Şirkət rəhbərləri məhkəmə qarşısına çıxarılacaq

Şirkət rəhbərləri məhkəmə qarşısına çıxarılacaq

Kriminal
15 Oktyabr 2012, 18:12 1032
Dələduzluq yolu ilə vətəndaşların vəsaitini ələ keçirən şirkət rəhbəri məhkəmə qarşısında cavab verəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Kamran B.Ə." Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri barəsində başlanılan cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və "İnşaat-E" MMC-nin direktoru Kənan Quliyev ilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar satıb. Bununla əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa "Kamran B.Ə." MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməmiş, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən "Şaiq" MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulan zərərin ödənilməsi təmin edilib. Digər 79 nəfərə vurulan 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilən Ələkbər Babayevə, German Hüseynova və Rüfət Nağıyevə Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyevə isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan ittihamlar elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.