• çərşənbə axşamı, 19 mart, 12:10
  • Baku Bakı 8°C

Sığorta amnistiyası alqışlanır

21.02.18 10:30 670
Sığorta amnistiyası alqışlanır
Prezident İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.
Prezident İlham Əliyev tərəfindən MM-ə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib. Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Bundan başqa, sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:
- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;
- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;
- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;
Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.
Qanun layihəsinin məqsədini, sahibkarlığın inkişafına və sığorta bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qanun layihəsini müsbət qiymətləndirdiyini bildirdi: "Bu qanun layihəsini sığorta amnistiyası adlandırıram. Çünki bununla ölkəmizdə sığorta sahəsində olan bir sıra problemlər öz həllini tapacaq. Bilirsiniz ki, 2006-cı ilin yanvarında pensiya təminatı haqqında qanun qəbul etmişik. Bu qanuna uyğun olaraq da pensiyanın verilməsi üçün sığorta hissəsi müəyyən edilib. Və əmək haqqından sığortaya vəsait ayrılaraq pensiyalar təmin olunur. Amma 2006-cı ilin yanvarın 1-nə qədər işəgötürənlərin, xüsusilə də iri şirkətlərin böyük sığorta borcları var idi. Cənab prezident bütün bu məsələləri nəzər alaraq, sığorta amnistiyası haqqında qanunu Milli Məclisə göndərdi. Bu, çox ciddi bir qanun layihəsidir. Bu layihə sığorta bazarını müəyyən qədər stabilləşdirəcək, maliyyə bazarında müəyyən inkişafa səbəb olacaq. O cümlədən işəgötürənlərin sığortanı vaxtında ödəmələri üçün şərait yaradacaq. Burada əsas məqsəd dövlət büdcəsinə ödəmələrin artırılmasıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevqeyd edir ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi sahibkarlığın inkişafına dəstək və əlverişli sosial sığorta mühitinin stimullaşdırılması məqsədinə yönəlib: "Yeni qanun layihəsində son 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam silinməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib. Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi, hazırlanan yeni qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıyır. O cümlədən hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir”.
Şöbə müdiri bildirir ki, belə bir qanun layihəsinə ehtiyac vardı: "Son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması prioritet məsələlərdən idi. Həmçinin əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac var. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun aparılan islahat tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırıb”.
Müsahibimiz bildirdi ki, bu qanun layihəsi əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq: ""Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcəkdir. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək. Həmçinin belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaqdır”.
"Dövlət Sosial Müdafiə Fondunun hesablarında uzun müddətdir yığılıb qalan borclar var” deyən iqtisadçı ekspert Rəşad Həsənovbildirir ki, həmin borclar həm fiziki, həm də hüquqi şəxslərə məxsusdur: "Bu borclar dövlət büdcəsinin hesablanması zamanı müəyyən çətinliklər yaradır. Həmçinin sahibkarlar üzərində əlavə təzyiq vasitələrindən birinə çevrilib. Bunlar demək olar ki, ödənilməsinə ümid olmayan borclardır. Düşünürəm ki, bu borcların silinməsi yerində və doğru atılmış bir addımdır. 2006-cı ildən 2015-ci ilə qədər yaranmış borclar üçün isə sadəcə sanksiyaların silinməsi təklif edilib. Burada isə müəyyən tələb var. Və bu sosial sığorta yığımlarını təşviq edəcək. Bundan başqa əvvəlki illərdən qalan penya borclarının bir qismi dövlət büdcəsinə qaytarılacaq. Digər tərəfdən isə sahibkarın öz borc tarixçəsini təmizləməsinə imkan verəcək. Qanun layihəsi nəticə etibarilə sahibkarların üzərində maliyyə yükünün azalmasına və dövlət qurumları ilə daha sağlam münasibətlərin yaranmasına səbəb olacaqdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər