Siçovul gəzən kameralar, tarakanlı yeməklər...

Siçovul gəzən kameralar, tarakanlı yeməklər...

Siyasət
29 Oktyabr 2012, 16:36 1431
Ermənistan həbsxanalarında vəziyyət kritik həddə çatıb. Bu ölkənin həbsxanalarında 5 mindən çox məhbus saxlanılır. Vanadzor həbsxanasının məhbusları “Hraparak” qəzetinə zəng edib kütləvi aclıq aksiyasına başlamağa hazırlaşdıqlarını bildiriblər. Məhbuslar məhbəsdə görüşlərin təşkil edilməsi, qidanın keyfiyyəti, sanitar vəziyyətdən narazıdırlar. Onlar deyirlər ki, həbsxana rəisi Artyom Mxitaryan soyuduculardan və elektrik plitələrdən istifadə etməyi qadağan edir, evdən alınan bağlamaları, xüsusilə meyvə və şirniyyatı geri qaytarır. Görüş otağında kameralar quraşdırılıb, başlıcası isə, məhbuslarla amansızcasına rəftar edilir.

Qəribə bağlama

Bundan bir qədər əvvəl isə “Henaran.am” internet nəşri Yerevan yaxınlığında yerləşən Nubaraşen cinayət-islah müəssisəsindən məhbusların kütləvi aclıq keçirdiyi haqqında məktub və qəribə bir bağlama alıb. Məhbuslardan biri zərfə polietilen plyonkaya bükülü barmaq göndərib. Məktubda verilən izahata əsasən, məhbus saxlanma şəraitlərinə etiraz əlaməti olaraq sağ əlinin çeçələ barmağını kəsib redaksiyaya göndərib.
Məktubda deyilir ki, məhbuslar bir neçə gündür aclıq elan ediblər, lakin həkim nəzarətindən məhrumdurlar. “Qanuna əsasən, gündə iki-üç dəfə bizə baş çəkib təzyiqimizi yoxlamalı, müayinə etməlidirlər, lakin 2 gün ərzində həkim üzü görməmişik. Yanımızda olan oğlanlardan birini o hala salıblar ki, zonaya qaytarmasalar, barmağını kəsməklə hədələyib. Ona nəzər yetirməyiblər, o da barmağını kəsib. Daha iki nəfər ağızlarını sapla tikib. Mən də sabahadək hakimin qərarını gözləyirəm. 132-ci maddəni üstümdən götürməsə, mən də barmağımı kəsəcəyəm. Prokurora göndərin ki, bu məsələyə diqqətlə yanaşsınlar” - deyə məktubda bildirilib. Məktubda olan telefon nömrəsi ilə məhbus Serob Mxitaryanın anasını tapıblar. Qadın “Panorama.am” saytına deyib ki, oğlunu Laçında (Berdzorda) oğurluq etməkdə ittiham edib 6 il iş kəsiblər, lakin oğurluq edən mayor Armen Qabrielyanın oğlu Andranik olub və 3 ay əvvəl azadlığa buraxılıb. Qadın oğlunun ağzını tikdiyini və 4-cü gündür aclıq etdiyini bildirib: “Onun yüngül psixi xəstəliyi və ürək problemi var, təzyiqi yüksəkdir. Təcili müalicəyə ehtiyacı var”.

Ədliyyə Nazirliyi izah edir

Ermənistan Ədliyyə Nazirliyinin mətbuatda qalxan ajiotajla bağlı izahatında deyilir ki, məktub müəllifi keçmişdə iki dəfə məhkum olunmuş Artur Xaçatryan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 182-ci (trafikinq) və 132-ci (şantaj) maddələrinə əsasən ittiham olunur. O, və aclıq elan etmiş digər məhbuslar ayrı kameraya köçürülüb və həkim nəzarəti altındadırlar. Barmağını kəsən Karen Taroyan isə Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, əsassız tələblər irəli sürüb və tələblərinə baxılacağı vədinə rəğmən, cümə axşamına keçən gecə barmağını kəsib, ona “Erebuni” xəstəxanasında tibbi yardım göstərilib. Lakin Taroyan həbsxanaya baş çəkən Ermənistan ombudsmanı ofisinin nümayəndələrinə tibbi yardım almadığını bildirib. Ədliyyə Nazirliyi Taroyanın müxtəlif məhbəslərdə aqressiv davranışına görə 20 dəfə cəzalandırıldığını bildirib. Bundan başqa, o, “ailə problemlərinə görə sol əlinin çeçələ barmağını kəsib”. Taroyanın özünü qəsdən şikəst etməsi faktı üzrə cinayət işi açılıb, istintaq aparılır.

Həbsxanalarda şərait

Ermənistan həbsxanalarında, xüsusilə Nubaraşen cinayət-islah müəssisəsində məhbusların məhkəmə qərarları və saxlanma şəraitləri ilə bağlı narazılıqlar və etiraz aksiyaları keçirməsi halları haqqında daha əvvəl də dəfələrlə məlumatlar yayılıb. Hüquq müdafiəçiləri dəfələrlə həbsxanaların doluluğu və vaxtında tibbi yardım göstərilmədiyi ilə bağlı narahatlıq izhar ediblər.
Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatlarına əsasən, 2009-cu ildə həbsxanalarda 7 məhbus həlak olub, 2010-cu ildə isə həlak olanların sayı 5 qat artıb. Nubaraşen həbsxanasında saxlanılanların sayı nəzərdə tutulduğundan 200 nəfər artıqdır. Məhbuslar yer olmadığından növbə ilə yatmağa məcbur olduqlarını deyirlər. Lakin Ermənistan Ədliyyə Nazirliyinə tabe olan Cinayət-İslah İdarəsi rəqəmlərin həddən çox şişirdirildiyini bildirib və məhbusların növbə ilə yatdığını təkzib edib.
“Ermənistanda saxlanma yerlərinin həddən artıq yüklənməsi ciddi problemə çevrilib”. Bunu isə İctimai Müşahidə Şurasının sədri Arman Danielyan deyib. Qrup Ədliyyə Nazirliyinin Penitensiar Sistemində vəziyyəti öyrənməklə məşğul olur. Arman Danielyan əvvəlki illərdə həbsxanalar və saxlanma yerlərinin həddən artıq dolu olması faktına rast gəlinmədiyini söyləyib: "Hazırda Vartaşen, Nubaraşen və Erebuni həbsxanalarında dustaqların sayı nəzərdə tutulduğundan çoxdur. Nibaraşen həbsxanasında 8 nəfərlik kameraya 12 çarpayı qoyulub, burada 18 nəfər saxlanır". Danileyan həbsxanalarda dustaqlara pis münasibətin olması faktını da təsdiqləyib: "Bu faktları aşkar etmək çətindir, çünki adamlar bu barədə danışmağa qorxur. Dustaqlara qarşı zorakılıq üsulları pis davranış və ya qaçışa cəhd zamanı tətbiq olunur".
Həbsxanalarda ictimai nəzarət həyata keçirən hüquq müdafiəçisi Artur Sakuntsunun dediyinə görə, Ermənistanda cinayət siyasəti cəzanın həyata keçirilməsi üzərində qurulub: “Ermənistanda cinayətkarlara münasibətdə siyasət əslində insanların hüquqlarının qorunmasına və ya insan ləyaqətinə sayğıya yönəlməyib, əksinə, daha çox cəza vermək xarakteri daşıyır və insanlara qarşı yürüdülür. Bizim problemlərimiz və sistemin fəlsəfəsi də elə bu məqamdadır”. Hüquq müdafiəçisi Artur Sakunts deyir ki, rəqəmlər həbsxanalardakı vəziyyəti daha aydın təsvir edə bilər: “2012-ci il iyulun 1-ə olan göstəricilərə görə, həbsxanalarda 15 nəfər ölüb. Bu rəqəmlər adi rəqəmlər deyil, onlar həbsxanalardakı durumu xarakterizə edir”. Sakuntsun “Nubarşen” həbsxanası barədə dediyi qeyri-insani şəraitə müxalifətçi Ermənistan Milli Konqresinin 19 yaşlı fəalı Sarkis Qevorkyan özü şahid olub: “Nubarşen” həbsxanasında mən ilk dəfə 6 gün olmuşam. Həyatımda belə bir yer başqa heç yerdə görməmişəm. Elə iy bürümüşdü ki, nəfəs olmaq da mümkün deyildi. Bundan sonra məni karantin adlandırdıqları bir kameraya köçürdülər. Burda başa düşdüm ki, fobiyası olan insanlar bu kameraya salınsa, o dəqiqə ölərlər. Yemək paketlərində qarışqalar və tarakanlar rahat-rahat gəzirdilər, onlarla heç bir mübarizə aparılmırdı. Həbsxana işçiləri bunlara çox laqeyd yanaşırdılar. Gecələr isə kameralarda siçovullar var-gəl edirdilər”.

Azər NURİYEV