• cümə, 19 Aprel, 19:02
  • Baku Bakı 24°C

Siqaretin ədədlə satışı qadağan oluna bilər

28.01.17 11:30 4144
Siqaretin ədədlə satışı qadağan oluna bilər
Əvvəllər müəyyən yaşda olan insanların siqaret çəkmələrini bir problem kimi qəbul edirdik və bundan yaxınlarımızı uzaqlaşdırmaq üçün yollar düşünürdük. Amma başımız buna qarışarkən, bir də gördük ki, nəinki orta yaşda olanlar, artıq uşaq və yeniyetmələrin də siqaretə böyük bir həvəsi var. Yəqin ki, məktəblərin yaxınlığında uşaqların bir yerə yığışıb siqaret çəkdiyini görməyən çox az adam olar.
Bununla mübarizə aparmaq üçün hər valideyn özünəməxsus metodlardan istifadə edir, amma bütün hallarda cibində 20-30 qəpiyi olan uşaq üçün siqaret əlçatandır. O mənada ki, istədiyi yerdən bir ədəd siqaret alıb çəkə bilər. Problemdən çıxış yolu olaraq Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışının qadağan olunması məsələsi gündəmə gəlib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib.
İ.Məmmədov bildirib ki, xüsusən də orta məktəblərə yaxın yerlərdə, qəzet köşklərində siqaret ədədlə satılır: "Həmçinin marketlərdə siqaret qutusunu açıb dənə-dənə satırlar. Siqareti ədədlə kim üçün satırlar?! Bununla cibində 20-30 qəpik olan yeniyetmələri, məktəb şagirdlərini şirnikləndirirlər. Siqareti dənə ilə böyük adamlar almır ki. Əsasən, məktəbyaşlı uşaqlar məktəbdən qaçıb siqaret alır və gizli yerlərdə çəkirlər. Ona görə də biz fikirləşirik ki, yeni qanun layihəsinə bu halların qadağan olunması üçün maddələr əlavə edək, cərimələri sərtləşdirək”.
Bəs bu, doğrudanmı çıxış yolu olacaq? Bununla uşaqların siqaretə meyil etmələrinin qarşısını almaq mümkündürmü?
"Ədədlə satış uşaq və yeniyetmələrin siqaret arzularını reallaşdırır”
Müəllim, yazıçı Səhər Əhməd "Kaspi”yə açıqlamasında bu addımın yeniyetmələrin siqaret almalarının qarşısını almaq üçün müsbət bir iş olduğunu dedi: "Ədədlə siqaret satışı ən azından uşaq və yeniyetmələrin arzularını reallaşdıran yoldur. Fikir versək görərik ki, siqaret çəkənlərin çoxu uşaq və yeniyetmə yaşlarından başlayıblar. Çünki yeniyetməlik elə dövrdür ki, onlar kimisə yamsılayırlar. Başqalarından fərqlənmək, böyüdüyünü sübut etmək, ədalı görünmək üçün bir çoxları bu üsulu seçirlər. Tutaq ki, uşaqda siqaret çəkməyə ani bir həvəs olur. Amma həmin vaxt üstündə onu almağa pul olmazsa, sonra heç çəkmək istəməz. Amma bir dəfə alıb çəksə, ani həvəs, yaxud kiməsə özünü göstərmək məqamında yenə alıb çəkəcək və sonra bu davam edəcək. Çox dərs oxuyan, fikrini dərsə verən uşaqların yadına siqaret düşmür. Amma məsələn, elə uşaq var ki, yaxşı oxumur, məcburi olaraq 11-ci sinifə qədər məktəbə getməlidir. Bu zaman da özünü göstərmək üçün nəsə etməlidir. Yeniyetmə siqareti tələbatı olduğu üçün çəkmir, özünü göstərmək, ədalı görünmək üçün bir aksesuar kimi istifadə edir. Sonra isə alışqanlıq yaranır”.
"Uşaqlar müəyyən bir yaşa qədər siqaret çəkməsələr...”
S.Əhməd deyir ki, əgər uşaqlar müəyyən bir yaşa qədər siqaret çəkməsələr, böyüdükdən sonra çox az qismi siqaretə maraqlı olur: "Doğrudan da yeniyetmələr daha çox can atırlar. Müəyyən yaşa qədər uşaqları siqaretdən uzaq tutmaq mümkün olsa, böyüdükdən sonra artıq bu öz seçimi olacaq. Yeniyetmə yaşlarında siqaretə maraq kütləvi olur. Ona görə onun qarşısını almaq lazımdır. Böyüyəndən sonra isə bu meyil az olur”.
S.Əhməd onu da bildirdi ki, bu, uşaqları düşünmək cəhətdən müsbət addımdır, amma ədədlə siqaret alan yaşca kifayət qədər böyük olan insanlar da var. Bu cəhətdən heç də yaxşı qarşılanmaya bilər: "Valideyn əgər uşağının siqaret çəkməyini istəmirsə, ona çox pul verməyəcək ki, ala bilməsin. Dənə ilə siqaret satılması bunun qarşısını almaq üçün bir yol ola bilər. Uşağın üstündə böyük məbləğdə pul olmur. Amma 30 qəpik verib bir siqaret alıb çəkə bilər. Bir neçə dəfə bu cür çəkmək imkanı olsa, zamanla onda alışqanlıq yaranacaq. Digər tərəfdən, siqaret çəkən müəyyən yaşda olan insanlar var ki, imkanı olmadığı üçün tək-tək alır. Onlar üçün belə bir qadağa problem yarada bilər. Amma yeniyetmərləri düşündükdə, yaxşı addımdır”.
"İlk öncə ailələrdə bu işə başlanılmalıdır”
Jurnalist Ədil Ədilzadə deyir ki, siqaretin tək-tək satışı ilə bağlı qadağaları dəstəkləyir. O, hesab edir ki, bu, uşaq və yeniyetmələrin siqaretə əlçatanlığının qarşısını almağa yönələn bir addımdır: "Mən də bu təkliflərə əlavə olaraq onu qeyd etmək istəyirəm ki, siqaret kötüyünü yerə atanlar ciddi cərimələnsin. İşdən çıxıb evə gedəndə bütün avtobus dayanacaqlarının ətrafında qalaq-qalaq siqaret kötüyünə rast gəlirsən. Məncə, bu halın özü bir mədəniyətsizlikdir. Siqaretə qarşı təbliğata gəlincə, ölkəmizdə fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant layihələrində bu istiqamət prioritet hesab olunur. Demək istədiyim odur ki, bu kimi aksiyaları davamlı olaraq həyata keçirmək lazımdır. İlk öncə ailələrdə bu işə başlanılmalıdır”.
"Siqaretin kimə satılmasına diqqət edilməlidir”
Sosioloq Cavid İmamoğlu deyir ki, problemdən çıxış yolu kimi ilk olaraq uşaqlara tütün, alkoqol məmulatlarının satışı tamamilə aradan qaldırılmalı və bu işə nəzarət olunmalıdır: "Əgər tək-tək siqaret satılırsa və uşaq bunu alırsa, burada günahı uşaqda yox, ona satanda görmək lazımdır. Sahibkarlara nəzarət olmalı, işləri ciddi şəkildə yoxlanılmalıdır ki, yeniyetmələrə siqaret və alkoqol satmasınlar. Burada məqsəd uşaqları siqaretdən yayındırmaqdır. Amma elə adam var ki, müəyyən bir yaşdadır və siqaret çəkir. Eyni zamanda bir qutu almır, istəyir tək-tək alıb günə bir, ya iki dənə çəksin. Məncə, burada bu kimi məqam da nəzərə alınmalıdır. Siqaretin kimə satılmasına diqqət etsək, problemin daha effektiv həllinə nail ola bilərik”.
C.İmamoğlu bildirdi ki, nəyisə qadağan etməklə problem həllini tapmır. Zərərli vərdişlərdən uzaq durmaq üçün maarifləndirmə proqramlarının geniş şəkildə aparılması vacibdir: "Məsələn, siqaret satan mağazaların şüşələrinə broşürlar vurulmalıdır, məlumatverici, maarifləndirici bukletlər yapışdırılmalıdır. Bəlkə hansısa uşaq, yaxud böyük adam oradakı informasiyadan təsirlənib, bu addımı atmaqdan imtina eləsin. Təbii ki, bunun özü də bir kapmaniyadır və vətəndaş cəmiyyəti səviyyəsində həll olunmalı məsələdir. İnsanların maarifləndirilməsinin tərəfdarıyam. Maarifli insan heç vaxt özünə zərər verməz, ziyanlı şeylərə pul xərcləməz. İnsanın hansı yaşda olması fərq etməz”.
Sosioloq onu da qeyd etdi ki, maarifləndirmə kapmasiyasının bir qismi kiçik və orta sahibkarlarla bağlı olmalıdır: "Düşünürəm ki, təkcə siqaret satışını qadağan etməklə problem həll olunmayacaq. Uşaqlara siqaret və alkoqollu içki ümumiyyətlə satılmamalıdır. Düzdür, burada hansısa kiçik və orta sahibkarlar qazancadan məhrum olurlar, amma onlara sosial məsuliyyəti izah etmək, onlarla iş aparmaq lazımdır ki, bu gün onların 1 manat qazancı cəmiyyəti milyonlarla manat geri salır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər