• şənbə, 20 Aprel, 06:57
  • Baku Bakı 14°C

Sığortasız, kreditsiz aqrar sahə...

05.06.13 10:28 3247
Sığortasız, kreditsiz aqrar sahə...
Aqrar sahə iqtisadiyyatın prioritet istiqaməti kimi artıq xeyli vaxtdır gündəmdədir. Kənd təsərrüfatında məhsul istehsalını artırmaq, idxaldan asılılığı azaltmaq aparılan iqtisadi siyasətin vacib hissəsinə çevrilib. Amma təəssüflər qeyd etməliyik ki, bu sahədə problemlər hələ yetərincədir. Bunlardan biri də aqrar sahədə sığortanın çox zəif olmasıdır. Vəziyyət o dərəcədə problemlidir ki, illik ümumi sığorta portfelində kənd təsərrüfatının payı heç 1 faizə də çatmır. Halbuki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici tədbirlər görülməkdədir. Bu tədbirlərdən biri kimi 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunun qəbulunu qeyd etmək olar. Qanun qəbul edilməsində əsas məqsəd kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətdən sığortalanmasında dövlətin iştirakını təmin etməklə aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaqdır. Daha sonra, 2007-ci ildə Nazirlər Kabineti tərəfindən sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməsi haqqında qərar qəbul olunub. Həmin qərarda göstərilir ki, hər hansı bir sığorta hadisəsi (yanğın, dolu, sel, daşqın və s.) zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Lakin bu sahədəki təşviqedici tədbirlərə baxmayaraq, sığorta sistemi aqrar sahədə hələ də çox zəif inkişaf etməkdədir.
Təsadüfi deyil ki, rəsmi şəxslər də kənd təsərrüfatı istehsalçılarını sahələrini, məhsullarını sığortalamağa çağırırlar.
Hazırda Azərbaycanda suvarılan torpaq sahələri 1 milyon 400 min hektar ərazini əhatə edir. Ölkə ərazisində 862 min ailə təsərrüfatı olsa da, onların cüzi hissəsi öz təsərrüfat sahələrini sığortalayıb. Çünki fermer təsərrüfatlarının rəhbər kollektivləri arasında əvvəllər maariflənmə işinin aparılmaması və ya təbliğatın aşağı səviyyədə olması sözügedən təsərrüfat sahələrinin sığortalanma prosesinin tam başa çatdırılmasına maneçiliklər törədir. Fermerlərin sığortaya marağını azaldan amillərdən biri də vəsait çatışmazlığıdır desək, yanılmarıq. Müşahidələr göstərir ki, bu durun məhsuldarlığa ciddi zərbə vurur.
Başqa ölkələrdə məhsulun qiyməti də sığortalanır
Ekspertlərin qənaətincə, aqrar sektor riskli sahə hesab olunduğundan, həm kreditləşmə, həm də sığortalanma baxımından problemlidir. Demək olar ki, sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının sığortalanmasına az maraq göstərirlər. Halbuki, ABŞ və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır.
Mütəxəssislər bildirirlər ki, bu gün aqrar sektorun sığortalanmasına çox böyük ehtiyac var. Çünki kənd təsərrüfatı böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Müxtəlif təbii hadisələr nəticəsində fermerlər istehsal etdiyi məhsulu tamamilə itirə bilər. Ona görə də bu sahədə sığortalanma çox ciddi məsələdir. Həm də məhsulların sığortalanması fermerlərə bir rahatlıq gətirər. Bu məsələni bir çox ölkələr təşviq yolu ilə həll edirlər. Yəni, aqrar sahədə çalışan insanların sığortasının müəyyən bir hissəsinin, hətta bəzi məhsullar üzrə 50%-nin dövlət tərəfindən qarşılanması prosesi baş verir. Azərbaycanda da təşviq yolu ilə aqrar sahəni canlandırmaq olar. Hətta bir neçə dəfə belə təkliflər olub. Taxıl sahələrində sığortalanma prosesində dövlətin yardım edəcəyi haqqında müəyyən qərarlar alınıb. Amma bu qərarların həyata keçməsi ləngiyir. Ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsinə çevrildiyi bir zamanda bu məsələyə ciddi diqqət ayrılmalıdır.
Sığorta şirkətləri bilməlidirlər ki...
Təşviq kampaniyaları sığorta şirkətlərini də əhatə etməlidir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, il ərzində bir çox bölgələrdə təbiət hadisələri baş verdiyindən bu sahə riskli sahədir: “Əgər sığorta şirkətləri tərəfindən də bunun hamısının qarşılığı ödənilsə, bu, şirkətləri ciddi itkilərlə üzləşdirə bilər. Azərbaycanda sığorta şirkətlərinin marağının az olmasının əsas səbəbi, bu sahənin çox riskli olmağından və ödənişlərin daha artıq ola biləcəyi ehtimalından irəli gəlir. Bir də burada fermerlərin özlərinin tam oturuşmuş sistem qurmaması da rol oynayır. Çünki bir çox ölkələrdə fermerlərin özlərinin assoasiyaları olur. Yardımlarının alınmasında hökumət qarşısında tələblərlə çıxış edirlər. Amma Azərbaycanda həm belə bir assosiasiyanın, həm də fermerlərin iri iqtisadi gəlirlərinin olmaması pərakəndəlik yaradıb. Fermerlərin iri iqtisadi gəlirlərinin olmaması fermer təsərrüfatlarının həddən artıq kiçik olmasından irəli gəlir. Yəni onların iqtisadi gücü o qədər deyil ki, öz gücləri hesabına öz sahələrini sığortalasınlar. Problemlər kompleks olduğundan bu sahəyə maraq azalır”.
“Sığorta olsa banklar da aqrar sahəni kreditləşdirməkdə maraqlı olarlar”
İqtisadi Təşəbbüslərə Yardım İctimia Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, sığorta sisteminin işləməməsi səbəbindən banklar da aqrar sahəyə kredit ayırmaqda maraqlı deyillər: “Buna görə də, bu gün fermerlərin kredit resurslarına çox böyük ehtiyacı var ki, həm özləri gəlir götürsün, həm də bazarda bolluq yaransın. Bütün dünyada kənd təsərrüfatının kreditləşməsinə çox böyük həssaslıqla yanaşırlar. Burada da sığorta böyük rol oynayır. Sığorta mexanizmi ondan ibarətdir ki, məhsulun becərilməsi prosesində hansısa təbii hadisə baş verərsə, banklara pulu kredit götürən fermerin əvəzinə sığorta şirkətləri ödəyir. Azərbaycanda da kənd təsərrüfatı məhsullarının sığortalanması sistemi var, amma bu, çox məhduddur. Bu isə fermer üçün tam əlverişli deyil. Halbuki, inkişaf etmiş ölkələrdə təkcə məhsulun yox, eyni zamanda prosesin özü sığortalanır. Hətta məhsulun qiyməti də sığortalanır ki, qiymət aşağı düşərsə, həmin kəsir sığorta şirkətləri tərəfindən ödənilsin. Azərbaycanda sığorta çox məhdud olduğundan yalnz bitkiçilik hissəsini əhatə edir. Amma burada maldarlıq, meyvə-tərəvəz də var. Sığorta bu sahələri tam əhatə etmir. Ona görə də yaxşı olardı ki, kənd təsərrüfatı üzrə sığorta predmetinin arealı genişlənsin”.
Ekspert bildirir ki, çıxış yollarından biri də Təminat Fondunun yaradılmasıdır: “Bunu da ya dövlət, ya özəl şirkət, yaxud da hər ikisi birlikdə şərikli olaraq yarada bilərlər. Təminat Fondu banklara hansısa problem olacağı təqdirdə riskləri minimuma endirəcəyi barədə təminat verir. Yəni, təminat fondunun yaradılması gələcəkdə bankların çəkinmədən kənd təsərrüfatı sektorunun kerditləşdirməsinə imkan verir. Azərbaycanda bu fondun yaradılmasına böyük ehtiyac var. Bu fond yaradılarsa, artıq kreditləşmə sahəsində kifayət qədər nailiyyət əldə etmək olar”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər