AZE | RUS | ENG |

“Şimal axını-2” üçün daha bir problem

“Şimal axını-2” üçün daha bir problem
Avropa İttifaqının qəbul etdiyi qaydalar yeni kəməri yarıboş vəziyyətdə saxlaya bilər

Almaniyanın aktiv müqavimətinə baxmayaraq qəbul edilən Avropa İttifaqının (Aİ) yeni nizamlayıcı təşəbbüsləri "Qazprom”un fəaliyyətini çətinləşdirə bilər. Məsələ ondadır ki, qurumun yeni qaydaları "Şimal axını-2” layihəsini böyük ehtimalla istismara verildikdən sonra hələ uzun müddət, daha dəqiq desək, bir neçə il dolmamış vəziyyətdə saxlaya bilər. "Kommersant” müəyyən edib ki, Aİ-nin qaz direktivlərinə yeni dəyişikliklər mətni özündə bir sıra məsələləri nəzərdə tutur. Konkret olaraq qeyd olunur ki, layihənin normalarına tək Avropa Komissiyası deyil, quruma daxil olan bütün ölkələrin nümayəndələri razılıq verməlidir. Aİ-nin bu qərarı isə mövcud proseduru uzun, mürəkkəb və çətin proqnoz ediləcək bir hala gətirəcək. "Qazprom” artıq hadisələrin ən pis ssenarisinə hazırlaşır. Hətta bəyan edib ki, "Türk axını-2” qaz kəmərinin inşası imkanlarına baxıla bilər. "Kommersant” ötən həftə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurası nümayəndələrinin Aİ-nin qaz direktivi mətninə edilən dəyişikliklərlə bağlı apardıqları müzakirələri tədqiq edib. Faktiki olaraq bu mətn son variantdır - fevralın 20-də Aİ Şurasında təkrar səsverməyə qoyulacaq. Qəzet əldə etdiyi etibarlı mənbəyə istinadən yazır ki, onun qəbul ediləcəyi şəksizdir. Sonra isə sadəcə prosedur qaydaları qalacaq -  aprel ayında Avropa Parlamenti hüququ-linqvistik ekspertizanı qəbul edəcək, mayda isə Aİ Şurasının dövlət başçıları səviyyəsində qəbulundan sonra qanuna çevriləcək. "Şimal axını-2” əleyhdarlarının qəbul etdikləri yeni normalar ən əsası layihə iştirakçılarını layihəni Avropanın daxili bazarı qaydalarına uyğun hala gətirilməyə məcbur edir. Praktikada isə bu o deməkdir ki, qaz kəmərinin "Qazprom”dan asılı olmayan müstəqil operatoru olmalıdır. Layihəyə eyni güclə üçüncü şəxslər də daxil edilməlidir. Yekun odur ki, Avropa İttifaqı "Şimal axını -2” layihəsinin reallaşmasına hər vəchlə mane olmağa çalışır. Yeri gəlmişkən, Qərb mediası "Şimal axını-2” layihəsini Rusiyanın tələsi kimi qələmə verməkdə davam edir. Məsələn, Böyük Britaniyanın "The Economist” nəşri bununla bağlı təqdim etdiyi məqalədə bildirir ki, bu tələyə ən asan Almaniya düşüb. "Hansısa bir meqalayihənin heç bir kommersiya əhəmiyyəti olmasa, onda bunun iki izahı olur – ya onun sponsorları axmaqdır, ya da onların başqa motivləri var. Vladimir Putinin axmaq olmadığı aydındır, bu isə o deməkdir ki, burada motiv başqadır”. Daha sonra qeyd edilir ki, ötən həftə Almaniyanın güclü təzyiqləri altında Avropa İttifaqı nəhayət ki, uzunluğu 1200 km, dəyəri 11 mlrd. dollara başa gələcək "Şimal axını-2” layihəsinə razılıq verdi. Qəzet yazır ki, layihənin reallaşacağına heç bir problem olmayacaq. Lakin onun işində fasilələr yaranacağı şübhəsizdir. Qeyd olunur ki, Baltik dənizinin dibi ilə inşasına başlanan layihə ilə bağlı inşa işlərinə hələ ötən il başlanılıb işlər gələn ilin sonuna başa çata bilər: "İqtisadi mənada ona heç bir zərurət yoxdur, mövcud "Şimal axını-1” Ukrayna və Polşa ərazisindən keçməklə Avropanı qazla təmin edir. Əksəriyyətin də hesab etdiyi kimi, layihə sırf siyasi məna kəsb edir. Burada iki aspekt rol oynayır. Birincisi, "Şimal axını-2” birbaşa Polşa və Ukraynaya zərər vurur. Rusiyanın hər iki dövlətə münasibəti bəllidir, hətta onlardan biri ilə müharibə vəziyyətindədir. Hazırda Avropaya ən iri həcmdə qaz Ukrayna vasitəsilə həyata keçirilir. "Şimal axını-2” layihəsi isə Ukrayna vasitəsilə qaz nəqlini kəskin şəkildə azaldacaq. Lakin Almaniyaya heç bir ziyan vurmayacaq. Sadəcə, Ukraynanı Rusiya ilə mübahisəsinə Almaniyanı cəlb etmək şansından məhrum edəcək. Ən əsası, Kiyevi qazın tranzitindən əldə etdiyi gəlirdən məhrum edəcək”. Nəşr yazır ki, "Şimal axını-2” layihəsi Rusiyanı Baltikyanı bölgədə infrastrukturla təchiz etmiş olacaq. Rusiya bunu əsas gətirərək regionda özünün hərbi iştirakını gücləndirəcək. Bu da Baltik ölkələrini və Polşanı ciddi narahat edir. "İkincisi, "Şimal axını-2” layihəsi Avropanı Rusiyanın enerji resurslarından asılı vəziyyətə salacaq”, - deyə nəşr yazır. Müəllifin qənaətincə, Almaniya kansleri Angela Merkel ucuz enerjini Avropa təhlükəsizliyindən üstün tutur: "Bu, dəhşətdir. Rusiya 2006 və 2009-cu illərdə Ukrayna vasitəsilə qazın nəqlində məhdudiyyətlərə yol verdi və qaz nəqlini siyasi silah kimi istifadə etdi”. Ümumiyyətlə, "Şimal axını-2” layihəsi Qərb dövlətlərini ikiyə böldü. Şərqi Avropanı Qərbi Avropaya qarşı qaldırdı, Avropa və ABŞ arasında sədd çəkmiş oldu. O ki qaldı ABŞ-a, bəlli olduğu kimi Vaşinqton açıq şəkildə bu qaz kəmərinə qarşı çıxır. ABŞ prezidenti Donald Tramp Almaniyanın onun qazını idxal etməsini istəyir. ABŞ hökuməti dəfələrlə bəyan edib ki,  "Şimal axını-2” layihəsində iştirak edən şirkətlərə sanksiyalar tətbiq edə bilər. Hətta Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenell bəyan edib ki, bu layihəni icra edən Avropa şirkətləri təhlükə altındadır, çünki Vaşinqton istənilən vaxt bu addımı ata bilər. Vaşinqton artıq Baltik dənizi ilə boru kəmərinin çəkilməsini həyata keçirən iki şirkətə sanksiya tətbiq etməyə hazırlaşır. Məlumata görə, İsveçrənin "Allseas Group” və İtaliyanın "Saipem” şirkətləri Ağ evin sanksiyasına məruz qala bilərlər. Boru kəmərinin tikintisinin 90 faizini həyata keçirən "Saipem” şirkətinin sözçüsü bildirib ki, italyan firması artıq öz üzərinə götürdüyü işləri yerinə yetirib və sanksiya barədə şayiələr tamamilə əsassızdır. İsveçrə şirkətindən isə ABŞ-ın Almaniyadakı səfirinin bəyanatını şərh etməkdən imtina ediblər. Qeyd edək ki, ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı "Şimal axını-2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. "Qazprom”la yanaşı, "Shell”, "OMV”, "Engie”, "Uniper” və "Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdır. Boru xətti ilə Rusiyanın Almaniyaya təbii qaz ixracı ildə 110 milyard kubmetri keçəcək.   Azər  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798