• cümə, 19 Aprel, 22:24
  • Baku Bakı 24°C

“Şimal axını-2”yə qoyulmuş 12 mlrd. avro təhlükə altında

22.07.20 19:06 768
“Şimal axını-2”yə qoyulmuş 12 mlrd. avro təhlükə altında
ABŞ-ın yeni sanksiyaları tikintisinin 94 faizi yekunlaşdırılan boru kəmərinin tamamlanmasını təhlükə altına sala bilər

Rusiyanı Avropaya buraxmamaqda israrlı olan Birləşmiş Ştatlar bu istiqamətdəki fəaliyyətini davam etdirir. Amerika konqresmenləri nəhayət ki, Rusiya qaz ixrac layihələrinin yeni zəif yerlərini axtarıb tapmağa müvəffəq olublar. Bu dəfə ABŞ Konqresi "Şimal-2” və "Türk axını” layihəsinin sertifikatlaşdıracaq strukturları hədəfə alıb. Əgər "Qazprom” bu məhdudiyyətləri keçməyə müvəffəq olmazsa, onda 6 mlrd. dollarlıq yeni itkilərlə üzləşə bilər. Qərb mediasının yazdığına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə 13 saylı düzəlişi təsdiq edib. Bu düzəliş "Şimal axını 2” və "Türk axını” layihələrinə qarşı sanksiyaların güclənməsini nəzərdə tutur. Yeni maliyyə ili Birləşmiş Ştatlarda oktyabrın 1-dən başlayır. Bu sanksiyalar əsas etibarilə İsveçrənin "Allseas” şirkətinə qarşı yönəlib. Bu şirkət "Şimal axını-2” layihəsinin Baltik dənizinin dibi ilə keçəcək hissəsinin inşası ilə məşğul idi. Rusiya tərəfinin gözləntilərinin əksinə olaraq "Allseas” dərhal öz gəmilərini və texnikasını tikinti sahəsindən uzaqlaşdırıb. Halbuki, boru xəttinin 94 faizi hazır idi. Əvəzində "Qazprom” Danimarka sularına "Akademik Çerski” və "Fortuna” boru xətti istehsalçılarını buraxıb. Hətta Danimarka hakimiyyətindən onların işləməsi üçün razılıq alınıb. Bununla da ilin sonuna və yaxud gələn ilin əvvəlinə kimi inşa işlərinin başa çatdırılacağı barədə vədi yerinə yetirmiş olub. Dövlət Dumasının energetika komitəsinin sədri Pavel Zavalnı bildirib ki, Rusiya ABŞ sanksiyalarına baxmayaraq, "Şimal axını-2” layihəsini başa çatdıracaq. Energetika naziri Aleksandr Novak müzakirə olunan sanksiyaları şərh edərkən bildirib ki, onlar o qədər də pozitiv deyillər: "Dünya iqtisadiyyatının bərpası naminə birgə fəaliyyət göstərmək, bazar alətlərini inkişaf etdirmək əvəzinə, belə addımlar atılır. Sanksiyaların genişləndirilməsinin mahiyyəti ondadır ki, amerikalılar iki boru xəttinin istismara verilməsinə zərbə endirmək istəyirlər. Sanksiyaların genişləndirilməsi haqqında sənəd Konqres Senatla razılaşdırdıqdan sonra onu prezident imzalayacaq. Sənəd qüvvəyə mindikdən sonra gəmilərin sığortaçıları, servis şirkətləri, eləcə də qaz kəmərlərinin işə salmaq üçün sertifikatlar verən firmalar təhlükə altına düşəcək”.
İqtisadçı Sergey Aleksaşenko "Exo Moskvı” radiostansiyasının efirində bildirib ki, sanksiyalara məruz qalan şirkətlərin biznesi dünya boyu təhlükə altına düşə bilər. ABŞ eyni zamanda Almaniya və Avstriyanın hakimiyyət orqanlarının tənqidlərinə baxmayaraq yeni sanksiyalarla bağlı konkret addımlar atmaq istiqamətində işlər görür. Almaniya XİN rəhbəri Hayko Maas bildirib ki, Berlin "Şimal "Axını-2” layihəsi ilə bağlı mövqeyini dəyişməyəcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jozep Borrel bildirib ki, Avropa İttifaqı Birləşmiş Ştatlar tərəfindən qurumun maraqlarını pozan birtərəfli sanksiyaların tətbiqinə qarşıdır. Lakin sanksiyalar təhlükəsi daha real görünməyə başlayır. Rəsmi Berlinin sanksiyalar tətbiqi məsələsində hər hansı bir planı mövcud deyil. "Bild” qəzeti Yaşıllar Partiyasına istinadən yazır ki, bu məsələdə Almaniya tam izolyasiya vəziyyətindədir. Partiya Almaniya İqtisadiyyat Nazirliyinə bununla bağlı sorğu göndərib. Beləliklə, sanksiyaların reallaşacağı və Avropanın Amerika təzyiqinə cavab verə bilməyəcəyi təqdirdə çoxmilyardlıq investisiyalar təhlükə altına düşmüş olacaq. "Şimal Axını-2”-in operator şirkəti xəbərdar edib ki, sanksiyalar Avropanın on iki ölkəsində ən azı 120 şirkəti əhatə edəcək. Bundan əlavə, təqribən 700 mln. avroluq investisiya bloklana bilər. Ən əsası, 12 mlrd. avro təhlükə altına düşmüş olacaq. "Sonda hansı qanun layihəsinin qəbul ediləcəyini gözləmək gərəkdir”, - deyə Milli enerji təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib. Onun sözlərinə görə, Almaniya və digər lobbistlər final mətnini elə düzəltmək istəyirlər ki, məhdudiyyətlər ancaq inşa işlərini əhatə etsin. "Bu, qorxulu deyil, çünki inşa işlərinə sanksiyalar mövcuddur. "Qazprom”un da öz inşa gəmilərini gətirməsi ondan xəbər verir ki, şirkət sanksiyalar altına düşməyə hazırdır. Təki, "Şimal axını-2” layihəsi işə düşsün”, - deyə ekspert bildirib. Əlavə edib ki, işə salınma barədə sanksiyalar qüvvəyə minərsə, o zaman hər şey "Qazprom”dan asılı olacaq. "Qəribə vəziyyət alınacaq. Bir tərəfdən Aİ-nin qanunları var. Orda isə istismarın başlaması üçün bütün sertifikatlar və işə salınma ilə bağlı razılıq əks olunub. Digər tərəfdən isə sertifikat və icazələrin verilməsini qadağan edən sanksiyalar təsdiq oluna bilər”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər