• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Sifarişi gülünc şəkildə yerinə yetirmək

19.03.19 17:57 677
Sifarişi gülünc şəkildə yerinə yetirmək
Müxtəlif zamanlarda Azərbaycan qarşı aparılan kampaniyalarda iştirak edən xarici kütləvi informasiya vasitələri olub. Lakin bu çirkin kampaniyalar hər zaman özündə yalan və böhtanı ehtiva edib. Təbii ki, bu media orqanlarında Azərbaycan əleyhinə materialların arxasında anti-Azərbaycan şəbəkəsi dayanır. Bu günlərdə "The Washington Post” qəzetinin jurnalisti Bob Woodwardın kitabında Azərbaycan prezidentinin adından yer alan yalan informasiyalar da bunu bir daha təsdiq edir.
Artıq məsələyə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov münasibət bildirib. Ə.Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə Bob Woodwardın "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tam yalan və saxtadır: "Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb”.
Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib: "Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia "fake” informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovbildirdi ki, ümumən "feyk” informasiyaların yayılması konkret məqsədə söykənir: "Bəzən bu məqsədlər ictimaiyyət üçün məchul qalır, bəzənsə də tam açıq şəkildə özünü göstərir. Əksər hallarda isə məqsəd sonradan hansısa prosesin nəticəsi olaraq meydana çıxır. "The Washington Post” qəzetinin jurnalisti Bob Woodwardın "Fear: Trump in the White House” kitabında əks olunmuş iddialarına, konkret olaraq Azərbaycan Prezidenti ilə bağlı fikrə gəlincə, aydındır ki, ABŞ-ın, ümumən Qərbin bir sıra dairələri tərəfindən ölkəmizə münasibətdə hər zaman qərəzli münasibət olub. Bəzən bu münasibət sadəcə Azərbaycanın inkişafını gözügötürməzlikdən qaynaqlanıb, bəzənsə hansısa qlobal məqsədlərin icrasına çalışılıb. İndiki halda mən daha çox ikinci məqam üzərində dayanmaq istəyirəm.
Məlumdur ki, ölkəmiz beynəlxalq siyasətdə hər zaman balanslı xətt yürüdüb. Düşünürəm ki, Bob Woodwardın iddiası məhz bu xəttə zərbə vurmaq, bu xəttə sadiqliyi şübhə altına almaq məramı daşımaqdadır. Çinin Əfqanıstanda hansısa fəaliyyəti varsa, bundan heç şübhəsiz, ABŞ məlumatlı olacaq. Yəni, bu məlumatı ABŞ-a verən tərəfin Azərbaycanın olması əslində son dərəcə gülüncdür. Tam aydındır ki, amerikalı jurnalist müəyyən siyasi dairələrin sifarişini yerinə yetirir”.
Ə.Amaşov vurğuladı ki, Azərbaycan üçün xarici siyasətdə əsas olan öz maraqlarıdır: "Ölkəmiz onların müdafiəsində sistemlidir, ardıcıldır, prinsipialdır. ABŞ-la, Rusiya ilə, Çinlə, eləcə də digər dövlətlərlə münasibətə məhz bu kontekstdən yanaşır. Cənab İlham Əliyev mövqeyimizi dəfələrlə ifadə edib, müdafiəsində qətiyyətli olub. Ölkəmiz onun səriştəli davranışı və təcrübəsi nəticəsində təxribatlardan uzaq dayanıb. Əminəm ki, belə yanaşma heç zaman dəyişməyəcək”.

Media eksperti Azər Həsrət bildirdi ki, Azərbaycana qarşı kampaniya aparan mərkəzlər və qüvvələr ələ düşən hər fürsətdən istifadə etməyə çalışırlar: "Hətta hansısa tində kimdənsə eşitdikləri yalanları fakt kimi qələmə verməyə çalışır, dünyanı çaşdırmağa cəhd göstərirlər. Belə faktlar olub. Xüsusilə, "The Washington Post” qəzeti Azərbaycanla bağlı mövqeyində həmişə qərəzli və birtərəfli olub. Hətta onlara Azərbaycan ictimaiyyəti, ayrı-ayrı fəallar tərəfindən etiraz məktubları göndərilsə də, bunu da nəzərə almayıblar. Yəni, öz bildiklərini istədikləri kimi ictimaiyyətə təqdim edirlər. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun toxunduğu məsələ onlardan biridir. Bu insanlar Azərbaycanda nə olub-bitdiyini doğru-düzgün bilmədən hətta onu Azərbaycan adına çıxaraq yalan bir məlumatı kitabda qeyd edirlər və sonra bunu qəzetlərində tirajlayırlar. Yeri gəlmişkən deyim ki, martın 18-də "The Washington Post”da məhbusların əfv edilməsi ilə bağlı bir xəbər yayımlanıb. Əslində bu informasiyanın yayımlanması yaxşı haldır, amma o xəbərə elə bir başlıq seçiblər ki, Azərbaycan haqqında məlumat əldə etmək istəyən insanlar dərhal bizim dəhşətli ölkə olduğumuzu düşünəcəklər. Başlıq belədir: "Avropa Birliyi Azərbaycanın 400 siyasi məhbusu əfv etməsini bəyənir”. Guya xəbərdə 400 "siyasi məhbus”un əfv edilməsindən söhbət gedir. Halbuki, Azərbaycanda "siyasi məhbus” deyilən bir şey yoxdur, digər tərəfdən, bu sərəncam bütövlükdə məhbuslara şamil olunub və əfv olunanlar arasında ümumiyyətlə siyasətdən xəbəri olmayanlar var. "The Washington Post” adi bir xəbərdə belə öz qərəzini nümayiş etdirir. Təbii ki, belə bir qəzetin və onun arxasında duran qüvvələrin məqsədi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Düşünürəm ki, Prezidentin köməkçisi Əli Həsənovun məsələyə bu cür reaksiya verməsi yerinə düşür. Onlar nəhayət ki, bizdən, xüsusən dövlət rəsmilərindən, məhz media siyasəti ilə məşğul olan Əli Həsənov kimi şəxslərdən münasibət görməlidirlər. O münasibəti görmədikcə, Azərbaycanla bağlı öz qərəzli və yalan informasiyalarını yaymaqda davam edəcəklər”.
A.Həsrət əlavə etdi ki, "The Washington Post” qəzeti hər zaman Azərbaycana qarşı aparılan kampaniyalarda rol alıb: "Azərbaycana qarşı istər Vaşinqtonda keçirilən hansısa tədbirdə, istər Konqresdə dinləmələr zamanı bu qəzet onlara çox böyük həvəslə yer verib. Eləcə də ermənilərin əsassız "soyqırımı” iddiaları ilə bağlı fəaliyyətlərinə diqqət ayırıblar və burada da ölkəmizə qarşı fəaliyyət göstəriblər. Eyni zamanda "The Washington Post” Amerikada, "The Guardian” İngiltərədə olmaqla, beynəlxalq təşkilatların Azərbaycanla bağlı apardığı çirkin və qərəzli oyunların tribunası rolunu oynayırlar. Yəni, bu anti-Azərbaycan qüvvələr də bu qəzetləri yaxşı tanıdığına görə onlardan bizə qarşı istifadə edirlər. "The Washington Post” könüllü şəkildə qəzetçilik prinsiplərindən imtina edərək çirkin kampaniyaçılığa özünü təslim edib”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər