• cümə, 19 Aprel, 23:40
  • Baku Bakı 24°C

“Şilan” toponimi necə “Şilyan” oldu?

25.01.18 10:00 2101
“Şilan” toponimi  necə “Şilyan” oldu?
1845-ci ildə yaradılmış Göycay qəzasının tərkibində yerləşən yaşayış məntəqələrinin təbii-coğrafi şəraitinə uyğun olaraq, onların adlanmasında da müəyyən qanunauyğunluqlar müşahidə edilir. Belə ki, təbii-coğrafi şəraiti baxımından Aran-Şirvan zonasının toponimikasında (əsasən yaşayış məntəqələrinin adında) ərazinin geomorfoloji-hidroloji-oroqrafik xüsusiyyətləri (Qarasu, Muğan, Pirsaat, Çayarxı), həmin ərazilərdə məskunlaşmış tayfaların nəsil şəcərələrinin ünvanı (Qarasaqqallı, Ərəbocağı, Kürdşaban, Atakişili), qədim türksoylu tayfaların adlarının assimilyasiya və ya yerli dil-şivə quruluşunun fonetik dəyişikliyə məruz qalması nəticəsində formalaşmış adları (Alpout, Bəydövül, Qarabörk, Bərgüşad, Çallı, Quşçu, Dəlləkli) özündə ifadə edən toponimlərə hazırda Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarının inzibati-ərazi vahidlərində daha çox rast gəlinir. Maraqlı cəhət ondan ibarətdir ki, bu toponimlərin yaranmasına aid tarixi məlumatlar hələ də xalq arasında yaşamaqdadır və yaxud təbii-coğrafi proseslərlə bağlı yaranan toponimlərə aid hadisələrin təkrarlanması indinin özündə də baş verir.
Məsələn, rayon mərkəzi kimi adlandırılan "Ucar” toponiminin yaranmasını buna misal göstərmək olar. Bu mənada iki fərziyyə mövcuddur. Bunlardan biri "uçar” sözünün yerli dialektə və şivə tələffüzünə uyğun olaraq sonrada "ucar” kimi möhürbəndlənməsidir ki, gur sulu Göyçay çayının və onun qolları üzərində torpaq bəndlərinin tez-tez yuyulması, uçması təhlükəsinin yaddan çıxmaması, xalq arasında təşvişə səbəb olması nəticəsində "Uçar”-"Ucar” toponiminin meydana gəlməsi fikri söylənilir. Yaşlı sakinlərin bildirdiyinə görə, keçən əsrin 30-40-cı illərinədək Göyçay çayının daşması, bəndləri uçurması, təsərrüfat-əkin yerlərinə ziyan vurması halları müntəzəm olaraq təkrarlanmışdır.
Digər bir fərziyyəyə görə isə Şamaxı bəylərinin otlaq-örüş və ov yerlərinin Kür çayı sahillərinin ucqar hissəsində yerləşdiyindən, "Ucqar-Ucar” kimi tələffüz edilərək, müasir deyim şəklinə düşmüşdür. Ucar və Kürdəmir rayonları ərazisində Şilyan inzibati-ərazi vahidi toponiminin yaranması ilə əlaqədar yaşlılar tərəfindən müxtəlif fikirlər söylənilir. Şilyan toponiminin yaranması barədə coğrafiyaşünaslar R.Yüzbaşovun, K.Əliyevin və Ş. Sədiyevin "Azərbaycanın coğrafi adları” ("Maarif” nəşriyyatı, 1972) kitabının 44-cü səhifəsində bildirilir ki, bu ad qəbilə-tayfa ünvanından götürülmüşdür. Bir cəhəti qeyd etmək lazımdır ki, qədim "Şilan” toponiminə Azərbaycanın geniş sərhədləri hüdudunda Təbrizdə, Yevlaxda, Şamaxıda rast gəlinir. Bu yer adının yaranmasına dair bir neçə deyim mövcuddur. Şilan kəndləri Kür çayına yaxın ərazilərdir, eləcə də bu kəndlərin yaxınlığında Göyçay və Girdimançay çayları, Girdiman çayının sağ qolu Qarasu çayı gur axaraq Kür çayına tökülürmüş. Bu çayların köhnə yataqları hazırda Təzə Şilyan kəndi ərazisində müşahidə edilir. Qarasu çayı o qədər gur axırmış ki, hətta onun üzərində kənd sakini Sərdar kişi XIX əsrin sonlarında Baba dağın ətəyindən at arabası ilə gətirdiyi sal daşlardan uzunluğu 10 m-ə, eni 2 m-ə çatan körpü tikibmiş ki, gediş-gəliş asan olsun. Həmin yerdə o tikililərdən heç bir nişanə qalmasa da, el arasında o yer "Sərdar gözü” adlanır. Keçən əsrlərdə ("Şilyan” toponimi yarananda) Qarasu və Göyçay çayları daşdıqda, (keçən əsrin 60-70-ci illərinədək bu yataqdan çay axıb) ətrafa o qədər balıq yığılırmış ki, yerli camaat oranı "şilan”- "bol yer”, "bolluq yeri” adlandırmışdır.
Başqa bir deyimə görə, Şamaxı bəylərinin qış düşərgə yerləri olan Kür çayının sahilinə yaxın ərazilərdəki (indiki Zərdab, Ucar, Kürdəmir, Hacıqabul rayonlarının ərazisi) binələrdə məskunlaşmış yerli tayfalara, bəylərdən 7-8 atlı dəstə-tufaqı ilə qonaq gəlib. Gələnlər axşam binələrdə qalıblar, şam yeməyində döşəmə plova, səhər yeməyində südlü plova və südə qonaq olurlar (hərəsi ayrı-ayrı çadırlarda qalmaqla), sonra bir-birindən nə yediklərini soruşurlar. Onda bilirlər ki, bu yer bərəkətli, varlı, bolluq olan yerdir və bu yerin adını "şilan” qoyurlar. Sonrakı dövrlərdə güclü sellərin yaranması nəticəsində Göyçay və Qarasu çaylarının daşması Şilan yaşayış məntəqəsinin bir neçə hissəyə ayrılmasına da səbəb olmuş, əski adı isə olduğu kimi saxlanılmışdır (Kürdəmir rayonu ərazisində Əbdürrəhman Şilyanı adlanır).
Kürdəmir rayonunun Şilyan inzibati-ərazi dairəsi daxilində olan Qarasu kəndinin adı Göyçay çayının qolu olan Qarasu çayının adından götürülmüşdür. Bu çay yatağının yeri indi də qalmaqdadır.Yuxarı Şilyan kəndindən ayrılmalardan biri 1820-ci ildə Hacı Məhəmməd Yaqub oğlu (1775-1905) tərəfindən həyata keçirilmişdir. Onun başçılığı ilə 10-a yaxın ailə indiki Təzə Şilyan kəndinin yaxınlığında binələnib, yataqlanıb məskunlaşaraq, buranı özlərinə daimi yaşayış məskəni seçmiblər, təsərrüfat işləri ilə məşğul olublar, mal-heyvan saxlayıblar, əkin-biçin işləri görüblər. Bu kənd Müsüslü dəmir yolu stansiyasından 1-1,5 km aralı yerləşdiyindən bir neçə ailə (10-15 ev) yola yaxın ərazidə yerləşmiş və əsasən ticarətlə məşğul olmuşlar (buradan Gəncə, Qarabağ, Car-Balakən, Qəbələ-Lahıc-Babadağ istiqamətlərinə uzanan mühüm nəqliyyat və ticarət - karvan yolları keçmişdir). Burada Müslüm adlı ticarətlə məşğul olan şəxs yaşadığından və onun adı daha çox hallandığından həmin yer də "Müslümlü” adlandırılmışdır. Sonrakı illərdə aparılmış dəyişikliklə əlaqədar (təbii ki, dilimizin fonetik-qrammatik qaydalarının kobud şəkildə bilərəkdən pozulması, doğma dil ahənginin qəsdən pozulması nəticəsində) bu yer adı "Müsüslü” toponimi kimi qeyd olunmuşdur.
Məlumat üçün bildirək ki, Ucar rayonu 1939-cu ildə yaradılsa da, 1923-cü ilədək Göyçay qəzasının, 1930-cu ilədək Şamaxı dairəsinin tərkibində olmuşdur.
Ucar rayonunun Təzə Şilyan kənd sakinləri Bahadur Əhməd oğlu Məmmədovun (1947), Bahəddin Məcid oğlu Məmmədovun (1941) və Tahir Allahverdi oğlu Kərimovun bildirdiyinə görə, 1938-ci ilədək indiki Müsüslü dəmiryolu stansiyasının adı Şilan stansiyası kimi, ünvan bildirən lövhədə yazılmışdır. Lakin, sonrakı dövrlərdə nəqliyyat sistemində işləyən hay-daşnak işçilərinin və onların himayədarlarının "gizli barmaqları” bu adı "Şilyan” kimi yazmaqla bu ərazilərdə 1918-ci ildə yerli azərbaycanlılara qarşı törədilmiş qırğınların qarşısının alınmasında haqlı olaraq öldürülmüş hayların-daşnakların mənfur ruhlarını lənətləmişlər.
Təzə Şilyan kəndinin qədim məhəllələrindən keçərək Kürsahili əkinlərə 9-10 km uzanan biyar yoluna, "Məryəm yolu” deyiblər. Bu yol biyar yolu olub, kəndətrafı pambıq, taxıl, çəltik əkinlərinin suvarılmasında, becərilməsində camaat bu yoldan istifadə edib. Sonralar bu yol genişləndirilib, kəndarası yola çevrilib və Qəbələ-Lahıc-Babadağ yoluna birləşərək, indiki Müsüslü-Qaraməryəm yolu kimi tanınıb.
Ona görə də Azərbaycan Respublikasının sərhədləri daxilində coğrafi yer adlarının (müxtəlif mənşəli toponimlərin) düzgün yazılması, tarixi-coğrafi mənşəyinin- morfogenetik əsaslarının qorunub saxlanılması, orfoqrafik və qrammatik dil xüsusiyyətlərinin pozulmaması baxımından tədqiq edilməsinin, yazılışlarda buraxılmış çatışmazlıqların aradan qaldırılmasının vaxtı çatmışdır. Bunu keçən onilliklərin acı təcrübəsi və nəticəsi bizdən tələb etməkdədir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər