• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Səyyar kitab köşkləri olsunmu?

28.10.19 11:07 1594
Səyyar kitab köşkləri olsunmu?
Bakıda ilk dəfə Nərimanov metrosu yaxınlığındakı parkda "kitab dayanacağı”nın yaradılması ilə sökülməsi arasındakı vaxt yalnız bir həftə çəkdi. Səbəb kimi Bakı şəhər Ticarət Departamenti tərəfindən dayanacağın yaradılmasına icazə verilməməsi göstərildi. Əhalinin kitaba sevgisini və mütaliə vərdişini yenidən oyatmaq məqsədi güdən "Kitab dayanacağı" layihəsinin təşkilatçısı olan "Progress club" isə layihə çərçivəsində paytaxtın bir neçə yerində kitab dayanacaqlarının quraşdırılmasını nəzərdə tutur. Qeyd edək ki, bu layihə Azərbaycanda ilk dəfə Sumqayıtda həyata keçirilib. Prezident yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə "Kitab oxuma Dayanacağı” yaradılıb.
Ümumiyyətlə, şəhərin müxtəlif parklarında, insanların dincəldiyi ərazilərdə səyyar kitab köşklərinin yaradılması təqdirəlayiqdir. Bizdə tez-tez belə köşklərin yaradılması fikri səslənsə də, hələlik çox az yerdə yaradılıb. Milli Kitabxananın yaratdığı "Açıq kitabxana” isə bu istiqamətdə atılan ilk addım hesab olunur.
Açıq kitabxana
Qeyd edək ki, bizdə artıq üç ildir ki, Milli Kitabxananın "Açıq kitabxana”sı yaradılıb. Təşkil edilmiş bu kitabxana günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır. Milli Kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova bu kitabxananı gənclərin, şəhər sakinlərinin fəaliyyəti üçün fasiləsiz xidmət göstərən mütaliə mərkəzi adlandırır: "Oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatının geniş yer tutduğunu bildirir: "Bura sərbəst fəaliyyət guşəsidir. Bütün şəhər sakinlərinin, eləcə də şəhərə gələn xarici qonaqların oturub sərbəst istifadə etməsi üçün açıq kitabxanadır. Açıq kitabxana”da "Mən oxudum, sən də oxu” devizi altında "Kitabı kitaba dəyişmə” guşəsi, uşaq guşəsi fəaliyyət göstərir. Burada hər bir vətəndaşa, artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində oxumaq imkanı yaradılıb”. Kitabxanada həmçinin Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişi və oxuculara çatdırılması sisteminin də təşkili nəzərdə tutulub.
Direktor müavini deyir ki, bu gün bütün dünyada bu təcrübədən istifadə olunur və sevindirici haldır ki, bir sıra turizm obyektlərində də bu ənənə tətbiq edilir: "Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan "Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevrilib, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirir. Oxucu oxuduğu kitabı, artıq ona lazım deyilsə, gətirib açıq kitabxanaya təhvil verir. Ona lazım olmayan kitabı qoyur başqa kitabla əvəzləyib götürür. İstəyirsə, açıq kitabxanada oturub mütaliə edə bilər, istəyirsə də başqa bir guşədə istədiyi yerdə oturub mütaliə edə bilər. Açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunur, onlarla imzalı görüşlər keçirilir”.
Ə.İsmayılovanın fikrincə, kitab köşklərinin şəhərin ayrı-ayrı yerlərində yaradılması ideyası çox yaxşıdır: "Bunun insanların, xüsusən gənclərin mütaliəsinə çox dəstəyi olacaq. Ümumiyyətlə, hardasa kitab köşkü açılırsa, çox gözəl ənənədir. Bu, gənc nəslin yetişməsinə böyük dəstəkdir. Mən həmişə deyirəm, kitab insanı elmli edir, savadlandırır, hərtərəfli inkişaf etdirir. Bu, uşaq yaşlarında ailədən, bağçadan, orta məktəbdən gəlir və sonra da davam edir. Əsas bünövrəsi ailədən, bağça yaşından qoyulur. Kitab köşkləri də açılırsa, bu, çox gözəl ənənədir, alqışlayırıq”.
Səmavi dərvişlərin turistik hala gətirilməsi
Yazıçı Orxan Fikrətoğlu səyyar kitab köşklərinin yaradılmasını bütün hallarda yenilik adlandırır: "Burada 3 məsələ var: kitabları kim seçəcək, hansı kitablar seçiləcək, hansı nöqtələrdə təbliğ olunacaq. Digər tərəfdən əhalinin kitaba hazır olub-olmaması məsələsi var. Bugünkü oxucu zövqü, ümumiyyətlə, məktəbdən, televiziyalardan, xüsusilə elektron və yazılı mediadan asılı olan və formalaşdırılmış zövqdür. Mən inanmıram ki, bugünkü Azərbaycan gerçəkliyində kimsə səyyar kitab köşklərindən kitab alıb oxumaq dəbini oturuşmuş saysın. Amma Azərbaycanda intellektual zümrə, kitab oxuyanlar var”. Yazıçı hesab edir ki, bizdə bədii zövq və ədəbiyyatın təbliği düzgün aparılmır: "Kim bir sayt ətrafında birləşə bilirsə, o sayt özünün mühitini yaradır və cəmiyyətə səhv dəyərləri aşılayır. Digər tərəfdən, Yazıçılar Birliyinin də öz kumirləri, özünün qəbul edib-etmədiyi yazarlar var. Təəssüf ki, bu müxtəliflik normal, intellektual oxucu yetişməsinə mane olur”. Bununla belə, O.Fikrətoğlu hesab edir ki, səyyar kitab köşklərinin yaradılması yenilik kimi maraqlıdır: "Bir var, şəhərə çıxanda ancaq apteklər və dönərxanalar görəsən, bir də var kitab köşkləri görəsən. Bu, təxminən səmavi dərvişlərin turistik hala gətirilməsi kimi bir şeydir. Yəni görüntüdür, sadəcə. Amma bunun mahiyyəti çox dərindir, bu da islahatlara bağlıdır. Görünür, bu zəmində də kadr islahatları aparılmalıdır. Ədəbiyyat düzgün təbliğ olunmalıdır. Düzgün adamlar təbliğ olunmalıdır”.
Nə şəkildə təşkil olunacaq?
"Altun” kitab evinin direktoru Rafik İsmayılov hesab edir ki, bu təşəbbüs, istənilən halda, oxucunun kitaba əlçatanlığını mümkün qədər rahat etməyə kömək edər: "Amma bu nə şəkildə təşkil olunacaq, təsəvvür etmirəm. Ona görə ki, şəxsən mən bir oxucu kimi elə kitabxanaları seçirəm ki, orada kitablar külli miqdarda olsun. Yəni istəyimə uyğun kitab seçə bilim. Səyyar kitab köşkləri nə boyda olacaq və ora nə qədər kitab yerləşəcək ki, insan orada dayanıb kitab seçə bilsin”.

Gəzən reklam agentliyi
Yazar Cavid Zeynallı hesab edir ki, kitab köşklərinin şəhərin müxtəlif yerlərində yerləşdirilməsi çox faydalı və əhəmiyyətli addımdır: "Bu yaxınlarda müasir və yığcam bir köşkü şəhərdə yerləşdirmişdilər. İctimai rəydə müsbət fikir yaratdı, xoş sözlər yazıldı. Sonra hansısa səbəblərdənsə həmin köşkü sökdülər. Ümumiyyətlə, kitab, ədəbiyyat, mədəniyyət və mənəviyyat adına görülən bütün işlərə dəstək olmaq lazımdır. Ən azı, yazıçılar və oxucular bu işdə fəal olsalar, nəticəsi yaxşı olar”.
Yazarın sözlərinə görə, bu gün ədəbiyyatın, sözün həqiqi mənasında ictimai-sosial dayağa ehtiyacı var: "Gəlin, razılaşaq ki, son illər kitabla bağlı məsələlərdə müəyyən müsbət hadisələr yaşanır. Elə götürək sonuncu kitab sərgisini. İnsanlar axın edirdi, kitab alırdı, yazıçı-şairlə şəxsən tanış olurdu. Bütün bunlar rəy formalaşdırır, təəssürat yaradır. İndi şəhərin müxtəlif yerlərində səyyar kitab satış məntəqələri var. Dəfələrlə oradan kitablar almışam. Biz oxucunun ayağına getməyə məhkumuq. Nə qədər ki, vəziyyət bizim xeyrimizə deyil, köşklər, sərgilər, aksiyalar vasitəsi ilə oxucunun "çaldığı havaya” oynamalıyıq. Quraşdırılan köşklərin hər biri gəzən reklam agentliyidir. Onu hamı görür, maraqlanır, şəkil çəkdirir və s. Nəticədə qazanan kitab olur. Kitab köşkünü görən hər 100 nəfərdən 5-i kitab alsa, bu da qazanc sayılacaq. Ona görə, arzu edirəm ki, Bakıda və regionlarda bu qəbildən olan addımlar daha sürətli atılsın!”

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər