• cümə, 19 Aprel, 12:13
  • Baku Bakı 25°C

Simurq taleli qəhrəman

25.06.15 11:49 4133
Simurq taleli qəhrəman
“Döyüşü, mübarizəni çox sevirəm. Çünki bu döyüşdü, mübarizədi məni ölməyə, dərdin-kədərin əlindən dəli olmağa qoymayan. Mən mübarizə aparmağa məhkumam. Çünki bu mübarizənin sonunda mütləq qələbə görürəm. Qələbə isə mənə sevdiklərimi qaytaracaq. Qarabağımızı, bir də sizi.
Mənim əzizlərim, hələlik! Görüşənədək!”

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bu sözləri özündən sonra doğmalarının, əzizlərinin, döyüş dostlarının dilinin əzbərinə çevrildi. Onu Qarabağ savaşının minlərlə qəhrəmanı arasında özünün qeyri-adiliyi, fenomenal qabiliyyəti, biliyi, qəhrəmanlığı, qorxmazlığı ilə tanıyırdılar. Qəhrəmanlıqla dolu həyat yaşayan bu cavan cəmi 25 il ömür sürdü.
Hər şey necə də yaxşı idi...
Səfiyar Behbudov 1967-ci il iyunun 14-də Bərdənin Mollalı kəndində dünyaya gəlib. Sonradan ailələri Bərdə şəhərinə köçüb. Mollalı kəndi Behbudovlar nəslinin ulu babalarının adını daşıyır. 1975-ci ildə Bərdə şəhər 6 saylı orta məktəbin birinci sinfinə gedən Səfiyar 1985-ci ildə məktəbi bitirir. Qəhrəman uşaqlığını xatarlayaraq deyərdi: “Deyirlər qeyri-adi uşaqlığım olub. Mən elə hesab etmirəm. Yüzlərdən, minlərdən biri olmuşam məncə. Hə, onunla razıyam ki, maraqlı, maraqlı olduğu qədər də özünəməxsus uşaqlıq dövrü keçirmişəm. Sonradan ailəmiz Bərdənin özünə köçsə də, həm kənddə doğulduğumdan, həm də orada qohumlarımız yaşadığından uşaqlığım həm Bərdə, həm də Mollalı ilə çox bağlı olub. Hər yay-qış tətillərində Mollalıya gedirdim. Orada keçirdiyim günlər həyatımın ən şirin, unudulmaz anlarıdır. Kənd həyatı, mal-qara, uzaq-yaxın qohumlarım, uşaqlar, qonşular. Hər şey necə də yaxşı idi...”
S.Behbudov 1985-87-ci illərdə Macarıstanda hərbi xidmət keçir. Hərbi xidmətdən döndükdən sonra Bərdədə fəaliyyət göstərən peşə məktəbinin ticarət kursunu bitirir. Daha sonra Xankəndində hərbi toplantıda iştirak edərək, kiçik leytenant rütbəsi alır.
S.Behbudov 1988-ci ildə başlayan xalq hərəkatının fəal iştirakçılarından olub. Bu baxımdan Səfiyar haqqında danışanların hamısı onun qəhrəmanlığı ilə yanaşı, qeyri-adi zəkası və dünyagörüşündən də danışmağı özlərinə borc bilirlər. Hələ Azərbaycan SSRİ-nin tərkibində olduğu vaxtlarda Səfiyarın müstəqil Azərbaycanı öz təsəvvürlərində nəinki canlandırması, həm də o müstəqilliyə can atması, onun üçün həm biliyini, həm savadını, həm də əzmini sərf etməsi bütün vətənpərvərlər üçün bir nümunədir.
O vaxtlar Azərbaycanın həqiqi tarixi haqqında çoxlarının məlumatı az idi. Səfiyar isə arxivlərdən Azərbaycanın, qədim Bərdənin tarixi haqqında məlumatlar toplayır, tarixi abidələrlə yaxından maraqlanırdı. Topladığı məlumatlar əsasında təsəvvüründə canlandırdığı qədim Bərdənin görüntülərinin rəsmini çəkirmiş. Daha sonra Səfiyar müəllimi ilə birlikdə qədim Bərdənin nəhəng maketini hazırlayıbmış. Hazırda həmin maket onun adını daşıyan Bərdə şəhər 6 saylı orta məktəbində saxlanılır.
1988-89-cu illərdə Səfiyar ətrafına özü kimi vətənpərvər gəncləri də yığaraq, “Soy” Demokratik Gənclər Təşkilatı qurur və rayondakı Mədəniyyət Sarayının binasında onlar üçün ayrılan otaqda fəaliyyət göstərirlər.
Onu diri-diri yandırırlar
Qarabağ müharibəsi başlayan gündən S.Behbudov cəbhənin müxtəlif bölgələrində döyüşlərdə iştirak edir. Sonradan Elçin Əliyevin komandiri olduğu özünümüdafiə taborunda taqım komandiri kimi xidmətə başlayır.
Hələ silah olmadığı bir vaxtlarda Səfiyar gəncləri başına toplayaraq, Ağdam – Əsgəran istiqamətində ermənilərlə az qala əlbəyaxa döyüşlərə girir. Sonralar o, könüllülər dəstəsinə qoşularaq, Tərtər, Ağdərə, Şuşa, Əsgəran, Goranboy istiqamətlərində gedən döyüşlərdə iştirak edir. O, Bərdənin özünümüdafiə batalyonunun yaranması, formalaşması və ərsəyə gəlməsi üçün əlindən gələni əsirgəməmişdi. Ruslardan alınan texnika, silah-sursatdan tutmuş gənclərin bura cəlb olunmasına, siyahıya alınmasına qədər bütün işlərdə yaxından iştirak etmişdi. Bu bacarığına görə onu taqım komandiri təyin etmişdilər.
S.Behbudov dəfələrlə Ağdam, Laçın və digər bölgələrdə döyüşlərdə iştirak etmişdi. O vaxtlar harada qızğın döyüş gedirdisə, onun sorağını həmin yerlərdən almaq mümkün idi.
1992-ci il mart ayının 11-də qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək, oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək, düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsi ilə qarşılaşsa da, geri çəkilmir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçü düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq, üzərinə neft töküb yandırırlar.
Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis Şöbəsinin köməkliyi ilə almaq olur.
“Qarabağ döyüşlərinə qatılmağımı həyatımın hansısa ayrıca, xüsusi bir mərhələsi hesab etmirəm. Çünki bu döyüşlər Azərbaycanımızın müstəqilliyinə, azadlığına həmin vaxta qədər sadə bir insan kimi verə bildiyim payların davamı idi” - deyə qəhrəman bildirirdi. “Həmişə inanmışam ki, bu məmləkət son qarış torpağına qədər azad olunmayınca kimsəyə sakit həyat yoxdur. Qurtuluş gününə qədər burada heç kim heç nədən ürəyi istəyən kimi zövq ala bilməyəcək. Əgər əlimizi ürəyimizin üstünə qoyub: “Qarabağsız Azərbaycan ola bilməz”- deyiriksə, hamıya da əl içi kimi aydındırsa ki, düşmən basılmayınca Azərbaycana ağ gün yoxdur, o zaman məni bu savaşdan kim saxlaya bilərdi? Mən bilirdim ki, Qarabağ uğrunda döyüşlərə atılmasaq, canımız xəcalətdən, üzüqaralıqdan qurtulmayacaq. Bu mənada mənim üçün Qarabağ döyüşü hər kəsin öz döyüşü olmalı idi. Mən bu döyüşü öz döyüşümdən qəbul edənlərdən biri oldum”,- deyə qəhrəman bildirirdi.
Kiçik leytenant S.Behbudova ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Qəhrəmanın “Qızıl ulduz” medalı Ali Baş Komandan Heydər Əliyev tərəfindən anası Gülayə xanıma təqdim edilir. Gülayə ana: “Biz şəhid anaları, valideynləri inanırıq ki, torpaqlarımız qayıdacaq. Allah o günü bizə qismət eləsin. Gün o gün olsun, qələbə bayramına yığışaq!”,- deyə titrək səslə deyir...
Vətən fədaisi
“Səfiyar Vətən uğrunda getdi, şəhid oldu, özünə iz qoydu. Bu, gələcək nəsillər, gənclər üçün bir örnək oldu. Vətəni sevməyi bizə öyrətdi. Vətən uğrunda ölməyi gələcək nəsilə öyrətdi. Bizim nəsil, bizim ailə fəxr edir ki, Səfiyar torpaq, Vətən uğrunda şəhid olub. Bu, hər adama, hər bir gəncə qismət olmur”, - deyə qardaşı Kamal Behdudov təsəlli tapır.
“Səfiyarın qeyri-adi uşaqlığı var idi. Uşaqlıqdan həmyaşıdlarından, həm də ailədəki qardaş-bacılarından fərqlənirdi. Çox dərrakəli, düşüncəli idi, yaşından böyük düşünürdü”,- deyə bacısı Naibə Behbudova xatırlayır: “Anam dedi ki, gəl otur, sən də başqaları kimi ailə qur. Deyirdi ki, elə bil məni həyata gətirməmisən. Mən bu həyatda sizin üçün yox, Vətən üçün doğulmuşam. Həqiqətən də o söz anamın ürəyində qalırdı. O bizə deyirdi ki, siz mənim sözlərimi sonra başa düşəcəksiniz. Həqiqətən də onun sözləri kəlmə-kəlmə yadıma düşdükcə mənası mənə indi aydın olur”.
“Səfiyar Behbudov bədən cəhətdən çox cüssəli olmasa da, həmişə cəsarətli addım atırdı”,- deyə Mollalı kənd məktəbinin müəllimi Vahid Qaraşov xatırlayır: “O, sözün həqiqi mənasında bir yerdə dayanan adam deyildi, Vətən fədaisi idi. O kənd sənin, bu kənd mənim, daim bu adam təşkilatlanma sahəsində, əhalinin ermənilərə qarşı mübarizəsi, “Daşnaksütyun” partiyasına qarşı mübarizə haqqında gözəl söhbətlər edirdi. Çox məlumatlı idi. Həddən artıq Vətən vurğunu idi”.
“Səfiyar üç rəngdə parça almışdı və onlardan öz əl tikişi ilə üçrəngli bayraq düzəltmişdi”,- deyə yaxın qohumu Camal Aşurov Milli Qəhrəmanı qeyri-adi insan kimi yada salır: “Allah-təala ondan heç nəyi əsirgəməmişdi. O, gözəl rəssam, memar, dülgər idi, hərbçi idi. Mən ali təhsilli zabit ola-ola hərbi işi onun qədər bilmirdim. Gözəl insan idi. Namuslu, qeyrətli idi. O, Vətən torpağını hər şeydən üstün tuturdu. “Torpaq namusumuz, qeyrətimizdir. Biz vətənimizi, torpağımızı qorumasaq, anamızı-bacımızı kim qoruyacaq?” - deyirdi.
S.Behbudovu - “Göylər özünün qəribə ənginliyi ilə həmişə məni özünə çəkib” - deyən qəhrəmanı Simurq quşuna bənzədirdilər. Sevdiyi insanlara, darda qalan Vətən torpağının harayına çatan qəhrəman elə nağıllardakı kimi Simurq taleyi yaşadı...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər