Siqaret: min bir dərdin səbəbi
Mütəxəssislərdən eşitdiyim bir cümlə var: "Siqaret
çəkəndən çox, onun tüstüsünü udanlar zəhərlənir”. Bu o deməkdir ki, biz sağlam
olmaq istəyiriksə, təkcə siqaret çəkməməklə buna nail ola bilmərik, həm də
siqaret çəkənlərdən uzaq durmalıyıq. Amma bu elə də asan məsələ deyil...
"Tütün və ya tütün məmulatı haqqında" qanuna
əsasən, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə
idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati
binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər
istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər,
barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi
istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin
nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat
növlərində siqaret çəkilməsi qadağan edilir.
Göründüyü kimi, qanunvericilik səviyyəsində müəyyən
qadağalar var. Amma bunların formal xarakter daşıdığını demək olar. Çünki indiyə
qədər qadağan olunan yerdə siqaret çəkdiyi üçün cərimələnən kimisə görməmişəm də,
eşitməmişəm də...
"Televiziyalarda
siqaretin reklamının qarşısı alınmalıdır”
Milli Məclisin Aqrar siyasət komitəsinin
sonuncu iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna
dəyişiklik müzakirə olunub. Deputat Hüseynbala Mirələmov edilən dəyişikliyə münasibət bildirərək söyləyib ki,
televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır: "Siqaret 2-ci və
3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini
korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda
siqaretin reklamının qarşısı alınmalıdır”.
H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin
cərimələnməsinin də vacibliyini vurğulayıb. "Türkiyədə hətta taksidə belə
yazılıb: "Siqaret çəkmək olmaz, əks təqdirdə, 60 lirə cərimə olunacaqsan”.
Onlar bu cəriməni tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə qarşı
bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz
təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək,
inanın ki, o, ümumiyyətlə siqareti tərgidər”.
Televiziyada siqaretin reklamı ilə bağlı qadağa var
idi. Bəs indiki dəyişikliyin mahiyyəti nədən ibarət olacaq? Ümumiyyətlə, təkcə
reklamları aradan qaldırmaqla problem həll olunacaqmı? Beynəlxalq praktikada bu
məsələlər necə tənzimlənir? Məsələn, Türkiyədə filmlərdə siqaretin üstü
bağlanır. Bu kimi tətbiq bizdə də ola bilərmi?
"Siqaretin
üstünün bağllanması problemdən çıxış yolu deyil”
Millət vəkili
Aydın Hüseynovqəzetimizə açıqlamasında bildirdi ki, siqaretin televiziyada reklamı ilə bağlı
müəyyən qadağa var idi. Bu dəfə nəzərdə tutulan qadağa siqaret satılarkən digər
əmtəələrin hədiyyə verilməsi ilə bağlıdır: "Yəni ki, siqaret satan tərəf hər
hansı həvəsləndirici addım ata bilməz. Siqaretin televiziyada satışı qadağan
idi. İndi də həvəsləndirmə məqsədilə digər əmtəələrin verilməsi qadağan olunur”.
Bu məsələnin niyə indi gündəmə gətirilməsinə gəlincə,
A.Hüseynov dedi ki, tütün istehsalı ölkəmizdə genişləndirildiyi üçün bu məsələ
də qanun səviyyəsinə gətirilir: "Ölkə başçısının tapşırığı ilə kənd təsərrüfatının
perspektivli sahələri ilə bağlı işlər görülür. Həmin önəmli sahələrdən biri də
tütünçülükdür. Tütünün becərilməsi ilə bağlı subsidiyalar verilir. Tütündən bir
çox məhsullarla yanaşı, siqaret də hazırlanır. Gələn il respublikamızda tütün
istehsalının həcmi artacaq. Həcmi artdıqca sənaye məhsulları ilə yanaşı,
siqaret istehsalı da artacaq. Tütün istehsalı artacağı üçün dövlət bununla bağı
qanunvericilik səviyyəsində tədbirlər görməyə çalışır”.
Millət vəkili bildirdi ki, illər öncədən çəkilmiş
filmlərdə siqaretin üstünün bağlı verilməsi problemdən çıxış yolu deyil: "Film
30-40 il və ya müəyyən bir dövr bundan əvvəl çəkilibsə, o artıq tarixiləşib. Bu
gün o filmlərdə siqaretin üstünü hansısa işarə, kölgə ilə bağlamaqla nəyin
qarşısını alırıq axı? Sadəcə bundan sonra çəkilən filmlərdə, xüsusilə gənclərin
mənəvi tərbiyəsinə aid olan, gənclərin həyatını əks etdirən səhnələr, verilişlər,
televiziya tamaşaları olanda, siqaret qadağan olunmalıdır”.
A.Hüseynov gənclərdə siqaretə meyilliliyin
azaldığını bildirdi: "Tələbələrin koridorlarda siqaret çəkməsi ilə bağlı fikirlər
olur. Belə hallar var, amma kütləvi deyil. 3-5 nəfərin həvəsini hamıya aid etmək
olmaz”.
Millət vəkili qəbul olunan qadağalarla bağlı icra
mexanizmlərinin işlənib hazırlanmasının vacib olduğunu qeyd etdi: "Qanun qəbul
olunubsa, icra mexanizmi də işlənməlidir. İctimai yerlərdə, dövlət müəssisələrində,
şadlıq evləri, iaşə müəssisələrində qadağa olsa da, qadağanı pozana qarşı hansı
mexanizmlərin tətbiq olunması işi yoxdur. Bu qadağanı pozanlara qarşı hansı tədbirlər
görülməlidir? Hansı qurum bu işi aparmalıdır? Necə həyata keçirilməlidir? Bu
sahədə də addım atılmalıdır. O qadağaların icra mexanizmi də öz həllini
tapmalıdır. Reklam qadağan edilir, amma bununla problem tam həll olunmur”.
"İnzibati
metodların tətbiqi zəruridir”
Sosioloq Asif
Bayramov deyir
ki, əslində beynəlxalq təcrübədə siqaretin reklamının qadağan olunmasının təməlində
yalnız xalqın fiziki sağlamlığı mövzusu dayanmır, bu həm də bir biznes
mövzusudur: "Çünki XXI əsrdə ən mükəmməl gəlir vasitələrindən biri reklamdır. Təsəvvür
edin ki, rejissorlar özləri də bilmədən hansısa kadrlarda siqaret istehsal edən
maqnatları reklam edirlər. Qəhrəmanların siqaret çəkən səhnəsini nümayiş etdirmələri
ən mükəmməl reklam formalarıdır. Bu gün əslində dünya birliyi həmin siqaret
maqnatları ilə bu məsələni çözməyə çalışır. Əslində qanuna görə, hər hansı reklama
görə onu reklam edən tərəfə təbii ki, patent ödənilməlidir. Ancaq siqaret şirkətləri
belə bir ödəniş etmirlər. Bu Azərbaycana biznes konteksində Qərbdən və Türkiyədən
gəlir. Amma bu qadağa insanların sağlamlığının qorunması cəhətdən də əhəmiyyətlidir.
Lakin inzibati qayda ilə insanların siqaretə olan meylini azaltmaq, məhdudlaşdırmaq
olmaz. Çünki qadağan olunanlar həmişə maraq doğurur. Siqaretin məhdudlaşdırılması
insanların ona olan marağını artıra bilər”.
A.Bayramov bildirdi ki, hansısa bir tələbi vərdişə
çevirmək, onu ictimai norma statusuna qaldırmaq üçün öncədən inzibati metodların
tətbiqi zəruridir: "Çünki bizdə inzibati metod tətbiq edilmədən hər hansı nəticə
əldə etmək çətindir. Maarifləndirmənin bizdə tarixi ənənəsi olmadığından, hər dəfə
inzibati rıçaqlara əl atmağa məcburuq. Maarifləndirmə praktikası olsaydı, davamlı
olaraq ictimai yerlərdə siqaret çəkmənin zərərlərini aşılamaqla burada məhdudiyyət
yarada bilərdik. Bu sahədə başlanğıc üçün inzibati metodların tətbiqi faydalı və
zəruridir”.
"Müəyyən qadağalar problemin həlli üçün
kifayət etmir”
Vəkillər
kollegiyasının üzvü Xəyal Bəşirov bildirdi ki, hazırda bir çox dünya ölkələrində, xüsusilə əksər Avropa dövlətlərində
və ABŞ-da siqaret və digər tütün məmulatları ilə bağlı ciddi qadağalar
mövcuddur: "Bu qadağalar, təbii ki, həmin məhsulların cəmiyyətdə tam şəkildə
qanunsuz hesab edilməsi demək olmasa da, müəyyən istisnalarla onların istifadəsini
ciddi qanun pozuntusu hesab edir. Təbii ki, tütün məhsullarının, xüsusilə də
onlardan ən çox yayılmışı hesab olunan siqaretin tamamilə qadağan olunması həmin
məhsulların ölüm təlükəsi gətirməsini bilmələrinə rəğmən, onlardan istifadə edən
milyonlarla insanın hüquqlarının pozulmasına gətirib çixarar. Çünki
qanunvericiliyin ruhuna əsasən, hər bir fərdin hüquqları digər şəxslərin
hüquqlarının sərhədləri ilə məhdudlaşır. Yəni, əgər mənim siqaret çəkmək kimi
bir hüququm vardırsa belə, bu hüquq, mənə mənim əhatə dairəmdə olan və siqaret
çəkməyən digər bir şəxsin hüquqlarını pozmağa əsas vermir. Lakin buna
baxmayaraq, siqaretin cəmiyyətdə reklam olunması, onun istifadəsi zamanı cəmiyyətin
digər üzvlərinin hüquqlarına, xüsusilə də sağlamlıqlarına ciddi zərər vurulması
qeyd etdiyimiz qadağaların episentrində durur.
Qeyd etdiyimiz kimi,
bir çox dünya dövlətlərinin həmin qadağa təcrübəsindən yararlanan qardaş ölkəmiz
Türkiyədə də ictimai yerlərdə, xüsusilə də kafe, restoran, stadion, dəhlizlər də
daxil olmaqla bütün növ sosial-ticarət binalarında, taksi və qatarlarda siqaret
çəkmək yasaq olunub. Bu qaydaları pozan şəxslərə isə ciddi cərimə sanksiyaları
tətbiq edilir”.
X.Bəşirovun sözlərinə,
ümumdünya təcrübəsi göstərir ki, siqaretlə mübarizədə maarifçilik və digər təbliğat
tədbirləri ilə yanaşı, inzibati qadağalar, imperativ normaların tətbiq olunması
da zəruridir: "Tütün hər 13 saniyədə bir insanın və ya başqa formada qeyd etsək,
hər il ərzində 5 milyon insanın həyatına son qoyur. Bu mənada, siqaret çəkənlərin
sayının azalması Azərbaycanda da xüsusi maraq dairəsindədir. Bunun üçün artıq
10 ilə yaxın müddət ərzində gündəmdə olan məsələlərdən biri də ictimai yerlərdə
siqaret çəkilişinə qadağa qoyulmasıdır. Müvafiq qanun layihəsi parlamentdə dəfələrlə
müzakirə edilsə də, təəssüflər olsun ki, hələlik qəbul edilməyib. Lakin Azərbaycanda
qüvvədə olan qanunvericiliyə əsasən, bu məsələ ilə bağlı müəyyən qadağalar
mövcuddur. Belə ki, Azərbaycan Respublikasında qüvvədə olan "Tütün və tütün məmulatı
haqqında” qanuna əsasən, istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının
hər qutusunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə, onların 18
yaşına çatmamış şəxslərə satılmasının qadağan edildiyi göstərilməlidir. Həmin qanunun
tələblərinə görə, siqaret çəkilməsi üçün qadağan olunan yerlər var. Mehmanxanalarda
siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. Ancaq müəyyən qadağaların
mövcudluğu problemin həlli üçün kifayət etmir. Ümid edək ki, yaxın gələcəkdə
ölkəmizdə də bütün ictimai yerlərdə siqaretin və digər tütün məmulatlarının
istifadəsin qadağan edən qanunvericilik aktının qəbul olunması reallaşacaq”.
Aygün Asimqızı