• cümə, 19 Aprel, 11:44
  • Baku Bakı 13°C

“Sirlər xəzinəsi” özbək dilində

17.10.16 11:43 1416
“Sirlər xəzinəsi” özbək dilində

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib.Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcümə etdiyi kitab ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında "Kamalak” nəşriyyatında çap olunub. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, universitetin müəllim və tələbələri, Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları iştirak ediblər.

Direktor S.Abbasov bildirib ki, Nizami Gəncəvinin "Xəmsə”sinə daxil olan digər əsərlərin də özbək dilinə tərcüməsi ilə bağlı Mərkəz ilə Özbəkistanın Xalq Şairi Camal Kamal arasında 2015-ci ilin dekabrında razılıq əldə edilib və 2018-ci ilədək digər dörd əsər də tərcümə olunmalıdır.

Kitabın tərcüməçisi Camal Kamal Azərbaycana böyük sevgisinin olduğunu, Xalq Şairi Bəxtiyar Vahabzadə ilə yaxından dostluq etdiyini, ölkəmizə səfərini, azərbaycanlı dostları ilə görüşlərini xatırladıb. C.Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin və möhtəşəm ədəbiyyatı adlandırıb, Nizami, Füzuli, Nəsimi və digər klassik şairlərimizi çox sevdiyini bildirib. O, Nizami Gəncəvinin əsərlərinin çapına göstərdiyi dəstəyə görə mərkəzə minnətdarlığını ifadə edib.

Təqdimat mərasimində filologiya elmləri doktorları Erqaş Oçilov, dosent Gülbahar Aşurova, şair-tərcüməçi Usman Kuçkar özbək-Azərbaycan ədəbi əlaqələri haqqında söhbət açıb, Özbəkistanda Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd ediblər. Onlar Nizami Gəncəvinin bu əsərinin Özbəkistanda çap edilməsini böyük hadisə adlandırıblar.

banner

Oxşar Xəbərlər