“Şöhrətdən həzz alıram”
Artıq bir mövsümün də sonuna gəldik. Mövsüm sonunda
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə
söhbət etdik. Bu mövsüm "Ata ocağı” serialında baş rollardan birini canlandıran
aktyor bir il ərzində qət etdiyi yaradıcılıq yolundan danışdı. "Direktor”
sözünü xoşlamayan əməkdar artist hər şeydən əvvəl bir aktyor olduğunu
vurğulayır.
- Elman
müəllim, geridə qoyduğumuz mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?
- Bəli, bu mövsüm də Azərbaycan Dövlət Pantomima
Teatrı üçün səmərəli və uğurlu keçdi. Teatrımızın bir aktrisası Cümhuriyyətimizin
100 illiyi ərəfəsində "əməkdar artist” fəxri adına layiq görüldü. Bu bizim teatrımız
üçün çox sevindirici hal oldu. Təbii ki, bu da dövlətimizin teatrımıza
göstərdiyi diqqətdən xəbər verir.
Geridə qoyduğumuz mövsümdə iki yeni tamaşa
hazırladıq. Bu mövsümdə eksperiment tamaşalar üzərində işlədik.
- Bəs qastrol
səfərləriniz necə, oldumu?
- Xeyr, bu mövsüm qastrol səfərlərimiz olmadı.
"Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr festivalında "Pantomima buketi”
konsert-tamaşamız ilə çıxış etdik. Festival çərçivəsində tamaşamızın premyerası teatrımızın yaradıcı
heyətinin təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
baş tutdu. Biz o tamaşadan böyük həzz aldıq. Nümayişdən sonra isə diplomla
təltif olunduq.
- Elman müəllim,
bəs aktyor kimi necə, bu mövsümü uğurlu hesab edirsinizmi, yaradıcılığınızın ən
məhsuldar ili kimi dəyərləndirə bilərsinizmi?
- Əlbəttə, bu mövsüm serial həyatımda ən uğurlu
mövsümlərdən birini yaşadım. 47 yaşım var və bu yaşıma qədər bir çox filmlərdə,
seriallarda rol almışam. İndiyə qədər çəkildiyim ən uzun serial "Aramızda
qalsın” idi ki, orada 30 bölüm çəkilmişdim, amma mənim üçün bu il uğurlu oldu. Ona
görə ki, rol aldığım "Ata ocağı” serialının 194 bölümündə Niyaz obrazı ilə
çəkildim və bu obraz tamaşaçıların sevgisini qazandı. Bunun özü mənim üçün bir
məktəb idi. 194 bölüm üçün həftənin 5 günü kamera qarşısına keçdim. Kamera
qarşısında çalışmağın özü bir məktəbdir. Aktyorlarımızın kameraya öyrəşməsi üçün bu
mütləqdir. Aktyor kamera qarşısında olmalıdır ki, nələrəsə nail olsun və kamera
ilə işləməyi öyrənsin.
- Siz film və
seriallara çox nadir hallarda çəkilirsiniz. Buna səbəb nədir?
- Bəli, mən çox nadir hallarda seriallarda rol
alıram. Çünki özümə dəyər verən aktyorlardanam, rejissorların təklif etdiyi
seriallarda ucuz qiymətlə razılaşmıram. Bir də canlandıracağım obraz və
çalışacağım komandanın da peşəkar olması mütləqdir. Qarşıma belə bir məqsəd
qoymuşam və ona doğru gedirəm. Ona görə bu ili aktyor kimi uğurlu hesab edirəm.
- Bu
serialdan sonra sizi tanımayan tamaşaçılar Niyaz kimi tanımağa başladı. Halbuki
ömrünüzün yarısını məhz pantomimçi kimi yaşamısınız.
- Elədir, bu obraza çəkildikdən sosial şəbəkələrdə
izləyicilərimin sayı günü-gündən artdı. Cəmiyyət içinə çıxanda tamaşaçılar məni
daha çox tanımağa başladılar. Küçədə uşaqlar məni görəndə "Niyaz əmi” deyərək
səsləyirlər. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyirlər, görürəm
ki, utanırlar. Onlara şəkil çəkdirmək üçün şərait yaradıram. Bundan, bu
şöhrətdən həzz alıram. Ümumiyyətlə mən aktyorluq sənətinə insanların marağını
çəkmək və seçilmək üçün gəlmişəm.
- Niyaz obrazınızla insanlardakı şüuraltı "direktor”
stereotiplərini də qırmış oldunuz. Direktor deyəndə istər-istəməz kostyumlu,
qalstuklu bir insan düşünürük. Niyaz isə əyyaş və alkoqol düşkünü bir insandır.
- Mən hər zaman demişəm, indi də deyirəm: əvvəlcə Pantomima
Teatrının aktyoru, daha sonra direktoruyam. Sadəliyi sevirəm, ancaq bunu başa
düşən insanlar üçün. Bəzən sadəliyimdən istifadə edənlər də olur. Mən yalnız
teatra daxil olanda və kabinetdə oturarkən direktor oluram. Direktor rolunu
iclaslarda oynayıram (gülürük). Ancaq teatrdan kənarda həmkarlarım kimi mən də
bir aktyor oluram. Bu ad mənim üçün daha dəyərlidir. Mən bu sənətə aktyorluğa
görə gəlmişəm. Məni teatra ona görə direktor
vəzifəsinə təyin etdilər ki, idarəçilik sənətini də bacarıram. Administrasiya
sahəsinə yaxından bələd olduğum üçün teatrın bu kimi məsələlərini həll etmək
mənə həvalə olundu. Bu bacarığa sahib olduğum üçünsə müəllimlərimə və atama
minnətdaram. Çünki mənim atam da administrasiya sahəsində çalışıb. Uşaqlıqdan onun
necə işlədiyini görərək böyümüşəm. Bu gün ondan öyrəndiklərim mənim karıma
gəlir.
- Nədənsə hər dəfə
Pantomima Teatrı deyəndə gözlərimiz qarşısında o "məşhur üçlük” canlanır - siz,
Pərviz Məmmədrzayev və Qurban Məsimov.
- Bunun da bir tarixi var. Belə ki, Pantomima
Teatrı 1994-cü ildə yarananda onun təməli 4 tələbənin vasitəsi ilə qoyuldu - Əsəd
İsmayılov, Siyavuş Hüseynli, Rövşən İsax və mən. Tamaşaçı qarşısına çıxdıq,
bizi qəbul etdilər. Teatr yaranan gündən Nicat Kazımov, Azər Axşam, Reyhan
Muradova, Leyla Əfəndiyeva, Hacıbaba Məmmədov kimi sənətkarlar bizimlə birlikdə
çalışdılar. Sonra ələnmə prosesi getdi və yerdə qalanlarla işə davam etdik.Tamaşaçı təzə pantomimanı anlamağa çalışırdı. Deyirdilər
ki, bu lal-karlar kimə lazımdır? Səhnəyə çıxmısınız, danışın da, niyə əl-qolla
danışırsınız? Biz tamaşaçılardan bu sözləri tez-tez eşidirdik. İncəsənət bizim
oyunumuzu yenilik kimi qəbul edirdi, ancaq tamaşaçı bunu həzm etməkdə çətinlik
çəkirdi. Daha sonra teatrda 3 nəfər qaldı - mən, Pərviz və Qurban. Bizə "məşhur
üçlük” də deyirdilər. Azərbaycana klounada janrını Pantomima Teatrı, yəni biz 3
nəfər gətirmişik. Bu
üçlük övladlarımızın sevimli obrazlarına çevrildi. Başladıq ad günlərinə, tədbirlərə
getməyə. İnsanlar xoş günlərində peşəkar klounlar tələb edəndə bizə müraciət
edirdilər. Orda da qeyd edirdik ki, biz Pantomima Teatrının aktyorlarıyıq.Ötən il kürəkənimin ad günündə mənə şəkil göndərdilər.
Şəkildə baxanda gördüm ki, həmin üçlük və qarşımızda kürəkənimin bacısı dayanıb.
Hansı ki, bu gün həmin oğlan mənim kürəkənimdir. Hər şey qismətdir.
- Elman müəllim,
sosial şəbəkələrdə nəvənizin şəklini tez-tez paylaşırsınız. Qürbətdə yaşayan qızınızın
övladı üçün darıxırsınız deyəsən?
- Əlbəttə. O mənim ilk nəvəmdir. Bəzən dostlarım
mənə deyir ki, nəvənin şəklini nə üçün sosial şəbəkələrdə tez-tez paylaşırsınız,
ona göz dəyə bilər. Deyirəm ki, insan, əgər göz dəyəcək deyə qorxu içində
yaşayırsa, o mütləq olacaq. Mən belə inanclardan uzağam. Dostlarım deyir ki,
nəvən sosial şəbəkədə gözümüzün qarşısında böyüyüb (gülürük). Qızım Amerikada
yaşayır və ötən il onların yanına getdim. Oraya gedib-gəlmək çox bahalıdır.
Amma hər il də olmasa, 2 ildən bir gedib dəymək olar. Qızım Kaliforniya ştatının
Los Anceles şəhərində öz karyerasını qurub. Sevdiyi işlə məşğuldur.
- Hər bir aktyorun
arzusu məhz o Los Ancelesdə, Hollivvuda filmlərə çəkilməkdir. Yəqin sizin də
qəlbinizdə bu istək yer alır.
- Əlbəttə. Hərdən qızıma zarafat edib deyirəm ki,
ingilis dilində CV-mi düzəldib, Hollivuddan keçəndə qapıdan içəri atsın. Bəlkə
hansısa rejissorun ayağına yapışar. Rejissorlar şəklə baxıb, desinlər ki, baxaq
görək bu kimdir? Bəlkə Hollivudun qapıları üzümə onda açıla (gülürük).
- Mətbuatda hər
zaman nəvənizdən və qızınızdan danışırsınız. Ancaq sizin bir oğlunuz da var.
- Oğlum Moskvada Aviasiya Universitetini bitirib.
Təhsilini bitirəndən sonra Moskvada işlədi. Onun marağı turizm sahəsinədir.
İngilis dilini təkmilləşdirib, bacısının yanına getmək istəyir. İndiki gənclər bir yerdə dayanmır, daima
inkişaf edir, yeni dünyanı kəşf etməyə çalışırlar. Biz də onları anlayır və hər
zaman öz dəstəyimizi əsirgəmirik. Oğluma "Mosfilm”dən təklif gəlsə də, imtina
etdi. Bakıya gələndə ona burda yeni serialda baş rol təklifi gəldi, onu da
istəmədi.
- Elman müəllim,
yeni mövsümdə sizdən nələr gözləyək?
- Teatrda yeni mövsümdə nümayişi nəzərdə tutulan
yeni tamaşanın məşqləri gedir. Çexovun bir əsəri üzərində çalışırıq. Onun bir nümunəsi
sözlə yoxlama şəklində göstərildi, bu dəfə sözsüz olacaq. Bundan başqa, Bəxtiyar Xanızadə hər zaman yoxlama
tamaşalar etməyi sevir və yeni mövsüm də belə tamaşamız olacaq.
Xəyalə Rəis