AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Simfonik muğamlarımız Filarmoniya səhnəsində

Simfonik muğamlarımız Filarmoniya səhnəsində

Mədəniyyət
28 Mart 2013, 13:10 1578
Bu günlərdə ölkəmizdə “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalı keçirildi. Muğamsevər xalqımızın səbirsizliklə gözlədiyi və artıq ənənəvi olan Beynəlxalq Muğam Festivalı dövlətimiz tərəfindən bu möhtəşəm musiqi sənətinə diqqət və qayğının təzahürüdür.

Bu baxımdan Festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında muğam konsertlərinin təşkil olunması əlamətdardır. Bunlar da muğam sənətinin yaşaması və gənc ifaçı nəslinin yetişməsi üçün başlıca vasitədir.
Qeyd edək ki, Festival çərçivəsində keçirilən konsertlərdən biri də M.Maqomayev adına Azərbaycan Dövlər Filarmoniyasında, mart ayının 15-də baş tutdu.

Bu konsertin keçirilməsi haqqında məlumatı hələ konsertin başlamasından təxminən bir həftə öncə almışdım. Proqramın simfonik muğamlardan ibarət olduğunu eşidəndə isə ilk olaraq qəlbimdə, - “Bu konsertə getmək vacibdir”- kimi bir fikir yarandı və konsertin başlayacağı günü səbirsizliklə gözləyirdim.

Simfonik muğam dedikdə, zənnimcə, hər kəsin təsəvvüründə ilk olaraq iki bəstəkar – Fikrət Əmirov və Niyazi canlanır. F.Əmirov tərəfindən əsası qoyulan simfonik muğam janrında yazılmış ən gözəl nümunələr də məhz bu bəstəkarların adı ilə bağlıdır. Musiqi irsimizi bəzəyən və ən unikal musiqi ədəbiyyatı nümunələri arasında xüsusi yer tutan simfonik muğamlarımız insan qəlbini əsl mənada ehtizaza gətirir.
Məhz zirvələr fəth etmiş bu əsərlərin Filarmoniya səhnəsində ardıcıl olaraq səslənməsi ilə biz əsl nümunəvi musiqi sənət əsərləri ilə qarşı-qarşıya idik. Maraqlısı bundan ibarətdir ki, biz bu əsərləri dəfələrlə, hətta sayını belə bilmədiyimiz qədər çox dinləməyimizə baxmayaraq, yenə də böyük sevgi, böyük məhəbbətlə və sanki ilk dəfə dinlədiyimiz heyranlıqla qulaq asırıq.

Bu konsertdə də F.Əmirovun “Şur”, “Kürd Ovşarı”, Niyazinin “Rast” simfonik muğamlarının səslənməsi ilə yenə də o sevginin, o məhəbbətin və həmin təəssüratların əhatəsində idik. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çxış edirdi. Əsərlər istedadlı İtaliya dirijoru Roberto Gianolanın təfsirində səsləndi.

Ümumiyyətlə, bu konsertin proqramının simfonik muğamlardan ibarət olması da olduqca məqsədəuyğun və doğru seçimdir. Çünki Azərbaycan bəstəkarlarının yaradıcılığının bünövrəsi məhz muğamla bağlıdır və simfonik muğamların da səsləndirilməsi “Muğam Aləmi” festivalının məramı ilə tam uzlaşır.

Bundan əlavə, proqrama rəng qatan məqamlardan biri də simfonik muğamlarla yanaşı, böyük bəstəkarımız Cahangir Cahangirovun “Füzuli” kantatasının ikinci hissəsinin səsləndirilməsi oldu. Burada da, Simfonik Orkestr, Azərbaycan Dövlər xor Kapellası və solist olaraq Bəyimxanım Vəliyeva çıxış edirdi. Onun zərif, incə, orijinal tembri ilə orkestr və xorun birgə səslənməsi yaranan həmahəngliyi daha təsiredici edirdi.

Yüksək təəssüratlarla ayrıldığımız bu konsert də, zənnimcə, yaddaşlarda hələ çox yaşayacaq.

Fərdin Məmmədli
BMA, musiqişünas