• cümə axşamı, 18 aprel, 11:16
  • Baku Bakı 12°C

Sığortalanmayan əmanətlər də geri qaytarılacaq

25.09.19 18:51 1933
Sığortalanmayan əmanətlər də geri qaytarılacaq
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu ilk növbədə qaytaracaq.Bu barədə "Kaspi” qəzetinə ləğv prosesində olan "Atra Bank" ASC-nin Kreditorlar Komitəsinin sədri Bayram Abbasov məlumat verib.
Sədrin sözlərinə görə, uzun müddətdir ki, bu istiqamətdə işlər aparılırdı: "Əmanətləri banklarda olan insanların haqlı olaraq narazılıqları vardı. Çünki əmanətlərini dövlət sığortası olan banklarda yerləşdirmişdilər. Bu banklar müflis olandan sonra onların yarıtmaz işinin cəzasını insanlar ödəməli deyildi. Prezident İlham Əliyev bir müddət əvvəl problemli kreditlərlə əlaqəli məsələni həll etmişdi, amma əmanətlərlə bağlı problem qalmışdı. Ona görə məsələnin həlli üçün bir neçə dəfə ölkə başçısına müxtəlif təkliflərlə müraciət etdik. Nəhayət ki, prezidentimizin sosial yönümlü apardığı islahatların nəticəsi olaraq bu məsələyə də çarə tapıldı. Təbii ki, bu addımın müsbət tərəfləri çoxdur. Qeyd edim ki, banklar müflis olmamışdan əvvəl sığortalanan əmanətlər 30 min manat idi. Həmin dövrdə dolların kursu 0.78 qəpik idi və dollar manatdan aşağı olduğu üçün insanlar rahatlıqla pul qoya bilirdilər. Devalvasiyadan sonra manatın kursu 1.60, 1.70-ə qalxan kimi sığortalanan əmanətlər qaytarılanda, 0.78 ilə qoyulmuşlar 1.60-1.65 ilə hesablandı və insanların sığortalanmış əmanətlərinin yarı nisbəti, yəni 10 min dollara qədər olan əmanəti sığortadan kənar qaldı. Bu isə ədalətsizlik idi. Ona görə də hazırda atılan bu addımı həmin insanlara qarşı ədalətin bərpa olunması kimi qiymətləndirmək olar”.

B.Abbasov əmanətləri qaytarılacaq şəxslərin say məsələsinə də toxundu: "Verilən yeni qərar say etibarı ilə bir çox insana şamil edilir. Konkret saya gəlincə isə, məsələn, "Atra Bank"da 882 nəfər ilkin olaraq siyahıya salınıb. Ödəniləcək ümumi məbləğ isə təqribən 1 milyon 270 min manatdır. Amma ölkə üzrə ümumi olaraq 52 min əmanətçi var ki, onların əmanətlərinin qaytarılması planlaşdırılır. Biz yenə də bu sosial addımı yüksək qiymətləndiririk və bu addımın davam etdirilməsi üçün çalışırıq. Çünki əmanətləri 10 min dollardan yuxarı olan vətəndaşlarımız da var və onlar say etibarı ilə kifayət qədər çoxdurlar. Düşünürük ki, belə bir addım atılıb, bunu yarımçıq saxlamaq olmaz. Zamanla maddi vəziyyətimiz yaxşılaşdıqca və imkan yarandıqca, digər insanların da əmanətlərinin qaytarılması istiqamətində yəqin ki, ölkə başçısı da müəyyən qərarlar verəcək. Amma paralel olaraq ADIF də bu sahədə müəyyən işlər görür. Biz həmin qurum ilə sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu əməkdaşlıq nəticəsində bəzi məsələlər öz həllini tapacaq”.

İqtisadçı Vüqar Bayramov da məsələ ilə bağlı fikir bildirib. O qeyd edib ki, gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər: "Yəni, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq. Belə ki, Əmanətlərin Sığortalaması Fondu Bakı Apelyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. Qeyd edək ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq. Qeyd edək ki, müflisləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan bankalarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətlərin Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq. Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq. Qeyd edək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir”.

İqtisadçı Pərviz Heydərov qeyd edir ki, atılan addım əhali arasında banklara olan güvəni artıracaq: "Bu addımın əsası ondan ibarətdir ki, əhalinin bank sektoruna inamının daha sürətli şəkildə bərpa olunmasına ciddi töhfə verəcək. Hazırda ölkəmizdə bank sektorunu tam sağlam vəziyyətdə olduğunu hesab etmək olmaz. Bir neçə il əvvəl, 2015-2016-cı illərə təsadüf edən iqtisadi böhran nəticəsində bank sektoru iflic vəziyyətə düşdü, problemli kreditlərin həcmi sürətlə artdı. Amma son dönəmlər prezident İlham Əliyevin həyata keçirdiyi islahat nəticəsində banklar bir növ süni nəfəs aparatından qurtuldu. Yəni, hazırda bank sistemimiz tam sağlam vəziyyətdə hesab edilməsə də, amma illər əvvəl düşdüyü böhrandan çıxmış hesab edilir. Belə bir məqamda əhalinin müflisləşən banklarda sığortalanmayan əmanətlərinin də qaytarılması olduqca müsbət haldır. Əslində, dövlətin elə bir öhdəliyi yoxdur ki, sığortalanmayan əmanətləri qaytarsın. Bunu nə nəzəri, nə də təcrübi cəhətdən tələb etmək mümkün deyil. Çünki dövlət əvvəlcədən şərtlər qoyur ki, müəyyən faizlərlə həm dollar, həm də manat əmanətlərini sığortalayıram və onların öhdəliyini daşıyır. Amma sığortalanmayan əmanətlərə görə bir öhdəliyi yoxdur. İstənilən halda dövlətin sığortalanmayan əmanətləri də qaytarması çox təqdirəlayiq haldır”.

Günel Azadə
banner

Oxşar Xəbərlər