AZE | RUS | ENG |

Səyyar satıcılar və dilənçilər

Səyyar satıcılar və dilənçilər
Onları yollardan uzaqlaşdırmaq problem olaraq qalır

Hazırda paytaxtın istənilən hissəsində dilənçilərə və əllərində müxtəlif əşyalar satan səyyar satıcılara rast gəlinir. Onlara ictimai nəqliyyatda – metro və avtobuslarda daha çox görmək mümkündür. Bu kimi hallar dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur. Hər yerdə dilənçiyə yazığı gəlib ona pul verənlər tapılır, o cümlədən də Azərbaycanda. Bəzən dilənçilər sərnişinlərdən pul qoparmaq üçün müxtəlif qiyafə və formalara girirlər. Bununla camaatın ürəyini yumşaltmağa çalışırlar. Dilənçilərin marşrutlarda pul dilənməklə yanaşı, oğurluğa da əl atdıqları hər kəsə məlumdur. Elə dilənçilər də var ki, istəklərini yerinə yetirməyənləri qeyri-etik kəlmələrlə təhqir edirlər.

Bunlar öz yerində. Yerində olmayan bir məsələ də dilənçi və səyyar satıcıların avtomobil yollarına dadanmasıdır. Yəqindir ki, hər kəs yollarda belə şəxsləri görüb. Belə dilənçi və satıcıların əsas “bazarı” isə yolda tıxac olanda başlayır. Məsələn, avtomobildə oturduğun yerdə bir də görürsən ki, pəncərə döyülür. Ta ki, pəncərəni endirib ona pul verməyincə dilənçi çəkilib getmir. Yaxud da əlində sabun köpüyü ilə dolu vedrə olan cavan bir oğlan başlayır avtomobilin güzgülərini silib-təmizləməyə. Bunu görən sürücü isə məcbur olub ona pul verir. Bunlardan başqa, elə dilənçi və səyyar satıcılar da var ki, düz yolun ortasında, iki qoşa xəttin üzərində dayanaraq gəlib-keçən sürücülərin diqqətini cəlb edirlər. Bu isə istər-istəməz sürücülərin diqqətini yayındırır. Belə olduqda da yol qəzalarının yaranma ehtimalı yüksəlir.

Yolda dilənçiyə pul verməyin!

Məhz bu səbəbdən Respublika Baş Dövlət Yol Polisi İdarəsi bu günlərdə sürücülərə tövsiyə və xəbərdarlıq edib. Yol polisi sürücülərə yollarda dilənçilərə pul verməməyi, səyyar satıcılardan alış-veriş etməməyi məsləhət görüb. İdarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, dilənçilər və səyyar satıcılar piyada kimi yol hərəkəti qaydalarını pozub yolun müəyyən olunmayan yerində hərəkət hissəsinə çıxırlarsa, inzibati məsuliyyət daşıyırlar. Belə halların qarşısının alınmasının sürücülərdən asılı olduğunu deyən Əliyevi deyir ki, əgər sürücü yolun hərəkət hissəsində dilənçiyə pul verirsə, dilənçilərin sayını artırmış olur: “Dilənçilər özlərinə asan qazanc mənbəyi tapıblar. Sürücülər dilənçiyə pul verməklə onların sayını artırırlar”. Şöbə müdiri həmçinin bildirib ki, səyyar satıcılar əksərən yolun hərəkət hissəsinə çıxmırlar, səkidə, işıqforlarda, sıxlıq olan ərazilərdə dayanmaqla ticarət edirlər. Polis onları bu halda yol hərəkəti qaydasını pozduğuna görə məsuliyyətə cəlb edə bilməz. Onun dediyinə görə, sürücülərin həmin satıcılardan alış-veriş etməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərir, ləngimələr yaradır: “Həmçinin, sürücülər bu halda aldıqları malın keyfiyyəti, mənşəyi barədə də məlumatsız olurlar. Bu səbəbdən, sürücülərə tövsiyə edirik ki, yolda olarkən səyyar satıcılardan alış-veriş etməsinlər”.

Dilənçilərlə bağlı məsələ mürəkkəbdir

Həmsöhbətimiz, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin prezidenti İlqar Hüseynli bildirdi ki, olduğu xarici ölkələrdə bu kimi halların baş verməsini demək olar ki, müşahidə etməyib. Onun sözlərinə görə, yolqırağı səkilərdə müəyyən ticarət işləri ilə məşğul olanlar var, amma birbaşa magistral yollarda belə hallara rast gəlinmir: “Dilənçilərlə bağlı məsələ bir balaca mürəkkəbdir. Çünki onların əksəriyyəti vətəndaşlığı olmayan qaraçılardır. Onlara isə cəza tətbiq etmək bəzən mümkünsüz olur. Bu prosesdə bəzi küçə uşaqları da diqqət cəlb edirlər. Bu uşaqların yaş həddi əmək qabiliyyətinə çatana qədər dövlət tərəfindən hansısa bir formada qayğı ilə əhatə olunması vacibdir. Sayları çox olduğundan, bilirsiniz ki, bəzi yerlərdə onları yerləşdirmək də mümkün olmur. Yəni bu, bütövlükdə sosial bir problemdir. Bunun qarşısının alınması həm cəmiyyətin, həm də dövlətin bir nömrəli vəzifəsi olmalıdır. Amma konkret mexanizmə gəldikdə, bu adamları yollardan uzaqlaşdırmaq və onları sosial qayğılarla təmin etmək lazımdır”.

İ.Hüseynli əlavə etdi ki, dilənçilərə pul verilib-verilməməsi mənəvi məsələyə çevrilib. Çünki, dilənçilərin əksəriyyəti əllərində Azərbaycanın tanınmış ocaqlarının, seyidlərinin şəkillərini tutaraq dilənirlər: “Deyək ki, insanlar dilənçinin əlində Mir Möhsüm ağanın şəkilini görüb pul vermək məcburiyyətində qalırlar. Yəni bu, mental və milli psixologiyadan irəli gələn məsələdir. Bir tərəfdən də insanlar mifik düşüncələrə uyaraq dilənçiyə pul verirlər. Bu kimi qadağaları sürücülərə tətbiq etməklə yox, satıcı və dilənçiləri yollardan uzaqlaşdırmaqla problemi həll etmək mümkündür. Hətta, müqəddəs ocaqlara yaxın olan şəxslər və digər insanlar bu halların qarşısının alınmasına cəlb olunmalıdır. Yəni bu halların qarşısının alınması üçün məsuliyyətin bütövlükdə sürücülərin üzərinə atılmasını məqbul hesab etmirəm. Bu məsələ ümumiyyətlə, postsovet ölkələrində də Azərbaycanda olduğu kimi davam edir. Amma inkişaf etmiş ölkələrdə demək olar ki, belə bir problem yoxdur. Ona görə ki, bu ölkələrdə hər bir vətəndaşın ciddi sosial təminatları var. Yəni insanlar dövlət tərəfindən böyük miqdarda yardım alırlar. Belə olduqda isə sosial qayğıya ehtiyacı olanların, iş yerini itirmişlərin və s. dilənməyə ehtiyacları olmur. Amma Azərbaycanda, hətta, Qarabağ döyüşlərində müəyyən orqanlarını itirmiş şəxslərin də bəzən diləndiyinin şahidi oluruq. Hesab edirəm ki, bu məsələ də dövlətin sosial siyasətinin bir nömrəli tərkib hissəsi olmalıdır. Həmçinin Milli Məclisin Sosial siyasət komitəsi bu istiqamətdə müvafiq qanunlar və tədbirlər həyata keçirməlidir”.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov isə mətbuata açıqlamasında deyib ki, dilənçilik birbaşa ictimai təhlükəsizliyə maneə olan və xoşagəlməz haldır: “Yollarda və ictimai nəqliyyatda rastlaşılan bu kimi hallar barədə bizdə də məlumat var. Ancaq onlarla mübarizə aparmaq sırf hüquq-mühafizə orqanlarının işidir. Bu işlərə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən mübarizə aparılır. Həmin şəxslər bir neçə dəfə tutulub aparılsa da, yenə tam qarşısı alınmayıb”.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217