AZE | RUS | ENG |

Siqareti tərgitmək asanlaşacaq?

Siqareti tərgitmək asanlaşacaq?
Bu istiqamətdə qanun layihəsinə ümidlə baxılsa da, psixoloji amilin rolunun böyük olduğu da etiraf edilir

Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək. Fins.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur. Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.
Məlumdur ki, siqareti tərgitmək heç də asan məsələ deyil. Çünki bu asılılıqdan xilas olmaq üçün hər şeydən əvvəl insanda möhkəm iradə və psixoloji dözüm  olmalıdır. Lakin bir çoxları problemlərdən yeganə çıxış yolunu məhz siqaretdə görür. Onlar üçün siqareti tərgitmək heç də asan məsələ deyil. Çünki həmin şəxslər bunu ürəkdən istəmirlər. Lakin bəziləri bu vərdişdən xilas olmaq istəsə belə, maddi imkanları buna kifayət etmir. Çünki müalicə, psixoloji yardım da özlüyündə böyük maddi vəsait tələb edir. Bəs görəsən sözügedən qanun layihəsində nəzərdə tutulan yardımlar hansı formada həyata keçiriləcək? Dünya təcrübəsində də belə qanun layihələri varmı? 
Professor Adil Qeybulla deyir ki, siqaretdən asılılığa son qoymağın bir neçə üsulu var: "Bu, həm psixoloji yardım, həm tibbi məsləhətlər, həm də nikotinə qarşı asılılığı azaldan müxtəlif dərman preparatlarının verilməsi şəklində həyata keçirilə bilər. Bundan başqa, həmin şəxslərə  dövlət tərəfindən elektron siqaretlər də  verilə bilər ki,  bu siqaretlərdən istifadə etməklə siqaretdən asılılığı yavaş-yavaş tərgitmək olur. Amma qanun layihəsinə daxil olan maddələr tam olaraq açıqlanmadığına görə, hesab edirəm ki, bu haqda danışmaq hələlik tezdir”.
A.Qeybullanın sözlərinə görə, burada bəzi məsələlər var ki, ilk növbədə onlar öz həllini tapmalıdır: "Ona görə də bu yardımların tam olaraq hansı formada göstəriləcəyi məlum deyil. Burada söhbət tibbi yardımdan da gedə bilər. Ümumiyyətlə, mənim fikrimcə, bu məsələyə kompleks şəkildə yanaşılmalıdır. Əgər belə bir qanun qəbul ediləcəksə, müəyyən məsələlər də sistem halına salınmalıdır. Qeyd edim ki, dünya təcrübəsində belə bir şey yoxdur. Orada siqaretlə bağlı daha çox maarifləndirici məsələlərə yer verilir. Xarici ölkələrdə siqaret çəkən şəxs bu asılılıqdan azad olmaq istəyirsə və onun hansısa tibbi yardıma ehtiyacı varsa, bunu tibbi sığorta qarşılayır.  Dünya təcrübəsində bu işin mexanizmi tamamilə başqadır. Bizdə isə problemin həlli yolları bu cür  qanun layihələri çərçivəsində axtarılır. Ümid edirəm ki, gələcəkdə icbari tibbi sığorta olacağı təqdirdə belə layihələrə ehtiyac qalmayacaq”. 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu yardımlar müxtəlif formada həyata keçirilə bilər: "Burada tütün istehlakının məhdudlaşdırılması və o cümlədən də siqareti tərgitmək istəyənlərə  tibbi yardımın göstərilməsi ilə bağlı xüsusi maddə var. Qanun layihəsinə əsasən, dövlət müəssisələrində həmin şəxslərə pulsuz yardımlar göstəriləcək. Qeyd edim ki, bu yardımlar zamanı siqaret asılılığından qurtulmaq istəyən şəxslərə  pulsuz psixoloji dəstək göstəriləcək. Bundan başqa, onlar üçün müxtəlif dərman preparatları şəklində yardım nəzərdə tutulub”.
M.Quliyev qeyd etdi ki,  icbari tibbi  sığorta işə düşdükdən sonra gələcəkdə özəl səhiyyə müəssisələrində bunun üçün xüsusi kurslar da təşkil oluna bilər: "Qeyd edim ki, bu kurslar da dövlət müəssisələrində tamamilə pulsuz olaraq həyata keçiriləcək. Dünyanın əksər ölkələrində siqaretdən asılılığın məhdudlaşdırılması ilə bağlı qanun var. Ümumiyyətlə, dünyanın 100-dən çox ölkəsində qapalı şəraitdə siqaret çəkilməsi qadağan olunub. Odur ki, bu qanunun vacib olduğunu düşünürəm”.
Psixoloq Vəfa Rəşidova isə deyir ki, siqareti tərgitmək ilk növbədə psixoloji məsələdir: "Siqaret çəkənlərin əksəriyyəti bu vərdişə yeniyetmə yaşlarında başlayırlar. Nikotin asılılığının əsasında müxtəlif problemlər, əsasən də ailə daxilində yaşanan gərginliklər və anlaşılmazlıqlar  dayanır. Siqaret çəkənlər problem və çətinliklərini siqaretlə unutduqlarını düşünürlər. Əslində bu, aldadıcı bir effektdir. Bu, həmin problemlərdən uzaqlaşmaq deyil, sadəcə, diqqətin başqa istiqamətə yönləndirilməsidir. Son zamanlar siqaretin tərgidilməsi ilə bağlı edilən müraciətlərin sayı  həddindən artıq çoxalıb. Onların içərisində gənclər və yeniyetmələr daha çoxdur. Lakin bir çoxları stressə davamsız olduğuna görə siqareti, istəsə belə, tərgidə bilmir. Çünki ən kiçik problem yaşandığı zaman o problemin həllini yenidən siqaretdə görür. Ona görə də daxili narahatlığın aradan qaldırılması və özgüvən hissinin aşılanması burada çox mühüm rol oynayır. Orta yaşlı nəslin nümayəndələri isə daha çox maddi problemlərə görə siqareti tərgidə bilmədiklərini deyirlər. Onlar siqaret çəkmək istəmədiklərini bildirsələr də, bunun özlərindən asılı olmadığını söyləyirlər”.
Psixoloq deyir ki, siqareti tərgitməyin ən yaxşı yolu insanın davamlı məşğuliyyətinin olmasıdır: "Burada məşğuliyyət çox böyük rol oynayır. Fikir vermisinizsə, boş vaxtı çox olanlar, işsiz insanlar siqaretə daha çox meyilli olurlar. Çünki onların öz enerjilərini sublimasiya edə biləcəkləri, yəni loru dillə desək, "başlarını qata biləcək” bir məşğuliyyətləri yoxdur. Qanun layihəsi təşəbbüsünə gəldikdə isə düşünürəm ki, bu, çox müsbət addımdır. Amma mənim fikrimcə, bu, böyük bir kütləyə təsir edə bilməyəcək. Çünki insan psixologiyası məsələyə bir qədər fərdi yanaşma tələb edir. Əslində siqareti tərgitmək fərdi məsələdir. Qanunda göstərilən yardımlar bir çoxlarına müsbət təsir göstərə bilər. Burada  məsələnin başqa bir tərəfi var ki, bu, hər kəsə uyğun olmaya bilər.  Əslində yenə də deyirəm ki, bu, baxış bucağından və insan xarakterindən asılı olan bir məsələdir. Bəzilərinə bu yardım müsbət təsir göstərərək motivasiya etsə də, bəziləri buna birmənalı yanaşmayacaq. İnsanın daxili rahatlığı yoxdursa, o, məcburiyyətdən yenidən siqaretə müraciət edəcək”.
Şəbnəm Mehdizadə
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798