• cümə axşamı, 28 mart, 20:59
  • Baku Bakı 13°C

Şirinlikdə şərbət kimidir bu dil...

21.02.19 09:30 1211
Şirinlikdə şərbət kimidir bu dil...
YUNESCO tərəfindən elan edilən Beynəlxalq Ana Dili Günü 1999-cu ildən bəri millətlər qarşısına "Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir” missiyasını qoyur. Hər il fevralın 21-i də qeyd edilən bu gün, millətin millət olaraq təsdiqini, dilinin dövlət dili statusuna yüksəlməsini tarixi hadisə kimi xatırladır. Belə ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin təsdiqidir. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının dilimizlə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir əhəmiyyətli addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun, fərman və sərəncamlar təsdiq edilib. Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə məhz dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi, dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son dərəcə əhəmiyyətli olub.
Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması, ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi dilimizə diqqətin daim öndə olmasının göstəricisidir. Prezident dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi hallarının kifayət qədər geniş yayılması, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsindən narahatlığını ifadə edib. Dil Komissiyasının sədri bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmamasının dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermədiyini qeyd edib. Elə ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında Nazirlər Kabinetinə dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması ilə bağlı fərmanı da bu narahatlıqdan qaynaqlanıb. Ölkə başçısının məlum fərmanından keçən müddət ərzində hansı işlər görülüb?
1978-ci ildə tanınan haqq
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Möhsün Nağısoylu hesab edir ki, Dil Komissiyasının yeni tərkibdə yaranması ölkə başçısının dilimizə olan diqqət və qayğısının nümunəsidir: «Dilimizə olan qayğının bünövrəsində ulu öndər Heydər Əliyev dayanır. O, hakimiyyətinin birinci və ikinci dövründə – dövlət quruculuğu siyasətində Ana dili məsələsinə xüsusi yer ayırıb və buna böyük diqqət və qayğı ilə yanaşıb. 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı ayrıca maddənin daxil edilməsi məhz ulu öndərin təşəbbüsü ilə həyata keçirilib. Cəmi bir-neçə respublika Konstitusiyaya belə bir maddə daxil etmişdi. Bu isə böyük cəsarət və qətiyyət tələb edirdi. Ulu öndər sonradan bunu xatırlayaraq "O zaman bu məsələyə etirazlar oldu. Amma biz onu qəbul etdirdik” deyirdi. Dilimizə hamilik edən ulu öndər bilirdi ki, dil xalqın varlığı, ən böyük milli-mənəvi sərvətidir. Ulu öndər "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir” - deyə qeyd edirdi. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib”.
Akademik bildirir ki, ulu öndərin Ana dilimizin təbliği və qorunması istiqamətindəki diqqət və qayğısını onun layiqli varisi İlham Əliyev eynilə davam etdirir. Belə ki, dövlət başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı sərəncamı var. Bu proqramın icrası ilə bağlı institutda 4 yeni şöbə yaradılıb ki, onlardan biri Monitorinq şöbəsidir. Bu şöbə həmin proqramda birbaşa narahatlıq doğuran məsələlərlə bağlı yaranıb. Bundan əlavə, kompüter dilçilik şöbəsi fəaliyyət göstərir. Artıq 5-ci ildir ki, institutda "qaynar xətt” fəaliyyətə başlayıb. Müxtəlif şəxslər zəng edərək elanlarda və reklamlarda, restoran və mağaza adlarında yol verilən nöqsanlar barədə bizə məlumat verirlər. Ölkə başçısının Ana dilimizin inkişafı və qorunması ilə bağlı imza atdığı daha iki sərəncamdan biri «Azərbaycan dilinin elektron məkanda tətbiqi işinin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sənəd idi. Bu sərəncam əsasında institutda layihə həyata keçirilir. Bu, elektron məkanda Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, elektron məkanda əcnəbilərə Azərbaycan dilini həm öyrətməli, həm də təbliğ etməliyik. Hazırda institutda rusdilli, ingilisdilli əcnəbilər üçün Azərbaycan dili dərsliyini hazırlamışıq və bu yaxınlarda həmin kitab işıq üzü görəcək”.
Mərkəz vardı, təsir imkanları yox
Direktorun sözlərinə görə, 2018-ci il noyabrın 1-də imzalanan digər sərəncam – "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” fərmandan dərhal sonra institutda bu istiqamətdə işlər həyata keçirilməyə başlanıb: "Fərmanda əsas məsələ kimi Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulur. Biz Monitorinq Mərkəzinin yaradılması ilə bağlı 24 maddədən ibarət Tədbirlər Planı hazırladıq. Nazirlər Kabineti həmin planı təsdiq edib. Eləcə də, Monitorinq Mərkəzinin nizamnaməsini hazırladıq. Hesab edirəm ki, Monitorinq Mərkəzi hüquqi publik şəxs kimi fəaliyyətə başlayandan sonra ədəbi dil normaları ilə bağlı məsələlər öz həllini tapacaq. Həmin fərmanda birmənalı şəkildə qeyd olunur ki, internet resurslarında, reklam daşıyıcılarında, KİV-də ədəbi dilin normalarının pozulması, məişət üslubunun yer alması, yersiz əcnəbi sözlərin işlədilməsi adi hal alıb. Biz bu istiqamətdə artıq müəyyən işlər görmüşük. Bizim artıq 5 ildir ki, fəaliyyət göstərən Monitorinq Mərkəzimiz var idi, sadəcə, təsir imkanlarımız yox idi. Yəni müəyyən qurumları cəzalandıra bilmirdik. Yalnız tövsiyə xarakterli təkliflər verir, maarifləndirmə işi aparırdıq. Ancaq publik hüquqi şəxslərin Monitorinq Mərkəzi yaradılandan sonra fikrimcə, yenə də öz təkliflərimizi, yardımımızı təqdim edəcək və bərabər işləyəcəyik. Düşünürəm ki, yalnız ondan sonra bu sahədə olan nöqsanlar aradan qaldırılacaq və güclü təsir mexanizmi olacaq. Biz inzibati cəzalarla da bağlı təkliflərimizi vermişik». M.Nağısoylu dilimizin qorunması istiqamətində cəmiyyətdə də müəyyən narahatlıqların hiss olunduğunu deyir: «KİV-də bu mövzu ilə bağlı çıxışlarım olur. Küçədə gedəndə mənə yaxınlaşıb «Dilimizin saflığı qorunsun, əcnəbi sözlər işlədilməsin» deyənlər olur. Ancaq özəl telekanallarda müğənnilər tez-tez əcnəbi sözlər işlədir, dilimizin fonetik, leksik, qrammatik normalarını pozurlar. İnsanlar daha çox şəhər küçələrində baş alıb gedən əcnəbi yazılardan şikayətlənirlər. Hər hansı restoranın, mağazanın adı ingilis və ya italyan dilində yazılır. Ancaq "Azərbaycan dili haqqında” qanunda istənilən reklamın, öncə Azərbaycan dilində yazılması qeyd edilib. Daha sonra başqa dildə yazıla bilər, bir şərtlə ki, onun həcmi ana dilində yazılandan böyük olmasın. Amma «Tarqovıy» kimi tanınan Nizami küçəsinə baxın, orada necə bayağı adlar var. Həmçinin reklamlarda, elanlarda səhvlər baş alıb gedir. Bütün bunlar yolverilməzdir”. M.Nağısoylunun sözlərinə görə, Monitorinq Mərkəzinin təşkili başa çatandan sonra hüquqi və fiziki şəxslərlə müqavilə bağlanacaq və bu məsələlər tənzimlənəcək.
Uşaq kanalı yaradılsın
Dilçi-alim İsmayıl Məmmədovda AMEA-nın Dilçilik İnstitutunda fəaliyyət göstərən Monitorinq şöbəsinin dilimizin qorunması istiqamətində müəyyən tədbirlər həyata keçirdiyini qeyd edir: «Bu istiqamətdə institutda işlər görülür – tənqidi məqalələr yazılır, televiziya və radioda çıxışlar olur, görüşlər keçirilir”. Dilin qorunması və istifadəsi ilə bağlı cəmiyyətdə yaranacaq dəyişikliyə gəlincə, professor hesab edir ki, dəyişiklik birdən-birə baş vermir: «Biz işimizi görürük, nəticə çıxaran da olur, çıxarmayan da”. Professorun, dilimizin saflığının qorunması və istifadəsi istiqamətində verdiyi təkliflər sırasında uşaq kanalının yaradılması da yer alıb: "Mən təklif vermişəm ki, uşaq kanalı yaradılsın. Türkiyədə bu cür kanallar çoxdur, bizdə isə yoxdur. Uşaqlara ana dilini sevdirmək, dili səlis anlatmaq üçün müəyyən işlər görülməlidir. Vaxtilə teleməkanda uşaqlara ünvanlanan verilişlər var idi. Azərbaycan Televiziyasında mədəniyyət və idman kanalları yaradılıb. Yaxşı olar ki, uşaq kanalı da yaradılsın! Ana dilimizi öyrənmək üçün bu kanallarda vətənpərvərlik mövzusunda, natiqliklə bağlı və s. istiqamətdə verilişlər hazırlanmalıdır: "Uşaqlar bəzən öz öyrəndiklərini ifadə edə bilmirlər. Onlara danışmaq, görüb-götürmək üçün tribuna lazımdır».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər