• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

Siqaretin teatr və kino yaradıcılığına aidiyyəti var?

19.11.18 12:45 1248
Siqaretin teatr və kino yaradıcılığına aidiyyəti var?
Milli Məclisin bu yaxınlarda keçirilən plenar iclasında teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı təklif müzakirə olunub. Müzakirələrdə birmənalı olmayan fikirlər səslənib. Məsələn, Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov teatrlarda siqaret çəkilməsinin aradan qaldırılmasına ehtiyac olmadığını söyləyib. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə Komitə sədrinin fikirlərinə etirazla yanaşıb: "Deyirsiniz ki, teatr tamaşasında və filmlərdə siqaret çəkilməsinə qadağa qoymaq yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti var? Hollivud filmlərinin 95 faizindən siqaretlər yığışdırılıb. Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofilmlərdə siqaret çəkmək yığışdırılsın, mövcud filmlərdə də üzərinə "kölgə” salınsın”.
Qeyd edək ki, bir müddət əvvəl bu mövzu Rusiyada gündəmə gələndə də, ziyalılar tərəfindən birmənalı qarşılanmamışdı. "Tutaq ki, müharibə haqqında film çəkilir. Stalin siqaret çəkməməlidir? Axı o, həqiqətən siqaret çəkib. Çörcillin əlində siqaret olmamalıdır? Biz bunlarsız kadrları necə göstərəcəyik? Bunlar inandırıcı kadrlar olmayacaq. Həmçinin cəbhə haqqında çəkilən filmlərdə səngərdə alman tanklarını gözləyən hər iki əsgərdən biri tütün çəkir. Onda bizdə sağlam həyat tərzi keçirən "səngər həqiqəti” alınacaq. "Baharın on yeddi anı”nda Ştirlisin damağında siqaret olan səhnələr var. O kadrları necə kəsmək olar? Səhiyyə Nazirliyi filmlərdə reallığı əks etdirməyə çalışır, kino isə həyat haqqında həqiqəti göstərmək üçündür. Elə isə reklamdan qaçmaq - siqaretin hansı firmaya məxsus olduğunu gizlətmək lazımdır”- deyə rejissorların etirazları səslənirdi. Rusiya ziyalılarının fikrincə, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbulunu, ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində əlverişlidirsə, kino sahəsində belə bir qadağa incəsənətə zərbədir.
Bizim MM-də səsləndirilən təklif də, teatr, kino və ədəbiyyat adamları tərəfindən birmənalı qarşılanmır.
"Müzakirə”mizdə təkliflə bağlı maraqlı fikirlər səslənib.
Əks-təbliğatın gücləndirilməsinə ehtiyac var
Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı bu istiqamətdə narahatlığı haqlı sayır: ” Narahatlığı haqlı sayıram. Bu yönümdə narazılıq bir çox ölkələrdə var. Həm də təkcə siqaretlə yox, içki və qanlı səhnələrlə bağlı da narahatlıq ifadə olunur. Bir çox ölkələrdə, məsələn, Türkiyədə artıq bu sahədə addımlar atılıb. Filmlərdə siqaret, içki və qanlı səhnələrin üzərini yayğın ləkə ilə örtür, bununla da tamaşaçıya təsirinin qarşısını almağa çalışırlar. Bunun nə qədər təsirli olduğunu söyləmək çətindir, çünki hər halda, tamaşaçıda assosiasiya doğurur”. Yazıçının fikrincə, xüsusi ilə teatr tamaşalarında siqaretin bu cür üsulla "gizlədilməsi" mümkün deyil: "Axı səhnəyə qoyulan əsər gerçək həyatı əks etdirirsə, o həyatda bu hallar qaçılmazdır. Ona qalsa, digər bədii əsərlərdə - hekayə, povest, romanlarda, hətta təsviri sənət əsərlərində də da belə səhnələrin məhdudlaşdırılmasından söhbət gedə bilər. Məncə, başlıca çıxış yolunu əks-təbliğatın gücləndirilməsində axtarmaq lazımdır”.
Heç bir səmərəsi yoxdur
Rejissor-aktyor Kamal Yaşar hesab edir ki, bu təkliflə bağlı qərarın qəbul olunması üçün teatr və kino sahəsinə aid mütəxəssislərin də rəyləri dinlənilməlidir: «Əgər onların rəyləri ilə hesablaşmırlarsa, bu, düzgün qərar ola bilməz. Hamımız bilirik ki, siqaret insan sağlamlığına ziyandır. Ancaq əksəriyyət bundan istifadə edir. Əgər iddia siqareti kökündən qadağan etməkdirsə, onda siqaretin istehsalına və idxalına son qoymaq lazımdır. Həmçinin siqaretin satışı da yasaqlanmalıdır”. Siqaretin filmdə istifadə olunması məsələsinə gəlincə K.Yaşarın fikrincə, rejissor siqareti ekranın hər küncündə reklam etmir ki, elə də qorxulu görünsün: "Siqaret kadrlarda hansısa vəziyyəti açmaq, hansısa personajın xarakterini göstərmək üçündür. Siqaret nə qədər önəmsiz, adi görünsə də, qutusunun üzərində "sağlamlığa ziyandır” yazılsa da, insanlar ondan istifadə edir. Demək, bu, eyni səviyyədə kinoda da keçərlidir. Bu baxımdan siqareti kinoda qadağan etmək düzgün deyil”. Rejissor hesab edir ki, siqaretin teatrda istifadəsini müzakirə etmək mümkündür. Belə ki, teatr qapalı məkandır: "Teatr salonunda oturan tamaşaçıya aktyorun siqaret çəkməyi zərər verə bilər. Ola bilər ki, siqaretin çəkilməsi səhnədə imitasiya və ya etüdlə olsun. Hərçənd orda da xarakterlər var”. Rejissor çəkdiyi sənədli filmdən misal gətirərək filmdə siqaretin qadağasının mümkünsüzlüyünü əsaslandırır: "Bir neçə ay öncə çəkdiyim sənədli filmləridən birində mənim qəhrəmanım 81 yaşlı qoca kişidir. O, söhbət əsnasında gündə iki qutu siqaret çəkdiyini deyir. Film boyu o insanın əlində siqaret görünür. Əgər mən sənədli film çəkirəmsə, bu o deməkdir ki, burda hadisələr indi baş verir, bu adamın özüdür – necə varsa elədir. İstisnaları çıxmaq şərti ilə ona müdaxilə olmur. İstisnalar da hansısa bədii quruluş tipində ola bilər. Çünki sən o qəhrəmanı tanıtmaq üçün tamaşaçıya göstərirsən. Ancaq siqaret çəkən insanın əlindən siqaretini almaqla, biz onu olduğu kimi göstərə bilmərik. Bəlkə siqaret onun fikirləşməyinə kömək edir? Hər halda siqaretin onun üçün vaciblik faktoru var. Təsəvvür edin ki, mən onun əlindən siqareti alıram, onda onun bütün beyni qarışar. Ona görə, bədii kinoda, xüsusən sənədli filmdə siqareti yığışdırmaq xətadır. Onsuz da sınıq-salxaq büdcəmizlə nəyisə zorla əmələ gətiririk. Onun qol-budağını kəsməklə isə daha da ziyan vurmuş olarıq. Fikirləşirəm ki, bədii kinoda, sənədli filmdə siqaretin göstərilməməsinin heç bir səmərəsi yoxdur».
Rejissorun işi
Yazıçı-dramaturq Natiq Rəsulzadənin fikrincə, siqaretin ekranlardan və tamaşalardan yığışdırılması bir çox ölkələrdə təcrübədən keçirilib: "Hesab edirəm ki, siqaretin qadağasının ucdantutma ləğvi lazım deyil. Elə məqamlar var ki, ekranda da, teatr səhnəsində də siqaret çəkmək lazımdır. Rejissorun fikrinə uyğun olaraq, həmin personaj gərək siqaret çəksin. Çünki o, həyəcan keçirir, hansısa başqa hissləri olur. Ancaq elə vəziyyət yarana bilər ki, ekranda görünən beş personajın əlində siqaret olsun. Onda əlbəttə, siqaretin efirdə çox görünməsinin qarşısını almaq lazımdır. Belə məqamda düşünürəm ki, bu, siqaretin reklamıdır”. Yazıç bildirir ki, əgər siqaret qutusunun üzərində «Sağlamlığa ziyandır» sözləri yazılırsa, elə bu, qadağa üçün yetərlidir: "Məncə elə bu sözlər kifayətdir. Bədii əsərlərdə siqaretin təsvirini verməmək mümkün deyil. Onda gərək romanlarda da, povestlərdə də yazsınlar ki, kişilər siqaret çəkmir. Onda gərək kişilər nə içki içsin, nə də siqaret çəksin. Ancaq həyatda elə deyil. İncəsənətə trafaretlə yanaşmaq olmaz. İncəsənət sahəsində siqaret çəkməyi reklam kimi qəbul etmək lazım deyil. Bütün hallarda vəziyyətə nəzərən hərəkət etmək lazımdır. Əgər siqaret çəkmək səhnəsi ekranda və ya səhnədə mənasızdırsa, onu aradan götürmək lazımdır. Bu isə rejissorun işidir».
Siqaret aktyorun başını qatır
Xalq artisti Mərahim Fərzəlibəyov hesab edir ki, teatrda müəyyən hadisələri rejissor qura bilməyəndə və ya aktyor onları oynaya bilməyəndə, ilk ağıllarına gələn, siqaret yandırmaq və çəkmək olur: "Bu baxımdan mən teatrda siqaret çəkməyin tam əleyhinəyəm. Siqaret çəkmək süni yolla aktyorun başını qatır”. Kinoya gəlincə, rejissor hesab edir ki, əgər vacib bir məqam varsa, orda aktyor siqaret çəkə bilər. Bununla belə, o görüntü bağlanmalıdır: "Şagirdlər teatra, kinoya baxmağa gəlirlər. Onlar bəzən siqareti ekranda və ya səhnədə görəndə özləri də onu sınaqdan keçirmək istəyirlər. Teatr, kino təbliğat maşınıdır. Ona görə, gəncləri siqaretdən, içkidən uzaq tutmaq lazımdır. Onlar bu cür zərərli şeyləri ekranda görəndə, ona daha çox meyl edirlər. Bu baxımdan, hesab edirəm ki, bu təklifi dəstəkləmək lazımdır”.
Qadağanın yaratdığı kreativlik
Yazar Jalə İsmayıl"Heç kim məni inandıra bilməz ki, filmdə ya tamaşada qəhrəmanın əlində siqaret görüb, siqaretə susamaq olar” deyir: "Siqaretə vərdiş edilən yeri hamı tanıyır – məhəllələr, çevrələr. Ümumiyyətlə, qadağa daha kreativ olmağa məcbur edir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər