“Silahlar susmalı, hər iki tərəf sülh sazişinə hazır olmalıdır”

“Silahlar susmalı, hər iki tərəf sülh sazişinə hazır olmalıdır”

Təfsilat
26 Aprel 2016, 15:52 1544
“Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq”. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib. O bildirib ki, Bakıya dialoqun bərpası üçün gəlib: “Münaqişənin uzanmasının qarşısını almaq lazımdır. Münaqişəni hərbi yolla həll etmək qeyri-mümkündür”.

H.Desir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil: “Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Əsas odur ki, gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır”. Dövlət naziri qeyd edib ki, silahlar susmalıdır, hər iki tərəf sülh sazişinə hazır olmalıdır: “Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək”.
O qeyd edib ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəf tutmur: “Biz hər iki ölkənin dostuyuq”.

Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

E.Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib. Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.