AZE | RUS | ENG |


SİMPOZİUM

SİMPOZİUM
MİLORAD PAVİÇ

Payızın qızğın vaxtı.
Sobanın borusuna yarpaq
və quş yuvaları doluşub.
İstədiyiniz oldu –
karetanın qapılarını ayırdılar bizim qapılardan.
Bundan sonra kirlənmiş şüşə qablarda
ay işığını yeyəcəyik.
Kiçik bağda meyvələrin
və yarpaqların kölgəsi ayaqyalın qaçır.
Gözəl, amma kirli əllər günəş işığı ilə
dovşan qanını birgə tökür fincana.
 
İstədiyiniz oldu,
lakin mən tovuzquşu lələyi ilə
 üzüm salxımı götürmədim.
 
Qəlbimdə baş daşlarının altından
çaylar axan qəbirstanlıq var.
Ağzım küllə doludur,
əlimdəki çörək düşdü tonqala.
Quşlar yuxularının gözləri ilə
 
dimdikləyir qulaqlarımı.
 
Sevginin müdhiş şirinliyi
mənim daxilimə təslim olmur.
 
Yayda quşları öldürən
və döşəməsində ağac yetişən
 kilsədə şamları söndürən qız…
 
Qırmızı geyinən müqəddəslər üzü günəşə çıxdılar.
Hərdən elə vahiməlidirlər ki...
Mənim naharıma can atırlar.
Mənsə tovuzquşu lələyi ilə götürürəm
üzüm salxımını...
 
TEODOR SPANA MƏDHİYYƏ
 
Öz xəstəliyini,
xəstəliyində əcdadlarının varlığını
və keçmiş ölümünü sevməyən,
Çoxəsrlik kədəri və qocalığını yaşayan,
Musiqi eşitmədən mahnı bəstələyən,
Eşitməyi yadırğamayan
və eşitdiyini kəlama çevirməyən,
Dəniz kənarındakı ehramın sükutuna qərq ola bilməz.
Külək dolmayacaq ciyərlərinə
və çörək dişlərində ah çəkməyəcək.
Otların göyərməsini görməyəcək,
küknarlar böyüməyəcək ondan ötrü.
Papağında payız yarpaqlarını necə gətirəcək görəsən -
əcdadların kədərini duymayıb,
xəstəliklərinə yoluxmayanda,
öz mahnısı kimi oxumayanda mahnılarını?
Meşələri bizim yeni adlarımıza necə hay verəcək?
Keçiləri bizim düzənliyimizin ətrində süd verə biləcəkmi?
Əlimdə daşla, gözlərim qulağımda oyanış gözləyirəm
Egey sahillərindəki ehramlara baş çəkərək
Həyatının əvəzinə nizəni atmış döyüşçü kimi.
 
ADLAR QUYUSUNUN ÜZƏRİNDƏKİ YELLƏNCƏK
 
Hələ mənim gözlərim yuxuda ikən
sən hansı yuxulara gəlirsən,
ey gözəl baxışlım?
Bu dünyaya qayıdarkən
yorğunluğun bəllidir ürəyinə.
Quyunun dibində əsəbi halda
buzlu su ilə yuyunduqdan sonra
ulduzların öz əksini itirdikləri yerdə.
Ürək bilir, amma demir.
 
Gözlərim mənim,
sanki köpək kimi həyatımdan öndə
qaçırsız naməlum oğruya görə.
Sizi qorxudan nədir - yeni pöhrələrmi?
Sizin ovuclarınızdan
sabah yağacaq yağışı içə bilərəmmi?
 
Birdən bir gözəl səhər oyanıram.
Deyin, özgə yuxularındakı gözlər əzab veribmi sizə?
Ağ corablı qız qızılı kəndirli yelləncəkdə
sizin quyunun başında yellənir.
Su cüt şırnaqla qalxır
qızın üzərində yelləndiyi adlar quyusuna doğru.
Qız isə onların mənasına varmadan
oynayır onlarla, daşlar kimi.
Geri atır həm də. Hədər yerə.
Gözlər, gecə boyu izləyirsiz onları –
çiçəyə çevrilənləri.
Bilmirəm çiçəkdən necə söz düzəltmək olar.
Ürək bilir, amma demir.
Təkcə ağ corablı qızcığaz
kömək edə bilər bizə.
Amma edə bilmir, ya da istəmir.
 
NAMƏLUM ŞAİRİN XATİRƏSİNƏ
 
Afin ehramındakı potir* kimi
qan və şərabla doludur gözlərim.
Qəlbim isə hələ də
körfəz üzərində uçuşan qağayını görür.
Qulaqlarım əks-səda toplusudur.
Özünə qarşı həssas ürəyim isə
hələ də küləyin öldürdüyü quşları
aparan dalğaları eşidir.
Dilim üç ildə üç libas dəyişdi
və mən üç dəfə unutdum onu.
Amma ibadət edən dil hələ də
qəlbimin diqqətindədir.
Ayaqlarım uğuldayır,
əlimdə əsa sınmır.
Qəlbim isə hələ də
sənin sözlərinin külünü axtarır.
Çünki, səssizcə gedirəm
səni söyən dalğaların sahilinə.
Çünki koram,
sənin göz yaşlarını təsvir edən adalara gedirəm.
Çünki quşun nəğməsindən sonra
hansısa küləyin adı qalır.
Dilim üç ildə üç libas dəyişdi
və mən üç dəfə unutdum onu.
Amma ürəyim sənin torpağını dişləyib,
alov dadını duydu.
Mahnısız müğənninin olmadığı kimi,
şeiri olmayan şair ustadımdır mənim.
 
* xristian ayinləri zamanı istifadə edilən qab.
Rus dilindən tərcümə etdi: Xatirə Nurgül

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888