AZE | RUS | ENG |

Şirin canı(na)mıza zəhər qatanlar

Şirin canı(na)mıza zəhər qatanlar
Və ya siqaret çəkənlərin sayı artsa da, qəbul olunan qanunun işlək mexanizmə çevrilməsinə nə mane olur?

İnsanların siqaretə olan həvəsi ilə bağlı müşahidələrim orta məktəb illərinə təsadüf edir. Əslində, evdə atam siqaret çəkən olduğundan, az-çox məlumatım var idi, amma nədənsə, onun siqaret çəkməyi mənim müşahidələrimə o qədər də təsir etmirdi. Ta ki bir müəllimimizin siqaretə olan həvəsini görənə qədər... Orta məktəbdə bir müəllimimiz siqareti elə çəkirdi ki, insanda həvəs oyanırdı. Yadımdadır, bir dəfə müəllimimiz dərs zamanı cibindən siqaret çıxardıb yandırdı və sinif otağının açıq pəncərəsinə yaxınlaşıb çəkməyə başladı. Pəncərəyə söykənmiş şəkildə, bir əli də belində siqareti ciyərlərinə çəkib, sonra başını havaya qaldırıb tüstüsünü çox maraqlı şəkildə havaya ötürürdü. Biz isə lövhə qarşısında dərs danışan sinif yoldaşımızı yox, müəllimimizi izləyirdik. Adam sanki siqaretdən, onun tüstüsünün bədəninə daxil olmasından zövq alırdı. Təbii ki, bu da bizdə, xüsusən də sinfin oğlan uşaqlarında siqaretə qarşı aşırı maraq oyadırdı.
 
Belə ki, tənəffüsdə oğlan sinif yoldaşlarımız ayaqlarının altına parta qoyub pəncərəyə söykənib, qələmi iki dodaqlarının arasına yerləşdirib siqaret çəkirmişlər kimi görüntü yaradırdılar. Ən əsası da, onun kimi başlarını havaya qaldırıb guya tüstünü havaya buraxırlarmış kimi edirdilər. Çox təəssüf ki, onlar bu yamsılama ilə necə bir təhlükənin iştirakçısı olduqlarını anlamırdılar. Bəli, biz siqaretin necə ziyanlı olduğunu, sağlamlıq üçün hansı fəsadları törətdiyini başa düşmürdük. Çünki bizə bunu izah edən yox idi. Biz sadəcə, siqaret çəkərək ondan zövq alanı görürdük, amma onun ziyanlarından danışan yox idi. Kaş ki, həmin dövrdə siqaretin zərərlərindən də danışan bir müəllimimiz olardı. Bəlkə, o zaman bu gün siqaret çəkənlərin sayı az olardı. Say demişkən, hazırda ölkəmizdə siqaret çəkənlərin statistikasına nəzər salsaq, görərik ki, Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin 33,1 faizi siqaret çəkir. Trend-in məlumatına görə, 2017-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, bu statistik göstəricinin hamısı kişilərin payına düşüb (ölkədə siqaret çəkən qadınların sayı çox kiçik rəqəmlərlə ifadə olunduğundan statistikada əksini tapmayıb). Siqaret çəkən kişilərin 0,1 faizi 15-19 yaşlı, 26,4 faizi 20-44 yaşlı, 50 faizi 45-64 yaşlı, 36 faizi yaşı 65-dən çox olanlardır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər. 
 
 

Əslində qeyd edilən rəqəmlər bizim ölkəmiz üçün çox ciddi göstəricidir. Belə ki, əhali sayına nisbəti götürdükdə bəlli olur ki, ölkəmizdə hər üç nəfərdən biri siqaret çəkir. Bu da çox təhlükəli və hətta deyərdim ki, qorxunc rəqəmdir. Elə bu təhlükəni nəzərə alaraq, siqaret çəkənlərin sayını azaltmaq üçün müəyyən tədbirlər görülür, qanunlar qəbul edilir. Xüsusən də, 2017-ci il 1 dekabr tarixli "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun  son zamanlarda bu istiqamətdə atılan addımlardandır. Həmin qanuna əsasən, qapalı məkanlarda siqaret çəkilişi qadağan edilir. Amma görünür, bu qanun da sayın azalmasına təsir edə bilməyib. Qapalı məkanlarda - restoran və çayxanalarda, idman obyektlərində hələ də siqaret çəkildiyinə şahidlik edirik. Deməli, qanun qəbul olunsa da, onun işlək mexanizmə çevrilməsi hələ ki, təmin olunmayıb. Bəs uzun müddətdir ki, belə bir qanunun qüvvəyə minməsinə baxmayaraq, bu sahədə istənilən nəticənin əldə olunmamağının səbəbi nədir? 

Hələ də istənilən effekti ala bilməmişik

Millət vəkili  Çingiz Qənizadə qanunun icrasının çox səthi və asta həyata keçirildiyini deyir: "İlk olaraq onu qeyd edim ki, qapalı məkanda siqaretin çəkilib-çəkilməməyi bir mədəniyyət göstəricisidir. Yəni tutaq ki, bu qanun olmasa belə, qapalı məkanda siqaret çəkmək, orada olan insanları siqaretin tüstüsü ilə narahat etmək etik deyil. Bu etik qaydaya xüsusilə də kişilər riayət etmir. Hətta bəzən görürsən ki, toy məclisində bir masa arxasında oturduğun şəxs siqaret çəkir, bu, təbii ki, mədəniyyətsizliyin göstəricisidir. Ona görə də biz haqlı olaraq qapalı məkanlarda siqaret çəkilməsi ilə bağlı qanun qəbul etdik. Burada müvafiq fiziki və hüquqi şəxslərin məsuliyyət məsələsi müəyyən edilib, bəzi məkanlarda siqaretin qadağan olunması ilə bağlı lövhələrin yerləşdirilməsi tələb olunub, tələbin yerinə yetirilmədiyi təqdirdə inzibati cəzaların tətbiqi nəzərdə tutulub. Amma səmimi şəkildə deyə bilərəm ki, qanunun qəbulundan sonra onun icrasının çox səthi, asta şəkildə həyata keçirildiyinin şahidi oluram. Düzdür, iştirak etdiyim bəzi məclislərdə siqaret çəkənlərə qanunun xatırladıldığını və siqaretin çəkilməsinə icazə verilmədiyini müşahidə etmişəm. Lakin hələ də istənilən effekti ala bilməmişik. Yəni bu, birtərəfli iş deyil. Mən çox istərdim ki, telekanallarımızda bu qanunun təbliğ ilə bağlı müəyyən addımlar atılsın. Verilişlərin hazırlanması, xüsusi video çarxların çəkilməsi çox yaxşı olardı”. 
 
 
 
Vətəndaşların şikayət edə bilməsi üçün qaynar xətt

Vəkillər kollegiyasının üzvü Xəyal Bəşirov bir sıra iaşə obyektlərində bu qanuna riayət edilmədiyini bildirir: "Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, qadağan olunmuş yerlərdə tütün məmulatlarından istifadə edən şəxslər inzibati xətalar məcəlləsinə uyğun olaraq 30 manat cərimə olunurlar. Amma bundan başqa, müəssisələr, idarələr, bağlı məkanların rəhbər şəxsləri hər kəsin görə biləcəyi yerdə siqaret çəkilməsinin qadağan olduğunu göstərən şəkil və ya xüsusi lövhələr asmalıdır. Yəni bu və ya digər şəkildə xəbərdarlıq işləri görülməlidir. Bu qaydaya riayət etməyən məkan sahibləri isə 400 manat məbləğində cərimə olunurlar. Amma hüquqi şəxslərin cəriməsi isə bir az çoxdur, təxminən 1000 manata yaxındır. İnzibati xətalar məcəlləsinə əsasən ictimai nəqliyyatda da tütün vasitələrindən istifadə qadağandır. Bu qaydaları pozanlar üçün də xüsusi cərimələr nəzərdə tutulub. Çox təəssüf ki, bu kimi cərimələrin olmasına baxmayaraq, bir sıra iaşə obyektlərində bu qanuna riayət edilmir. Şəxsən özüm dəfələrlə şahidi olmuşam, hətta xəbərdarlıq da etmişəm. Lakin bir nəticəsi yoxdur. Qanunun bu tələbinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunacaq iki subyekt var. Bir siqareti çəkən, digəri isə məkan sahibidir. Hər bir məkanda siqaret çəkilməsi üçün xüsusi yerlər olmalıdır. Kim istəsə, digər insanları narahat etmədən getsin orada siqaretini çəksin. Əgər məkan sahibi bunun üçün şərait yaratmayıbsa və siqaret çəkən şəxsə bununla bağlı qadağanı xatırlatmırsa, bu zaman o da cərimələnməlidir”. 
 
 

X. Bəşirov bu halların qarşısını alınması ilə bağlı fikirlərini də bölüşdü: "Çox yaxşı olardı ki, bu məkanlara xüsusilə də mətbuat nümayəndələrinin iştirakı ilə axşam saatlarında reydlər keçirilsin. Ciddi cərimələr tətbiq edilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı xüsusi qaynar xətt yaradılsa müsbət nəticə əldə olunar. Yəni ən azından şikayəti olan vətəndaş hara müraciət edəcəyini biləcək”. 

Hüquqşünas Ceyhun Cəfərli də qanunun çox yaxşı şəkildə hazırlandığını, lakin icrasının elə də effektli olmadığını qeyd edir: "Qanunun icrasına nəzarəti ictimai asayişi həyata keçirənlər etməlidirlər. Yəni yol hərəkəti qaydalarını pozanlara necə ki, polislər nəzarət edir, bu qanunun icrasına da həmçinin polislər diqqət etməlidirlər”. 

Ceyhun bəy bildirdi ki, bəzi məkan sahibləri həmin ərazinin asayişinə cavabdeh olan polislərə "hörmət” edərək baş verən qanun pozuntusuna göz yummasını istəyir. Bəs bu məqamda nə etməli? Ceyhun bəy deyir ki, bu məqamda artıq iş həmin polisin vicdanına qalır: "Vəzifəsindən asılı olmayaraq xalqa xidmət edən hər bir məmur vicdanlı olmalıdır. İnsan icra etdiyi vəzifənin məsuliyyətini dərk etməlidir”. 

Bir dəfə cərimələnsə, növbəti dəfə ehtiyat edəcək

Məsələyə həm də sosial problem aspektindən yanaşaraq sosioloq, "Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralının da fikirlərini öyrəndik. Sosioloq bildirdi ki, əsas məsələlərdən biri də qapalı məkanlarda siqaret çəkənlərə qarşı ictimai qınağın olmamağıdır: "Məsələ burasındadır ki, heç kim qapalı məkanda siqaret çəkən birinə yaxınlaşıb öz iradını bildirmir. Vətəndaş qarşı tərəfin nə reaksiya verəcəyindən çəkindiyi, məkan sahibi isə müştərisini itirməmək üçün susur. Əgər siqaret çəkən şəxs həmin məkandan çölə çıxarılsa, cərimələnsə, bu zaman müəyyən qədər də olsa, insanlarda qanunlara riayət etmə məsuliyyəti yaranar. Təklif edirəm ki, qoyulan cərimələrin miqdarı daha da artırılsın. Həmin adam bir dəfə cərimə ödədikdən sonra növbəti dəfə ehtiyat edəcək”.
 
 

Bu, medianın mütləq öhdəliyi deyil

Həmsöhbətlərimizin bəzisi bu tip halların qarşısının alınmasında, həmçinin vətəndaşların maarifləndirilməsində medianın rolunu qeyd etdilər. Maraqlıdır, bu məsələnin işıqlandırılmasına KİV nə qədər yer verməlidir və ümumiyyətlə bunu etməyə məcburdurmu? Media eksperti Müşfiq Ələsgərli bu kimi məsələlərin işıqlandırılmasında medianın mütləq öhdəliyinin olmadığını deyir: "KİV haqqında qanunvericilikdə və medianın missiyası haqqında təlimatlarda belə bir qeyd var ki, media sosial - yəni cəmiyyət üçün faydalı və maraqlı olan  proqramlara dəstək verməlidir. Amma bu, medianın mütləq öhdəliyi demək deyil. Belə proqramların mediada işıqlandırılması ictimai məsuliyyət, tövsiyə kimi qiymətləndirilməlidir. Həmin məsələlərə nə qədər yer verilməsi, hansı formada işıqlandırılması, həcmi, dövriliyi haqqında konkret bir öhdəlik yoxdur”. 

M. Ələsgərli bu kimi məsələlərdə öhdəlik daşıyan başqa qurumların olduğunu bildirir: "Sosial problemlərin işıqlandırılmasında öhdəlik daşıyan bir sıra qurumlar var. Bura Səhiyyə Nazirliyi, reklam idarələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqalarını misal göstərə bilərik ki, hansı ki, həmin orqanlar sosial məsələlərlə bağlı təşviqat və təbliğat işi aparmaq üçün media ilə fəaliyyətlərini uyğunlaşdırmalıdırlar. Yəni məsuliyyəti tək medianın üzərinə qoymaq olmaz. Həmçinin bu kimi mövzuların işıqlandırılması hər bir media qurumunun informasiya siyasətindən asılıdır”. 

Günel Azadə 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000