• cümə, 29 Mart, 10:57
  • Baku Bakı 5°C

“Şimal axını-2” layihəsinə qarşı plan var?

10.03.18 10:30 945
“Şimal axını-2” layihəsinə qarşı plan var?
Şərqi Avropanın bir neçə ölkəsi Rusiyanı Almaniyaya birləşdirəcək yeni qaz kəmərinə qarşı müxalif mövqeyini gücləndirib. "VOA News”un əməkdaşı Henri Ridvel yazır ki, bu narahatlıq Vaşinqtonda da səslənməkdədir. Ən sərt tənqidçilər Estoniya, Latviya və Litvadır. Bu ölkələrin xarici işlər və müdafiə nazirləri Vaşinqtonda amerikalı həmkarları ilə görüşüblər. "Şimal axını-2” Rusiya qazını Qərbi Avropaya aparacaq.
Tənqidçilərin fikrincə, layihə Rusiyadan asılılığı gücləndirəcək və bu ölkədə dövlətə məxsus enerji şirkətlərini zənginləşdirəcək. Həm də bu arada Moskva Avropanın təhlükəsizliyini hədələməkdə suçlanır. Baltik dənizindən keçən 11 milyard dollarlıq, 1225 kilometrlik kəmər, gələn il tamamlanmalıdır. Kəməri "Shell” və Rusiyanın dövlətə məxsus "Qazprom” enerji nəhəngi dəstəkləyir. Ancaq özəl layihə olmasına baxmayaraq, Berlin və Moskva ona güclü dəstək verib. "Bu layihənin icrasını dəstəkləyirik və şübhəsiz ki, o, siyasətdən tamamilə azaddır, sırf iqtisadi və kommersiya layihəsidir”, - deyə Rusiya prezidenti Vladimir Putin deyib. Şərqi Avropanın bir sıra dövlətlərinin mövqeyin görə, Avropa Rusiya ilə böyük biznesə girişməməlidir. "Hazırda təhlükəsizlik getdikcə daha bölünməz olur. Daxili və xarici təhlükəsizlik, eləcə də coğrafi baxımdan aydın fərq yoxdur”, - Estoniyanın xarici işlər naziri Sven Mikser bildirib.
Birləşmiş Ştatlar da "Şimal axını-2” layihəsinə qarşıdır. Vaşinqton Rusiyanın bir sıra enerji şirkətlərinə də sanksiya qoyub. Sanksiyalar Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edəndən sonra qoyulub. Ancaq sanksiyalar hələlik, "Şimali axını-2”yə aid deyil. Lakin istisna deyil ki, gələcəkdə bu da baş verə bilər.
"Mərkəzi və Şərqi Avropada problemli yerlər ola bilər, həmin yerlərdə qiymət yüksələ, Rusiyadan qazın siyasi məqsədlərlə kəsilməsinə daha çox məruz qala bilərlər. Ukrayna illik tranzit haqqından 2 milyard dollaradək itirəcək”, - deyə Avropa İslahat Mərkəzindən Noah Qordon deyib.
"Şimal axını 2”-nin opponentlərindən biri də Avropa Komissiyasıdır, ancaq onu əngəlləməyə hüquqi əsasın olmadığını bildirir. Avropa İttifaqı ümid edir ki, Avropa ölkələrini birləşdirən kəmərlərə investisiya qoymaqla, riski azalda bilər. "Məqsəd qazın sərhədlərdən azad keçə biləcəyi möhkəm qaz bazarı yaratmaqdır”, - Qordon söyləyib. "İki ildir Ukrayna Rusiyadan qaz almayıb. Əvəzində onlar qaz alırlar, adətən də elə Rusiya qazını Almaniya, Niderland kimi avropalı treyderlərdən əldə edirlər. Əgər Avropanın qaz bazarı yetərincə güclü olsaydı, yaxud Avropa daha az qaz işlətsəydi, Rusiya bir daha qazdan silah kimi istifadə edə bilməzdi”, – o, sözlərinə əlavə edib. "Şimal axını 2”-yə qarşı kəskinliklə çıxan Polşa və Litva mayeləşdirilmiş təbii qaz – LNG terminalları tikib. Polşa ötən il ABŞ-dan Avropaya ilk LNG göndərilməsinə nail olub. ABŞ prezidenti Donald Trampsa bildirib ki, Avropaya LNG ixracını artırmaq istəyir. "Şimal axını-2”-nin opponentləri deyirlər ki, ABŞ-dan idxal hesabına təchizatlarını diversifikasiya edə və Rusiyanın qazdan siyasi silah kimi istifadəsini önləyə bilərlər.
Əsas məsələ odur ki, Putinin sevimli layihəsi olan "Şimal axını -2”-nin reallaşmayacağı təhlükəsi qalır. Avropa İttifaqı nazirlərinin ətraf mühit məsələlərinə həsr olunan son toplantısında "Şimal axını-2” layihəsi ilə bağlı məsləhətləşmələr aparılmasını istəyən güclü cəbhə formalaşıb. Avropa İttifaqının danışıqlar aparması o deməkdir ki, Almaniya xarici işlər naziri Ziqmar Qabrielin "Şimal axını-2” layihəsini hüquqi sahədə, yəni Avropanın enerji hüquqlarından kənarda aparmaq ideyası uğursuzluqla nəticələnib. Aİ-nin Rusiya ilə çərçivə sazişini nə qədər tez reallaşdıra biləcəyi də aydın deyil. Lakin müəyyən tezləşdirmələr baş verə bilər. "Qazprom” üçün vəziyyət aydınlaşana kimi İsveç və Danimarkadan müəyyən icazələr almağa lüzum qalmayıb. Bundan əlavə, Aİ ilə Rusiya arasında razılaşmanı Avropa Parlamenti müəyyən etməlidir. Buna da inam azdır. Belə ki, "Şimal axını-2” layihəsinə AvropaParlamenti dəfələrlə etiraz edib. Almaniya kansleri Angela Merkel də layihə ilə bağlı müzakirələrdən qaçır. Kansler Rusiyadan enerji asılılığının miqyasını azaltmaq üçün yaranan fikir ayrılıqları məsələsində mövqe ortaya qoymaq niyyətində deyil. Hazırda kansler vəziyyətin gərginləşməməsi məsələsini həll etməlidir.
Yeri gəlmişkən, Rusiya Avropada "Şimal axını-2” qaz kəməri və digər enerji layihələrinin sabotaj olunmasını pisləməkdə davam edir. Bu ölkənin enerji naziri Aleksandr Novak deyib ki, gələn illər ərzində enerjiyə tələbat artacaq. "Son vaxtlar infrastrukturun inkişafına süni məhdudiyyətlər görürük, müəyyən enerji mənbələrinə və təchizatçılarına süni üstünlük verilir”, - deyə o, bildirib. Nazir bildirib ki, "Şimal axını-2” kimi iqtisadi cəhətdən yaxşı əsaslandırılmış, istehlakçılar üçün cəlbedici infrastruktur layihəsi belə, sabotaj olunur. Enerji təhlükəsizliyindən danışarkən, Avropa tərəfdaşlarının bir qismi Rusiyadan qorunmağı, digər bir qismi isə idxalın diversifikasiyasını nəzərdə tuturlar. Bu böyük oyunda əsas ölkə Almaniyadır. Berlin Rusiya qazını almaqda maraqlıdır.
Görünür, bu məsələdə əsas uduzan tərəf Ukrayna olacaq. "Şimal axını-2” və "Türk axını” Ukraynadan keçən və dünyada ən güclü qaz nəqliyyatlarından hesab olunan bir sistemin məhvi olacaq. Bununla da, Ukrayna Rusiya qazının Avropaya nəqlinə görə əldə etdiyi illik 2 milyard dollarlıq gəlirdən məhrum olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər