• cümə axşamı, 25 aprel, 15:35
  • Baku Bakı 23°C

“Şindlerin fabriki”nə səyahət - Fotolar

09.05.18 10:00 1114
“Şindlerin fabriki”nə səyahət - Fotolar
Polşanın Krakov şəhərinə səfər edən turistlər bu qədim və heyrətamiz şəhərin tarixi məkanları içərisində məşhur "Şindlerin fabriki”nə səfər etməyə tələsirlər. Turistik marşruta daxil olan fabrik şəhərdən nisbətən kənar ərazidə - keçmiş Gettoda, Şindler fabrikinin real sexlərinin birində yerləşir. İndi həmin fabrik ziyarətçilərin ən çox baş çəkdiyi muzeyə çevrilib. Üzərində "Şindlerin fabriki”, "Getto”, "Yəhudi məhəlləsi” yazılan balaca turist avtobusları ziyarətçiləri gün boyu həmin ünvana daşıyır. Həftədə bir dəfə ziyarətçilər üçün giriş pulsuz olan muzeyə həftənin qalan günləri böyüklər bilet üçün 5, kiçiklər üçün 3 avro ödəmək lazım gəlir. Muzeyin qarşısında uzun-uzadı növbədə gözləmək tələb olunur, çünki insanları içəri sayla buraxırlar.

Fabrikin tarixi Stiven Spilberqin "Şindlerin siyahısı” filmi ekranlara çıxandan sonra dünyaca məşhurlaşıb. Avstraliyalı yazıçı Tomas Kenillinin «Şindlerin gəmisi» povesti əsasında ekranlaşdırılan film isə ən çox gəlir gətirən filmə çevrilib.

Turistlər üçün fabrikə ekskursiya o qədər ürəkaçan olmasa da, İkinci Dünya müharibəsi kimi dəhşətli davaya şahidlik edən fabriki görmək, turistlərin tarixi xatırlamaq istəyidir.

Fabrikin qapısından daxil olan kimi müharibə illərinin real mənzərəsi ilə üzləşirsən. Baxmayaraq ki, fabrikin sahibi Oskar Şindlerin tarixçəsi optimistdir, amma onun çox dəhşətli və kədərli notları var. Qadınların sevimlisi və alman kəşfiyyatçılarının dostunun müəssisəsində 1200 yəhudi nəinki çalışıb, həm də onların həyatı xilas olub. Elə buna görə də, Şindleri "Dünya xalqlarının mömini” adlandırıblar.

Fabrikə daxil olan turistləri, pillələri qalxdıqca və otaqları gəzdikcə divarlarda yer alan müharibə səhnələrini əks etdirən fotolar və vahiməli silah səsləri qarşılayır. İnsan özünü sanki qorxulu filmlərin səhnəsini seyr edən tamaşaçı kimi hiss edir. Fabrikin hər guşəsi isə müharibənin dəhşətlərindən danışır...

Fabrikdə yerləşən çox da böyük olmayan salonda turistlər "Şindlerin fabriki”nin tarixini izləyir və müharibənin insan həyatında gətirdiyi fəlakətlərin, həmçinin insan humanizminin şahidi olurlar.
Şindlerin yəhudiləri
Fabrikin tarixçəsi metal qabların istehsalı üçün fəaliyyət göstərən «Rekord» zavodundan başlayır. Müəssisə 1937-ci ildə yəhudi sənayeçiləri İsrail Kohn, Volff Luzer Gleitman və Maykl Qutman tərəfindən pirinç və qalay məhsulları istehsalı üçün təsis edilib. 1939-cu ildən isə fabrikdə alman istehsalçısı Oskar Şindler emallı qablar istehsal edir və satırdı. Fabrik «Emailwarenfabrik (DEF)» adlanırdı.

Faşistlər Polşanı işğal etdikdən sonra Oskar Şindler NSDAP-a (Nasional Sosialist Alman Fəhlə Partiyası) qoşulur. Bir qədər pul topladıqdan sonra Oskar əvvəllər yəhudi sahibkara məxsus olan metal qabların istehsal olunduğu fabriklərdən birini alır. Krakov şəhərində yerləşən fabrik "Deutsch Emailwaren Fabrik” adını alır və ilk vaxtlarda Oskarın öhdəliyində 100 nəfər çalışır. Şindlerin müəssisəsi getdikcə dirçəlməyə başlayır. Həmin ərəfələrdə də Şindlerin Hitler siyasətinə baxışları dəyişir. 1942-ci ildə ordu nəzarətçiləri fabrik ərazisinə yerləşdirilir. Oskar Şindler fabrikdə öz qaydalarını irəli sürür və var gücü ilə yəhudilərə kömək etməyə çalışırdı. Fabrikdə yəhudi fəhlələr işləyirdi ki, onlar hər gün Krakov gettosundan gətirilirdi. Oskar Şindlerin cəhdləri nəticəsində gettoda yaşayan fabrikin bütün fəhlələri müəssisənin ərazisindəki baraklarda yerləşdirilir. Şindlerin fabriki artilleriya mərmiləri üçün detallar istehsal edirdi. Yalnız bu, yəhudiləri faşistlərin qurbanı olmaqdan xilas edə bilərdi. Ancaq Şindler qəsdən zay sursat istehsal edirdi. Şindlerin yəhudilərə yardım etməsi haqda informasiya ətraflara da yayılmağa başlayır. Sahibkar rüşvətə əl ataraq bir çox yüksək rütbəli məmurlarla münasibət qurmağa çalışır. Bəzən rüşvət az olduğundan, Şindler həbsxanaya düşməli olur, lakin hər dəfə bir yolla həbsdən çıxmağa imkan tapır.

1943-cü ildə Krakov gettosunun ləğvindən sonra yəhudi fəhlələr Plaszov düşərgəsinə köçürülür. Şindler əsgərlərin yəhudiləri toplayıb həmin düşərgəyə daşıma proseslərinin şahidi olur. Sahibkar onun üçün çalışan bir çox yəhudinin öldürülmə səhnəsini görüb dəhşətə gəlir. Nasistlər gettoda yaşayan 17000 əsirdən 14000-ini Belzec ölüm düşərgəsinə yollayırlar. Şindler tərəfindən Holokost qurbanı olmaqdan yayınan yəhudilər sonradan "Şindlerin yəhudiləri” adını alırlar. Sahibkar "Şindlerin yəhudiləri” (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün əsil şücaət göstərir. O, DEF-də çalışan yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara əl atır. Plaszovun komandanı Amon Göth ilə 700 yəhudinin yaxınlıqdakı bir fabrikə köçürülməsi barədə razılıq əldə edir, beləliklə, onlara, alman gözətçilərinin yarada biləcəyi təhlükədən uzaqlaşmaları üçün şərait yaradır.

Şindler mühasibinin məsləhəti ilə ölüm düşərgəsinə məhkum olmuş yəhudiləri nasistlərdən ucuz qiymətə almağa müvəffəq olur. Sovet qoşunları Polşaya yaxınlaşanda nasistlər geri çəkilərək düşərgələrdəki minlərlə insanı məhv etməyə başlayır. Şindler də öz müəssisəsini və işçilərini Berlin şəhərinə köçürür... Elə bu zamandan etibarən əfsanəvi "Şindlerin siyahısı” tərtib olunmağa başlanır.

Müharibədən sonra "Şindler fabriki” Polşa dövlətinin mülkiyyətinə çevrilir və işləməyə davam edib. 2005-ci ildən fabrik Krakov şəhər bələdiyyəsinə aiddir.

"1939-1945-ci illər işğal dövründə Krakov”
2007-ci ildə inzibati binanın Krakov tarixi muzeyinə köçürülməsi haqqında qərar verilib. Burada Krakov tarixinin işğal müddəti - "1939-1945-ci illər işğal dövründə Krakov” adı altında daimi bir sərgi təşkil edilib. Sərgi bir neçə hissədən ibarətdir: 1939-cu ildə müharibə, Krakovun Baş Qərargahın inzibati mərkəzi, işğal zamanı əhalinin gündəlik həyatı, Krakov yəhudilərinin taleyi, Polşa yeraltı dövləti, Şindler zavodunun tarixi və Oskar Şindlerin həyat hekayəsi... Sərgi Polşa və xarici kolleksiyaçıların tarixi, foto və arxiv sənədləri əsasında qurulur. Sonradan Şindler fabriki ayrıca muzey kimi fəaliyyətə başlayır. Muzey 10 iyun 2010-cu ildə istifadəyə verilir. Muzeyin ekspozisiyası müharibə vaxtı faşist işğalçılarının Polşanı işğal edərkən törətdikləri vəhşiliklərdən bəhs edir.

Ekspozisiyalarda müharibəyə qədərki dövrün foto və şəkilləri, alman işğalı zamanı ilə bağlı sənədlər, predmetlər, əsir düşərgələrində alman faşistlərinin qeyri-insani şəraitdə saxladıqları əsirlər haqqında materiallar nümayiş olunur. Muzeyin bu hissəsində nasistlərin böyük paradlarında istifadə olunan posterləri, simvolik nasist qılıncları, avtomat və tapançaları, 3-cü Reyxin bayraqları, nasist zabitlərinin hərbi geyimlərini görmək mümkündür. Ayrıca bir salonda Şindlerin xilas etdiyi insanların adları və onların xatirələri yer alıb. Həmçinin audiobələdçi vasitəsilə müxtəlif dillərdə, o cümlədən rus dilində məlumat əldə etmək olur.

Şindlerin kabinetində stul, iş masası və üzərindəki əşyalar məşhur sahibkarın gündəlik işindən söhbət açır. Kabinetdə olan bütün əşyalar isə orijinaldır. Masanın arxasında Avropanın böyük xəritəsi yer alıb. Qazanlardan düzəldilmiş müasir incəsənət nümunəsinin içərisindəki dairəvi lövhədə isə Şindlerin xilas etdiyi yəhudilərin adları yazılıb.
"Şindlerin siyahısı”
2010-cu ildə fəaliyyətə başlayan Şindler fabrikinin muzeyi – müasir muzeydir. Şindlerin məşhur siyahısı da divarda yer alıb. Araşdırmalara görə, sahibkar tərəfindən tərtib olunan 7 siyahı mövcuddur ki, onlar bir-birindən fərqlənir. Siyahıların 4-ü ABŞ, Almaniya və İsrail muzeylərində 5-ci isə şəxsi əllərdə saxlanılır. O, auksiona qoyulsa da, satılıb-satılmadığı məlum deyil. Daha iki siyahı isə haradasa it-bata düşüb. 1999-cu ildə bir vaxtlar Şindlerin dostlarına aid olan bir evin tavanında tapılan bir çantada, Oskar Şindlerə aid 7000 sənəd və şəkillər tapılıb. "Stuttgarter Zeitung” qəzeti çantanın içindəkiləri incələyərək orijinal sənədləri İsraildə olan Holokost muzeyinə, surətlərini isə Şindlerin həyat yoldaşı Emilie Şindlerə göndərib. Bu sənədlər arasında Şindlerin xilas etdiyi insanların siyahısı və "yəhudilərini” buraxmazdan öncə etdiyi çıxış yer alıb. Emilieyə daha sonra 25.000 avro mükafat göndərilib.

Tarixçi alim Krounun iddiasına görə, əslində heç bir "Şindlerin siyahısı” olmayıb. Belə ki, 1944-cü ildə siyahı tərtib olunan vaxt Şindler qəddar esesçi Amon Heteyə rüşvət verdiyi üçün həbsxanada olub. Onun mühasibi isə 1944-cü ilə kimi ümumiyyətlə Şindlerin müəssisəsində çalışmayıb. Krounun yazdığına görə, 9 siyahı mövcud olub. İlk dörd siyahı Marsel Qoldberq tərəfindən hazırlanıb. Qoldberq Almaniyanın Müqavimət Hərəkatının məxfi polisi olub. Şindler özü bu siyahıya bir neçə adamın adını daxil edib. Yerdə qalan 5 siyahının kim tərəfindən hazırlanması isə məlum deyil.

Şindlerin arvadı həyatının sonunda yazdığı "Mən, Emiliya Şindler” kitabında ölüm düşərgəsinin məhkumlarının bu siyahıya pul, ya da qiymətli daşlar müqabilində düşdüyünü yazıb. Şindler polis zabiti Marsel Qoldbreqlə "qəniməti” bölüşüb. Krou "İsraillilər Şindlerə 1993-cü ildə "mömin” titulunu verib” qeydini də edib. Elə həmin ildə də Spilberqin "Şindlerin siyahısı” filminin çəkilişləri üçün Emili Şindler İsrailə yollanıb. Nəticədə həyat yoldaşının – yəhudilərin xilaskarının adını əbədiləşdirəcək, filminin rejissorunun " qanlı pullar” dediyi böyük miqdarda qonorardan imtina etdiyi ekran əsərinin yaranmasına yardımçı olub.

İndi Polşada müharibənin dəhşətlərindən söz düşəndə insan humanizmi də xatırlanır – Şindlerin yəhudilərin xilası üçün çabasını ədalət nümunəsi kimi xatırlayırlar. Müharibəyə, ölümə nifrət edənlər həmin humanizmin izlərini görmək üçün "Şindlerin fabriki”nə axışır....
Təranə Məhərrəmova
Krakov-Bakı



banner

Oxşar Xəbərlər