• cümə axşamı, 25 aprel, 20:24
  • Baku Bakı 21°C

Şeyxülislam Ərdoğana təbrik məktubu göndərib

12.08.14 10:44 965
Şeyxülislam Ərdoğana təbrik məktubu göndərib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk prezident seçkilərində inamlı və parlaq qələbə qazanması münasibətilə Ərdoğanı Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adından təbrik edən A. Paşazadə onun Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyü bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyib.
“Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız var. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaq.
Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı, «bir millət, iki dövlət» olan Azərbaycanın da uğurudur. Zatən, sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə-Azərbaycan qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz, xalqlarımız və dövlət başçılarımızın üzərindən əsirgəməsin!
Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq, inşallah!
Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm!”, - deyə təbrikdə bildirilir.
banner

Oxşar Xəbərlər