• çərşənbə axşamı, 19 mart, 12:00
  • Baku Bakı 8°C

Sifariş, yoxsa qəlbin hökmü?

01.07.19 10:04 2743
Sifariş, yoxsa qəlbin hökmü?
Ədəbiyyat, incəsənət sahəsinin adamları bəzən dövlət və ya şəxsi sifarişlər əsasında əsərlər yazırlar. Bu cür sifarişlər bütün dövrlərdə olub və bu gün də var.
Sifarişlə yazılan əsərlərin, qəlbin hökmü ilə ərsəyə gələn əsərlərdən fərqini "Müazakirə”mizdə aydınlaşdırmağa çalışdıq.

Millətə xidmət edən sifarişlər

Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, sifarişlə yazılan sözlə təzyiqlə yazılan sözü bir-birindən ayırmaq lazımdır. Belə ki, sifariş bir qədər geniş anlamdır: "Yəni ürəyin hökmü, sifarişi ilə və yaxud ictimai sifarişlə, hətta dövlət tərəfindən elə bir sifariş ola bilər ki, sənin ürəyindən olar. Sən onu, elə ürəklə yaza biləcəksən. Çünki dövlət tərəfindən onun qorunmasına, nəşrinə təminat var. Verilən sifariş də əslində sənin təbiətinə uyğundur. Tutaq ki, dövlət sifariş verir və sən bu sifariş əsasında əsər yazırsan, film çəkirsən. Və yaxud Azərbaycan coğrafiyası, təbiəti, xalqın taleyində ciddi rol oynamış şəxsiyyətlərlə bağlı dövlət tərəfindən sifariş verilir. Sən onu ürəyinin səsi kimi, həvəslə yerinə yetirirsən. Bu, səni nəyəsə sövq etmir, "həqiqəti qoyub, yalanı yaz” demir. O, sənə deyir ki, indiyə qədər açılmamış bir səhifəni aç və cəmiyyətə göstər. Elə sifariş əslində normaldır və bunu yazıçı, şair, tarixçi, alim, araşdırma aparan elm adamı can-başla yerinə yetirə bilər. O bilir ki, nəticə etibarilə bundan dövlət, xalq qazanır. Və xalqın taleyindəki hər hansı qaranlıq səhifəyə işıq salınır – bu baxımdan bu sifariş fərqlidir. Bir də var ki, yazıçı ürəyindən olmayan, məsələn, 30-cu illərin hadisələri ilə bağlı bir əsər yazsın. Yəni içində bu hadisələrə qarşı olasan, ancaq onlara haqq qazandıran bir yazı yazasan - bu, fəlakətdir, nəticə etibarilə isə millətin taleyinə xəyanətdir. Bunları bir-birindən ayırmaq lazımdır. Ona görə, yalnız ürəyin sifarişi, xalqın tarixinin yaşadığı dövrün sifarişi ilə həqiqətə, millətə xidmət edən sifarişləri normal qəbul edirəm. Hərçənd bu cür sifarişlər hazırda o qədər də çox deyil. Yerdə qalan sifarişləri - yazıçının ruhuna uyğun olmayan, onu təhdid edən, onu zorla yazmağa məcbur edən sifarişləri inkar edirəm və bunu yazıçının missiyadan uzaqlaşması kimi qəbul edirəm».

Sifarişli əsərlərin yazılmasına ehtiyac var
Yazıçı Elçin Hüseynbəyli əsərlərin yazılması ilə bağlı dövlət səviyyəsində verilən hər hansı sifarişi xatırlamır: «Özəl şirkətlər, fərdi insanlar tərəfindən sifarişlə yazanlar var. Məsələn, Şərif Ağın yazdığı «Komandir» romanı sifariş əsasında yazılıb. Kitab Aprel döyüşlərinin şəhidi Raquf Orucova həsr olunub. Bu da yaxşı təşəbbüsdür. O cümlədən, Nigar İsmayılqızının «Savaşçı» romanı həm öz tərəfindən təşəbbüs idi, həm də sifariş idi». Yazıçı hesab edir ki, müəyyən sifarişli əsərlərin yazılmasına ehtiyac var: «Yəni dövlət də sifariş verə bilər. Məsələn, milli qəhrəmanlarımızla, tarixi köklərimizlə bağlı sifarişlər ola bilər. Mədəniyyət Nazirliyi tərəfindən tarixi qaynaqlarla, abidələrlə bağlı kitabların nəşri maliyyələşdirilir. Ancaq onların sifariş olub-olmadığı haqqında məlumatlı deyiləm». E.Hüseynbəyli hesab edir ki, sifarişlə yazılan əsərin, yazıçının öz ürəyinin diktəsi ilə yazdığı əsərdən fərqi olur: «Nadir hallarda sifarişlə yazılan əsər qüdrətli alınır. Belə təcrübələr azdır. Ümumilikdə isə sifarişlə yazılan əsərlər çətin meydana gəlir. Çünki sən o barədə uzun müddət düşünməyibsən. Əsər, uzun müddət düşünəndə ortaya çıxır. Birdən-birə sifariş verirlər və sən qısa zaman çərçivəsində həmin əsəri yazmağa başlayırsan. Məsələn, mən uzun müddətdir ki, roman yazıram. Qəlbimdə, beynimdə formalaşdırıram və yazmağa başlayıram. Ancaq ola bilər ki, dövlətçiliyimizin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlət tərəfindən sifarişlər olsun. Vətəndaşlıq borcu olaraq yazıçılar buna müsbət reaksiya verə bilərlər”. Yazıçı bildirdi ki, əsərlərin sifarişlə yazılması ilə bağlı xüsusi bir proqram yoxdur: "Ola da bilər ki, belə bir proqram olsun”.
Bir var ki, ilham gələ…
Yazıçı Eyvaz Zeynalov sifarişlə yazılan əsərlər haqqında az məlumatlı olmadığını deyir: «Mən qəzetdə işləyəndə kiminsə haqqında oçerk, məqalə yazmışam və belə yazıların çox şahidi olmuşam. Yazıçılara isə sifarişlər verilməsi haqqında eşitmişəm. Məsələn, onlara istehsalatdan, əmək qəhrəmanlarından yazmaqla bağlı sifarişlər verilib, hətta onlar həmin müəssisədə işə düzələrək bir müddət kollektivin içərisində çalışıblar, əməkçilərlə ünsiyyətdə olub və iş prosesini izləyiblər. İstehsalatı öyrənəndən sonra həmin sahə üzrə əsərlər yazıblar”. Yazıçının sözlərinə görə, hazırkı dövrdə daha çox Qarabağ hadisələri ilə bağlı, müharibədə iştirak edib şəhid olan qəhrəmanlar haqqında sifarişlə müəyyən romanlar yazılır. Belə ki, bəzən bu sifarişləri qəhrəmanın yaxın qohumları, ailə üzvləri verir: "Dövlət səviyyəsində isə bu cür əsərlərin yazılması ilə bağlı sifarişlər haqqında eşitməmişəm». Yazıçının fikrincə, hər hansı sifarişlə yazılan bir əsər qələm adamının ürəyinin hökmü ilə yazılan əsərin təsir gücündən fərqlidir: «Bir var ki, ilham gələ, sən özün yazasan, həm də bildiyin sahə üzrə yazasan, onda əsər daha təsirli alınır. Bir də var ki, ürəyin istəmədən, tanış olmadığın bir sahə üzrə kimsə sifariş verə, məncə, o əsər o qədər də güclü alınmaz. Ürəyin istəyən mövzu ilə sifariş üst-üstə düşəndə isə əsər uğurlu alına bilər”.
Dözülməz sifariş
Tənqidçi Əsəd Cahangirin fikrincə, əsərlərin sifarişlə yazılması üç durum ilə müəyyənləşir: «İlk növbədə yazıçının ürəyi istəmir, sırf sifarişlə yazır. Bunu yazıçı üçün qeyri-məqbul hesab edirəm. Çünki ədəbiyyat, insanın öz daxili istəyindən doğmalıdır. Kənardan diktə edilmiş fikirlər hesabına ədəbiyyat yaratmaq olmaz. İkincisi, yazıçı istəyir yazır – bu, ən ideal variantdır. Yəni yazıçı sifarişə baxmır - bu, məqbuldur. Bir də var, sifarişlə yazıçının istəyi üst-üstə düşür. Məsələn, əcnəbi jurnalist Şoloxovdan "Siz partiyanın qərarları əsasında əsər yazırsınız, axı, belə ədəbiyyat yaratmaq olmaz” soruşanda, yazıçı "Biz partiyanın qərarları əsasında ədəbiyyat yaratmırıq, istəklərimizlə partiyanın qərarları üst-üstə düşür” cavabını verib. Əgər yazıçının istəyi ilə sifariş üst-üstə düşərsə, mən o cür sifarişli ədəbiyyatı qəbul edirəm, yox, əgər sifariş yazıçının daxili istəyi ilə üst-üstə düşmürsə, yazıçı öz iradəsinin ziddinə gedərək sifarişi yerinə yetirirsə, bunu qeyri-məqbul hesab edirəm”. Tənqidçi hesab edir ki, sovet dövründə yazılan ədəbiyyatın bu gün mühüm bir qisminin bədii söz arxivinə çevrilməsinin səbəbi onların sifarişlə yazılması ilə bağlıdır: "Məsələn, əmək və inqilab qəhrəmanlarından, istehsalatdan, partiya liderlərindən, fəhlə və kəndlilərdən sifarişlə əsərlər yazırdılar. O dövrdə yazılan əsərlər içərisində yalnız o əsərlər bu gün daha qiymətlidir ki, müəlliflər həmin sifarişlərdən kənara çıxırdılar. Məsələn, rus ədəbiyyatında Bulqakovun «Ustad və Marqarita», Leonid Leonovun «Rus meşəsi», Pasternakın «Doktor Jivaqo», bizim ədəbiyyatda Əbülhəsənin, Mirzə İbrahimovun müəyyən əsərləri, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, Süleyman Rüstəm, Məmməd Rahim və digərlərinin yaradıcılığı isə əsasən sifarişə söykənirdi. Səməd Vurğunun o əsərləri bu gün daha gözəldir ki, onlar sifarişdən kənarda yazılıb. Məsələn, sifarişlə yazılan «Muğan» poemasından «Aygün» poeması daha maraqlıdır. Yazıçının daxili istəyi ilə sifarişin üst-üstə düşməsində heç bir qəbahət yoxdur». Tənqidçi hesab edir ki, bu gün bizim dövrümüzdə də sifarişlə yazılan müəyyən əsərlər var: «Mən onları o qədər də məqbul hesab eləmirəm. Çünki sovet dövrü şair və yazıçılarını müəyyən qədər başa düşmək olardı. İdeoloji təzyiq var idi, sifarişlərə əməl etməmək ölüm-dirim məsələsi idi. Bu gün isə azad respublikamız var, senzura yoxdur. Yazıçılara heç kim nə yazacaqlarını diktə etmir, onlar azaddır. Ancaq bu gün elə bil ki, əksinə vəziyyət yaranıb. Yazıçı və şairlər özləri o sifarişlərə can atırlar. Ancaq o sifarişləri onlara verən də yoxdur. Bu gün yazıçının, tam azad olduğu halda həmin sifarişlərə can atması onun hansısa maddi mənafe güdməsi, müəyyən dairələrə yarınması təsirini bağışlayır ki, mən bunu qeyri-məqbul hesab edirəm. Bu, artıq ədəbiyyata çevrilmir. Şair özü ölməmiş, onun əsəri dəfn edilir. Fikrimcə, şair və yazıçılarımız dövlətimizin bizə verdiyi söz azadlığından, qeyri-senzuralıqdan, müstəqillikdən istifadə edərək ədəbiyyatı zənginləşdirməlidirlər. Ancaq bu o demək deyil ki, yazıçı dövlətçilik mövqeyindən çıxış etməməlidir. Xüsusən, pis haldır ki, bu sifarişi Azərbaycan dövlətinin düşmənlərindən alasan. Müstəqillik dövründə bu azadlığın anarxiya kimi dərki buna da gətirib çıxardı. Hətta bu, yazıçının öz dövlətinə, xalqına xəyanəti səviyyəsində özünü büruzə verdi. Bu, lap pis, dözülməz sifarişdir».

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər