• çərşənbə axşamı, 19 mart, 08:43
  • Baku Bakı 8°C

Siqaretdən imtina: elektron siqaret çıxış yoludurmu?

23.05.18 11:00 5450
Siqaretdən imtina: elektron siqaret çıxış yoludurmu?
"Moskvada və şəhərətrafı rayonlarda 18 yaşından aşağı yeniyetmələrə elektron siqaret (veyp), tütün məhsulları, eləcə də spirtli içkilərin satışını həyata keçirənlər cəzalandırılacaq”. Uşaqları, xüsusən qızları pis vərdişlərdən qorumaq ehtiyacından yaranan dəyişikliyi Moskva Vilayət Dumasının inzibati qanunçuluq kodeksində həyata keçirənə qədər iki il düşünmək lazım gəlib. Yetkinlik yaşına çatmayanlara elektron siqaret satan satıcılar 3-5 min rubl cərimə ödəməli olacaqlar. Sahibkarlar, satış yerləri sahibləri, qanunu pozanlar 30-50 min, hüquqi şəxslər isə 100-150 min rubl ödəyəcəklər. Hazırda belə cəzalar artıq Rusiyanın 14 bölgəsində qüvvədədir. Dəyişikliyin tədricən bütün ölkəyə şamil ediləcəyi istisna deyil.
Qonşu ölkədə imza atılan dəyişiklik bizim ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tənzimlənir. Sənəddə istifadə və satışla bağlı nəzərdə tutulan qadağalar tütün məmulatları ilə yanaşı, sulu qəlyan və elektron siqaretə də şamil edilir. Millət vəkili Musa Quliyevin sözlərinə görə, digər növ siqaretlər kimi, elektron siqaretlərə olan qadağa da bütün tütündən hazırlanan məmulatlara bərabər tutulur: "Həmin siqaretlərə tətbiq olunan bütün tələblər elektron siqaretlərə də aid edilir. Yəni onların da qapalı məkanlarda istifadəsinə, 18 yaşına qədər gənclərə satışına qadağa qoyur”. Sənədə görə, elektron siqaretdən istifadə təhsil və tərbiyə müəssisələri, onların əraziləri; səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri və onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) qadağandır. O cümlədən, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə vəticarət obyektləri; məişət obyektləri; sosial xidmət müəssisələri; teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri; uşaq meydançalarında elektron siqaretin istifadəsi qadağandır. Siqaretin bu növünün istifadəsinə, həmçinin yerüstü qapalı və yeraltı piyada keçidləri; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri; metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları; hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları, o cümlədən liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, yanacaqdoldurma məntəqələrində, tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə icazə verilmir.
Həmçinin bu vasitələr nazirlikdə qeydiyyatdan keçmir. Elektron siqaretlər, yeməyə əlavələr və s. kimi vasitələr dərman preparatı olmadığından, nazirlik tərəfindən qeydiyyata alınmır. Belə vasitələrə yalnız gigiyenik qaydalara uyğunluq sertifikatı verilir.
Görünən budur ki, siqaretin qeyd olunan məkanlarda istifadəsi ilə bağlı şərtlər bəzən pozulduğu kimi, eyni pozuntulara elektron siqaretlə bağlı da rast gəlinir. Daha çox bu tip siqaretlərin məkan baxımından istifadəsinəqoyulan məhdudiyyətlərondan istifadə edən alıcılara o qədər də şamil edilmir.
15-250 manat arası
Elektron siqaretlər tütün məhsullarından imtina üçün istifadə edilməsi ilə əsaslandırılır. İlk dəfə Ruyan Group Ltd Honkonq şirkəti tərəfindən elektron siqaret ixtirası şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə patentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam "tüstünü” alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən baha olmaqla, modelindən asılı olaraq 15-250 manat arasında dəyişir.
Bizdə hazırda elektron siqaretlərin nəinki mağazalarda, hətta internet üzərindən satışı həyata keçirilir. Ad-soyadını və telefon nömrəsini yazmaqla onlayn mağazanın alıcısı olmaq mümkündür. İnternetdə elektron siqaretlərin onlayn satışını həyata keçirən müxtəlif mağazaların ünvanını əldə etmək olur. Məsələn, elektron siqaretlər və mayelərin geniş seçiminin həyata keçirildiyi USEL magazaya telefon açdıqda, Nicat adlı əməkdaşdan məhsulların qiymətinin 69-90 AZN arasında dəyişdiyini öyrənə bildik: "15-16 yaşdan aşağı olanlardan şəxsiyyət vəsiqəsi tələb olunur və yaşları az olduqda onlara məhsul satılmır. Müraciət edənlər də çoxdur”.
Ağciyər xərçənginin bünövrəsi
Hərçənd elektron siqaret istifadəçiləri məhsulun insan orqanizminə heç bir zərəri olmadığını deyirlər, ancaq məhsulun tibbi fəsadları ilə bağlı həkim rəyləri əksər vaxt üst-üstə düşür. Yəni son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğunu iddia edənlər də az deyil. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin ölkələrində satışına qadağa qoyublar ki, elektron siqaret də adi siqaret kimi tərkibində tüstü olduğuna görə nəfəs borusunda və ağciyərdə ciddi fəsadlar yaradır. Həkimlər bildirir ki, elektron siqaretlər siqaret çəkmə prosesini təqlid etmək üçün ixtira olunub. Sırf bu səbəbdən siqareti tərgitmiş insanda yenidən əvvəlki adətinə qayıtmaq həvəsi yarana bilər. Elektron siqaret heç vaxt siqaret çəkməyən cavan insanlar üçün adi siqaretdən istifadəyə keçməyə ilk addım ola bilər. Tibbi cəhətdən elektron siqaretin zərərləri haqqında geniş sübut və dəlillər olmadan istifadəçilərə ehtiyatlı olmaları tövsiyə edilir. Bu tövsiyələr ABŞ-in Roçester Universitetinin alimlər qrupunun elektron siqaretlərin insan sağlamlığına vurduğu mənfi təsirlərə dair araşdırmasında da yer alıb: "Elektron siqaretlər insanın diş və diş ətinə ziyan vurur. Biz aydınlaşdırdıq ki, elektron siqaretdən buxar çıxan zaman insan orqanizmi periodontal iltihab xaric edir və bu, hüceyrələrin zədələnməsinə, ağızda xəstəliklərin yaranmasın gətirib çıxarır”, - araşdırmanın müəllifi İrfan Rəhman bildirib: "Eelektron siqaretlərin maye tərkibinə daxil olan bəzi dadlandırıcılar sağlamlığa ziyan vurur”.
Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin professoru Tevfik Özlü də elektron siqaretin siqareti atmaqda təsirli olduğuna dair heç bir faktın olmadığını deyib: "Siqareti tərgitməyin farmakoloji və davranışla bağlı olmaq üzrə iki mərhələsi var. Elektron siqaret alışqanlığı gücləndirməkdən başqa bir şeyə yaramır. Nikotin bəlasından uzaqlaşmaq istəyən insanların çox olduğunu görən fırıldaqçılar elektron siqareti onlara satmağa çalışırlar”.
Bizim həkimlər də dünya alimlərinin fikirlərini təsdiqləyirlər. Tibb Universitetinin professoru Adil Qeybulla elektron siqaretlərin siqaretə aludəçiliklə bağlı zərərli vərdişi tərgitməkdə elə də effektiv nəticə vermədiyini bildirir. Professorun sözlərinə görə, bütün dünyada birmənalı statistika var ki, hər 20 nəfər siqaret çəkən insandan birində ağciyər xərçəngi inkişaf edir. Bu xəstəliyə tutulan insanların 98 faizi məhz siqaret çəkənlərdir: "Bütün bunlar siqaretin tərkibində olan zərərli maddələrin insan orqanizminə çökməsinin nəticəsidir. Burada tək nikotindən söhbət getmir. Siqaretin tərkibində olan konserogen təsirli benzaklin törəmələri də bu zərərli maddələr sırasına aiddir. Həmin maddələr bronxlara çökür, bronxun epitelində mutasiya yaradır. Son nəticədə ağciyərin xərçənginə səbəb olur”.
Cərrahın sözlərinə görə, insanlar siqaretin imitasiyası ilə həyata keçirilən elektron siqaretlərdən müsbət heç nə qazana bilməzlər. Belə ki, bu siqaretlərin də tərkibində zərərli maddələr yer alıb: "Bir zərərli maddənin digəri ilə əvəz olunması heç bir müsbət nəticə vermir. Bu yalnız siqaretin tərgidilməsi üçün atılan addımdır. Amma bunun hər hansı nəticə verəcəyinə inanmıram”. Professor hesab edir ki, siqaretin tərgidilməsi üçün yalnız insanlar arasında təbliğatı gücləndirmək lazımdır: "Bu təbliğatı da daha çox xəstənin iradəsinin üzərində qurmaq lazımdır. Əgər xəstənin iradəsi olarsa, o, tütündən imtina üçün heç bir əvəzedici axtarmayacaq. Çünki digər əvəzedicilərin də müəyyən fəsadları var”.
Ürək-damar cərrahı Ramil Əliyevin sözlərinə görə, elektron siqaretlərin tərkibində elə kimyəvi maddələr var ki, onlar qızdırıcı ilə tüstü yaradır və həmin tüstü xaric olunanda "formaldehid” tərkibli kimyəvi birləşmələr meydana gəlir: "Bu da birbaşa xərçəngin yaranmasına səbəb ola bilər. İndi elektron siqaretlər müasir gənclər arasında bir növ dəb halını alıb. Ancaq onlar bilmədən özlərində ağciyər xərçənginin bünövrəsini yaradırlar. Həkimlər və səhiyyə təşkilatları bu cür siqaretlərin istifadəsinin əleyhinədir. Xüsusən qadınların bu siqaretlərdən istifadəsi məsləhətli deyil”.
Həkimlər elektron siqaretin tütün məhsullarından imtina üçün vasitə olmadığını bildirməklə, maarifləndirici tədbirlərə ehtiyac olduğunu qeyd edirlər: "Telekanallarda təkcə tütün məhsullarının zərəri ilə bağlı deyil, həmçinin elektron veyplərlə bağlı təbliğat proqramları yer almalıdır”. Tütün məhsullarından istifadənin guya az nikotinli elektron siqaret və ya sulu qəlyanlarla əvəzlənməsi isə rəqib işbazların marağından o yana keçmir. Ziyan isə istifadəçiyə dəyir - həm sağlamlıq, həm də daha baha satılan elektron siqaretdən istifadə baxımından.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər