"Sıradan biri olmaq istəmirəm" - Fotolar
Bəzən deyirlər ki, incəsənət aləminə gəlmək, az da
olsa tanınmaq üçün yaxşı pulun, sponsorun, bir də gözəl xarici görkəmin
olmalıdır. Bu üçü olduqdan sonra səsə də önəm vermək olar. Paradoksal olsa da,
zaman-zaman deyilənlərin reallaşdığının şahidinə çevrilmişik. Ancaq indi elə
bir dövrdə yaşayırıq ki, istedadı heç cür basdırmaq və kölgəyə salmaq olmur. Ona
görə də bu gün öz gücünə, yalnız səsi ilə tanınan və insanların qəlbində taxt
quran ifaçılarımız da var. Onlardan biri də "Gedək üzü küləyə” deyərək
insanların qəlbinə yol tapan istedadlı ifaçı Çinarə Məlikzadədir.
Çinarə xanım söhbəti zamanı qeyd etdi ki, bu gün mətbuat
nümayəndələri, radiolar, televiziyalar ona kifayət qədər dəstək olurlar. Özü də
heç bir təmənna güdmədən.
- Müsahibələrinizin
birində qeyd etmisiniz ki, bir daha mahnı müsabiqələrində iştirak etməyəcəksiniz.
Bu qərar nə ilə bağlıdır?
- Müsabiqədə iştirak edərkən çox həyəcanlanıram.
Gördüyünüz kimi, son dönəmlər müsabiqələrdə həyəcan keçirdiyim üçün həmin layihələrdə
yaxşı yerlər tuta bilməmişəm. Düzdür, uşaq yaşlarımda qatıldığım müsabiqələrdə
laureat olmuşam, birinci yerə də çıxmışam. O zaman belə şeyləri önəmsəmədiyim
üçün həyəcan keçirmirdim. Böyüdükcə daha çox həyəcanlanmağa başladım. Gördüm
ki, özümdən asılı deyil, alınmır. Müsabiqədə iştirak edərkən mənə qəribə bir
titrəmə gəlir. Sanki boğazımı tuturlar və oxuya bilmirəm. Bu özümdən asılı səbəblərdən
qaynaqlanmır. Ancaq paylaşımlar etdiyim videolarda özümü çox rahat hiss edirəm.
Çünki telefon qarşısında heç kim olmur, oturub rahat oxuyuram.
- Son dövrlər
efirə tez-tez çıxırsınız. Yəqin bu sizin həyəcanınıza az da olsa təsir edər.
- Yenə də efirə çıxanda az da olsa həyəcan keçirirəm.
Ancaq müsabiqələrdəki qədər deyil. Müsabiqəyə çıxanda münsiflər qarşısında məsuliyyət
hiss edirəm və bu da mənə həyəcan gətirir.
- Bəzən
deyirlər ki, sosial şəbəkələrdə izlənmə sayı televiziya və radiolarla eynilik təşkil
edir. Bu fikirlərlə razısınızmı?
- Razıyam. İndi texnologiya əsridir. Çox adam
televiziyaya baxmır. Gənclərimizin əksəriyyəti vaxtının çoxunu sosial şəbəkədə
keçirir. Daha çox orta və yaşlı nəsil televizora baxır. Misal üçün, mənim nənəm
televizora çox baxır (gülürük).
- Yaradıcılığınızın
debütü olan "Gedək üzü küləyə” klipiniz çox baxımlı və maraqlı olsa da, heç də
birmənalı qarşılanmadı.
- Klipin rejissoru Ərtoğrul Kamalovdur. Onunla bir
yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışıq.
Əslində bu klipi çox bəyəndim. Ümumiyyətlə, ortalığa nəsə iş qoyanda mənfi və
müsbət fikirlər səslənir. Mən bunlara normal yanaşıram. Rejissor klipdə mənim
özümü təqdim etdi. İstədik ki, klipdə əsas səs və görüntü yadda qalsın. Klip
haqqında müsbət fikir bildirənlər, bəyənənlər də çoxdur. Hətta həmin klipdən
sonra Ərtoğrula bir çox klip təklifləri də gəlib. Əgər klip pis alınmışdısa, nə
üçün onunla işləmək istəsinlər ki?
- İkinci
klipinizi də Ərtoğrula çəkdirəcəksiniz?
- Böyük məmnuniyyətlə.
- Klip üçün nə
qədər xərc çəkmisiniz?
- Bu klipimi Ərtoğrul mənə hədiyyə etdi. Mən sənətə
yeni başlamışam, onun üçün klip çəkdirməyə büdcəm kifayət qədər deyil. Sağ
olsun, Ərtoğrul mənə kömək etdi.
- Xalq
artisti Alim Qasımovun sevilən mahnılarından olan "Xatirədir”i ifa etdiniz.
Ancaq hər gənc Alim müəllimin mahnısını oxumağa ürək etmir.
- "Xatirədir” mahnısını çox sevirəm. Bu mahnını çox
sevdiyimdən oxudum. Mən çox nadir hallarda mahnıya bağlanıram. Bu mahnıya
bağlanmışdım. İndinin özündə də o mahnını dinləməkdən doymuram. Oxudum və yaxşı
da qarşılandı. Alim müəllim bizim böyük sənətkarımızdır. İddia etmirik ki,
ondan daha yaxşı oxuyacağıq. Çox adam deyir ki, Şövkət Ələkbərova, Alim
Qasımovun mahnıları toxunulmazdır. Mən bu fikirlə razı deyiləm. Biz özümüz
oxumuruq, başqaları da oxuyanda acığımıza gəlir. İstəyirəm ki, dahi sənətkarlarımızın
mahnılarını özümüz oxuyaq, onların mahnılarını özümüz yaşadaq. O qədər gözəl
mahnılarımız var ki, düşünürəm, onlar unudulmamalıdır, yaddaşlardan
çıxmamalıdır. Halbuki zaman-zaman gənclər belə mahnıları unudurlar.
- Şou-biznesdə
amansız rəqabət var. Rəqabətdə sizə qarşı paxıllığın olduğunu hiss edirsinizmi?
- Şou-biznesə o qədər də yaxın biri deyiləm. Şou
nümayəndələrindən yaxından dostluq etdiyim rəfiqələrim demək olar ki, yoxdur.
Heç kimdə özümə qarşı paxıllıq hiss etməmişəm. Mən yaradıcı insanam. Fərqi
yoxdur, şou-biznesdə oldum, ya olmadım. Şou-biznesi söz atmaq, nəyisə göstərmək
kimi nəzərdə tutursunuzsa, mən belə şeylərdən uzaqdayam. Heç zaman qalmaqalla gündəmə
gəlməyi xoşlamamışam.
- Əgər kimsə
bostanınıza daş atsa?
- Mən təbiətcə çox sakit insanam, dalaşqan biri
deyiləm. Üzü küləyə gedən bir xasiyyətim
var (gülürük). Ancaq üzümü də yumşaq görüb söz atmasınlar.
- Çinarə Məlikzadənin
uğurunun sirri nədədir?
- O sirri mən də bir bilsəydim... çoxdan uğur əldə
edərdim. Heç zaman ağlıma gəlməzdi ki, bir gün kiçik bir video çəkərəm, həmin
video bu qədər məşhurlaşar. Bəlkə də insanlar təbiilik və sadəlik üçün
darıxmışdılar. Mən o mahnını ev halında oxumuşam. Bəlkə də bəzənib-düzənib
salondan çıxmış şəkildə ifa etsəydim, o qədər marağa səbəb olmazdı.
- Davamlı
olaraq sosial şəbəkədə paylaşımlar edirsiniz, bu sizin çox vaxtınızı almır ki?
- Yox. Sadəcə olaraq bir çəkiliş edirəm, həmin vaxt
paylaşmağa vaxtım olmur, bir az gec paylaşıram. Günün 24 saatı "Facebook”um
açıq, olur ancaq vaxt tapdıqca girib yazılanlara baxıram. "İnstagram”da,
"Facebook”da izləyicilər çoxsaylı mesajlar göndərirlər. Təəssüf ki, zaman
qıtlığından onların hamısına cavab yaza bilmirəm. Yazmayanda deyirlər ki, məşhurlaşandan
sonra bizə cavab yazmırsan. Ancaq onlara deyə bilmirəm ki, mən tək, siz
çoxsunuz. Ona görə hamıya çatdırıb cavab yaza bilmirəm.
- Bildiyimiz qədər, sizin "İnstagram” səhifənizdə
problem yaranmışdı. Hətta yeni profil də yaratmalı olmuşdunuz. Nələr baş
vermişdi?
- "İnstagram” profilim artıq 2-ci dəfə idi ki,
sındırılırdı. Bezdim. Gördüm ki, o profilə dikilən gözlər çoxdur (gülür).
- Öyrənə
bildinizmi, o profil kim tərəfindən sındırılıb?
- Onu dəqiq bilmədik. Profili özümüz yığışdırdıq.
Sındıranlardan səhifəni geri almışdıq. 22 minə qədər izləyicisi də var idi. Biz
onu bağladıq. Hər kəsə sübut etmək istəyirik ki, yeni bir səhifə açırıq, yenə də
həmin səhifədə 20-25 min izləyici olacaq. Hələ daha çox gələcək, nəinki o qədər.
Ancaq məni narahat edən bir məsələ var. Tez-tez şəbəkələrdə adımdan səhifələr
açılır. Artıq mənə də inanmırlar, yazırlar ki, dəqiq bilək, hansı səhifəni işlədirsiniz.
Yeni səhifəni sanki bilərəkdən açırlar. Bir neçə dəfə videogörüntü vasitəsilə həmin
səhifələrin mənə məxsus olmadığını paylaşmışam. Artıq bezirəm. İnsanlar düşünəcəklər
ki, bu da təzə çıxıb. Son vaxtlar çox
müğənnilərin "İnstagram” səhifələri sındırılır. Deyəsən bu, dəb halını alıb.
- Deyəsən
sizin məşhurlaşmağınızda xüsusi rolu olan dostlarınızla problemləriniz
yaranmışdı. O problemi həll edə bildinizmi?
- Bu, hamının həyatında olur. İnsanın ən yaxın
dostu ilə də problemləri olur. Aramızda heç bir problem yoxdur. Münasibətlərimiz
hələ də yaxşıdır. Mən onların xətrini çox istəyirəm, onların mənim üçün
etdiyini də itirə bilmərəm. Əslində ciddi problem də yoxdur. Mən kin saxlayan
biri deyiləm.
- Çinarə
xanım, gələcəyə doğru hədəfləriniz nələrdir?
- Unudulmuş mahnılarımızı yeni versiyada ifa etmək
istəyirəm. Müğənni nə istəyə bilər?
- Sizcə, müğənnini
siması, yoxsa mahnısı tanıdır?
- İfaçı üçün ilk növbədə onun səsi və seçdiyi
repertuar çox önəmlidir. Baxır ifa etdiyin mahnını insanlara necə təqdim edirsən.
Hər bir ifaçı mahnıya yanaşmasında öz fərqli tərzini ortaya qoymalıdır. Bəzən
olur ki, insan təkrarçılıqdan, monotonluqdan bezir, fərqli, dəyişik bir şeylər
görmək istəyir. Çox zaman mahnını dinləyirik, ancaq seçə bilmirik ki, bu
mahnını kim ifa edib. Bir də mənim üçün əsas xalqın səni, mahnını qəbul etməyidir.
Xalq dəstək vermirsə, istəmirsə, sənin nə qədər sponsorun olsa da, bu, mümkün
deyil. Misal üçün, mənim səsləndirdiyim "Gedək üzü küləyə” mahnısını izləyicilər
paylaşdılar. İnsanlar bəyəndilər və beləliklə, bu mahnı yayıldı. Mən heç kimə zəng
edib demədim ki, bu mahnını paylaşın. Mənə zənglər gəlirdi və deyirdilər ki,
hamı sənin mahnılarını paylaşır, o vaxt mənə heç nə çatmırdı.
- Bəs sizi
sevdirən nə oldu?
- Məncə, təbiiliyim. Orijinal olmaq lazımdır. Pis də
olsam, özüm olum. Təbiilik hər zaman gözəldir.
- Siz
uğursuzluğu da, uğuru da gördünüz. Ola bilərdi ki, qatıldığınız müsabiqədə
qalib olardınız, ancaq bu qədər tanınmazdınız.
- Elədir. O qədər ifaçılar var ki, müsabiqələrdə
1-ci yer tutublar, ancaq tanınmayıblar.
- İnsan bərkə-boşa
düşdükcə dostlarını tanıyır, deyirlər. Bəs siz necə?
- Müsabiqə ərəfəsində
mən dostlarımı daha yaxından tanıdım. Bütün günü dərdlərimizi bölüşdüyümüz
insanlar müsabiqəni yarımçıq tərk etdikdən sonra məni tanımadılar. Belə şeylərin
çox şahidi olmuşam. Ancaq o qədər də önəmsəmirəm. İndi də gözləmədiyim qohumlarım,
dostlarım ortaya çıxıb.
- İfaçılar
tanınandan sonra özlərinə ləqəb götürürlər. Siz də belə edəcəksinizmi?
- Mən hər işdə sadəliyi sevirəm. Elə Çinarə Məlikzadə
kimi tanınmağım mənə kifayət edir. Əvvəllər adımı o qədər də bəyənmirdim.
Türkiyədə bir müddət yaşayandan sonra fikirlərim dəyişdi. Orada mənə deyirdilər
ki, çox gözəl adınız var. Onlar adımı mənə daha çox sevdirdilər.
- Çinarə Məlikzadə
toylara gedirmi?
- Dəvət olanda gedirəm. Çalışıram öz mahnılarımı
oxuyum. Hər zaman sıradan biri olmaqdan qaçıram.
- Aktrisa
kimi seriallardan dəvətlər necə, alırsınızmı?
- Əlbəttə. İndi də gəlməkdə davam edir, ancaq hələ
ki çəkilmək istəmirəm. Yerli serialların çoxundan təklif almışam. Bir filmə də
dəvət almışam, hələ ki, düşünürəm. Daha çox ifaçı kimi tanınmaq istəyirəm.
- Çəkilsəniz,
necə bir obraza çəkilərsiniz?
- Bir az oğlan xasiyyətim var. İstəyirəm ki, mənə
polis, mərd bir insan rolunu versinlər. Misal üçün, detektiv janrlı bir filmə
sevinərək çəkilərəm.
Xəyalə Rəis