• cümə, 19 Aprel, 13:39
  • Baku Bakı 25°C

Sığorta bazarına “barışıq sazişi” bağlayacaq mediatorlar gəlir

08.05.18 10:00 802
Sığorta bazarına “barışıq sazişi” bağlayacaq mediatorlar gəlir
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçılarla sığortalılar arasında mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, birliyin digər nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, o cümlədən, mübahisələrin məhkəmədən kənar həllini həyata keçirməyi nəzərdə tutan mediasiya şirkətinin nümayəndələri iştirak edib. Görüşdə sığorta mübahisələrinin məhkəmədən kənar həlli sistemi ilə bağlı sığorta şirkətləri üçün təqdimat edilib, daha sonra geniş müzakirə aparılıb. Mediator şirkətin təklif etdiyi həll üsulu ilə sığorta mübahisələrinin operativ qaydada - bir gün ərzində həlli nəzərdə tutulub. Mürəkkəb və xüsusi araşdırma tələb edilən hallarda bu müddət 30 günə qədər uzadıla bilər. Belə ki təklif edilən həll mexanizmi sığorta mübahisəsinin həlli istiqamətində mediator şirkətə müraciət edilən zaman mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə, "Barışıq sazişi”nin bağlanması, sistemin fəaliyyətində növbəti addım olaraq müəyyən edilib.
Yekunda sığortaçılar arasında mediasiya sisteminin müəyyən müddət ərzində pilot layihə olaraq həyata keçirilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, mediasiyadan beynəlxalq təcrübədə sığorta mübahisələrinin həllində çox geniş şəkildə istifadə edilir. Mediasiya sisteminin mahiyyətini və sığorta bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Hüquq sahəsi üzrə sığorta eksperti İlkin İbrahimovdeyir ki, bu təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bitərəf mövqe tutmağa çalışır, amma bu, mümkün deyil: "Mediasiya sistemi odur ki, vətəndaşla sığortaçı şirkət arasındakı anlaşmazlıqları həll etmək üçün bir neçə müstəqil ekspert dəvət edilir və onlar məsələni araşdırıb tərəflər arasında "barışıq sazişi” əldə olunmasına nail olurlar. Bu mediasiya sistemi ilə bağlı mən öz mövqeyimi bildirmişdim ki, Azərbaycan Sığortaçılar Assosiasiyası burada bitərəf mövqe tutmağa çalışır. Amma əslində bu, hüquqi baxımdan mümkün deyil. Çünki ASA adından da göründüyü kimi birbaşa sığortaçıların mənafeyini qoruyan qurumdur. Bu qurumda ancaq sığorta işçiləri təmsil olunur. Başqa bitərəf adamlar yoxdur. ASA bu sahədə yaranmış problemi həll etmək üçün müstəqil sığorta ekspertini dəvət edir. O isə müştərinin şikayətinə baxıb, məsələni araşdırır. Əgər burada problem aşkarlanarsa, bu zaman digər tərəfi, yəni sığorta şirkətinin nümayəndəsini dəvət edib görüşürlər. Hər iki tərəflə görüşdükdən sonra ortaq razılıq əldə olunur. Ortaq razılıq da odur ki, nə sığorta şirkətinin, nə də müştərinin dediyi məbləğ olur. Burada ortaq məbləğ çıxarılır. Əgər həqiqəti demək lazımdırsa, bu, sığorta şirkətinə daha çox sərf edir. Çünki onsuz da, hazırda bir çox sığorta şirkətləri qiymət kəsiminə gedirlər. Yəni onlar sığorta ödənişi edirlərsə, 20-30 faiz qeyri-rəsmi kəsim edirlər. Ona görə də, bu addım daha çox şirkətlərin, mənafeyinə xidmət edir, nəinki vətəndaşların. Düşünürəm ki, bu sahədə bir sıra problemlər yaranacaq. Ona görə ki, bəzi şirkətlər ödəmədən süni olaraq imtina verməyə başlayacaqlar. Bu da müştərinin ziyanına işləyəcək”.
Ekspert məsələnin başqa bir həlli yolunu təklif edir: "Əlbəttə ki, bu məsələnin həlli yolu vardır. Bu işləri ASA deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası şəffaf və mərkəzçi mövqe tutmaqla, öz tərkibində həll edə bilər”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyliqeyd edir ki, bu gün sığorta bazarındakı ən böyük problemlərdən biri də müştərilərin sığorta şirkətinə etimadsızlığıdır: "Mediasiya sistemindən istifadədə əsas məqsəd sığorta sahəsində yaranmış problemlərin qısa müddətdə ədalətli şəkildə həll olunmasına nail olmaqdır. Biz düşünürük ki, bu gün sığorta bazarının ən böyük problemlərindən biri insanlarda olan müəyyən etimadsızlıq və narazılıqlardır. Bunun səbəbi isə bu sahədə yaranmış problemlərin həllinin uzun çəkməsidir. Çünki məhkəmələrə gedən işin həll olunması üçün təxminən bir ilə yaxın vaxt tələb olunur. Ona görə də, xaricdə geniş istifadə edilən bu sistemin tətbiqini ölkəmizdə həyata keçirmək istəyirik. Əlbəttə ki, bunun bazara müsbət nəticələri gözlənilir. Çünki bu sistemin tətbiqi ilə xırda problemlərin həlli bir gün, ciddi məsələlərin həlli isə bir həftə, on gün, ən çox isə bir ay çəkə bilər. Mediatorun işi isə tərəflərlə görüşüb, məsələnin həlli yollarını müzakirə edib, onları "barışıq sazişi” imzalamağa razı salmaqdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər