 21:19
  • Baku Bakı 13°C

Şirməmməd Hüseynov mənə əyri-əyri baxıb dedi ki… Mən gənc olarkən

03.03.14 08:11 9139
Şirməmməd Hüseynov mənə əyri-əyri baxıb dedi ki… Mən gənc olarkən
“İndi də bizim evimizdə ən yaxşı kartof qızardan mənəm”

Müsahibimiz saçlarını Bakı Dövlət Universitetində ağardan, 45 ildir sözügedən universitetdə jurnalistika fakültəsində dərs deyən filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri olan C. Məmmədli prezident təqaüdçüsüdür. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri olan Cahangir müəllimlə onun tələbəlik, gənclik illərindən danışdıq. O illəri kino lenti kimi gözlərinin önündə canlandıran həmsöhbətimiz söhbət əsnasında bir neçə dəfə özünü saxlaya bilməyib kövrəldi.
Yaddan çıxan uşaq

Cahangir Məmmədli çox kasıb, imkansız bir ailədə böyüyüb. Atası və 2 əmisi Cənubi Azərbaycandan indiki Fizuli rayonuna, oradan da Ağdamın Novruzlu kəndinə gəliblər. Yerləri-yurdları olmadığına görə Novruzlu kəndinin camaatı 3 qardaşa ev tikmək üçün balaca bir həyət verib, həmçinin özlərini yad kimi hiss etməmələri üçün əllərindən gələn köməkliyi göstəriblər. Cahangir müəllimin də uşaqlığı bu həyətdə keçib.
Ailədə 4 bacı, 4 qardaş olublar. Müsahibimiz heç vaxt atasını görməyib. O, 1942-ci ildə doğulandan 10 gün qabaq atası almanlarla döyüşmək üçün İkinci Böyük Vətən Müharibəsinə gedib və cəbhədən qayıtmayıb. Atasının qəbrini isə son illər Berlində tapıblar. Qardaşlarından biri müharibədən sonra, digəri isə 1949-cu ildə xəstəlikdən vəfat edib. Ailənin sonbeşiyi olduğundan qardaş-bacıları Cahangir müəllimin qayğısını çəkiblər. Atasız ailəyə başçılığı və maddi dəstəyi isə əmisi oğlu Zeynal Məmmədov edib. C.Məmmədlinin sözlərinə görə, filosof olan əmisi oğlu o vaxtın dahi yazıçıları, ədibləri ilə yaxın idi. Elə müsahibimizin 1-ci sinifə getməyində də birtbaşa əmisi oğlunun köməyi olub. Belə ki, Ağdam rayonunda yaşayan əmisi oğlu bir gün onlara gəlir və məlum olur ki, 8 yaşlı Cahangir hələ də məktəbə getmir. Yalnız o zaman ailə üzvlərinin yadına düşür ki, 8 yaşı olmasına baxmayaraq onu məktəbə göndərməyiblər. Beləliklə, əmisi oğlunun köməyi ilə 1 həftə sonra Novruzlu kənd orta məktəbinə getməyə başlayır.
Jurnalistikaya aparan yol

Orta məktəbi əla qiymətlərlə oxuyan müsahibimiz deyir ki, hələ 4-cü sinifdəykən artıq 40-dan çox roman oxuyubmuş. Buna görə də dünya ədəbiyyatından imtahan verən onuncu sinif şagirdləri özlərindən kiçik Cahangiri qış gecələrində tonqal qalayıb öz yanlarına çağırarmış ki, imtahana düşən romanların məzmununu onlara danışsın.
C.Məmmədlinin jurnalist olmaq qərarı verməsinin də maraqlı tarixçəsi var. Məktəblərində yaşlı bir kişinin sinifləri istitmək üçün daim odun doğraması 7-ci sinifdə oxuyan Cahangiri möhkəm narahat edir. Öz aləmində haqsızlıq saydığı bu hadisəyə dözmür və Ağdamda “Lenin yolu” qəzetinə bu barədə yazır. Yazı dərc olunandan sonra direktor onu yanına çağırır və gülümsəyə-gülümsəyə deyir ki, “yazının üslubu çox xoşuma gəldi, sən get jurnalist ol. Amma o yaşlı kişi burada o işlə məşğuldur”. Direktorun bu sözlərindən xəcalət çəkən Cahangir müəllim xeyli müddət özünə gələ bilmir. O zaman bilir ki, odun yarmaq, sobaları qalamaq o kişinin vəzifəsi imiş. Amma bu hadisə həm də Cahangir müəllimin gələcəkdə sənədlərini jurnalistika fakültəsinə verməsinə rəvac verir.
“Rus dili müəllimimə vurulmuşdum”

Onuncu sinifdə oxuyan qəhrəmanımız bir dəfə də direktorun sözündən çıxır. Bir gün direktor onu yanına çağırıb kolxozun divar qəzetini buraxmağa kömək etməsini tapşırır. Həmsöhbətimiz “hə” desə də, rus dili dərsindən qalıb qəzet buraxmağa getmək istəmir. Bunun səbəbi isə başqaymış. Deməyəsən, onuncu sinifdə oxuyan yeniyetmə öz gənc və gözəl rus dili müəlliməsinə vurulubmuş. Rus dili müəlliminin sayəsində həm də rus dili fənnini də sevirmiş. Cahangirin kolxoza getmədiyini bilən direktor elə rus dili dərsindəcə gəlib ona bir şillə vurur. Cılız bir uşaq olan qəhrəmanımız əsəbindən stolun üstündəki kitabları götürüb direktorun arxasınca atır. Onun bu hərəkəti cavabsız qalmır. Direktor ona qarşı kobud rəftar edən şagirdi məktəbdən qovur. Cahangir Məmmədli ilə yanaşı, siniflərindəki digər uşaqlar da birlik nümayiş etdirərək dərsə girmirlər. 3-4 gündən sonra direktor qovduğu şagirdi yanına çağırararaq deyir ki, uşaqları da yığıb məktəbə gəlsin. Beləliklə, C.Məmmədli qohumlaırnın traktoru ilə sinif yoldaşlaını kəndbəkənd yığıb məktəbə gətirir. Hərbi xidmətə getməmişdən bir gün əvvəl isə direktor onlara gəlib həmsöhbətimizə bu sözləri deyir: “Sən bir az çılğın adamsan, amma getdiyin yerlərdə o çılğınlığı mənim qəbul etdiyim kimi qəbul etməyəcəklər. Oralarda ehtiyatlı ol”.
Cahangir müəllim deyir ki, direktorun bu qayğısının müqabilində onun arxasınca kitab atmağını heç vaxt özünə bağışlamır: “Direktorun göstərdiyi bu qayğı mənim öz həyatımı qurmağım üçün imiş. Amma mən bunu gec dərk etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra ali məktəbə qəbul olunanda direktor həm oğlunu, həm də məni Ağdamdan Yevlaxa gətirər və Bakıya iki bilet alıb oğlu ilə məni Bakıya ali məktəbə yola salardı. Bu hadisəni heç vaxt unutmuram və öz balalarıma, nəvələrimə deyirəm ki, tez əsəbləşməyin. İşi görəndə səbrlə hərəkət edin”.
“Şirməmməd müəllim paltosunu mənə verdi”

Cahangir müəllim ilk dəfə Bakıya gəlişini də indiki kimi xatırlayır. Əmisi oğlu onu “Cənub” mehmanxanasına aparır: “Mən mehmanxanada divarlara baxırdım və məəttəl qalırdım ki, İlahi, divarı necə belə düz suvamaq olar. Çünki kənddə elə düz divar görməmişdim. Bu hadisə həmişə yadıma düşür və o vaxtkı bəsit düşüncəmə gülürəm”.
Jurnalistikaya ilk dəfə imtahan verəndə sevdiyi rus dilindən “3” alaraq müsabiqədən keçməyən C.Məmmədli birbaşa Ağdamda hərbi komissarlığa gedib yalvarır ki, onu əsgər aparsınlar: “İnstituta girmədiyimə görə kəndə qayıtmağa utanırdım. Mənə hər zaman dəstək göstərən əmim oğlu o vaxt Rayon İcraiyyə Komitəsinin sədr müavini olduğundan məni əsgərliyə aparmaq istəmirdilər. Amma onun razılığı ilə hərbi xidmətə getdim. Əvvəlcə Ukraynanın Lvov şəhərində, sonra Kamçatkada oldum. Xəttim yaxşı olduğundan hərbi xidmətdə çox əziyyət çəkmədim. 3 il ərzində daim komandirlər üçün yazı yazırdım. Həm də ali məktəbə hazırlaşır, rus dilini öyrənirdim”.
Hərbi xidməti başa vurub yenidən sənədlərimi jurnalistikaya verən müsahibimiz bu dəfə istədiyi fakültənin tələbəsi ola bilir. İnstitutu bitirəndən sonra isə Şirməmməd Hüseynovun köməkliyi ilə universitetin jurnalistika fakültəsində qalıb dərs deməyə başlayır: “Əvvəl laborant işlədim, sonra Şirməmməd Hüseynovun sayəsində birbaşa baş müəllim keçdim. Həmişə deyirəm ki, Şirməmməd müəllim Allahdan sonra mənim talismanımdır. Elə vaxt olub ki, Şirməmməd müəllim mənim paltomun olmadığını görüb öz paltosunu mənə verib. Onun evində çox çörək kəsmişəm. Şirməmməd müəllim mənə atamı əvəz edən bir insan olub”.
“Evdə ən yaxşı kartof qızardan mənəm”

Müsahibimiz instituta qəbul olanda ilk seminarı da Şirməmməd Hüseynov keçib. Müəllim seminara kimin hazır olduğunu soruşduqda hamı əlini qaldırıb. Hamının dərsə hazırlıqlı olmasından narahatçılıq keçirən birinci kurs tələbəsi fikirləşib ki, orta məktəbdəki kimi burada da birinci ola bilməyəcək. Ilk tələbə lövhənin qarşısına çıxıb orta məktəb şagirdi kimi danışdığından Şirməmməd müəllim onu yarımçıq saxlayıb otuzdurur. Müəllim digər 3 tələbənin danışığını da bəyənmir. Nəhayət qəhrəmanımız yazı lövhəsinə çıxıb dərsi danışır: “İndiki kimi yadımdadır, Şirməmməd müəllim mənə əyri-əyri baxıb dedi ki, “heç olmasa, sən adam kimi danışa bilirsən”. Beləliklə, sonadək qrupda ən yaxşı oxuyan tələbə mən oldum”.
Dördüncü kursa qədər yataqxanada qalan həmsöhbətimiz deyir ki, otaqda 4 nəfər qalırlarmış: “Yeməyi də özümüz bişirirdik. Ən sevimli yeməyimiz isə kartof qızartması idi. İndi də bizim evimizdə ən yaxşı kartof qızardan mənəm”.
Qızmaq genəş və güllü paltarlı qız

C.Məmmədli bizə ilk və əsl məhəbbətindən də danışdı: “İkinci kursun sonunda, yay tətilində həm Şuşa pioner düşərgəsində ştatda işləyirdim, həm də institutdan təcrübəmi “Şuşa” qəzetinə almışdım. Şuşanın isti yay günündə məktəbin həyətində yerləşən pioner düşərgəsində avtobusdan bir dəstə qız düşdü. Onların içində güllü paltarlı bir qız var idi. O, sonra mənim beş uşağımın anası oldu”.
Beləliklə, qəhrəmanımız ikinci kursun sonunda tanış olduğu onuncu sinif şagirdinə söz verir ki, onu universitetə filologiya fakültəsinə aparacaq. Dediyinin üstündə duran C.Məmmədli gələcək həyat yoldaşını anası ilə birlikdə Ağdamdan Bakıya qəbul imtahanına gətirir: “Mən həm də onun savadına vurulmuşdum. O, üç “dörd”, bir “beş” alaraq müsabiqədən keçə bilmədi və Ağdama qayıtdı. Ondan ötrü çox darıxırdım, həm də atasız qız olduğuna görə pis olmuşdum. Bunu görən dostlarım təklif etdilər ki, rektora sevdiyim qızın adından məktub yazım. O vaxtkı rektor Mehdi Əliyevə məktub yazdım. Məktubun sonunu belə bitirdim: “Sizin hər cür cavabınızın məni təmin edəcəyinə əmin ola bilərsiniz”. Bu söz rektora təsir edib və müəllim yoldaşlarına deyib ki, “siz qızın sonuncu cümləsindəki mədəniyyətə bir baxın. Mən onu qəbul etməyə bilmərəm”. Düz bir ay iyirmi yeddi gündən sonra qıza teleqram vururlar ki, universitetin birinci kursuna qəbul olmusan”.
Mehdi müəllimin bu yaxşılığını unutmayan cütlük o, rəhmətə gedəndən sonra hər il ölümünün ildönümündə qəbrinin üstünə çəhrayı qərənfillər aparırlar: “Bilmirəm nəyə görəsə həyat yoldaşım həmişə mənə çəhrayı qərənfillər aldırardı. Tale elə gətirdi ki, il yarım bundan əvvəl onu itirdik və bu qərənfilləri onun öz qəbri üstünə qoymalı oldum”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər