• çərşənbə axşamı, 23 aprel, 13:53
  • Baku Bakı 24°C

“Şimal axını-2” ilə bağlı gərginlik alovlanır

10.04.18 17:51 1096
“Şimal axını-2” ilə bağlı gərginlik alovlanır
"Şimal axını-2” layihəsi ilə bağlı qalmaqal səngimək bilmir. Xüsusən də Avropa ilə Rusiya arasında "Skripal böhranı”ndan sonra yaşananlar fonunda gərginlik daha da alovlanmaqdadır. Əksəriyyət hələ də bu qənaətdədir ki, layihə Avropanı Rusiya hökumətinin sahibi olduğu şirkətlərdən asılı edəcək. Düzdür, 11 milyard dollar dəyəri və 1,225 kilometr uzunluğu olan, Rusiya ilə Almaniyanı Baltik dənizi ilə birləşdirən "Şimal axını-2” kəmərinin tikilməsi plana müvafiq qaydada davam edir və kəmərin növbəti ilə hazır olması gözlənilir. Lakin layihəni tənqid edən Estoniya, Latviya və Litva hər vəchlə buna etiraz edirlər. "Şimal axını-2” layihəsinə sərt şəkildə etiraz edən Polşa və Litva təbii maye qaz terminalları tikiblər. ABŞ isə Avropada təbii maye qazın təminatını artırmağa çalışır. "Şimal axını-2” layihəsinə qarşı Tramp hökuməti də çıxış edir. Birləşmiş Ştatlar Moskvanın Krımı ilhaq etməsindən sonra Rusiya şirkətlərinə və Rusiyada enerji axtarışlarına cəlb edilən xarici şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Hələlik həmin sanksiyalar "Şimal axını-2” layihəsinə təsir etməyib. Buna baxmayaraq, Avropa İslahatları Mərkəzindən Noa Qordon bildirir ki, Mərkəzi və Şərqi Avropada bəzi çətinliklər yarana bilər. "Onlar qiymət artımını müşahidə edə bilər və Rusiya tərəfindən qaz kəsintilərinə açıq ola bilərlər. Ukrayna tranzit məsrəflərində ildə 2 milyard dollara yaxın pul itirəcək”, - deyə bildirib. Avropa Komissiyası da "Şimal axını-2” layihəsinə etiraz edir. Lakin deyir ki, onu dayandırmaq üçün heç bir hüququ əsas yoxdur. Avropa İttifaqı Avropa sərhədləri boyu birləşdirici borulara sərmayə qoymaqla riski azaltmağa ümid edir. "Şimali axını-2”yə qarşı olanlar ümid edirlər ki, təminatı müxtəlifləşdirməklə Rusiyanın qazı siyasi silah kimi istifadə etmək imkanını məhdudlaşdıra biləcəklər.
Yeri gəlmişkən, Ukrayna prezidenti Petro Poroşenko Almaniya səfəri öncəsi verdiyi açıqlamada "Şimal axını-2” layihəsi ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə, layihəni müdafiə edən alman siyasiləri və firmaları yaxşı fikirləşməlidirlər. P.Poroşenko Almaniyanın "Handelsblatt” nəşrinə müsahibəsində bildirib ki, "Şimal axını-2” sırf siyasi və Rusiyanın maliyyələşdirdiyi layihədir. "Bağışlayın məni sərt sözlərimə görə, bu layihə Rusiyaya loyallığa görə siyasi rüşvətdir. Bununla məqsəd Ukraynaya iqtisadi və enerji blokadası yaratmaq və bizə zərər vurmaqdır. Bu layihənin heç bir siyasi əsası yoxdur”, - deyə Ukrayna lideri bildirib. Prezident fikrini belə əsaslandırıb ki, "Ukrayna tranziti mövcuddur və onunla qazın nəqli ucuz başa gəlir. Mövcud infrastrukturu çox asan və ucuz formada modernləşdirmək mümkündür. Bu günki şərtlərlə mövcud infrastrukturla il ərzində 100 mlrd. kub metr qaz nəql etmək mümkündür”, - deyə Ukrayna lideri bəyan edib. O ki qaldı kəmərin təhlükəsizliyinə - " avropalı tərəfdaşlarımıza boru kəmərlərimizin təhlükəsizliyini qorumağa, Ukraynanın etibarlı ölkə olduğunu nümayiş etdirməyə hazırıq. Rusiya martın əvvəlində qaz kranını bağlayanda, mən prezident kimi xalqa enerji qənaətinə keçməyi təklif etdim. Avropaya qazın tam həcmdə nəqli üçün öz tərəfimizdən nə lazımdırsa etməyə hazırıq. Biz vədimizin üstündə dururuq, tam şəkildə etibarlı tərəfdaşıq”, - deyə prezident bildirib. Onun qənaətincə, Ukrayna ərazisindən boru xətlərinin imkanlarını genişləndirmək üçün iri investisiyalar qoymağa da ehtiyac yoxdur: "Yəni Şimal axını-2” layihəsinə on milyard dollar investisiya qoymaqdansa, bizdən nəsə soruşun. Axı bu pulları kimsə ödəməli olacaq”.
Qaz kəmərinin ən qatı əleyhdarı kimi tanınan Ukrayna lideri "əsrin layihəsi”nin tərəfdarlarını Rusiyanın başlatdığı hibrid müharibələrinin iştirakçısı adlandırıb.
"Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsi Rusiya hərbçilərini Ukraynaya genişmiqyaslı hücuma təhrik edə bilər. Bunu "Ukrayna milli təhlükəsizlik sistemində islahatlar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Ukrayna Radasının spikeri Andrey Parubiy deyib. "Şimal axını-2” birbaşa hərbi təhdidlər yarada, Rusiya hərbiçilərini Ukraynaya genişmiqyaslı hücuma təhrik edə bilər. Ukrayna indiyə qədər dəfələrlə Rusiyanın energetika hücumlarına məruz qalıb. Moskva bunun vasitəsilə Avropa İttifaqına da təzyiq etmək istəyir. Kiyev artıq bu layihəyə qarşı dayanmaları üçün AB ölkələrinə müraciət edib”, - deyə o bildirib.
Yeri gəlmişkən, Poroşenkonun Almaniya səfəri ilə bağlı Ukrayna xarici işlər naziri Pavel Klimkin bildirib ki, səfər zamanı sülhməramlılarla bağlı məsələ də həllini tapmalıdır. Ukrayna tərəfi Almaniya, Fransa, ABŞ tərəfdən bu məsələ ilə bağlı vahid mövqe əldə etməyə və bundan sona hazır planı Rusiyaya təklif etməyə ümid edir. P.Poroşenko əvvəl bəyan edib ki, BMT-nin Donbasda sülhməramlı missiyasının formalaşması məsələsi Merkellə danışıqlarda əsas məsələ olacaq. Bu məsələ fevral ayında Merkel və Poroşenko arasında müzakirə olunub. Beynəlxalq məsələlər üzrə ekspert Andrey Buzarov hesab edir ki, "bu məsələdə ciddi dəyişikliklər gözləmək gərək deyil. Çünki, bu məsələdə Berlin əsas rolu oynamır. Hər şey Rusiya və ABŞ-dan asılıdır. Almaniya Kiyev və Moskva arasında münasibətlərdə sadəcə vasitəçi qismində çıxış edə bilər”. Onun sözlərinə görə, Almaniya üçün xarici siyasətdə prioritet Donbasda münaqişənin nizamlanmasında vasitəçilik olub. Lakin ondan az şey asılıdır”, - deyə əlavə edib. Beləliklə, diqqət Poroşenkonun Merkellə danışıqlarına yönəlib. Kiyevin Berlini öz tərəfinə çəkəcəyi və yaxud münasibətlərin əvvəlki formada qalacağını zaman göstərəcək. İstənilən halda, bu səfər Ukrayna üçün böyük əhəmiyyət kəsb edir.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər