• cümə axşamı, 25 aprel, 19:03
  • Baku Bakı 21°C

Sifariş, yoxsa tender?

18.12.14 12:37 1629
Sifariş, yoxsa tender?
“Dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır. Hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis tərəfindən yaxşı dərsliyin yaradılması və yaxud bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır. Bu məsələdə nazirliyin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir”. Təhsil naziri Mikayıl Cabbarovun üç gün öncə səsləndirdiyi bu fikirlər çoxdan bəri müəllimlərin, valideynlərin və ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin bəzi dərsliklərdəki nöqsanlarla bağlı dilə gətirdikləri narazılıqlarla üst-üstə düşdü.
Nazir dərsliklərin keyfiyyəti, müsabiqəyə çıxarılması üçün kifayət qədər dərsliyin olmaması, 7-8-ci siniflərdə müəyyən fənlər üzrə təkliflərin ümumiyyətlə verilməməsi, tenderlərin natamam baş tutması, əsasən xarici dillər (alman, fransız, bəzi hallarda artıq rus dili) üzrə dərsliklərin yazılmasına marağın azlığına toxundu. M.Cabbarov bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı olduğunu da vurğuladı: “Bu nəticələrdən dərs çıxarmamaq qeyri-mümkündür”. Heç şübhəsiz, təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət düşəndə, ilk növbədə dərslik mövzusu gündəmə gəlir. Problemi həll etmək üçün onun kökünə varmaq lazımdır. Kökü isə müəllifdir, daha doğrusu, yaxşı müəlliflərin az olmasıdır. Dərsliklərin nəşri sahəsindəki çatışmazlıqları təhsil sisteminin əsas problemi adlandıran mütəxəssislər hesab edirlər ki, bu sahə xüsusi diqqət tələb etdiyindən hər ürəyi istəyən dərslik yazmamalıdır. Yəni dərsliklər mükəmməl, bilikli, peşəkar insanlar tərəfindən yazılmalıdır. Hətta bəzi ekspertlər səhvlərin ictimai müzakirəyə çıxarılmasının da tərəfdarıdır ki, şagirdlər imtahanda bu səhvlərin bəlasını çəkməsinlər, nə də ki, həmin müəlliflər növbəti dəfə dərslik yazmağa cəhd göstərməsinlər.
Bütün hallarda, ortada yaranan suala asanlıqla cavab tapmaq olmur: yaxşı müəllifi necə tapmalı? Bir halda ki nazirin özü də “hər hansı elm sahəsi üzrə yaxşı alim hələ yaxşı dərslik müəllifi demək deyil” - deyirsə, onda problemin kifayət qədər ciddi olduğunu düşünmək lazımdır.
Alternativ dərsliklər olsa...
Təcrübəli müəllimlər dərsliklərdə həcmin azalmasından, faktlar saxlanmaq şərti ilə şərhlərin ixtisar olunmasından və sairdən gileylənirlər. Deyirlər ki, təkmilləşmə adı ilə bu dəyişmələr heç də izsiz ötüşmür, şagirdlərin düşünmə qabiliyyətinə mənfi təsir göstərir. Məsələn, Nəsimi rayonundakı Texniki-Humanitar Liseyin riyaziyyat muellimi və dərslik müəllifi Mübariz Namazov bizimlə söhbətində tədris etdiyi fənnlə bağlı dərsliklərdəki problemlərə toxunaraq “Bu gün şagirdlər riyaziyyat fənnini sevirlər, ancaq dərsliklər onların tələblərinə cavab vermir” bildirdi. Belə ki, dərslikdə qoyulan məsələlər 45 dəqiqə üçün çox azdır: “Hər səhifədə həm qısa nəzəri məlumat, həm də məsələlər verilir. Bu baxımdan, məsələlər azlıq təşkil edir. Alternativ dərsliklər olsa yaxşı olar. Bütün dünya ölkələrində belədir. Bir var, humanitar sinif üçün, bir də var riyaziyyat təmayüllü sinfə eyni kitabdan dərs keçirsən. Bu, özünü doğrultmur. Riyaziyyat bir az dolğun keçirilməlidir. Kurikulum sisteminə keçəndən sonra dərsliklərlə bağlı yenidən tender elan olunub. Mən istərdim ki, siniflər üçün yazılan dərsliklər onların təmayülünə uyğun olsun”.
“Yazın, gətirin, baxaq»
“Hələlik tenderə müsabiqə olub və müəlliflər ora cəsarət etmirlər. Çünki tender nəşriyyatın əli ilə keçirilir. Belə ki, nəşriyyat gərək dərsliyi hazırlasın və bir nüsxəni çap edib müsabiqəyə təqdim etsin. Bu da bir qədər uzun prosesdir. Ona görə də çox vaxt müəlliflər buna qatlaşmaq istəmirlər” - deyə “Kaspi”yə bildirən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, ən yaxşı müəllif yazacağı dərsliyin ixtisas üzrə elmini mükəmməl bilən adam ola bilər: «Elmi mükəmməl bilmək də hələ hər şey deyil. Tədris metodikasını mükəmməl bilmək lazımdır. Yəni məktəblərdə şagirdlərlə tədris işini necə qurmağı, onların sinfə görə yaş səviyyəsini müəyyənləşdirməyi, fərdi xüsusiyyətlərini, ətraf aləmi, həyatı bilməlidir. Elmi biliyi ilə onun öyrədilməsi metodikası yüksək səviyyədə olan müəllif dərslik hazırlaya bilər”. Dərsliyin hazırlanmasının didaktiv tələblərinin olduğunu söyləyən TŞ sədrinin fikrincə, pedaqoji, metodiki tələbləri bilməyən, dərs deməyən adam dərslik yazmağa cəsarət etməməlidir: “Bizim dərsliklərdə adətən alimlər iştirak edir, şəkili, mətni yanbayan düzür, ancaq didaktiv çalışmalar yoxdur. Həmçinin rəssam müəllifin də orda fikirləri lazımdır. Bundan əlavə, bəzi fiziki və texniki məsələlər üzrə bu parametrlərə cavab verən adamlar yaxşı müəllif ola bilər. Ancaq təcrübələr göstərir ki, xüsusən kurikulumla bağlı yazıların, dərsliklərin müəlliflərinin əksəriyyəti bu tələbləri bilmir”. Professorun fikrincə, ən yaxşı müəllifi seçmək üçün bir neçə variantda müsabiqə etmək lazımdır: “Tutaq ki, ibtidai sinfin riyaziyyat dərsliyi üzrə müəlliflər öz variantını hazırlayıb versin. Onun içərisindən biri əsas dərslik kimi seçilə bilər. Digərləri də yardımçı vəsait kimi seçilə bilər. Çünki müəllimin bu gün ixtiyarı var ki, əsas vəsaitdən əlavə dərsliklərdən də istifadə etsin”.
Ə.Ağayev hesab edir ki, dərsliklərlə bağlı müsabiqələri də stimullaşdırmaq lazımdır. Belə ki, əgər birinci yeri qazanan dərslik müəllifi varsa, o insan mükafatlandırılmalıdır. Həmçinin ikinci, üçüncü yerlər üçün də mükafatlar tətbiq olunmalıdır: “Vaxtilə ən yaxşı dərsliklərə dövlət mükafatı verilirdi. Məsələyə bir az konseptual yanaşmaq lazımdır. Dövlətin iqtisadi imkanları da buna imkan verir. Qoy stimullaşdırsınlar, müəlliflər də maraq göstərsin. Nə üçün kimlərsə xəlvəti dərslik hazırlasın? Nə üçün kimlərsə cildini parıltılı çap edib gətirsin, amma məzmunu heç nə olmasın. Nazir çağırış etdi: «Yazın, gətirin, baxaq». Ancaq bu çağırışın altında da stimullaşdırıcı bir şey olmalıdır».
İdeal dərslik yoxdur
I-VII sinif Azərbaycan dili dərsliklərinin həmmüəllifi Rafiq İsmayılov bizimlə söhbətində dərsliklər üzrə elan olunan tenderin başqa sahələrin tenderindən fərqləndiyini bildirdi: “Bu tender zamanı dərsliyi tam olaraq hazırlayıb ortaya qoymaq, Təhsil Nazirliyinin dediyi kimi 5-10 nüsxə çap edib müsabiqə komissiyasına təqdim etmək lazımdır. Bu qədər işi gördükdən sonra qalib gəlməmək qorxusu naşirləri və müəllifləri bu işdən çəkindirir. Düzdür, bu, hələ çap demək deyil. Ancaq bu proses 8 ay, bəzən bir il çəkir. Bura ən yaxşı mütəxəssislər cəlb olunur. Sözsüz ki, onlar pulsuz işləmirlər. Məncə, elə bir mexanizm axtarmaq lazımdır ki, müəlliflər bundan çəkinməsinlər. Bunun yolu alternativ dərsliklər də ola bilər”. R.İsmayılov xarici ölkələrdə dərslik nəşri ilə bağlı təklif olunan üsuldan danışaraq, dərsliyin yalnız 25 faizinin nazirlik tərəfindən təklif olunduğunu qeyd etdi. Belə ki, təklifi yerinə yetirən və məhsulu bəyənilən müəlliflər işi davam etdirirlər: “Bizdə isə naşirlər və müəlliflər böyük yük altına girirlər”.
R.İsmayılov hesab edir ki, müəllif nə qədər işi ortaya qoymayıb, onun işi qiymətləndirilə bilməz: «Nazirin dediyi kimi, müəyyən fənn və ya elm sahəsi üzrə görkəmli alim və ya mütəxəssis olmaq heç də yaxşı dərslik mütəxəssisi olmaq demək deyil. Dərslik yazmağın çox parametrləri var. Bu, roman yazmaq deyil. Hər bir dərsliyi 44 meyar üzrə qiymətləndirirlər. Düzdür, güclü alimlər bu sahəyə cəlb olunmalıdır, ancaq daha çox elmi məsləhətçi kimi”. Dərslik müəllifi hesab edir ki, bizdə də bu sahədə xaricdə olduğu kimi «dərslik müəllifi» deyilən peşə ortaya çıxmalıdır: “O, cavan bir magistr, müəllim və ya təqaüddə olan bir insan ola bilər”. R.İsmayılov alman, fransız, rus dili fənnləri üzrə dərsliklərin yazılmasına marağın azlığını bu sahələr üzrə mütəxəssislərin azlığı ilə əlaqələndirdi: «Bu, maddiyyata söykənir. Bir tərəfdən də bu sahədə mütəxəssislər azdır. Həm də o dərsliklərin tirajı azdır. Buna görə naşirlər də həvəs göstərmirlər. Çünki oradan yaxşı gəlir əldə edə bilmirlər, amma zəhmət eynidir. İngilis dili dərslikləri kifayət qədər çap olunur, çünki bu fənnin mütəxəssisləri çoxdur”.
R.İsmayılovun fikrincə, nazirlik bu sahədə tender yolunu yox, sifariş yolunu seçməlidir: “Müəlliflərə dərslik sifariş etməli, onları qiymətləndrməlidirlər». R.İsmayılov hazırda istifadədə olan və qüsurlu sayılan bəzi dərsliklərə də münasibət bildirdi: «İstifadədə olan dərsliklərin hamısı qüsurlu deyil. Sözsüz ki, qüsurlar da var. Hazırda dərsliklər üzə çıxana kimi çox ələkdən keçir. Dərsliyin qüsurları tədris prosesində ortaya çıxır. Ona görə də xarici ölkələrdə dərsliklər kütləvi yayılmamışdan əvvəl 1 il ərzində məktəblərdə sınaqdan keçirilir. Ortaya çıxan səhvlər çıxarıldıqdan sonra təkrar nəşr olunur. Bununla belə, ekspertlər deyirlər ki, yenə də qüsurlar qalır. Ancaq dərslik var ki, konseptual olaraq yaxşı deyil. Dərslik də var ki, qüsurları var, ancaq konseptual olaraq müasir dövrə uyğundur. Bu baxımdan, qüsurları çox şişirdib onu bəlaya çevirmək lazım deyil. Çünki ideal dərslik yoxdur».
Artıq ortada olan təcrübələr də göstərir ki, dərslik siyasəti peşəkar əllərə həvalə olunmalıdır. Bu sahədə hər hansı eksperiment yalnız ziyan gətirir. Amma ataların dediyi kimi, “ziyanın yarısından qayıtmaq da xeyirdir...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər