• şənbə, 20 Aprel, 16:02
  • Baku Bakı 23°C

Simasını gizlədən modelyer

30.03.19 09:30 3806
Simasını gizlədən modelyer
Müsahibimin 21 yaşı var. Yaşının az olmasına baxmayaraq, moda-dizayn aləminə yeni bir nəfəs, yeni ruh, yeni üslub gətirib. Hazırladığı geyimlərdəki xalça naxışları ilə diqqət çəkən Anara Zakirli, xarici moda aləmində də tanınmağa başlayıb. İki həftə bundan əvvəl 21 yaşlı modelyer Dubayda keçirilən moda həftəsində nümayiş etdirdiyi geyimləri ilə öz dəst-xəttini tanıdıb. Qonağımız bizimlə söhbətində gələcək hədəflərindən və bugünkü nailiyyətlərindən danışdı.
- Anara xanım, dəbə olan marağınız nə vaxtdan yaranıb?
- Uşaq yaşlarımdan rəssamlığa, modaya böyük həvəsim vardı. Özümü tanıyandan dəblə maraqlanıb, yeniliklər axtarışında olmuşam. Anamın da rəssamlığa marağı olub. Ancaq onun bu istəyini mən gerçəkləşdirdim və Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində "dekorativ tətbiqi sənət” fakültəsinə daxil oldum. Xalçaçı-rəssam olaraq kolleci bitirdim. İkinci təhsilimi də Zülfiyyə Sultan Fashion Schoolda aldım. Bura moda məktəbidir və mən burada özümü inkişaf etdirdim, öyrəndiklərimi təkmilləşdirdim. Hazırda Zülfiyyə müəllimə ilə çalışıram. O, bu işdə mənə çox kömək etdi. Bunun üçün müəllimimə minnətdarlığımı bildirirəm.

- Bəs nə üçün əvvəldən modelyer deyil, xalçaçı-rəssam olmaq istədiniz?
- Mən kollecə daxil olan ili moda sənəti ixtisası bağlandı və qismət elə gətirdi ki, bu ixtisasa qəbul oldum. Bu illər ərzində xalçaçılıq sənətinə böyük marağım yarandı. Sənətin sirlərinə yiyələndikcə, xalça sənətinin xırdalıqlarına vardıqca, içimdə xalçalara xüsusi bir maraq oyandı. Onu da qeyd edim ki, anamın anası, onun nənəsi də xalça toxuyublar.
- Əl işlərinizə nəzər yetirdikdə, xalçanın ornamentləri həmin dəqiqə sezilir. Sanki qədim naxışların yeni üslubda təzahürü moda aləminə yeni nəfəs, yeni ruh gətirib.
- Bəli, çalışıram ki, geyim hazırlayarkən özümə məxsus yeniliklər edim. Misal üçün, Dubayda nümayiş olunan kolleksiyamı "Əfşan” xalçasından təsirlənib hazırlamışam. Digər kolleksiyalarımda isə "Bağçada güllər” adlanan xalçadan bir parça nümayiş olunub. Bu xalçalar Cəbrayıl xalçası kimi tanınır. Hazırladığım geyimlərdə bu naxışlardan istifadə etmişəm. Bunun adı Zərəfşandır. Zərəfşan qızıl kimi parıldayan deməkdir. Biz o parçadan və o naxışlardan istifadə edirik.
O ki qaldı qədim naxışların yeni üslubda təzahürünə, bəli, istəyirəm ki, mənim istiqamətim, dəst-xəttim məhz bu naxışlar üzərində tanınsın. Xalçanın üzərindəki naxışları, elementləri çox bəyənirəm. Modaya da çox böyük həvəsim vardı. Xalçaçılıq sənətinə və modaya olan marağım məni belə bir kolleksiya hazırlamağa vadar etdi. Xalça ilə modanı sintez etdim. İki sənəti birində birləşdirdim. İkisini bir araya gətirib, öz imzamı tanıtmaq istədim.

- Azərbaycanda ilk dəfiləniz nə zaman gerçəkləşib?
- İlk dəfə ötən ilin iyun ayında "Mercedes-Benz Fashion Week”-də hazırladığım geyimləri tamaşaçılara təqdim etmişəm. O zaman kolleksiyama toxunma paltarlar daxil idi. Toxunma geyimlər də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bu moda həftəsində xalça güllərdən dizayn verdiyim 10 geyim iştirak edirdi. Daha sonra dəri kolleksiyamı nümayiş etdirdim. Dubayda isə üçüncü kolleksiyam baş tutdu.
- Dubayda keçirilən moda həftəsinə necə dəvət aldınız?
- "Hicab Queen” adlı bir firmadan təklif aldım. Dedilər ki, Dubayda "Modest Fashion Week” keçiriləcək, istərdik ki, Azərbaycandan sizin əl işləriniz orada nümayiş olunsun. Dubayda "Emerald palace by Kempinski” otelde moda həftəsi keçirildi və mənim 6 geyimim orada iştirak etdi. Kolleksiyam çox bəyənildi, izləyicilər tərəfindən alqışla qarşılandı. Hətta o qədər çox alqış aldım ki, heç Bakıda bu qədər alqış almamışdım.
- Yəqin ki, bu səfərdən sonra başqa təkliflər də almısınız.
- Bəli, Moskvadan, Ərəbistandan və bir çox ölkələrdən təkliflər aldım. Ancaq hazırki vəziyyətdə mən o dəfilələrdə iştirak edə bilməyəcəm. Çünki bu sərgilərdə iştirak etmək üçün böyük maliyyə tələb olunur.

- 21 yaşınız var, hələ yolun başındasınız. Bəs hədəfləriniz nələrdir?
- Gələcəkdə özümü daha təkmilləşmiş, sözünü demiş peşəkar bir modelyer kimi görmək istəyirəm. Hədəfim dünyada xalça naxışlarından geyim hazırlayan, fərqli üslubu ilə tanınan bir modelyer-dizayner olmaqdır. İstəyirəm ki, əl işlərim dünya miqyasında tanınan bir brendə çevrilsin. Hələ ki yaxın 10 il ərzində qarşıma bu hədəfi qoymuşam. Təbii ki, hər şeyi zaman göstərəcək.
- Özünüz hicablı xanımsınız, ancaq kolleksiyanızda hicab yoxdur.
- Bəli, kolleksiyamı hazırlayarkən özüm hicabdan istifadə etmədim. Geyimlərimdə sadəcə olaraq çalmalardan yararlandım. Özüm bu üslubu seçdim. İstəmədim düşünsünlər ki, bu geyimlər yalnız hicablı xanımlar üçündür. Mənim hazırladığım geyimlərdə açıq-saçıqlıq yoxdur. Hər bir xanım bu geyimlərdən istifadə edə bilər. Ancaq düşünürəm ki, bir gün də hicablı xanımlar üçün geyimlər hazırlayacam.
- Hazırladığınız geyimləri özünüz istifadə edirsinizmi?
- Açığı, hazırladığım kolleksiyadan geyinmirəm. Düzdür, onların hamısına əmək sərf edirəm, zövqümə görə işləyirəm, ancaq nədənsə onları öz üzərimdə sınamamışam. Misal üçün, üst geyimlərimi özüm hazırlayıram. Bura geyinib gəldiyim üst paltomu özüm hazırlamışam, ancaq onu satışa verməmişəm. Yeri gəlmişkən qeyd edim ki, gələcək kolleksiyada üst geyimləri də hazırlamağı düşünürəm.

- Sosial şəbəkələrdə paylaşımlar edərkən və hətta moda həftələrinə qatılarkən simanızı gizlədirsiniz. Bu nə ilə əlaqədardır?
- İstəyirəm ki, əl işlərim simamdan daha çox tanınsın. Mən bu sənətə məşhur olmaq üçün gəlməmişəm. İşimi nümayiş etdirsinlər, əl işlərim məşhurlaşsın, özüm tanınmasam da olar. Bu mənim özümdən asılı olan bir haldır. Göz önündə olmağı xoşlamıram. Ola bilər ki, gələcəkdə düşüncələrim dəyişsin. Ancaq hazırda bunu istəmirəm.
- Bir geyimi hazırlamaq üçün nə qədər zaman sərf edirsiniz?
- Əsas zamanım geyimin eskizini hazırlayanda sərf olunur. Belə ki, onu düşünmək, hazırlamaq bir az uzun prosesdir. Parça hazır olduqda isə, ən azı iki günə geyim hazır olur. Baxır, onun dizaynına. Toxunma geyimlər üzərində çox çalışıram. Çünki toxunma geyimlər bir neçə günə ərsəyə gəlmir.
- Gələcəkdə Azərbaycan brendi olaraq geyim istehsal etməyi necə, düşünürsünüzmü?
- Əlbəttə ki, hələ yolun başındayam. Düşünürəm və bu istiqamətdə çox çalışmalıyam. İstəyirəm ki, hazırladığım məhsullar xaricdə də satılsın.
- Geyim hazırlayarkən nədən ilhamlanırsınız?
- Geyim hazırlayarkən milli naxışlarımızdan, xalçalardan, təbiətdən, gördüyüm hansısa dizayndan, güldən, çiçəkdən və gözəl olan hər bir şeydən ilhamlana bilirəm.
- Geyimlərinizdə çox rəngarənglik var. Demək olar ki, kolleksiyanızda qara və ağ rənglərdən istifadə etmirsiniz. Bu sizin təbiətinizlə bağlıdır, yoxsa yaşınızla?
- Rəngarəngliyi sevirəm. Biz o kolleksiyanı hazırlayanda dedilər ki, bu rənglər o qədər də dəbdə deyil. Mənsə israrla dedim ki, bu stili və rəngləri sevirəm. Hər bir modelyer öz stilini qorumalıdır. Mənim stilim budu və çalışıram ki, onu qoruyum. Rəssamları ən çox əl işləri ilə tanıyırlar. Əgər mən bir rəssamın işlərini bəyənirəmsə və hardasa onun əl işlərini görürəmsə, bilirəm ki, kimə məxsusdur. Yaxud da kolleksiyalara baxanda, onun kimə məxsus olduğunu sezmək mümkün olur. İstəyirəm ki, gələcəkdə kimsə mənim işlərimə baxanda desin ki, bu, Anara Zakirlinin əl işidir. Yaratdığım bu dəst-xətti qoruyub saxlamağa çalışıram.
- Gündəlik geyim sifarişləri qəbul edirsinizmi?
- Hələ ki qəbul etmirəm. Çünki Azərbaycanda bu işi görən çox dizayner və dərzilər var. Özümü bu sahədə görmürəm. Mənim hazırladığım geyimlər həm gündəlik, həm də mərasimlər üçün istifadə edilir.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər