• cümə, 29 Mart, 04:59
  • Baku Bakı 7°C

“Şöhrət” ordenli ən gənc idmançımız - Portret

04.02.17 10:30 3918
“Şöhrət” ordenli ən gənc idmançımız - Portret
Bu gün taekvondo beynəlxalq yarışlarda ən çox medal gözlədiyimiz idman növlərindən birinə çevrilib. Elə təkcə son olimpiadada iştirak etmiş 4 taekvondoçumuzdan 3-ün okeanın o tayından medalla qayıtmasını qeyd etmək kifayətdir. Bu idman növündə gələcəkdə də böyük uğurlar qazanacağımıza inamın səbəbi təkcə son olimpiadadakı uğurlu çıxış deyil. Buna səbəb son olimpiadada çıxış etməsə belə, böyük potensial vəd edən taekvondoçularımızın da olmasıdır. Bu cür perspektivli taekvondoçularımızdan biri də Ayxan Tağızadədir.
Ölkə idmansevərləri onun adını ilk dəfə iki il öncə, Bakıda təşkil edilən Avropa Oyunlarında eşitdi. Cəmi 19 yaşında özündən təcrübəli rəqiblərini sıradan çıxararaq, Avropa Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanan Ayxan, öz adını nəinki ölkəmizin, həmçinin, ilk dəfə təşkil edilən bu yarışın tarixinə yazdı. Bu yazıda sizə gənc taekvondoçu Ayxan Tağızadədən bəhs edəcəyik.

3 yaşından başlayan karyera

Ayxan Tağızadə 1996-cı il, yanvar ayının 20-də Bakıda dünyaya gəlib. Atası Əvəz müəllim taekvondo məşqçisi olduğundan, Ayxan da kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayıb. Başqa uşaqlar danışmağı, yeriməyi öyrəndiyi bir zamanda o, artıq təpik atmağı bacarırdı. Atası oğluna taekvondonun sirlərini cəmi 3 yaşından öyrətməyə başlamışdı. Əvəz Tağıyev oğlunun potensialına inanırdı. Ona həmişə "səndə böyük potensial var, olimpiadalarda nəticə qazana bilərsən” deyirdi. İlk vaxtlar taekvondoda sadə hərəkətləri yerinə yetirməyi öyrənən Ayxan, daha sonra özünü bir xeyli təkmilləşdirərək, 8 yaşında qara kəmər alır.
Elə 8 yaşından ölkədaxili yarışlara qatılan Ayxan, burda uğurları sıralamağa başlayır. Bunda təəccüblü heç nə yox idi. Yaşıdları taekvondo ilə yeni-yeni tanış olurdusa, Ayxan artıq 5 ilə yaxın idi ki, bu idman növünün sirlərinə yiyələnirdi. Məhz buna görə, Ayxan yerli yarışlarda uğur qazanmaqda elə də çətinlik çəkmirdi. Lakin o, yaşıdlarından fərqli olaraq, daim nəzarət altında idi. Yaşıdları məşqlərdən sonra məşqçi nəzarətindən kənar olsa da, məşqçisi öz atası olan Ayxan bundan məhrum idi. O, yaşıdlarından daha yaxşı olduğunu sübut etmək üçün ikiqat əzmlə çalışmalı, onlardan ən azı bir baş üstün olmalı idi. Bəlkə də, onun gələcəkdə qazanacağı uğurlarda bu amilin də böyük rolu olub.
Taekvondoya qurban verilən futbol
Ancaq ilk vaxtlarda Ayxanın bu idman növünə marağı elə də çox deyildi. Onun ən çox maraq göstərdiyi sahə isə bir çox uşağın sevimli idman növü olan futbol idi. Futbola sevgisinə baxmayaraq, Ayxan atasına görə taekvondo yarışlarına qatılır, nəticə də qazanırdı. Lakin onda futbol oynamaq da pis alınmırdı. "Vətən” komandasında hücumameylli yarımmüdafiəçi kimi çıxış edən Ayxan, müəyyən müddətdən sonra gələcək karyerası ilə bağlı qərar verməli olur – futbol, yoxsa taekvondo? Onun üçün çox çətin idi - futbol, taekvondo və məktəb. Bu üçünü eyni anda davam etdirmək demək olar, qeyri-mümkün idi. Məhz buna görə, Ayxan öz seçimini edir və bu "üçlük”dən birini ixtisar etməli olur. İxtisar edilən isə təbii ki, məktəb deyildi.
9-10 yaşına kimi futbol və taekvondo ilə eyni anda məşğul olan Ayxan, sonda seçimini ikincidən yana edir. Təbii ki, bu seçimdə məşqçi olan atasının da böyük təsiri olur.

İlk ciddi uğur, artan maraq

Müəyyən müddətdən sonra Ayxanda taekvondoya maraq yaranır. 2011-ci ildə gənclər arasında Azərbaycan çempionatında çempion olandan sonra isə bu maraq daha da artır. Bundan sonra isə beynəlxalq arenalarda uğurlar başlayır. Artıq Ayxan ölkə xaricindəki yarışların demək olar, heç birindən əliboş qayıtmırdı. Gənc taekvondoçu 2013-cü ildə Portuqaliyanın Portu şəhərində keçirilən gənclərin Avropa çempionatında ikinci olur. Ayxan məhz bu uğurdan sonra taekvondoda daha böyük uğurlar qazanacağına inanır. Çox çəkmir ki, o, böyüklər arasında Azərbaycan çempionu da olur. Qarşıda isə onu daha böyük uğur gözləyirdi.

Prezident onu təbrik edir

2015-ci ildə bütün dünyanın diqqəti Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarına yönəlmişdi. Bu yarışdan bir ay öncə Ayxan böyüklər arasında dünya çempionatında iştirak etsə də, burda uğursuzluqla üzləşir. O, bürünc medal uğrunda döyüşdə rusiyalı Aleksey Denisenkoya uduzur. Ancaq Ayxan bu uğursuzluqdan sonra ruhdan düşmür, bir ay sonra baş tutacaq Avropa Oyunlarına hazırlaşmağa başlayır.Gənc idmançı yarışa ilkin mərhələdən başlayır və ilk olaraq sloveniyalı Yure Pantarı mübarizədən kənarlaşdırır. O, 1/4 finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşır. 19 yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanır.
Burda isə Ayxanı son dünya çempionatında uduzduğu Aleksey Denisenko gözləyirdi. Ölkə prezidenti İlham Əliyevin də izlədiyi bu qarşılaşmanın gənc taekvondoçu üçün əhəmiyyəti böyük idi. O, həm son dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxmalı, həm də, doğma divarlar arasında keçirilən yarışda finala vəsiqə qazanaraq, ən azı gümüş medalı təmin etməli idi. Görüşün gedişində 7:1 hesabı ilə önə keçən Ayxan, qarşılaşmanın son dəqiqələrində rəqibə ardıcıl xallar versə də, sonda qalib gələrək (7:5), həlledici oyuna vəsiqə qazanır. O, bununla da, dünya çempionatındakı məğlubiyyətin əvəzini rusiyalı rəqibindən çıxır.
Həlledici görüşdə isə Ayxan polşalı Karol Robakla görüşdən qələbə ilə ayrılaraq, ilk Avropa Oyunlarını qızıl medalla başa vurur. Bu, həm də, Avropa Oyunlarında taekvondoda qazanılmış ilk qızıl medal olur. Finaldan sonra gənc idmançı daha bir sürprizlə qarşılaşır. Ölkə prezidenti İlham Əliyev onunla telefonla danışaraq, qələbə münasibətilə təbrik edir. Avropa Oyunlarından sonra Prezident Ayxanı "Şöhrət” ordeni ilə də təltif edir. Bununla da, 19 yaşlı taekvondoçu bu ordenə layiq görülən ən gənc idmançımız olur.
Ayxan Avropa Oyunlarındakı qələbədən sonrakı hisslərini bu sözlərlə ifadə edir: "Adam elə bilir ki, yuxudadır. O hissləri izah etmək olmur, onu yaşamaq lazımdır”.

Riodan kənarda qalan istedad

"Avropa Oyunları geridə qaldı, artıq İslam Həmrəyliyi Oyunlarına baxmaq lazımdır. Arxayınçılıq yaranmaması üçün idmançı öz keçmiş uğurlarını unutmalı, gələcək yarışlara köklənməlidir. İndi mənim üçün vacib olan qarşıdakı İslam Həmrəyliyi Oyunları və dünya çempionatıdır” Bu sözlər Ayxana məxsusdur. Onun 2 il öncəki uğurlardan başı gicəllənmədi. Əksinə, yeni uğurlar əldə etdi. Elə həmin ildə Meksikada keçirilən dünya kubokunda yığma komandanın heyətində qızıl medal qazanan Ayxan, hərbçilərin dünya oyunlarında və ötən il klublararası Avropa çempionatında gümüş medal qazanır.
Ancaq Ayxan uğurlara baxmayaraq, Rio Olimpiadasını kənardan izləməli olur. O, taekvondoda olimpiya reytinqində ilk altılıqdan kənarda qaldığından, olimpiadaya yollanan heyətdə yer almır. Ancaq kim bilir, Ayxan Rioya yollansaydı, bəlkə də, yığmamızın kolleksiyasına daha bir medal əlavə olunacaqdı. O özü "Qalib gəldiyim idmançılardan biri Rio Olimpiadasında 2-ci, biri isə 3-cü oldu. Bu cür olanda orda iştirak etmədiyimə görə, təəssüfləndim” deyir.
Ancaq gələcəkdə bu cür yarışlara ekran qarşısından baxıb təəssüflənməmək üçün Ayxan olimpiya reytinqində ilk altılığa düşməlidir. O, buna çox yaxındır. Hazırda reytinqdə 8-ci olan Ayxana daha iki pillə irəliləmək və bu yeri qorumaq kifayətdir ki, Tokioda təşkil ediləcək dördilliyin ən möhtəşəm idman yarışının iştirakçısı olsun. Lakin Ayxanın əsas məqsədi təkcə olimpiadada iştirak yox, ordan medalla, daha doğrusu, qızıl medalla qayıtmaqdır.

Futbolu atsa da…
Ayxan illər öncə futbolu atsa da, bu idman növünə marağı hələ də davam edir. O, boş vaxtlarında dostları ilə birgə futbol oynamağı xoşlayır. Bir çox futbol həvəskarı kimi Ayxan da "playstation” oynamağı sevir. Həm "playstation”da, həm də real futbolda onun sevimli komandası "Barselona”dır. Gənc idmançı yerli futbolla da maraqlanır. O, "Qarabağ”la "Qəbələ”nin avroliqa oyunlarını qaçırmamağa çalışıram” deyir.Futboldan başqa, gənc idmançının filmlərə də marağı var. Özü döyüş idman növü ilə məşğul olmasına baxmayaraq, bu cür janrda çəkilmiş filmlərə maraq göstərmir. Onun sevimli janrı isə komediyadır. Ayxan həm də tələbədir. O, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Kumirlə finalda qarşılaşmaq şansı
Ayxanın taekvondodakı kumiri hazırda millimizin böyük məşqçisi olan Rəşad Əhmədovdur. Onun ölkə xaricində çıxışını bəyəndiyi taekvondoçu isə türkiyəli Sərvət Tazəgüldür. London Olimpiadasının qızıl mükafatçısı hazırda Ayxanla eyni çəkidə yarışır. Hətta 2 il öncə, Ayxanın Avropa Oyularında öz kumiri ilə tatami üzərində qarşılaşmaq şansı da olub. Lakin Tazəgül yarımfinalda polşalı Karol Robaka uduzub.

Portreti
Böyük perspektiv vəd edən Ayxanın, gənc yaşda əldə etdiyi uğurlardan başı gicəllənmir. O, böyük qələbələrə gedən yolun qapısının açarının gərgin məşqlərdə olduğunu bilir. Elə buna görə də Ayxan məşqlərə həmişə ciddi yanaşır. O ki qaldı nizam-intizama, məşqçi oğlu olan Ayxanın bu cəhətdən də problemi yoxdur. Onun portretini yaradarkən, "istedadlı, çalışqan, səmimi, ambisiyalı, maraqlı həmsöhbət” sözləri tam yerinə düşər. Ən əsası isə onda öz gücünə inam var. İnam olan yerdə isə böyük uğurlar gec-tez olacaq.



banner

Oxşar Xəbərlər